O zaman insanın ağlına gələn ilk şey ölüm olur…
Tariyel Vəliyev: “İntiharı düşünən insanlarda durğunluq başlanır”
26 Avqust 2014 18:19 Müsahibəİnsanın canına qəsd etməsi üçün ciddi səbəblər olmalıdır. Çox zaman intihar edən şəxs yaşadığı vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün bu addıma meyillənir.
İntiharın səbəbləri kimi daha çox cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə pozuntuları göstərilir.
Eləcə də önəmli faktorlardan olan depressiyanın yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.
Psixoloq Tariyel Vəliyev bildirdi ki, insanın həyat dönəmində yaşadığı psixoloji böhran dövrləri olur. Həmin dönəmlərdə insanlar psixoloji cəhətdən həddən artıq yüklü olurlar və o da insanın bütün sinir sistemini yükləyir. Bu hal insanlarda əsəb gərginliyi yaradır və həmin anlarda insanların affekt vəziyyətinə düşmək riski yüksək olur: "Kiçik bir təlatümdə, sıxıntıda əsəb krizi dönəmində affekt vəziyyətinə düşmək riski yüksək olduğuna görə insanlar intiharı yaşayır. Uğrunda mübarizə apara biləcəkləri, çatmaq istədikləri hədəflərin olmaması, əsasən də yaşamaq üçün səbəblərinin olmaması, ciddi şəkildə arzuladığı, uğrunda çalışdığı bir məqsədinin olmaması insanlarda intihara meyilliliyin riskini yüksəldir. Bunlardan əlavə müxtəlif böhran və sarsıntılar insanda bu vəziyyəti yaradır. Bunların da kökündə əsasən insanın özgüvən zəifliyi durur. İntihara meyilli insanları araşdırdıqda, onların əksəriyyətinin özünə qarşı inamsız olmaları, özgüvən hisslərinin həddən artıq zəif olması faktı ortaya çıxır".
Bəs hansı halları müşahidə etdikdə insanın intihar edəcəyi ilə bağlı şübhələnməyə əsas var? Psixoloq bildirdi ki, intiharı düşünən insanlarda əsasən durğunluq başlayır. Hər şeyə qarşı laqeydlik olur. Həyat eşqi sönür, heç bir şeyə marağı qalmır. Onların yaxınları bu halları gördükdə və yaxud hər şeyə həddən artıq aqressiv yanaşdıqlarını müşahidə etdikdə, mütləq müdaxilə etməlidirlər: "Amma bu cür insanlara birbaşa müdaxilə etmək olmaz. Həmin insanın psixoloqla görüşünü təşkil etmək vacib şərtdir. Bundan əlavə, bərk sarsıntı keçirmiş, yaxınını itirmiş, əsasən də yeniyetməlik dövründə sevgi travması yaşamış insanları da nəzarətsiz qoymaq olmaz. Belə hallarda onların mütləq danışa biləcəyi, özünü ifadə edə biləcəyi insanlarla ünsiyyətdə olması şərtdir. Amma bu hallarda əsasən ruh düşgünlüyünün yaranması, hər şeyə laqeyd yanaşma, həddən artıq aqressiya və ümumiyyətlə həddən artıq hər şeydən uzaqlaşdığını, həyatda heç bir şeydən tutuna bilmədiyini hiss etdikdə insanların ailəsi, yaxınları mütləq onun psixoloqla ünsiyyətdə olmasını təşkil etsələr, bir çox hallarda intihar vəziyyətindən xilas etmiş olarlar".
Azərbaycanda intiharların sayının artmasına gəlincə isə, T.Vəliyev bildirdi ki, bunun bir çox səbəbləri var. Psixoloq bu vəziyyətin həddən artıq psixoz yaradan informasiya bolluğunun olması, Azərbaycan informasiya məkanında, əsasən də vizual sahələrdə- televiziyalarda psixoz vəziyyətini yaradan, filmlərin, verilişlərin artması, üçüncüsü insanların mənəvi dəyərlərinin deqradasiya olunması və yerinə yeni bir dəyərlər sisteminin qoyulmamasına görə düşdükləri boşluğun həddən artıq yüksək səviyyədə olması, bir də əsasən insanların müəyyən mənada qarşılıqlı etimad hissini tamamilə itirməsindən qaynaqlandığını bildirdi: "Bu gün Azərbaycanda insanların intihar etməsinin kökündə duran əsas səbəb insanlar arasında qarşılıqlı inam, etimad hissinin tamamilə ortadan qalxması və insanların da bunu normal qəbul edə bilməməsi durur. Çünki Azərbaycan etnopsixologiyası insan-cəmiyyət münasibətləri üzərində qurulub. İnsan tənhalığı normal həyat tərzi kimi qəbul etmir. Etnopsixoloji sistemdə insanlar özünü mütləq cəmiyyətin bir fərdi kimi və cəmiyyət-insan münasibətləri fonunda rahat hiss edir. Tənhalığa meyillik ən çox intihara gətirib çıxarır".
İntiharların sayını azaltmaq üçün hansı tədbirləri həyata keçirmək olar
Psixoloq bildirdi ki, bunun üçün ilk növbədə mənəvi dəyərləri təbliğ edən ciddi-layihə proqram hazırlanmalıdır. Və bütün informasiya məkanında bu tip dəyərləri təbliğ edən konkret, kompleks tədbirlər proqramı tərtib edilməlidir. Bundan başqa bütün psixoloji xidmət güclü şəkildə tətbiq edilməlidir: "Sahə həkimləri və polisi olduğu kimi o tip dövlət nəzarətində olan psixoloji mərkəzlər yaradılmalıdır. Dövlət-vətəndaş münasibətlərində vətəndaşın daha çox özünəgüvən hissi gücləndirilməlidir. Azərbaycanda ən böyük problemlərdən biri də vətəndaşın dövlətə olan güvən hissinin olmamsıdır. İnsanlar məcbur edilir ki, hər problemi özü həll etməyə çalışsın. Bu da bir çox hallarda uğursuzluqla nəticələndikdə, həmin şəxsin bütün ümüdləri məhv olur və insanın ümüdi bitdikdə ağlına gələn ilk şey ölümdür".
Aygün