Bp-nin fəaliyyətində siyasi çalarlar üzə çıxdı - AKTUAL

Şirkət öhdəliklərini məqsədli şəkildə yerinə yetirmir

Azərbaycan neft yataqları ilə zəngin ölkə olduğundan təbii ki, gəlirlərinin əsas hissəsini də neftdən gələn vəsaitlər təşkil etməlidir. Elə bu baxımdan ölkədə həyata keçirilən uğurlu neft strategiyası nəticəsində respublikanın dinamik iqtisadi inkişafı təmin edilib. Neftdən əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına, infrastruktur layihələrin icrasına, əhalinin sosial-rifah halının yüksəldilməsinə  yönəldilib. O da sirr deyil ki, Azərbaycanın neft strategiyasının həyata keçirilməsi məqsədilə prosesə dünyanın tanınmış neft şirkətləri cəld edilib və etiraf edilməlidir ki, onlar da Azərbaycan neftindən əldə edilən gəlirlərdən kifayət qədər paya malikdir. Təəssüf ki, həmin şirkətlərin heç də hamısı Azərbaycanda neft hasilatı ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərin icrasında maraqlı deyillər. Baxmayaraq ki, Azərbaycan bir dövlət və ən əsası tərəfdaş olaraq bu şirkətlər üçün hər cür şərait yaradıb. Belə şirkətlərdən biri də bp neft şirkətidir ki, uzun müddət Azərbaycanda neft hasilatı ilə məşğul olmasına, kifayət qədər gəlir əldə etməsinə  baxmayaraq nədənsə öz öhdəlikləri barədə düşünmək fikrindən uzaqdır. Məlumat üçün qeyd edək ki, BP - Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti  dünyanın aparıcı neft şirkətlərindən biridir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. Lakin 21-ci əsr BP üçün düşərli olmayıb. Bir necə qəza BP-nin reytinqinə ciddi təsir edib. Onlardan 2005-ci il Texas zavodlarının birində baş verən qəzada 15 nəfər ölüb, çox sayda yaralanan olub. BP ölən və yaralananların ailələrinə ümumiklikdə 700 mln.$ kompensasiya ödəyib. 2010-cu ildə Meksika körfəzindəki platformaların birində, tarixdə ən böyük neft sızması baş verib. Ekspertlərin dəyərləndirmələrinə görə dənizə hər gün 1000 tona yaxın neft axıb. Ümumi zərər 37 mlrd.$ həcmində dəyərləndirilib.

İndi də BP-nin Azərbaycandakı fəaliyyəti özünü doğrultmayıb və belə demək mümkünsə bunun nəticəsində ölkənin neft hasilatında ciddi geriləmə müşahidə olunub. Məsələnin ciddiliyi nəzərə alınaraq dövlət başçısının münasibətinə ehtiyac yaranıb.  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında bildirib ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub: "Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik". Prezident əlavə edib ki, konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb:  "Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü var. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, "Azəri", "Çıraq" neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq "Azəri", "Çıraq" neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq, bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür". Qeyd edək ki, dövlət başçısı bu fikirləri təsadüfən səsləndirməyib. Məlumat üçün qeyd edək ki, BP şirkətinin Azərbaycanda fəaliyyəti dövründə hasil etdiyi neftin illər üzrə göstəricisi deməyə əsas verir ki, pay bölgüsü Azərbaycanın xeyrinə dəyişildikdən sonra neft hasilatının azalması baş verib. Məslən, əgər bp 2009-cu ildə  "Azəri", "Çıraq" yataqlarında  40,3 milyon ton səviyyəsində neft hasil etdiyi halda, 2012-ci ildə cəmi 35,6 milyon ton neft hasil etməyi proqnozlaşdırır. Lakin bu proqnozun da icra ediləcəyi hələlik sual olaraq qalır. Belə məlum olur ki, bp nəinki öhdəliyi yerinə yetirmir, heç hasilatın sabit saxlanması üçün əməli tədbirlər görmür. Hansı ki,  "Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən cəmi 28,7 milyard dollar investisiya qoyulub, bunun müqabilində konsorsium 73 milyard gəlir götürüb.  Bu isə bp-nin fəaliyyətini hansı meyarlar üzərində qurulmasının bariz nümunəsidir. Elə bu səbəbdən dövlət başçısı məsələnin həllinin sərt variantını seçib: "Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək". 
  Nəzərə almaq lazımdır ki, neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan üçüm həyati əhəmiyyətə malik bir məsələdir. Çünki uğurli iqtisadi inkişaf paralel olaraq dövlətin siyasi çəkisinin artmasına təsir edən amillərdəndir və nəzərə almaq lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağ kimi düyünlü bir problemi var. Bu problemin həlli isə Azərbaycanın iqtisadi inkişafı və siyası çəkisindən birbaşa asılıdır. Belə halda  neft hasilatında öhdəliklərin yerinə  yetirilməməsi Azərbaycanın diz çökdürülməsinə hesablanmış addım kimi dəyərləndirilə bilər. Elə konsersiumun rəhbər şirkətinin prezident İlham Əliyevin iradlarına bildirdiyi münasibət də bp-nin əslində bu məsələlərdə siyasi məqsəd güddüyünü daha təsdiq edir. "BP-Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı mətbuata aşıqlamasında bildirib ki, "biz Azərbaycana tam sadiqik və "Azəri-Çıraq-Günəşli" hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik". Göründüyü kimi bp-nin hər bir addımında hansısa siyasi çalarlar şzünü büruzə verir. Əslində bp-nin Azərbaycana sadiq olmasındansa öz öhdəliklərini yerinə yetirməsi daha vacibdir. Məsələni Azərbaycan Dövlət Neft Şirkəti ilə işləməklə deyil, hasilatın artırılması ilə çözmək daha məqsədəmüvafiqdir.

Alim

Mənə verilən vədlər ondan ibarət idi ki, qısa m

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31