"Həm Azərbaycanın, həm Türkiyənin yaşadığı bu sıxıntılar dünyaya yetərli şəkildə çatdırılmayıb"
TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan: “Hazırladığımız bütün proqramlarda iki ölkənin ortaq mədəniyyət, adət və ənənələrini önə çıxarmaq hədəfimizdir”
1 Sentyabr 2014 13:20 MüsahibəMüsahibimiz Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyinə yeni təyin olunmuş Yıldıray Arslandır.
Yıldıray bəy haqqında qısa məlumat.
Yıldıray Arslan universiteti bitirdikdən sonra 1987-ci ildə TRT-də keçirilən imtahana qatılıb və qazanıb. 1988-ci ildə iş həyatına TRT ilə başlayıb. Elə həmin vaxtdan bu günə kimi də TRT-də çalışır: "Mənim doğum tarixim-1 may 1964-cü il TRT-nin quruluş tarixi ilə eynidir".
Y.Arslan TRT-də Xəbər Departamentində müxbir, xəbər müdiri, departamentin sədr müavini və sədr vəkili vəzifələrini icra edib. Eyni zamanda, Türkiyədə Parlament müxbirləri dərnəyi, Prezident Administrasiyası və Baş nazirlik müxbirləri dərnəyi, Ankara Jurnalistlər Cəmiyyəti, KİV ixtisas jurnalistləri federasiyasında da çalışır. Y.Arslan vaxtilə müharibə müxbiri kimi fəaliyyət göstərib. Təhsil, mədəniyyət, demək olar ki, bütün sahələr üzrə müxbirlik edib. 1990-cı ildə Azərbaycana gəlib, müharibə müddətində və ondan sonrakı böhran mərhələlərində TRT müxbiri olaraq çalışıb. Çeçen-rus və digər müharibələrdə jurnalist kimi iştirak edib. Qısası, özünün dediyi kimi, bir jurnalist olaraq böyüyüb və jurnalist olaraq Bakıya gəlib.
-Yıldıray bəy, ölkədən kənarda rəhbər kimi ilk vəzifəniz... TRT kimi böyük bir qurumun təmsilçiliyini edəcək olmanız çiyinlərinizə nə cür məsuliyyət qoyur?
-TRT Türkiyənin ilk və ən əsaslı yayın təşkilatıdır. Həm radio, həm televiziya, həm də yeni-internet media üzərindən həyata keçirdiyi bir çox ölkə daxili və beynəlxalq yayım var. TRT-nin Azərbaycanla bağlı yayınlarının koordinasiyasını mən həyata keçirəcəyəm. Bunu edərkən, həm TRT, həm də Azərbaycandakı media təşkilatları ilə yaxın əməkdaşlıq birliyi içində olmağı, təşkilatlarla dinamik və əlaqələr qurmağı hədəfləyirəm. Burada hazırladığımız bütün proqramlarda iki ölkənin ortaq mədəniyyət, adət və ənənələrini önə çıxarmaq hədəfimizdir. Bunlardan başqa, tarixi keçmişimiz çox önəmlidir və bu sahə heç bir şəkildə aktuallığını itirməyəcək. Eləcə də, bu günün Azərbaycanı və Türkiyəsi arasındakı əlaqələrin hansı şəkildə olduğunu da iki ölkə insanlarına çatdırmaq istəyirik. Azərbaycan vaxtilə mənim xarici ölkə kimi işə başladığım ilk iş yerim. Təmsilçi olaraq da ilk vəzifəm yenə Azərbaycan oldu. İnşallah müxbirlik-jurnalistlik müddətində olduğu kimi utandırmadan, sağ-salamat, uğurlu şəkildə vəzifəmi yerinə yetirərəm.
-Yeni rəhbərliklə bərabər yeni layihələr də olacaqmı?
