İstehlakçıları kütləvi şəkildə aldadırlar
Eyyub Hüseynov: “Bu işdə mürəkkəb texniki cihazların satışı mərkəzləri öndə gedir”ğ
16 Sentyabr 2014 15:47 MüsahibəÖlkədə fəaliyyət göstərən ticarət şəbəkələrində və diğər xidmət sektorunda demək olar ki, istehlakçı hüquqlarının pozulması adət halına çevrilib. İş o həddə çatıb ki, istehlakçılar pozulmuş hüquqlarının bərpasında xeyli çətinliklə üzləşmək məcburiyyətində qalırlar. Müsahibimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur.
- Eyyub müəllim, hazırda kütləvi şəkildə istehlakçıların hüquqlarının pozulması halları daha çox hansı sahələrdə müşahidə olunur?
- İstehlakçıların hüqiqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin analizi deməyə əsas verir ki, Azərbaycanda mürəkkəb texniki cihazların satışı mərkəzləri öndə gedir. Xüsusən, mobil telefonlar və kompüterlərin satışını həyata keçirən ticarət şəbəkələri istehlakçıların hüquqlarının pozulmasını adi hala çevirib. Daha dəqiq, kreditlə bu növ məhsulların satışında daha çox istehlakçı hüquqları pozulur. Nəzərə almaq lazımdır ki, kreditlə satılan bu mallar sanki standartlara uyğun olmayan mallar kimi xarakterizə olunur. Çünki alıcılar yeni aldıqları məhsulları qısa müddətdə təmir etdirmək məcburiyyətində qalır. Servis mərkəzlərndə isə başqa bir problem yaşanır. Məsələn, kompüter və telefon dükanları istehlakçıya böhtan atmaq üzrə ixtisaslaşıblr. Belə ki, xidmət əməkdaşları təzə telefonu alaraq üstündən cızıq çəkər və bildirər ki, məhsul alıcı tərəfindən korlanıb. Yaxud, böhtan atırlar ki, guya, telefon suya düşüb. Bu xidmət sahələri istehlakçıların hüquqlarını qorumaqdan başqa hər nə desən, uydururlar. Buna baxmayaraq, Azad İstehlakçılar Birliyinə daxil olan belə şikayətlərin 80 faizi istehlakçıların xeyrinə həll olunub. Ümumilikdə, istehlakçı hüquqlarının pozulması halları olduqca müxtəlifdir. Məsələn, elanlar vasitəsilə tapılmış ustalar təmir işlərini başa çatdırmadan istehlakçılardan pul alıb qaçırlar.
- Son vaxtlar şadlıq evlərində istehlakçıların hüquqlarının pozulması halları müşahidə olunur. İaşə sahələrində baş verən özbaşınalığın kökündə hansı amillər durur?
- İki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərinin standartını hazırladı və onu tətbiq etməyə çalışdı. Yeri gəlmişkən, qeyd edək ki, bu komitənin şadlıq sarayları ilə bağlı çoxlu sayda xoş niyyətli sənədləri var. Lakin bu xoş niyyətli arzular həyata keçirilirmi? Ölkədəki şadlıq evlərinin təxminən 98 faizində heç bir standart tətbiq edilmir. Şadlıq evlərində işlər saat 6-dan sonra, məmurlar işdən çıxdıqdan sonra başlanlr. Mən bu məsələ ilə bağlı cənab Prezidentə açıq məktub yazmışam ki, hökumətin bu siyasəti dəyişməli, istehlakçı hüquqları önə çəkilməlidir. Şadlıq evlərinin sahibləri meydan sulayır, vətəndaşların ödədikləri pulun müqabilində qəbz verilmir. Nəticədə vətəndaşların verdikləri pullardan bəy-gəlin heç bir xeyir görmür, həmin pulların hamısı şadlıq evlərinin saxlanmasına sərf olunur. Bunun müqabilində vətəndaşlara köhnə yeməklər verilir, şadlıq evlərinin mətbəxində antisanitariya hökm sürür. Şadlıq evlərinin öz şərtlərini diqtə etməsi, musiqi səslərinin standartlara cavab verməməsi, sərinləşdirici qurğuları öz istəklərinə uyğun quraşdırmaları kimi hərəkətlər istehlakçı hüquqlarına ziddir. Nə qədər ki, şadlıq evləri ilə istehlakçı arasında müqavilə bağlanmır, şərtlər yazılı şəkildə, açıq-aydın göstərilmir, istehlakçıların hüquqlarını məhkəmələrdə də qorumaq mümkün olmayacaq.
- Hazırda mobil operatorlar və SMS kampaniyaları tərəfindən istehlakçıların hüquqlarının pozulması barədə məlumatlar artmaqdadır. Bu sahədəki vəziyyəti necə xarakterizə edərdiniz?
- Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da insanların pullarını mənimsəməklə məşğuldur. Məsələn, Sabirabad rayonundan Sənubər Həsənova müraciətində bildirir ki, 8228 mesajı ilə həvəsləndirilərək 450 manat pul xərcləyib. Sonra mesaj gəlib ki, 450 manat ödəmək şərtilə endirimlə mal ala bilər. Lakin ona yenidən 450 manat ödətdirmək şərtilə cəmi 10 manat endirimlə mal satıblar. Bu qaydada aldadılan insanların sayı minlərlədir. İnsanlara istehlakçıların hüquqlarını pozan SMS-lər gəlir ki, onlar da vətəndaşlar üçün narahatçılıq yaradır. Mobil operatorların bazarlardakı hökmranlığı, üstün imkanlarından istifadə edib insanların cibinə girən şirkətlərlə müqavilə bağlanaraq buna stimul verməsi eyni fəaliyyət növünə daxildir.
-Yalançı reklamlar barədə çoxsaylı açıqlamalar verilməsinə baxmayaraq belə reklamlar bütün bazar-dükanları, yazılı və elektron mətbuatı bürüyüb. Satış mərkəzləri daha hansı üsullardan istifadə edərək istehlakçıların aldadılmasına nail ola bilirlər?
-Hazırda paytaxtın ticarət mərkəzlərinin əksəriyyətində 70-80 faizlik endirim reklamları var. Belə reklamlara aldanan vətəndaşlar asanlıqla satış mərkəzlərinə cəlb olunurlar. Əslində, xarici ölkələrdə də belə endirim reklamlarına rast gəlinir. Azərbaycanda isə bu reklam altında bir sıra problemlər yaşanır. Belə ki, istehlakçı yalançı reklama aldanıb dükana girir, mal seçimində isə ona bildirilir ki, endirim kampaniyası həmin mala aid deyil. Yaxud istehlakçı endirimli qiymətlə mal alır, evdə ölçüsü və ya rəngi xoşuna gəlmir və onu qaytarmaq, yaxud dəyişmək istəyir. Bu halda istehlakçı hüquqları nəzərə alınmayaraq onun istəyi təmin edilmir. Hansı ki, istehlakçının endirim kampaniyasında aldığı malı dəyişmək və qaytarmaq hüququ var. Elə hallar da olur ki, qiymətlər maddi-məsul şəxsin imzası olmadan adi kağızda yazılır, üzərində xətt çəkilir ki, guya əvvəlki qiymətdən çox-çox ucuz satılır. Bu halda istehlakçı malın rəsmi qiyməti ilə bağlı sənədi əldə edə bilmir. Çünki belə sənədlər əslində yoxdur. Azərbaycanda satılan sənaye mallarının 80 faizinin heç bir rəsmi sənədi yoxdur.
- Bəzi banklar və sığorta şirkətlərinin də istehlakçıları aldatmaları adi hala çevrilib. "Endirimli kredit" kampaniyaları, "əlverişli" sığorta şərtlərinə dair elan və reklamlar yayılır. Ancaq bunların heç də hamısı həqiqəti əks etdirmir. Bu sektorda nə baş verir?
- Banklar və sığorta şirkətlərinin də istehlakşıları aldatması barədə şikayətlər var. Sığorta şirkətlərinin "qaynar xətt"lərinin cavab verməməsi problem yaradır. Vəziyyət o həddə çatıb ki, vətəndaş avtomobil qəzası törətdikdə belə sığorta şirkətinə məlumat verə bilmir. Banklardakı ciddi problemlərdən biri ölkə prezidentinin tapşırığının əksinə olaraq, nəğdsiz ödənişlərdə problemlər yaradılır. Vətəndaş bizə müraciət edərək bildirib ki, 17 min dolları banka qoyaraq ABŞ-a gedib. Orada telefonuna SMS-lər gəlib ki, bankdakı pulları silinir. Nəhayət, vətəndaşın pulu sıfıra qədər silinib. İndi onu nə Beynəlxalq Bankda, nə də Mərkəzi Bankda qəbul etmirlər. Belə məlum olur ki, banklar özlərinin verdikləri kartların cavabdehliyini daşımaq istəmirlər. Marketlər və yanacaq doldurma məntəqələrində nəğdzis ödənişdən imtina edilməsi, yaxud bu proses zamanı vətəndaşın əlavə pulunun silinməsi problemi yaşanmaqdadır.
-Tikinti şirkətlərinin vətəndaşları aldatması halları gündən-günə artır. Günahkar şəxslər həbs edilsə də vətəndaşların pulları qaytarılmır. Çıxış yolunu nədə görürsünüz?
- Azərbaycanda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri də tikinti sektorudur. İstismara qəbul edilməmiş binalara əhalinin köçürülməsi, binaların işıq, qaz və su ilə təmin edilməməsi, yeni tikilən binalarda sayğacların əhaliyə satılması kimi problemlər mövcuddur. Hansı ki, ölkə prezidentinin xüsusi sərəncamı var ki, vətəndaşlar üçün sayğaclar pulsuz quraşdırılmalıdır. Lakin bəzi xidmət sahələri ölkə prezidentinin sərəncamından yan keçərək, insanların sosial müdafiəsinə yönəlmiş siyasətinə zidd olaraq, hüquqi şəxslərdən, onlar isə öz növbəsində fiziki şəxslərdən pul alırlar. Belə bir oyunun aparılması prezidentin sərəncamına qətiyyən uyğun deyil. Bundan başqa, tikinti şirkətləri bir mənzili bir neçə şəxsə satmaqla məşğuldur.
Alim