Səssiz ölüm ARAŞDIRMA

Ekspert : "Evlərdə sovrulma sisteminin hündürlüyü 1 metrdən az olmamalıdır"

Bu il kollece daxil olan 17 yaşlı Lalə Əsədovanın hələ çox arzusu vardı. Lakin baş verən bədbəxt hadisə onun bütün arzularını gözündə qoydu. Qızın meyidi hamamda ailə üzvləri tərəfindən tapılıb. Araşdırmalar zamanı məlum olub ki, Lalə Əsədova hamamda çimərkən dəm qazından boğulub.

Əslində belə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən təkcə Lalə Əsədova deyil. Noyabrdan bu günə qədər təkcə paytaxtda 10-a yaxın belə hadisə baş verib. Ötən illərə nisbətən isə belə bədbəxt hadisələr çoxalıb. Əgər 2010-cu ildə dəm qazından 300 nəfər zəhərlənmişdisə, 2011-ci ildə bu rəqəm 658 nəfər olub. Bu il isə 1200 nəfərdən çox insan dəm qazından zəhərlənib, 50-yə yaxın insan isə həyatını itirib.

Dəm qazından zəhərlənmə nədir?

Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül qazdır. Dəm qazı dadsız, rəngsiz, qoxusuz olduğu üçün hiss olunmur. Bəzən onu "səssiz ölüm" də adlandırmaq olar. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.

Dəm qazı ilə zəhərlənmə zamanı yarana biləcək fəsadlar

Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır.

Həkim, professor Qələmxan Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, insanlar dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
Dəm qazı ilə zəhərlənmənin əlamətləri küt başağrısı, başgicəllənmə, təngnəfəslik, quru öskürək, gözdən yaş axma, müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, ögümə, qusma və s. ola bilər. Dəm qazından orta ağır dərəcədə zəhərlənmə yuxuluq, hərəkətin məhdudlaşması kimi əlamətlərlə özünü biruzə verir. Q.Məmmədov deyir ki, dəm qazından ağır zəhərlənmə zamanı insan huşunu itirir. Bu zaman qıcolma, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması ilə də nəticələnə bilər. Bu da insanın ölümünə səbəb olur.

Dəm qazından zəhərlənən şəxsə necə yardım göstərmək olar?

Dəm qazından zəhərlənmə zamanı təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək lazımdır. Zərərçəkmişi təmiz havaya çıxarmaq lazımdır. Təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin. Otağın qapı və pəncərələrini açmaq lazımdır.

Dəm qazından zəhərlənmə sonradan insanda böyük fəsadlar yaradır

Qələmxan Məmmədovun sözlərinə görə, dəm qazından zəhərlənən şəxslər üçün sonradan böyük fəsadlar yarana bilər: "İnsanın beynində sinir pozuntuları yarana bilər. Dəm qazından zəhərlənən şəxs sonradan insanın əsəbi olması ilə, onda psixi problemin yaranması ilə nəticələnə bilər. Dəm qazından zəhərlənmə sonradan insanda ürəkgetmə kimi xəstəliklər ilə nəticələnə bilər. Ümumiyyətlə dəm qazından zəhərlənmə insan ömrünü qısaldır. İnsanda sonradan böyrək, ciyərlərdə problemlər yaradır".

Dəm qazı necə yaranır?

Əslində dəm qazından zəhərlənmə prosesi birbaşa insanların məsuliyyətsizliyindən baş verir. Memarlıq və İnşaat Universitetinin "İstilik və qaz təchizatı" kafedrasının dossenti, mütəxəssis Gülağa Ələsgərovun ANS PRESS-ə dediklərinə görə, ocaqda oksigen çatışmazlığı nəticəsində yanma prosesi zəif gedir və ayrılan qazın miqdarı çoxalır. Bunun da səbəbi sovrulma sisteminin düzgün quraşdırılmamasıdır.
"Əgər qaz yanarkən sovrulma tam baş verməzsə, bu zaman ocaqdan sovrulan hava miqdarı az olacaq. Bununla ağır hava kütləsi, yəni soyuq hava hissəcikləri içəri daxil olacaq və ayrılan qaz kütləsi ətrafa yayılacaq. Bu da tənəffüz yollarına gedib, insanların zəhərlənməsinə səbəb olur", - deyə G.Ələsgərov bildirib.

Dəm qazının yaranmaması üçün nə etmək lazımdır?

