Narkomaniya - bəşəriyyət gücsüzdür

Sahib Məmmədov: “Narkomaniya bir sosial bəladır və özü ilə digər bəla gətirir”

Azərbaycanda QİÇS-lə bağlı yeni statistika yayılıb. Statistikaya görə, bu il Azərbaycanda 453 yeni HİV-ə yoluxma faktı aşkar olunub. Ümumdünya QİÇS-lə Mübarizə Günündə Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu məlumatları açıqlanıb. Yeni qeydə alınanlardan 439-u Azərbaycan vətəndaşı,14 nəfəri isə əcnəbidir. Bununla da Azərbaycanda QİÇS-ə yoluxma üzrə qeydiyyatda olanların sayı 3593 nəfərə çatıb.  Ümumi yoluxanların 73% rayonların, 27% Bakı və Abşeronun payına düşür.
BMT-nin QİÇS üzrə birləşmiş proqramının hesabatına əsasən 25 ölkədə HİV-lə yeni yoluxma halları 50%-dən çox azalıb. Son 2 ildə uşaqlar arasında HİV-ə yeni yoluxma halları 24% azalıb. Ümumdünya Sağlamlıq Təşkilatının yaydığı hesabatına görə, Ukrayna Avropada ən yüksək QİÇS-li xəstələrin yaşadığı ölkədir. Bütün dünyada 34 milyon insan QİÇS-dən əziyyət çəkir, hər il 2 milyon yarım adam nəfər bu xəstəliyə yoluxur.

Məlumata görə, Azərbaycanda QİÇS-ə yoluxanların əksəriyyəti narkomaniyaya meyylilik nəticəsində baş verib. Bu da ölkədə narkomaniyanın statistikasının artan templə hərəkət etməsindən xəbər verir. Məsələ ilə bağlı "OLAYLAR"a açıqlama verən hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da düşünür ki, bu təhlükəli xəstəliyə yoluxmaya bir çox hallar səbəb olur. Hüquq müdafiəçisinin dediyinə görə, bu prosesə təkcə narkomaniya deyil: "Amma bu risk qrupu daha genişdi. Say tərkibində narkomanların çoxluq təşkil etməsi o demək deyil ki, bu təhlükəli xəstəlik yalnız narkomaniyadan yayılır. Narkomaniya bu xəstəliyin yeganə yayıcıları deyil. Bu prosesdə risk qrupları müxtəlifdir. Məsələn, bu qrupda narkomanlardan başqa çətin həyat şəraitində yaşayan, fahişəliklə məşğul olan, natəmizlik və sair. Sanitar-gigiyenik tələblərə cavab verməyən həyat tərzi keçirənlər də bu risk qrupuna daxil ola bilər. Düzdü, bu ancaq qan vasitəsilə yayılır, amma, tutaq ki, bərbərxanalar, gözəllik salonları, xəstəxanalarda qanköçürmə prosesləri, avadanlıqlar ciddi strelizə olunmursa, heç də narkoman olmayan, təsadüfdən bu xəstəliyə yoluxma halları olur. Diş çəkdirən vaxt, üz qırxdıran vaxt bu xəstəliyə yoluxanlar var və sair. Ona görə də bu xəstəliyin yoluxma üsulları çoxdur. Bunların içərisində təbii ki, narkomaniyadan yoluxmalar da var".

Azərbaycanda narkomaniya ilə mübarizə tədbirlərinə gəlincə isə Sahib Məmmədov bildirir ki, bu cür tədbirlərin aparılmasına baxmayaraq, bu sosial bəlanın qarşısını almaq mümkün deyil: "Bunun bir neçə tədbirləri var. Məsələn, Qərb ölkələrində iynəni xüsusi yerlərə tökürlər ki, narkomaniyaya aludə olanlar QİÇS-ə yoluxmasın. Bir halda ki, narkoman onsuz da bundan istifadə edəcək, bunu əlçatmaz etmək düzgün deyil. Qoy narkomanın əlinin altında həmişə iynə olsun ki, o başqa natəmiz iynədən istifadə etməsin. Narkomanın əlinin altında iynə olmayanda o bir iynədən bir neçə dəfə istifadə edir. Bu əslində bizdə qəbul olunmur".  

Sahib Məmmədov bildirib ki, bu gün narkomaniyanın qarşısını tam almaq bəşəriyyətin gücü səviyyəsində deyil. Amma, bəzi ölkələr müxtəlif üsullarla bunu tənzimləyir: "Narkomaniya özü bir bəladır və bunun özü də bir bəla gətirir. Narkomaniya müxtəlif hepatit viruslarının yayılmasında rol oynayır, xüsusilə də "hepatit c" virusunun yayılmasında. Narkomaniyaya qarşı mübarizə tədbirlərini effektiv quran ölkələr var. Bunun profilaktikasının effektivliyi nəzərə alınmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda narkomaniya ilə mübarizənin prokilaktikası effektiv deyil. Bu prosesdə Azərbaycanda profilaktika məsələsi düzgün qurulmayıb və ona görə də effekt vermir. Bu prosesdə bir var maarifləndirici tədbirlər, bir də var reablitasiya tədbirləri. Reablitasiya tədbirləri bu bəlaya düçar olanların yenidən normal həyata qaytarılmasına yaxşı xidmət eləmir. Məsələn, bu gün cəzaçəkmə müəssisələrində qanunla qəbul olunub ki, narkoman iki dəfə məcburi müalicəyə göndərilməlidir. Bu tam formal xarakter daşıyır. Reablitasiyanın Qərbdə başqa inkişaf eləmiş üsulları var ki, bizdə bu hələ geniş tətbiq olunmayıb. Amma bu hazırda mövcud vəziyyəti stabil saxlamağa yönəlib. Hazırda bununla bağlı mübarizə davam edir, narkomaniyanın qarşısını alan tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycanda narkotika qaçaqmalçılığının qarşısını alan tədbirlər olmasaydı, bu daha dəhşətli dərəcədə yayılardı. Yəni, demək olmaz ki, görülən tədbirlərin effekti yoxdur. Amma, bu tədbirlər bu bəlanın tam kökünü kəsməyə kifayət edəcək qədər deyil".

Samir   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31