ICIEC Azərbaycana xarici investorların cəlb olunmasına dəstək olmaq niyyətindədir

İslam İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) Azərbaycan şirkətlərinin fəaliyyətinin genişləndirilməsini və ölkəyə xarici investorların cəlb olunmasını dəstəkləmək niyyətindədir.

Olaylar xəbər verir ki, bunu ICIEC-in Asiya regionu üzrə meneceri Zişan İqbal İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimatda çıxışı zamanı bildirib.

"Azərbaycanla əməkdaşlığımız, xüsusilə də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə davam edəcək. Agentlik Azərbaycana investisiya yatırmaqda maraqlı olan beynəlxalq investorlarla danışıqlar apararkən, biz investisiyaların qorunmasına və siyasi risklərin sığortalanması vasitəsilə investor etimadının möhkəmləndirilməsinə kömək edən tərəfdaş qismində çıxış edirik",- deyə Z. İqbal qeyd edib.

Onun sözlərinə görə, digər mühüm istiqamətlərdən biri regionda fəaliyyətin genişləndirilməsidir.

"Regional layihələr həyata keçirən iri şirkətlərin dəstəklənməsində mühüm rol oynaya bilərik. "SOCAR Green", "Cənub Qaz Dəhlizi" QSC, eləcə də Azərbaycandakı bir sıra banklarla məhsuldar görüşlər keçirmişik",- deyə ICIEC-in Asiya regionu üzrə meneceri bildirib.

O əlavə edib ki, ICIEC onların genişlənmə planlarında, xüsusilə layihə maliyyələşdirilməsi və Çin, Koreya, Yaponiya, Hindistan və digər beynəlxalq şirkətlərin Azərbaycana cəlb olunması sahəsində fəal iştirak etməyi planlaşdırır.

"Biz bu prosesə çoxtərəfli maliyyə institutları, kommersiya və beynəlxalq banklar, infrastruktur fondları, həmçinin ICD və ITFC kimi törəmə qurumlarımızla tərəfdaşlıq çərçivəsində töhvə vermək niyyətindəyik. Bundan əlavə, MDB ölkələrindən birində bizim qardaş təşkilatlarımızdan biri ölkə riski limiti və maksimal ekspozisiya səviyyəsinə çatmışdı. Biz isə IsDB Qrupunun ixrac kreditlərinin sığortalanması üzrə qurumu kimi həmin risklərin bir qismini azaltmağa və öz üzərimizə götürməyə kömək etdik ki, bu da təşkilatın maliyyələşdirməni artırmasına və əməliyyatların icrasını davam etdirməsinə imkan verdi",- deyə Z. İqbal vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31