Şəhərdaxili marşrut, yoxsa ölüm reysi? - AKTUAL PROBLEM
Avtobusların faciə törətməsində kimlər günahkardır?
5 Sentyabr 2012 16:32 ProblemSon vaxtlar Bakı və paytaxtətrafı marşrutlardakı vəziyyətlə bağlı yazılar dərc olunmaqdadı. Bu marşrutlar həqiqətən də insan həyatı üçün real təhlükəyə çevrilib. İş o yerə çatıb ki, artıq sakinlər bu marşrutlardan istifadə etməkdən çəkinir. Hər gün demək olar ki, hansısa marşrutun qəzaya uğradığı xəbərini eşidirik. Onlarla insan xəsarət alır, bir və ya bir neçə nəfər dünyasını dəyişir. Marşrutlar ictimaiyyət arasında artıq ölüm arabası kimi xatırlanır. Bəs görəsən bu hadisələrin baş verməsinə səbəb nədir? Niyə Bakı və Bakıətrafı marşrutlarda bu cür faciələr yaşanır?
Yol polisinin gözdən pərdə asmaq reydi
Bu hadisələrin baş verməsində bir deyil, bir neçə səbəb var. Birincisi, bu gün marşrutda sürücü işləyənlərin əksəriyyətinin sürücülük hüququnun olmaması, marşrut xətlərindəki özbaşınalıqlardır. Yəni, Bakıda dəfələrlə yol polisinin keçirdiyi reydlər zamanı marşrut sürücülərinin əksəriyyətinin sürücülük vəsiqəsi olmaması faktları aşkarlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri reydlər telekanallarda və media səhifələrində treklam olunsa da, bu reydlərin nəticəsi olmur. 2-3 aydan bir gözdən pərdə asmaq üçün yol polisləri belə reydləri ictimaiyyətə sırısa da, sonra nəticə barədə heç bir məlumat verilmir. Reydlərdən sonra yenə də həmin şəxslər avtobuslar idarə etməkdə, insan həyatı ilə oynamaqda davam edir. İnsanlar kütləvi halda həlak olur, xəsarət alır və ya digər ağır fəsadlar baş verir. Nəticədə əhali hər an ölüm təhlükəsini gözləyir. Nə marşrut sahibi bu faciələrdən ibrət götürür, nə də aidiyyəti qurumlar cavabdehlik edir. Hadisə olandan sonra ya günah öləndə olur, ya da hansısa bir günahsız insanda. Bir nəfər, iki nəfər həbs edilir, vəssalam. Qalanları öz işlərində olur.
Məsuliyyətsizliyin acı nəticəsi
Elə bir neçə gün öncə bütün ölkəni şoka salan avtoqəzadan sonra aparılan araşdırmalar da bunu sübut etdi ki, prosesə şərait yaradanlar məsuliyyətdən həmişə yayınıb, indi də yayınır. Söhbət avqustun 31-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində qatarla 124 saylı xətt marşrutunun toqquşmasından və onlarla ailənin faciə yaşamasından gedir. Sürücünün diqqətsizliyi ağır qəza ilə nəticələndi. Hadisə nəticəsində 7 nəfər faciəli halda dünyasını dəyişdi, 44 nəfər isə ağır bədən xəsarətləri aldı. Hadisədən az qala 10 gün keçməsinə baxmayaraq, hələ də 30-a yaxın insan xəstəxanalarda ağır vəziyyətdədir. Bir sürücünün və bir dəmir yolu nəzarətçisinin məsuliyyətsizliyi 7 ailəni başsız qoydu. Səhər tezdən ailəsinə çörəkpulu üçün şəhərə gəlmək istəyən 7 nəfərin ailəsi birdəfəlik çörəksiz və başsız qaldı. Bu ağır faciənin baş verməsi əhalini şoka salsa da, bəzi cavabdehlər üçün adi bir hadisə kimi qiymətləndirildi.
Nəqliyyat Nazirliyi faciəni "şad xəbər" kimi qarşıladı
Hadisə ilə bağlı Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dərhal məlumat verdilər. Sanki, hamıya şad xəbər verirdi bu qurumlar. Yarandığı 8 ildən bu günə qədər mətbuata demək olar ki özxoşuna heç bir məlumat verməyən Nəqliyyat Nazirliyi həmin hadisədən dərhal sonra özlərini "sudan quru" çıxarmaq üçün dərhal hərəkətə keçdilər. Mətbuata dalbadal hadisə barədə məlumat vermək, məsuliyyəti üzərindən atmaq və sair fırıldaqla əl-ayağa düşdülər. Məlumatın özü Nəqliyyat Nazirliyinin günahını açıq ortaya qoydu. Məlumatda yazılırdı ki, avqustun 31-i saat 7:30 radələrində Dəmir Yolunun Puta-Heybət mənzilinin 513-cü km-də qorunan keçiddə VL-8-1433 № lokomotivlə maşinist Xanbabayev İslamın idarə etdiyi sərnişin-sürət qatarı sürücü Ağayev Fərid Ağamir oğlunun idarə etdiyi 124 №li marşrut üzrə hərəkət edən 10 TF 927 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobusla toqquşub.
