Şəhərin ölüm qidası ARAŞDIRMA
28 Noyabr 2012 15:00 ProblemMüstəqillik illəri Azərbaycanda xərçəngi şəhər xəstəliyinə çevirib. 1995-ci ildən bu yana Azərbaycanda xərçəngdən ölənlərin sayının illik göstəricisi kəndlərdə cəmi 8 faiz artıbsa, şəhərlərdə bu artım 41 faiz olub, - bunu statistika deyir. Azərbaycan şəhərlərinin xərçəngdən ölümünün artım göstəricisi uyğun orta dünya göstəricisini də xeyli üstələyib: son 30 ildə dünya üzrə xərçəndən ölənlərin sayı cəmi 10 faiz artıb. Azərbaycan şəhərlərində xərçəngdən ölüm göstəricisi kəmiyyətcə də mütləq üstünlük təşkil edib və 2011-ci ildə kəndi 1,5 dəfə geridə qoyub. Keçən il Azərbaycanın şəhərlərində 3,5 min, kəndlərində isə 2,4 min adam xərçəngdən dünyasını dəyişib. Görəsən, nə baş verir? Niyə sağalmaz sayılan bu xəstəlik öz qurbanlarını daha çox şəhərlərdən seçir?
Əslində, dünya praktikası göstərir ki, xərçəngə tutulma məsələsində heç bir şəhər - kənd, yaxud inkişaf etmiş ölkə və ya inkişaf etməkdə olan ölkə ayrımı yoxdur. Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyin məlumatına görə, orqanizm qeyri-normal törəmiş hüceyrələri tanıyıb məhv etmədiyi zaman xərçəngə tutulur. Hər gün insan orqanizmində 100 milyona yaxın yeni hüceyrə yaranır ki, onların bir hissəsi anomal olur. Orqanizmin immun sisteminin əsas işi həmin anomal hüceyrələri tapıb məhv etməkdir. Xərçəng məhz immun sistemin öz işini görə bilməməsi nəticəsində başlayır. İmmun sistemi yaxşı işləyəndə anomal hüceyrələrin salamat qalaraq bir yerə toplaşma imkanı sıfıra enir. Xərçəngin başlanması immun sistemin kökdən düşməsi kimi dəyərləndirir.
Xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik insanın immun sisteminin kökdən düşməsində əsas 8 səbəbin rol oynadığını göstərir və birinci yeri qidalanmanın düzgün olmamasına verib. Ümumi xərçəngə tutulmaların təxminən 30 faizi məhz qidaların keyfiyyətsiz olması ilə bağlıdır. Siqaret isə xərçəng yaradan səbəblər arasında ikinci yeri tutur və onun da payı 30 faizə yaxındır. Qalan səbəblər - sənaye kanserogenləri, virus infeksiyaları və anadangəlmə mutasiyaların hər biri xərçəng ölümlərinin 5 faizinə yaxınının baisidir. Reproduktiv sistemdəki pozuntular, alkoqol və ultra bənövşəyi şüalanma də hər biri 3 faizə yaxın xərçəng ölümünün səbəbkarı olmaqla önəmli səbəblər sırasına çıxıb.
Beynəlxalq səviyyədə tanınmış cərrah-onkoloq Samir Hacıbabayev də ANS PRESS-lə söhbətində son illərdə Azərbaycan şəhərlərində xərçəngin daha sürətlə artmasını qida ilə bağlayır. Onun sözlərinə görə, indi Azərbaycanda belə vəziyyət yaranıb ki, kənd yerlərində insanlar ekoloji baxımdan daha təmiz qidalar qəbul edirlər, ona görə də xərçəngə daha az tutulurlar. "Kənd qidalarında konservantlar demək olar ki, yoxdur. Şəhər əhalisinin orqanizmində isə müəyyən zaman keçdikdən sonra istər-istəməz konservantların miqdarı artır ki, onlar şişin inkişafı ilə bağlı genetik faktorları işə salır".
Samir Hacıbabayev sovet dövründə Bakı və digər şəhərlərin əhalisinin qidalandığı ərzaqların indiki ərzaqlardan xeyli fərqləndiyini bildirir: "Ən azından o vaxt rayonlardan Bakıya təzə süd məhsulları gətirilirdi, qablaşdırılırdı və ticarət şəbəkəsinə verilirdi. Bilirsiniz ki, süd məhsulları xərçəngin qarşısının alınmasında böyük rol oynayır".
Həkim onkoloqun dediklərində gerçəklik var - şəhərlərin ticarət şəbəkəsində satılan süd məhsullarının çoxu quru süddən düzəlib ki, onların bədəndəki şişlərə qarşı mübarizədə heç bir önəmi yoxdur. Son təqdiqatlara görə, südün xərçəngə qarşı əsas müalicəvi əhəmiyyəti onun tərkibindəki su molekulları ilə bağlıdır. Təbii südün tərkibindəki su molekulları arasındakı kovalent əlaqə hər şeydən öncə bədəndəki şüalanmanı götürərək, ifrazat yolu ilə xaricə çıxarmaq qabiliyyətindədir.
