Marşrut avtobuslarının gündəlik terroruna son qoyulacaqmı? - AKTUAL
Polkovnik leytenant qadının ölümünə kim cavabdehdir?
6 Sentyabr 2012 15:35 ProblemBakıda marşrut avtobusları ard-arda qəza törətmədə davam edir. Bu qəzaların əksəriyyəti də ölümlə nəticələnir. Bir neçə gün öncə Bakıda daha bir qəza baş verdi. Daxili Qoşunların polkovnik-leytenantı faciəli şəkildə öldü. Daxili Qoşunların Baş İdarəsinin sanitar-epidemioloji dəstəsinin rəisi, polkovnik-leytenant Xanımzər Nabatəliyeva dünyasını dəyişdi. Xanım hərbçi
kəllə-beyin travması ilə Daxili Qoşunların hospitalına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb və aldığı xəsarətdən hospitalda keçinib.
Aparılan araşdırmalar zamanı X. Nabatəliyevanın bir neçə gün əvvəl 165 saylı xətt avtobusundan yıxılaraq xəsarət aldığı məlum olub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Amma, nə faydası, cinayət işi yəqin ki bir müddət araşdırılandan sonra xitam veriləcək və iş bağlanacaq. Ən yaxşı halda, ya sürücü məsuliyyətə cəlb ediləcək, ya da cərimələnəcək. Amma, Daxili Qoşunların yüksək rütbəli hərbçi qadının həyatına son qoyuldu.
Qapısı açıq sürülən marşrutdakı faciə məmurlara dərs olacaqmı?
Məlumata görə, 165 saylı xətt marşrutunda hərəkət edən avtobus həddindən artıq sərnişin yığıb və yolda yüksək sürətlə hərəkət edib. İş orasındadı ki, avtobus sürücüsü yolda yüksək sürətlə hərəkət edərkən qapıları da bağlamayıb. Daha doğrusu sürücü o qədər sərnişin yığıb ki, qapıları bağlaya bilməyib və avtobusu qapısı açıq idarə edib. Yüksək sürətlə hərəkət edən avtobusun qarşısına qəfil maneə çıxdığından o idarəetməni itirib və qəfil əyləci basmaq məcburiyyətində qalıb. Nəticədə avtobusun qapısı tərəfdə dayanan polkovnik-leytenant müvazinətini itirib və yıxılıb. Bir neçə gün hospitalda müalicə alan Xanımzər Nabatəliyeva dünyasını dəyişib. Bu da avtobuds sürücülərinin daha bir özbaşınalığının qurbanı. Bu hadisədən sonra 165 saylı marşrutun sürücüləri bir az özlərini yığışdırıb. Deyilənə görə, bir neçə gündür ki, yol polisləri həmin marşruta ciddi nəzarət edir, avtobusa tutumundan artıq sərnişin götürməyi, qapıları açıq sürməyi qadağan edir. Deyirəm bizdə həmişə "toydan sonra nağara" prinsipi yeriyir də. Gərək kimsə avtobusdan yıxıla, kimsə həyatını itirə və bundan sonra marşrutlarda qaydaların tətbiqinə başlana. Qurbansız qayda tətbiq olunmasına hələ gedib çıxmamışıq.
Maraqlısı odur ki, hadisədən sonra yol polisləri və Nəqliyyat Nazirliyinin müfəttişləri digər marşrutlara deyil, yalnız 165 saylı marşrutda nəzarəti gücləndirib. Digər marşrutlar yenə əvvəlki qaydalarla pərakəndə hərəkət edir, sürücülər hələ də təhlükəli avtobus idarə edirlər. Görəsən, niyə? Həmin marşrutlarda hansısa hadisə olmayıb deyə bu marşrutlar nəzarətdən kənarda qalıb? Bu biabırçılıq Nəqliyyat Nazirliyinə, Bakı şəhər Yol Polisi İdarəsinə dərs deyilmi? Məgər hər gün hər marşrut bir və ya bir neçə nəfərin həyatına son qoymalı, sağlamlığına zətər yetirməlidirmi ki, marşrutlar düzəlsin?