İlkin məlumata görə 3 nəfər hadisə yerində ölüb, 3 nəfər xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib, 8 nəfər reanimasiyadadır, ümumilikdə isə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin baş vermə səbəbləri Nəqliyyat Nazirliyi və hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Dəhşətli qəzanın səbəbləri ört-basdır edildi
Maraqlıdır, necə araşdırıldı, nə qənaətə gəlindi? Əlbəttə ki heç nə, xəbər yayıldı ki, bəs marşrutun sürücüsü və dəmir yolunda keçid nəzarətçisi həbs olundu, vəssalam. Bundan başqa, heç kimdə nə günah var, nə də kimsə məsuliyyət daşımır. Amma, həmin marşrut sürücüsünün sürücülük vəsiqəsi var idi, yox idi, bilinmir. Bu sürücü sərxoş olubmu, yatıbmı, səhər həmin şəxs marşrut xəttinə çıxarkən tibbi müayinədən necə keçib, hansı tibb müəssisəsi onun sürücü işləməyə yararlı olduğu barədə arayış verib, yoxlanışdan necə keçib, bunların heç biri araşdırılmadı. Nə Nəqliyyat Nazirliyi, nə də hüquq mühafizə orqanları bu faktları yoxlamır və nəticədə ya sürücü sərxoş halda avtobus idarə edir, ya sükan arxasında ürək tutması və digər xəstəlikdən dərhal keçinir. Bu hadisələrdə sürücü ilə bərabər onlarla insanın ölümünə səbəb olur.
Gündəlik tibbi müayinə əvəzinə 3 manat rüşvət
Marşrutda əsas diqqətli məqamlardan biri sürücünün gündəlik tibbi müayinəsidir. Bu əslində qanunvericilikdə də var və həqiqətən bu olmalıdır. Amma, həmin strukturların rəhbərləri sürücünün gündəlik müayinəsini təşkil etmir. Artıq hamıya məlumdur ki, son illərdə heç bir maşrut sürücüsü gündəlik tibbi müayinədən keçmir və onlara sağlamlıq arayışı verilir. Bu məsələ deyilənə görə, marşrut sürücüsü ilə deyil, marşrut sahibi ilə həll edilir, özü də rüşvətlə. Tibb müəssisəsinin rəhbərliyi ilə sahibkar razılıq əldə edir ki, müəssisə hər gün marşrutdakı sürücülərin hər birinə sağlamlıq haqqında yoxlanılmadan arayış verməlidir. Bunun qarşılığında isə sahibkar hər sürücü arayışına görə tibb müəssisəsinə 3 manat "haqq" verir. Bu da olur sürücünün yoxlanışı. Sürücünün səhhətində hansısa bir problem yarananda isə dərhal həmin arayış aradan çıxarılır.
Marşrut sahibi sürücüləri qəza törətməyə vadar edir
Digər bir problem isə marşrut sahibinin sürücülərə vaxt tətbiq etməsi və onları tələsdirməsidir. Sürücülər etiraf edirlər ki, onların şəhərdə təhlükəli avtobus idarə etməsinə səbəb sahibkarlardır. Belə ki, marşrut sahibi marşrut avtobuslarına ayrı-ayrılıqda qrafik təyin edir ki, bu qrafikdən kənar hərəkət edən sürücülər cəzalandırılır. Şəhərdə bir neçə yerdə avtomobil tıxaclarına düşən avtobuslara isə qrafik güzəştləri edilmir. Həmin sürücünün ya gündəlik maaşı kəsilir, ya da plan daha artıq tətbiq edilir. Buna görə də, sürücü tıxac olan zaman bütün gücü ilə tıxacdan tez çıxmağa və marşrut qrafikinə uyğun hərəkət etməyə cəhd edir. Bu da sonda avtoqəza və digər ağır hadisələrlə nəticələnir. Amma, buna baxmayaraq sahiibkar belə halların aradan qaldırılmasına çalışmır və heç bu barədə düşünmür də. Sürücülər deyirlər ki, iş vaxtı onları sərnişinlərin təhlükəsizliyi deyil, axşama qazancları və cərimədən yayınmaları maraqlandırır. Hansısa sərnişinin təhlükə ilə üzləşməsi deyil, onların axşam evlərinə əliboş getməməsi düşündürür.
Samir