-Yeni layihələr düşünürük. TRT Bakı təmsilciliyinin koordinasıyasında həyata keçirilən "Azərbaycan ulduzları", "Qürbətdəki elçilərimiz" və "Can Azərbaycan" adlı proqramlarımız var. Bundan başqa TRT Avazda yayımlanan proqram da var. Bunlar yaxın zamanda razılaşma əldə olunmuş, müqaviləsi bağlanmış verilişlər. Yəni, davam etdirməyi düşünürük. Bundan başqa, xüsusilə, iki ölkə toplumunun bugünkü vəziyyətini əks etdirən və tarixi birliyimizə istinad edən, oradan güc alan proqramlara ağırlıq verməyi düşünürük.
-Zaman-zaman yanlış məlumatlarla Azərbaycanla Türkiyənin münasibətlərinə kölgə salmaq istəyənlər olub. Bu problem diqqətdə saxlanılırmı?
-O məsələdə heç bir sıxıntı yoxdur. Çünki həm Türkiyə, həm də Azərbaycan olaraq birinci əldən, doğru xəbər və proqramları çatdırırıq. Qarşılıqlı olaraq doğru xəbər alma və doğru məlumat əldə etmək imkanlarını istifadə etmək və onları önə çıxarmaq bizim vəzifəmizdir. Bundan kənar hər hansı bir xoş olmayan məqamlara da nə Türkiyə, nə də Azərbaycan izn verməz.
-Vaxtilə Dağlıq Qarabağ problemini işıqlandıran jurnalist olmusunuz. Bu gün adı keçən problemlə bağlı həqiqətlərin TRT-də işıqlandırılması aktuallığını hansı formada qoruyur?
-Qarabağ münaqişəsi Azərbaycanın 20 ildən çoxdur davam edən ən önəmli problemidir. Bu müharibənin bir mərhələsində mən də iştirak etdim və şahid oldum. Müharibə şərtlərində yaşadım, birlikdə dünyaya çatdırdıq. Müşahidələrimə görə, keçən müddət ərzində Azərbaycan 20 il öncəsi Azərbaycan deyil. İqtisadi, sosial, mədəniyyət təcrübəsini anlatmaq baxımından daha təsirli bir Azərbaycan var. Qarabağ probleminin çözülməsi yalnız Azərbaycan üçün deyil, bölgənin digər ölkələri üçün də önəmlidir. Problemin həll edilməsi vacibdir. Media təmsilçisi olaraq problemi həll etmək mənim vəzifəm deyil. Amma bu istiqamətdə həyata keçirilən bütün fəaliyyətləri TRT-nin vəzifə və məsuliyyətini diqqətdə tutaraq çatdırmaq bizim vəzifəmizdir.
-Yıldıray bəy, bir haşiyə çıxıb soruşmaq istəyirəm, Qarabağ müharibəsində şahidi olduqlarınızı bir kitab, bir nəşr şəklində ortaya qoymağı düşünürsünüzmü?
-Əslində, mənim elə bir niyyətim var idi. Vəzifədə olan və çalışan bir insan olaraq tarixə şahid olmaq, eyni zamanda onu paylaşmaq məsələsini gündəmə gətirir. Amma mən bir TRT çalışanı olaraq TRT təmsilçisiyim, bunu da mütləq qanunlar çərçivəsində edə bilərəm. Qeyd etdiyiniz məsələni jurnalistin gözündən baxış şəklində və ya xatirə şəklində düşünürəm. Amma bu gün üçün hədəfim indiki işimi daha yaxşı etməkdir. Şahidi olduqlarımı yazmaq mənim şəxsi məsuliyyətimdir. Hələlik ağlımda elə bir şey yoxdur. Olarsa da, inşallah, Azərbaycanda yazaram.
-Bilirsiniz ki, 2015-ci ildə saxta erməni soyqırımının 100 ili tamam olacaq. Bununla əlaqəli dünyaya təqdim edəcək səviyyədə bir film, sənədli film çəkmək mümkündürmü?