85 saylı marşrut da can alandan sonra nəzarətə götürüldü
Marşrutların nəzarətsiz və pərakəndəliyi daha bir nəfərin həyatına son qoyub. Bu məlumatı isə yazını yazarkən aldım. Bu hadisə də Bakının mərkəzində baş verib. Özü də şəhərin ən dar küçələri ilə hərəkət edən, ən uzun marşrut xətti ilə işləyən 85 saylı marşrutda. Bu marşrutdakı avtobuslar digərlərinə nisbətən daha geniş və iritutumludur. Sentyabrın 5-də saat 20 radələrində Rəşid Behbudov küçəsində Bakı sakini Sübhan Ələsgərov idarə etdiyi "Daewoo" markalı 85 saylı sərnişin avtobusu ilə piyada Validə Novruzovanı vurub. Nəticədə V. Novruzova hadisə yerində ölüb. Hüquq mühafizə orqanları araşdırmalara başlayıb, amma nəticə məlum deyil. Bu cür hallar artıq şəhərdə biabırçı vəziyyət yaradıb. İnsan ölümü sürücülər, xüsusən də avtobus sürücüləri üçün adi hala çevrilib. Bu vaxta qədər sərnişin və piyadalar özlərini "avtoş"lardan qoruyurdusa, indi artıq avtobus sürücülərindən ehtiyatlanır. İş o həddə çatıb ki "avtoş"lar da avtobus sürücülərindən çəkinir. Nəticədə də bu cür hallar baş verir. Avtobuslar xətt marşrutlarında xəttdən, marşrutdan kənar, yol hərəkət qaydalarına riayət etmədən idarə olunur, yollarda hərəkət zolaqlarına fikir verilmir, şəhərin dar küçələrində sürət həddinı aşır və qəza vəziyyətləri yaranır. Nəticədə də ya piyada vurulur, ya avtobus qəza törədir və sərnişinlər ağır xəsarətlər alır. Elə 85 saylı avtobus da belə şəraitdə piyadanın həyatına son qoyub. Yəqin bu gündən etibarən yol polisləri bu marşrutu da hədəfə alarlar və onların xətt üzrə necə hərəkət etməsini nəzarətdə saxlayarlar. Deyək ki, bu iki marşrut bir müddət nəzarət altında saxlanıldı, bəs sonra? Yəqin ki, həmin müddətdə daha bir marşrut avtobusu qəza törədəcək ki, o marşrutlara da nəzarət güclənsin. Əlbəttə ki, gücləndirilmiş iş rejimi bu gedişlə çox çəkməyəcək. Təxminən bir neçə gün, ən yaxşı halda 1 ay marşruta nəzarət olunacaq və bununla da hər şey əvvəlki kimi davam edəcək.
Yol polislərinin tuthatutu niyə çox çəkmir?
Çünki, bu nəzarət gücləndirilməni dəfələrlə görmüşük. Bakıda hər 3-4 aydan bir Bakı şəhər Yol Polisi İdarəsi özünü işləyən qurum kimi göstərir, düşür bu şəhərin canına. Bir həftə sərnişinləri də bezdirirlər, sürücüləri də. Adını da qoyurlar ki, onlar yol hərəkəti qaydalarına əməl etmək istəyirlər. Gah plyonka əməliyyatı, gah sürücülük vəsiqəsilə bağlı reyd, gah marşrut avtobuslarının normadan artıq sərnişin daşımasına qarşı mübarizə tədbirləri və sair. Həmin vaxt idarə rəhbərliyinin tapşırığı ilə yol polisləri bir neçə gün küçələrə səpələnir ki, bəs reyd keçiririrk. Əslində baxanda elə onsuz da yol polisləri bütün gün küçələrdə olurlar. Amma, belə yox. Əgər həmin vaxt sürücüləri yeri gəldi-gəlmədi cərimələyirlərsə, reydlərdə tam qaydalara uyğun hərəkət edirlər. Çünki, adı əməliyyat, reyddi. Bir həftə ərzində demək olar ki, yol polisləri marşrutların 90 faizinin sürücülərini cərimələyən yol patrul xidməti əməkdaşları hay-küy qoparırlar ki, bəs filan sürücünün sürücülük vəsiqəsi yoxdur, filankəsin marşrutu qanunsuzdur, filan marşrut sürücüsünün sürücülük hüququ yoxdur və sair. Məlumat yayırlar ki, həmin sürücülər xətdən çıxarılıb, marşrut sahibləri cəzalandırılıb. Amma, bir həftədən sonra yenə həmin sürücülər həmin marşrutlarda əvvəlkindən də artıq özbaşınalıqlar edir. Bu da sonda bu cür faciələrlə nəticələnir.
Samir
P.S. Düz 13 gündən sonra Xanımzər Nabatəliyevanın qızının toyu olmalıydı