Üzü astarından baha xidmət sahələri
“Çatdırılıb quraşdırılması pulsuzdur” xidməti neşəyə başa gəlir?
7 May 2012 17:20 ProblemAzərbaycanın iqtisadi inkişafı paralel olaraq əhaliyə göstərilən xidmətin də keyfiyyətinin artmasını tələb edir. Etiraf edilməlidir ki, hazırda ölkədə bəzi xidmət sahələri var ki, nəinki milli, hətta beynəlxalq standartlar səviyyəsindədir. Bununla yanaşı, bir çox xidmət sahələrində vəziyyət o qədər də ürəkaçan olmadığından vətəndaşların haqlı narazılığına səbəb olur. Xüsusən, məişət-iaşə sahəsindəki xidmət cəviyyəsi hələ ki, arzuolunan səviyyəyə yüksələ bilməyib. Demək olar ki, bunu hər bir vətəndaş gündəlik həyatında müşahidə etməkdədir. Ancaq nəzərə alsaq ki, bu xidmət sahəsi əksər məişət texnikaları üzrə yarıtmaz vəziyyətdədir, onda təbii ki, düşünməyə dəyər. Elə ona görə də son bir ayda rastlaşdığım və müşahidə etdiyim xidmət sahələrindəki vəziyyəti işıqlandırmaq yerinə düşərdi. Əvələcə onu qeyd edim ki, hazırda respublikada əksər xidmət sahələrində müştərilər ödədikləri məbləğin qarşılığında yüksək keyfiyyətli xidmət əldə edə bilmirlər. Göstərilən xidmət ya həddən artıq baha, ya da keyfiyyətsiz olur. Yeri gəlmişkən qeyd edim ki, hazırda jurnalistlər diktafon təmiri ilə bağlı inanılmaz şətinlik çəkirlər. Demək olar ki, bu sahə üzrə paytaxtda olduqca az mütəxəssis var. Məsələn, mən jurnalist olaraq bir neçə aydır ki, diktafonumu təmir etdirə bilmirəm. Diktafonu ayrı-ayrı yerlərdə bir neçə dəfə təmirə verib haqqını ödəsəm də nəticədə onu işlətmək iqtidarında olmamışam. Eyni vəziyyət həm adi, həm də rəqəmsal diktafonlar üzrə davam etməkdədir. Ustalarda ya belə diktafonların ehtiyat hissələri yoxdur, ya da onun təmirindən başları çıxmır. Üstəlik elə qiymət "oxuyurlar " ki, üzü astarından baha başa gəlir. Digər bir misal, qol saatları ilə bağlıdır. Məlumdur ki, hazırda satış mərkəzlərində 3 manatdan tutmuş neçəyə istəsən qol saatları var. Məsələ orasındair ki, həmin saatların ehtiyyat hissələri öz dəyərindən dəfələrlə bahadır. Məsələn, paytaxtdakı saatsazlar saatın bağını 5, batareyasını isə 10 manata dəyişirlər. Halbuki istənilən yerdə saat batareyasını ən çoxu bir manata almaq olar. Əgər 3 manatlıq saatın qaçmış əqrəbini yerində oturtmaq istəsən azı 10 manat ödəməlisən. Yaxud ümumi dəyəri cəmi 5 manat olan qapı zənginin batareyasını 12 manatdan aşağı tapmaq qeyri-mümkündür. 8 manatlıq "Tefal" çayniklərinin spiralı 10 manata təklif olunur. Eyni vəziyyət məişət texnikaları üzrə də davam etməkdədir. Ümumiyyətlə, xidmət sektorlarında televizor, maqnitofon, soyuducu və digər məişət texnikalarının təmiri müşkül məsələyə çevrilib. Son model "plazma" televizorlarını təmir etdirməkdənsə, yenisini almaq daha ucuz başa gəlir. Çünki, bir neçə dəfə təkrar təmirdən sonra televizor ümumiyyətlə keyfiyyətini itirmiş olur. Digər bir xidmət sahəsi hesab olunan paltarların təmiri və tikilməsində də uduzan elə sadə vətəndaşlar olur. Adi 5-6 manatlıq paltarın qolunun, yaxud ətəyinin düzəldilməsi 8-10 manata başa gəlir.
Son vaxtlar "çatdırılıb quraşdırılması pulsuzdur" reklamı isə əsil gəlir mənbəyinə çevrilib. Xidmət sahələri, satış mərkəzlərinin car çəkmələrinə baxmayaraq, görülən işlər və satılan mallar müştərilərin əlavə vəsait xərcləməsi hesabına başa gəlir. Bu proses "şirinlik", "nə verərsən, verərsən" adı ilə həyata keçirilir. Məsələn, müştəri jalüzi pərdələri, yaxud plasmas qapı-pəncərə sifariş verdikdə onun çatdırılıb quraşdırılması üçün də vəsait ödəyir. Lakin sifariş evə çatdırılanda usta əlavə 30-40 manat "şirinlik" tələb edir. Eyni proses mebel satış mərkəzlərində hökm sürür. Mebeli mənzildə quraşdıran satış mərkəzinin işçisinə mütləq "şirinlik" verilməlidir. Maraqlı orasıdır ki, ölkədə bu kimi xidmətlər müqaviləsiz həyata keçirildiyindən xidmət sektoru heç bir məsuliyyət daşımır. Yəni müştəri hüquqi yolla haqqını tələb edərək ona dəymiş ziyanı ödətdirə bilmir. Nəticədə vətəndaşların aldıqları mallarin təmiri onlar üçün "üzü astarından baha" başa gəlir.
Alim