-Qarabağ müharibəsi müddətində nə qədər azərbaycanlı həyatını itirib, soyqırım haralarda həyata keçirilib və s. məsələlərlə bağlı Azərbaycan hökumətinin bir fəaliyyəti var. Azərbaycan və Türkiyənin bu məsələdəki fikirləri ortaqdır. Yayınçı olaraq da düşünürəm ki, bu mövzunun mütləq işlənməsi lazımdır. Həm Azərbaycanın, həm Türkiyənin yaşadığı bu sıxıntılar dünyaya yetərli şəkildə çatdırılmayıb. Bununla bağlı ciddi çalışmalar tələb olunur. Film, serial da ola bilər. Amma Azərbaycanın mərkəzi kanalları-İTV və ya AzTV, yaxud da TRT-nin sənədli film kanalı və ya beynəlxalq sahədə yeri, güclü infrastrukturu olan kanalı ilə bir əməkdaşlıq həyata keçirilə bilər. Həyata keçirilməyibsə belə, gecikmiş bir durumdur.
-TRT-nin Azərbaycan televiziyaları ilə əməkdaşlığı hansı səviyyədədir?
-Televiziyalarla əməkdaşlığımız var. Həm İTV, həm də AzTV ilə xidmət, təcrübə paylaşımı, yayın dəyişimi-ortaq yayınlarla bağlı müqavilələr var. Biz təmsilçilk olaraq bunları daha işlək və əhatəli hala gətirmək istəyirik. Hətta, TRT-nin bu təmsilçilikləri qurarkən "Avrovisiya" kimi bir türk vizionu, ya da ortaq çalışma platforması yolunda düşüncələri də var. Bunları həyata keçirə bilsək, ən azından ortaq bir platforma yarada bilərik.
-Bəzi yayınlarda, dizilərdə məsələn, ortaq tariximizlə bağlı problemlər meydana çıxır. Tarixi mövzulara daha geniş yer verməklə bu problemin həllinə kömək etmək olarmı?
-Bizim tariximiz onsuz da ortaqdır. Bu ortaqlığı bu gün də sürdürə bilməmiz üçün ortaqlığı və mədəniyyətimizi bilməyimiz lazımdır. Bunlarla bağlı məlumatların bu günün toplumu, insanları ilə paylaşılması lazımdır. Göstərilməsi, öyrədilməsi, ən azından xatırladılması vacibdir. Biz niyə bir millət, iki dövlətik, niyə bir millət yeddi dövlətik"-bunu bu coğrafiyada yaşayan bütün insanların bilməsi lazımdır. Bu istiqamətdəki proqramlar önəmlidir. Müasir günümüzün qəbul olunma qaydalarına uyğun xəbər proqramları önəmlidir. Bu cür xəbər çatdırılması ortaq tarixə duyulan marağı da artırır.
-Necə bir təəssürat oyadır sizdə Azərbaycan mediası, televiziyası. Türkiyə ilə buradakı fərqi nədə görürsünüz?
-TRT-nin texniki imkan və tutumu xeyli genişdir. Daha əsaslı bir qurum olması səbəbilə fərqli, hərəkət qabiliyyəti daha yüksək, imkanlardan istifadə etmək, yayınçılıq sahələrini istiqamətləndirmə qabiliyyəti daha yüksəkdir. Azərbaycandakı medianın vəziyyəti ilə bağlı hələ söz söyləmək durumunda deyiləm. Amma hərəkətli bir internet mediasının olduğunu görürəm. Mətbuat ortamı canlı, həm də insanlar bu mövzuda maraqlıdırlar. Azərbaycanın hərəkətli mediası var və ciddi şəkildə gələcək vəd edir. Bu istiqamətdə üzərimizə düşən hər hansı bir vəzifəni də yerinə yetirməyə hazırıq.
-Azərbaycanın mərhum prezidenti Heydər Əliyevdən müsahibə alan ilk Türk jurnalistsiniz. Necə xatırlayırsınız o anı?
