108 və 134 saylı marşrut, yoxsa ölüm tabutu? - ŞİKAYƏT

Fatmayi və Goradilin minlərlə sakini hər gün ölümlə üz-üzə qalıb

Bakı və bakıətrafı ərazilərdə hərəkət edən marşrut avtobuslarındakı biabırçı vəziyyətlə bağlı dəfələrlə yazılmasına baxmayaraq, bəzi marşrutlarda hələ də vəziyyət dəyişmir. Nə Nəqliyyat Nazirliyi, nə də digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı heç bir tədbir görmür. İctimaiyyətin tənqid atəşinə tutulandan sonra bəzi sahibkarlar öz marşrutlarındakı vəziyyəti düzəltməyə çalışsalar da, bəziləri hələ də öz işindədir. Sahibkarlar rəhbərlik etdikləri marşrutlarda vəziyyəti düzəldib sağlam rəqabət aparmaqdansa, qanunsuzluğa üstünlük verib gəlirlərini artırmağa önəm verir. Bu da sonda sərnişinlərin ciddi narazılığına səbəb olur. Əksər hallarda isə bu cür qanunsuzluqlar kütləvi ölüm, ağır xəsarətlərlə nəticələnir. Amma, buna baxmayaraq marşrut sahibi bu faciələrdən nəticə çıxarmır. Son vaxtlarda Bakıda və Bakəətrafı ərazilərdə hərəkət edən 3 sərnişin avtobusunun ağır qəza törətməsi, onlarla insanın şikəst olması və 10-dan çox sərnişinin həyatını itirməsi ictimaiyyəti şoka salsa da, aidiyyəti şəxslər bu faciəvi mənzərədən ibrət götürmək istəmir.

Dispetçerlər: "Marşrutda problem həll edilməyəcək, kim istəmir minməsin"

Redaksiyamıza müraciət edən Fatmayi və Goradil qəsəbələrinin sakinləri də həmin faciənin bu ərazidə də təkrarlanacağından ehtiyatlanır. Sakinlər bu ərazidə fəaliyyət göstərən iki marşrutun insan həyatı üçün real təhlükə olduğunu deyirlər. Sərnişinlərin dediyinə görə, həmin ərazilərə marşrutlar metronun "Azadlıq" stansiyasından start götürür. Sərnişinlər bu avtobuslara minəndən düşənə qədər həyatlarını yalnız təhlükədən qorumağa çalışırlar: "Bu marşrutlar artıq sakinlər arasında tabut adlandırılır. İki marşrut işləyir. Biri 134 saylı, ikincisi isə 108 saylı xətt marşrutlarıdır. Amma, bu marşrutlarda hüç kim təhlükəsiz mənzil başına çatacağına əmin deyil. Çünki, həmin marşrutlarda o qədər hərəngailik var ki, sərnişinlər avtobuslara belə daxil olmağa qorxur. Əksər sərnişinlər bu yolu taksi ilə hərəkət etməyə üstünlük verirlər. Çünki, ölməkdənsə, taksi ilə hərəkət edib mənzil başına təhlükəsiz çatmaq önəmlidir. Amma, bunu da hər adam edə bilmir. Çünki, bu ərazilərdə yaşayanlar əsasən təsərrüfatla məşğul olan, ailəsinin çörəkpulunu zorla qazanan kəndlilərdir. Ailəsinin gündəlik çörəyini güclə çatdıran insanlar taksidən istifadə etmək imkanından məhrumdular. Məcburityyət qarşısında avtobusdan istifadə etməyə üstünlük verən bu şəxslərin isə həyatları təhlükədədir. Daha dogrusu, həyatımızı bu marşrutlara həvalə etmək məcburiyyətində qalırıq".