Ekspert deyir ki, dəm qazının yaranmaması üçün əsas sovrulma sisteminin hündürlüyün artırmaq lazımdır. Sovrulma sisteminin hündürlüyü 1 metrdən az olmamalıdır. Yaxşı olar ki, sovrulma sistemi 1.80 metrə qədər qalxsın. Əks təqdirdə sovurma baş verməyəcək və nəticədə ocağın ətrafında olan insanlarda zəhərlənmə baş verəcək.
"Bəzən deyirlər ki, kustar üsulla qaz sobalarının quraşdırılması zamanı zəhərlənmə baş verir. Burada da yaranan problemlər birbaşa sovurma sisteminin düzgün quraşdırılmaması ilə bağlıdır. "Ceyran peçləri"nin sovurma sistemləri düzgün quraşdırılarsa, burada heç bir təhlükə olmaz. Əksinə, "Ceyran peçləri" bu mənada daha yaxşıdır. Çünki "Ceyran peçləri"nin sovrulma sistemləri istər-istəməz damdan çölə çıxarılır. Bu zaman sovrulma daha yaxşı gedir və ocaqda yanma baş verir. Qaz sızması baş vermir", - deyə ekspert bildirir.

İran istehsalı olan qaz sobaları birbaşa ölüm gətirir

Gülağa Ələsgərov deyir ki, İran qaz sobaları dəm qazının yaranması baxımından birbaşa təhlükəlidir: "Bizim evdə də İran sobası var idi. Bu sobalarda həqiqətən də qaz sızması baş verir. Baxmayaraq ki, peçin sovrulma sistemi də normal şəkildə quraşdırılmışdı, amma yenə də evə qaz sızırdı. İran peçində müqavimət çox olduğu üçün, onun altından qaz sızmaları baş verir".
Bəzən şəhərdəki məclislərdə İran sobaları quraşdırılır və sobanın borusu su ilə dolu vedrəyə qoyulur. Ekspert bunu olduqca təhlükəli sayır. Gülağa Əsgərov bildirir ki, belə məkanlarda insanlar uzunmüddə qalarlarsa kütləvi zəhərlənmə baş verə bilər: "Təcrübədə elə bir şey yoxdur ki, karbon suda həll olunsun. Əgər suyun zəhərli qazları təmizləməsi baş versəydi, həmin insanlara "Nobel" mükafatı verərdilər. Həmin məclislərdə oturan insanlar da birbaşa zəhərlənmə olmasa belə, udduqları dəm qazı sonradan onların hansısa xroniki xəstəliklərinin şiddətlənməsinə təsir edə bilər".

Evə "kombi" qoyularkən ehtiyatlı olmaq lazımdır

Ekspert əhaliyə "kombi" quraşdırarkən də diqqətli olmağı məsləhət görür: "Bəziləri "kombi"ləri mətbəxtdə, bəziləri hamamda qoyur. Bu isə yol verilməzdir. Çünki "kombi"lərin qoyulduğu mənzillərin hündürlüyü 3 metrdən, eni 16 metrdən az olmamalıdır. Kombilər evdən kənar yerdə quraşdırılmalıdır".
Fövqəladə Hallar Nazirliyindən isə ANS PRESS-ə bildiriblər ki, hər il qış mövsümünün gəlişi ilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə "mavi yanacaq"dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.
Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür.
"Azəriqaz" İstehsalat Birliyində də problemlə əlaqədar hər qış mövsümündə xüsusi reydlər keçirildiyi bildirilir. Qurum sədrinin müavini Nazim Səmədzadə ANS PRESS-ə açıqlamasında bildirib ki, bununla əlaqədar qanun pozuntusu aşkarlandıqda dərhal lazımı tədbirlər görülür.
"Əhalinin istifadəsinə verilən qaz keçmiş SSR zamanından qüvvədə olan düstura əsasən emal olunur. Lakin əhalinin çoxu qazdan normal texniki tələblərə uyğun olmadan istifadə edir. Qazdan texniki tələblərə uyğun istifadə etmək lazımdır. Qaz sobaları və qaz cihazları mütəxəssislər tərəfindən vaxtlı-vaxtında texniki baxışdan keçirilməlidir. Mətbəxtdə nəfəslik həmişə açıq olmalıdır. Əks halda zəhərli olan metan qazından kiminsə zəhərlənəyəcəyi istisna deyil", - deyə Nazim Səmədzadə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31