-O gün Heydər Əliyevin prezident seçildikdən sonra Türkiyəyə ilk səfəri idi. Həsən Həsənov baş nazir idi. Bizim onunla Bakıdan olan bir tanışlığımız var idi. Təbii ki, Türkiyədən bir çox jurnalist, özəl televiziya kanalı, proqramçı, Azərbaycan prezidenti Heydər Əliyevlə müsahibə etmək istəyirdi. Bəlkə də Azərbaycana şəxsi yaxınlığımın təsirilə, hörmətli Həsənovla göz alışqanlığı, sima ilə olsa da tanışlığımın nəticəsində bu müsahibəni almaq mənə nəsib oldu. Məncə, çox gözəl bir müsahibə idi. Çox səmimi, gözəl-bir dövlət adamına yaraşan şəkildə müsahibəmiz oldu. TRT-də, deyəsən AzTV-də də yayınlandı. Əgər qarşınızdakı müsahibə etdiyiniz insan kim idi?- deyə soruşarsanız deyərəm ki, çox təcrübə sahibi, bir dövlət adamına yaraşan bütün xüsusiyyətləri özündə birləşdirən, eyni zamanda da mehriban, yaxşı xasiyyətli, qarşısındakı insanı incitməmək üçün səy göstərən insan kimi xatırlayıram. Mənim də bir ölkə prezidenti ilə etdiyim ilk müsahibə idi. Karyeram baxımından da önəmli bir müsahibə idi. O müsahibəni etmiş olmaqdan da qürur duyuram. Çünki Heydər Əliyev mənim üçün bugünkü Azərbaycanı quran və təsisatlarının yerləşdirilməsində çox önəmli bir rolu olan insandır.
-Xanımınız azərbaycanlıdır. Dil, mədəniyyət baxımından anlaşmada hər hansı bir çətinlklər yaşadınızmı?
-Adət-ənənələrinizi bilirəm. Dildə bəzi kəlimələr dəyişir. Ondan başqa çox çətinliklər yaşamadım. Onsuz da ortaq mədəniyyətimiz var. Mənim uşaqlığım bu bölgəyə yaxın bir mədəni mühitdə keçdiyi üçün çətinlik çəkməyim mümkün deyil. Çətinlik yaşamadım, hətta sevərək bu ölkədə oldum. Yenə də sevərək burdayam. Cəmiyyət, mədəniyyət mənə yad deyil. O baxımdan da çətinlk çəkəcəyimi düşünmürəm. Əcnəbi ölkədə ilk vəzifəm də burada oldu. Burada evləndim. Oğlum da buralı sayılır, mən də buralı sayılıram. Buranın ilk göz ağrım olmasından da xoşbəxtəm.
-Yıldıray bəy, Azərbaycana olan bu sevginiz evliliyinizdən sonramı oldu, yoxsa daha öncədən də varmıydı?
-Yox, var idi... Mən əslən Qafqaz əsilli bir türk vətəndaşıyam. Böyüklərimizin, nənələrimin anlatdığı hekayələrdən Azərbaycanla bağlı yadımda qalanlar var. Bundan başqa tələbəlik illərində oxuduğumuz kitablardan, dinlədiyimiz hekayələrdən təsirlənmişdik. Azərbaycanın dünyaya paylaşdığı mədəni dəyərləri Türkiyədə hər zaman müsbət mənada, sevgi ilə qəbul olunmuşdu. Azərbaycanı hər zaman yanımızda hiss etdik, heç bir zaman yad bir yer olmadı və olmayacaq da. Ona görə sevgim, sadəcə evlilklə bağlı deyil. Duyduğunuz hekayələr, lətifələr hekayələr hər biri birləşir və zamanla sizdə genetik bir mədəni transferə yol açır. O da ortaq mədəniyyət olur. Azərbaycana ilk gələn insanlar burada danışlan dilə yadırğaya bilər, amma İğdırda, Erzurumda yaşayanlar, gedib gələn insanlar üçün çox asandır.
Aygün İbrahim