Son illər xaricdən Azərbaycana gətirilən meyvələrin - bananın, sitrus meyvələrinin, almanın, xurmanın, Afrikaya xas quru meyvələrin və s.-in əksəriyyətində radioaktiv fonun yüksək olduğu bildirilir. KİV-də bu barədə mütəmadi yayılan məlumatlara görə, ölkəyə gətirən xarici meyvələr xarab olmaması üçün radioaktiv işlənmədən keçirilir və onlardakı bakteriyalar öldürülür. Rusiya və başqa ölkələrdə aparılan tədqiqatlar göstərir ki, İranda, Çində və bir sıra Afrika ölkələrində meyvələrə tətbiq edilən radioaktiv işlənmənin dozası artırılır ki, məhsul uzun müddət xarab olmadan qalsın. Amma bu, istehlakçı üçün çox zərərlidir və bədəndə yığılan artıq radioaktiv fon xərçəngə doğru apara bilir. Azərbaycanın istehlak bazarında bu ölkələrdən gətirilən meyvələrin xüsusi çəkisinin çox olması da bu barədə narahatlıqları daha da artırır.
Samir Hacıbabayev həm də son illərdə texnogen inkişaf nəticəsində Azərbaycan şəhərlərində radiasiya mənbələrini də artdığını söyləyir. Yəni mobil telefonun, internetin və s.-in inkişafı ilə bağlı şəhərlərdə bir sıra yeni qurğular quraşdırılıb ki, nəticədə radiasion fonu artırıb. "Həmçinin torpaq yollara baxanda asfalt yolların ətrafında da radiasion fon daha yüksəkdir".
Amma ANS PRESS-in araşdırmasına görə, Bakıda insanların ifrat radioasion şüalanma ilə yüklənməsi təkcə bununla kifayətlənmir və Bakıda təzə peyda olmuş bəzi klinkalarda xəstələrin yerli-yersiz rentgen müayinəsinə yazılması da xərçəng şişlərin artıran amillərdəndir. ANS PRESS-ə yaxın olan bir həkim şəhərdə çox reklam olunan klinikaları birini məhz bu səbəb üzündən tərk etdiyini vurğulayır: "Mənim xəstələrimin çoxu daha çox döş xərçəngi riski qarşısında olan qadınlardır. Klinikanın sahibi mənimlə dava edirdi ki, niyə xəstələri təzə gətirdiyi rentgen aparatlarında müayinəyə yazmıram. Onu başa sala bilmirdim ki, belə xəstələri rentgen müayinəsinə yazmaq olmaz, bu xəstəliyə düçar olmalarını şiddətləndirə bilər. O isə "aparatların pulunu çıxarmalıyam" deyib təkid edirdi. Nəticədə, klinikanı tərk etməli oldum". Yəni həkimlərin özlərinin pul qazanmaq həvəsi də Azərbaycan şəhərlərində xərçəngə tutulmaları artıran amillərdəndir.
Lakin cərrah-onkoloq Samir Hacıbabayev bütün bu sadalanan amillərə baxmayaraq, Azərbaycanda onkoloji xəstəliklərə qarşı mübarizədə dönüş etməyi mümkün sayır. O ilk növbədə həkimlərin işinə bir qədər savadlı yanaşmasını diqqət yetirir və rentgen şüalanması olan müayinə metodlarından uzaq durmağı mümkün sayır: "Bu üsullar daha çox xərçəng yaratma riski daşıyır. Rentgen aparatları qoyulmuş binalarda ətraf mühiti bu şüalanmadan qoruyan təbəqə olmazsa, bu təbii ki, insanlar üçün təhlükə səbəbidir. Maqnit-rezonans və ya ultrasəs müayinəsində hələ ki, belə təhlükə olduğu barədə məlumat yoxdur. Sovet dövründə dispanser müayinələr daha çox riski az olan flüroqrafiya metodu ilə aparılırdı, rentgen müayinəsi minimal səviyyədə aparılırdı və yol verilən illik dozanı aşmırdı".
Samir Hacıbabayevin sözlərinə görə, onkolji xəstəliklərin yayılmasının qarşısının alınması üzrə mübarizə iqtisadiyyatın bütün sahələrini - istehsal sektorunu, idxalı və emalı əhatə etməlidir, əsas diqqət məhz qida sektoruna yönəldilməlidir. Həkim onkoloq bildirir ki, hazırda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən qidaların təhlükəsizliyi, onların insan sağlamlığına təsiri üzrə geniş miqyaslı araşdırmalar aparılır: "Amma yaxşı olar ki, bu araşdırmalar dövlət sərhədində aparılsın və zərərli məhsullar ölkəyə buraxılmasın. Bunun üçün sərhədlərdə xüsusi laboratoriyalar qurulmalıdır. Məhsulları xarab olmağa qoymayan, qadağan olunmuş konservantların siyahısı yeniləşmiş formada lazımi strukturlara verilməlidir. Çünki belə konservantların siyahısı gündən-günə "zənginləşir". Bu siyahı xüsusən də məhsul idxalına icazə verilən qurumlara təqdim edilməlidir ki, həmin məhsullar ticarət obyektlərinə yol tapa bilməsin".