Sərnişinlər deyirlər ki, bu marşrutlarda baş verən özbaşınalıqların sayı-hesabı yoxdur. Amma, buna baxmayaraq marşrutlardakı bu qanunsuzluqlara heç kim məhəl qoymur: " Məsələ ilə bağlı dəfələrlə marşrut sahiblərinə müraciətlər etmişik. Amma, şikayətlərimiz qulaqardına vurulub. Sahibkarları tanımırıq və dərdimizi deyə bilmirik. Dayanacaqlardakı nəzarətçi-dispetçerlərə, sürücülərə dəfələrlə etiraz etmişik. Onlar isə bildirirlər ki, bu marşrutlardakı problem həll edilməyəcək. Dispetçerlər deyirlər ki, kimin xoşu gəlmir, minməsin, bu marşrut belə işləyir, heç kim də nə marşrutu ləğv edə bilər, nə də işə müdaxilə edər. Dispetşerlər də deputat kimi danışırlar. Dərdimizi kimə deyək bilmirik. Sürücülər və dispetçerlər narazılıq edən sərnişinləri təhqir etməkdən belə çəkinmirlər. Qadın-uşaq bilmirlər, qoca-cavan saymırlar, ağızlarına gələni danışır, bizi təhqir edir, söyüş söyür, tərbiyəsizlik nümayiş etdirirlər. Bilirlər ki, şikayətlərimizi heç kim eşitməyəcək".

Azyaşlı sürücülər insan həyatı ilə oynayır

Sakinlər problemləri sayırlar. Onların dediyinə görə, hər iki marşrutun birinci qanunsuzluğu həmin xəttlər üzrə hərəkət edən sürücülərin əksəriyyətinin sürücülük hüququnun olmamasıdır. Belə ki, 108 və 134 saylı xətt marşrutlarındakı avtobusları hər reys bir sürücü idarə edir. Həmin sürücülərin əksəriyyətinin nəinki sürücülük hüququ yoxdur, hətta əksəriyyətinin 18 yaşı tamam olmayıb: "Məktəb uşaqları dərslərindən yayınıb marşrutlarda işləyir. Əvvəlcə konduktor adı ilə marşruta işə düzələn biu azyaşlılar bir aydan sonra sürücü işləməyə başlayır. Hər gün minlərlə insanın həyatı bu azyaşlıya həvalə edilir. Həmin uşaqlar da yalnız sükan arxasında oturmaqla özlərini təcrübəli sürücü hesab edir. Nə işıqforlara fikir verirlər, nə yol hərəkət qaydalarını bilirlər, istənilən vaxt istənilən yollarla hərəkət etməklə yollarda qəza şəraitləri yaradır, yol qəzaları törədir, sərnişinlərin təhlükəsizliyi barədə belə düşünmürlər. Onları maraqlandıran yalnız marşrutun son dayanacağına nə yolla olursa olsun tez çatıb, daha çox pul qazanmaqdır. 20 qəpik artıq qazanmaq üçün 40-50 sərnişini ölümə yaxınlaşdırırlar. Dəfələrlə bu cür hallar təkrarlanıb, qəza şəraiti yaranıb və ya qəzalar törədilib, bir neçə nəfər xəsarətlər alıb. Amma, avtobusu idarə edənlər bundan nəticə çıxarmayıblar. Hətta qəza şəraitlərində etiraz edən sərnişinlər bir neçə dəfə avtobusdan düşürülüb. Sürücülər etiraz edən sərnişinə reaksiya verir, avtobusu dərhal yolun ortasında saxlayır və sərnişini avtobusdan düşürür. Bu hərəkətləri edənlər avtobuslarda sürücü işləyən 16-17 yaşlı uşaqlardır. Nə böyük-kiçik bilirlər, nə ağsaqqal sayırlar. Kim etiraz etdi avtobusu saxlayıb özündən 40-50 yaş böyük sərnişini təhqir edir". Sərnişinlər bildirirlər ki, bu cür hərəkətlər əsasən 108 saylı marşrutda çox təkrarlanır.   

