Ürəyi düz, əli əyri: vərdiş, yoxsa psixi xəstəlik?

Şəxs əslində həmin əşyanı pulla satın ala biləcək maddi imkana sahib olur, amma bunu etmədən dayana bilmir.

Kleptomaniya cəmiyyətdə nadir rast gəlinən bir xəstəlikdir. İnsan ehtiyac duymadığı halda, dərhal istifadə etməyəcəyini bilərək, satmaq fikriylə əldə etmədiyini qavrayaraq bir sıra əşyalara əl uzadır. Bəlkə də, insanların o əşyaları almaq üçün kifayət qədər imkanları olur, amma onu gizli, hamıdan xəbərsiz əldə etmək daha cəzbedici görünür. Bu davranış əvvəlcədən düşünülməmiş və planlaşdırılmamış həyata keçirilir. İnsanlar bu istəyi reallaşdırmaq üçün başqalarından da kömək istəməzlər, çünki əsl niyyətləri oğurluq deyil.
Kleptomaniya psixoloji narahatlıqdır. Bu narahatlığın uşaq yaşlarından başladığı təyin edilib. İnsan qeyri-ixtiyarı bir əşyanı oğurlamamışdan əvvəl gərgin olur. Oğurluqdan sonra isə rahatlama, xoşbəxtlik hissləri üstələməyə başlayır. Dünyada hər 1000 adamdan 6-da rast gəlinən bu hal bilərək edilən oğurluqdan seçilmədiyi üçün kleptomanların dəqiq sayı da məlum deyil.
1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkim psixiatrı Orxan Fərəclinin sözlərinə görə, kleptomaniya patoloji oğurluq etmə hissi olub, obsessiv şəkildə insan beyninə daxil olan və daimi olaraq insana əzab, həyəcan verən düşüncə və davranışlardır. Kleptomaniyalı xəstələr ehtiyacları olmayan əşyaları oğurlayırlar:
"Şəxs əslində həmin əşyanı pulla satın ala biləcək maddi imkana sahib olur, amma bunu etmədən dayana bilmir. Əksər hallarda bu tip oğurluq hadisələri əvvəlcədən planlaşdırılmadan anidən insanın beyninə gəlir və həmin insan bunu ola biləcək bütün risklərə baxmayaraq edir. İnsanlar adətən bu hərəkətin əslində doğru olmadığını bilirlər".
Psixiatr bildirir ki, əksər kleptomaniyalı xəstələrdə paralel olaraq digər davranış pozuntuları, eləcə də həyəcan və depressiv əlamətlər də müşahidə edilə bilər. Kleptomaniya xəstəliyinin müalicəsi agir hallarda dərman terapiyası qalan bütün hallarda isə koqnitiv - davranış terapiyası vasitəsilə həyata keçirilir.
Kleptomaniya qadınlarda kişilərə nisbətən 4 qat daha artıq görülür. Cinslər arasında fərqin bu dərəcə çox olmasının bir səbəbi də kişilərin qadınlara nisbətən xəstəxanaya yerləşdirilməsi yerinə həbs olunmasıdır. Qadınlarda 30-35, kişilərdə 50-55 yaşlarında daha çox rast gəlinən bir haldır. Kleptomaniyanın öz-özünə sağalması çətindir. Eləcə də kleptoman bir insanın təyin olunması da olduqca çətindir. Məqsəd əşyanı istifadə etməkdirsə, bu, oğurluqdur. Əşyanı əldə edib bundan mənəvi rahatlıq tapmaqdırsa, bu artıq kleptomaniyadır.
Maraqlısı budur ki, kleptoman etdiyi hərəkətin səhv olduğunu qavrayır. Amma bu hərəkəti ən yaxınlarından belə gizləyir. Oğurluğun qarşısını ala bilmədiklərindən bu tip insanlar cəmiyyətlə münasibəti kəsir və mümkün qədər evdən kənara çıxmırlar.

Kleptoman xəstələr öz xoşları ilə müalicəyə gəlmədikləri üçün bu hal ömürlük problem olaraq qalır. Halbuki bu hal müalicə olunandır. Xəstənin vəziyyətindən şikayət etməsi və özünü günahkar hiss etməsi zamanı psixoterapiyalar olduqca faydalıdır. Müalicə almayan xəstələr gec və ya tez etdikləri əmələ görə həbs olunur. Bu halda isə onlara cəza verilməsi halları qaçılmazdır.
Vəkil Fariz Namazovun sözlərinə görə, cinayət hüququnda oğurluq özgə əmlakını gizli olaraq talamadır: "Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə oğurluq edənlər cəzalandırılır. Oğurluq əməli hər bir halda qəsdən törədilən əməldir, yəni oğurluq edən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir".
Vəkil bildirir ki, insan əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də, bunları arzu etmirsə və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. İctimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir:

"Kleptomanların xarakterik xüsusiyyətləri ondadır ki, onlar oğurluq edən zaman öz hərəkətlərinin qarşısını almaqda acizdirlər, çünki bu, bir növ vərdiş halını alır və əməlin cinayət olduğunu dərk etsələr də, qarşısını ala bilmirlər. Bu baxımdan kleptomanların oğurluq edərkən anlaqlı vəziyyətdə olub olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək lazımdır. Kleptomaniya xəstəliyi şəxsin anlaqlı olmasını istisna etmir və bu cür şəxslər yalnız oğurluq edərkən psixikası pozulmuş vəziyyətdə olur və oğurluq əməlinin qarşısını ala bilmir".
F.Namazov bu halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmadığını, lakin cəza təyin olunarkən onun kleptoman olması nəzərə alındığını, ona tibbi xarakterli məcburiyyət tədbirləri tətbiq edildiyini, yəni məcburi müalicəyə göndərildiyini bildirir.
Ekspress.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31