İntihar halları niyə artır?
Hansı amillər intihara yol açır?
1 İyun 2016 13:08 ProblemSon illərdə cəmiyyətdə artan mənfi tendensiyalardan biri də intihar hadisəsidir. Artıq problem kifayət qədər ciddiləşib desək yanılmarıq. Demək olar ki, hər gün bir nəfərin müəyyən səbəblərdən intihar etdiyi barədə xəbərlər yayılır. ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları cüzi də olsa artıb. Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlərin olması aiddir. Hər halda ortada olan acı mənzərə odur ki, intihar hallarında artım qeydə alınır.
Bəs görəsən psixoloqlar bu barədə nə düşünür və insanı intihara sürükləyən başlıca səbəb nədir? İntihar zamanı əsasən hansı üsullardan istifadə edilir? Psixoloqu Nərmin Quliyeva deyir ki, intihar, müxtəlif istiqamətlərdə uzun illərdir üzərində araşdırmalar aparılan çox vacib məqamdır. Onun sözlərinə görə, 25-30 il ərzində xüsusilə yeniyetməlik dövründə olan insanların intihara cəhd göstərdikləri üzə çıxıb: "İntihar, ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir. Jobes, Berman və Josselsan (1987) intiharda iki əsas mərhələni qeyd etmişdir. Birincisi, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikincisi isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır. Həmçinin intiharla bağlı düşüncələrlə intiharla bağlı davranışları mütləq şəkildə fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdini və ya intiharın tamamlanması yəni ölümlə nəticələnməsini əhatə edir". Psixoloq bildirib ki, intiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir: "Psixoz və ya şəxsiyyətin formalaşmaması. Özünə yönəlik cinayət. Bu cür intiharlar da başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara əks olunmur və insan bu hissi özünə yönəldir. Simvolik şəkildə qarşısındakı insanı oldürəcəyini düşünür. Şantaj və ya öz mənfəətini üstün tutma. Bu tip intiharda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir..Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma. Vəfat edən valideyn-nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur. Bağışlanmaz günahların kompensasiyası. Günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar edilir". Nərmin Quliyeva deyir ki, intihar edərkən müxtəlif üsullardan istifadə edilir: "İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70 faizində hədsiz dozada dərman qəbul etmə üzə çıxıb. İntihar edənlərin 63 faizinin isə silaha üstünlük verdiyi aşkar olunub. Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar arasındadır. Yeniyetmələrin böyük bir qismi isə hündür yerdən
atlama ilə intihar edir". Psixoloqun sözlərinə görə, risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli faktorlardan ilkidir: "Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktorları arasında hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40 faizinin əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi təklif edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır. İntihar edən yeniyetmələr üzərində aparılan psixoloji autopsiya işlərinin nəticəsində psixiatrik pozuntuların intihar davranışının dinamikasında yer alan ən əhəmiyyətli faktor olduğu aşkarlanıb. Bu psixiatrik pozuntular arasında depressiv pozuntular və maddə istifadəsi ilk sıralarda yer alır. Tədqiqatçılar, intiharların 90 faizinin asılılıq və mental pozuntularla əlaqəli olduğunu düşünürlər. Yeniyetməlik dövründə intiharla bağlı qarşılaşılan digər psixiatrik pozuntular arasında affektiv xəstəlikləri, ünsiyyət pozuntusunu və borderline şəxsiyyət pozuntusunu qeyd etmək mümkündür. Şizofreniya, yetkin intiharları üçün vacib risk faktoru olduğuna rəğmən bütün yeniyetmə intiharlarının kiçik bir qismində bu pozuntuya rastlanılır. Ailənin intiharla bağlı keçmişi, ailədəki medikal və psixiatrik narahatlıqlar da intihar riskini artırır. İqtisadi sıxıntı, ailədaxili konfliktlər və itkilər, valideynlərin ayrı yaşaması, yenidən evlənməsi, ailə üzvlərindən birinin əvvəllər intihar cəhdi etməsi, ailə üzvlərində depressiya və maddə istifadəsi risk faktorları arasında qeyd olunur. İntihara təşəbbüs edən yeniyetmələr ailələrini laqeyd. imtina edən və dəstək olmayan fərdlər kimi dəyərləndirirlər. Digər faktor isə intihar cəhdi olan yeniyetmələrin daha çox ruhi problemi və alkoqolizmdən əziyyət çəkən şəxslərin ailəsində böyüdüyünü qeyd edir. Göstərilən məqamların hər biri ailələr üzərində uzun müddətli tədqiqatlar əsasında müəyyənləşdirilib".
Füzuli