108 və 134 saylı marşrut sürücüləri cibgirlərlə əlbir işləyir

Marşrutdakı ikinci problem isə intervallar arasındakı həddindən artıq ləngimələrdir. Sərnişinlər deyirlər ki, marşrut sahibləri bilərəkdən sürücülcəri intervalların ozmağı tapşırır. Səbəb isə həmin marşrut xəttindəki dayanacaqlarda insanların sıxlığına nail olmaqdır. Bu isə bir çox problemlərə yol açır. Sərnişinlərin dediyinə görə, belə hallarda marşrutlarda daha çox oğurluq hadisələri baş verir. Məlum olur ki, marşrut sürücüləri ilə cibgirlər bu işdə maraqlıdır: "Sərnişinlər elə vaxt olur ki, dayanacaqlarda yarım saat, 40 dəqiqədən artıq marşrut gözləyir. Əslində isə avtobuslar arasındakı intervallar 10 dəqiqədən çox deyil. Hər 10 dəqiqədən bir 108 və 134 saylı marşrutlardakı avtobuslar xəttə çıxmalı və sərnişinləri təhlükəsiz mənzil başına çatdırılmalıdır. Amma, bu vaxta qədər nə 108, nə də 134 saylı marşrutdakı avtobuslar bu intervalla işləməyib. Hər avtobus ən azından intervaldan 15-20 dəqiqə, əksər hallarda isə yarım saatdan çox gec gəlir. Nəticədə dayanacaqlarda insan sıxlığı yaranır. Bu da sürücü və cibgirlərin yararlanmasıdır. Yəni, insan sıxlığında dayanacağa daxil olan sürücülər işə və ya evinə tələsən sərnişinlərin məcburiyyət qarşısında avtobusa minəcəyini bilir və ona görə də belə hərəkətlərə şərait yaradırlar. 40 nəfərlik avtobusa dayanacaqda 80-90 nəfər daxil olur və nəticədə avtobusda həddindən artıq qarışıqlıq, sıxlıq yaranır. Bu da cibgirlər üçün "toy-bayram" olur. Özünü zorla avtobusda saxlayan sərnişin ciblərinin qarət olunmağından xəbərsiz olur. Cibgirlər isə sərnişinləri bu vəziyyətdə əməlli-başlı soyur. İstədiyi məbləği sakinlərdən qarət yolu ilə əldə edən cibgirlər sonuncu dayanacağa çatmamış düşüb hadisə yerindən uzaqlaşırlar. Sonda isə sürücü" ciblərinizdən muğayat olun" deməklə məsuliyyətdən yayınır. Məlumata görə, həmin cibgirlər buna görə geün ərzində sürücülərə əlavə haqq verir. Ona gündəlik soyğunçuluğa şərait yaratdığı üçün cibgir günün sonunda sürücünün "hörmətini" edir".

Yol polisi aldığı "haqq"a görə sərnişinləri ölümə sürükləyir

Sərnişinlər deyirlər ki, bu marşrutlarda baş verən özbaşınalığa yol polisi əməkdaşları da müdaxilə etmir. Sürücü marşrut xəttində nə qədər qanunsuzluq etsə də, qəza .əraiti və ya qəza yaratsa da, yol polisləri buna göz yumur. Səbəb isə yol polislərinin marşrut sahibi ilə danışığı və razılaşmasıdır. Sahibkar yüksək gəlir əldə etmək üçün sərnişinlərin təhlükəsizliyini deyil, avtobus sürücüsünün rahatlığını təşkil edir: "Dəfələrlə qəza şəraitləri yaradılıb, sürücülərlə sərnişinlər arasında mübahisələr, davalar olub. Hətta sürücülər bir neçə dəfə avtobusu yolun ortasında saxlayıb sərnişinləri məcburi düşürməyə cəhd edib, amma, ətrafdakı post-patrul xidməti və yol polisləri sürücüyə qarşı heç bir tədbir görməyib. Hər dəfə ya sərnişinlər günahkar çıxarılıb, ya da mübahisə yatırılıb sürücü yoluna davam edib. Hər dəfə reydlər keçiriləndə bu marşrutlardakı onlarla sürücü işdən uzaqlaşdırılır, cəmin bir-iki sürücü qalır. Çünki həmin sürücülərin sürücülük hüquq yoxdur. Amma, yol polislərinin reydlərindən sonra həmin sürücülük vəsiqəsi olmayan sürücülər yenidən marşruta qaytarılır. Səbəb odur ki, sahibkar marşruta görə, yol polislərinə aylıq haqq verir. Və verdiyi məbləğə görə də, yol polislərinə tapşırıq verir ki, onun himayəsində olan marşrutun sürücülərini narahat etməsin, yollarda qanunsuzluqlara görə sürücüləri cəzalandırmasın. Ona görə də, nə qədər qayda öozuntusu olsa, yol polisləri süreücüləri saxlamır. Bu da sonda qəzalarla, insanların xəsarəti ilə nəticələnir".

Samir  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31