Avropada yeni Hun dalğası
19 Avqust 2014 14:13 Müsahibəİlham İsmayılov: "Gələcəkdə biz bu qurultayda Qarabağ gerçəkliklərini, mədəniyyətini tanıtmaq üçün indidən fəaliyyət göstərməliyik"
Bu günlərdə Macarıstanda növbəti Hun-Türk Qurultayı keçirildi. Qurultayda əksər türkdilli ölkə və topluluqlarla yanaşı Azərbaycandan da geniş tərkibdə nümayəndə heyəti iştirak edirdi. Hun-Türk Qurultayının əhəmiyyəti, bu qurultayın türk dünyasının birliyinə verə biləcəyi töhfələr və digər məsələlərə aydınlıq gətirmək üçün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla söhbətləşdik.
-İlham müəllim, bu günlərdə siz də Azərbaycan nümayəndə heyətinin tərkibində Macarıstanda keçirilən Hun-Türk Qurultayında iştirak etdiniz. Macarıstan səfəri və qurultaydan hansı təəssüratla ayrıldınız?
-Məlum olduğu kimi avqustun 8-10-u tarixlərində Macarıstanın Bugac bölgəsində Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən soylar yığıncağı-Böyük Qurultay keçirildi. Mən deyərdim ki, Macarstanda fəaliyyət göstərən Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk Qurultayları Avropada yeni bir Hun dalğasının yaranmasına səbəb olub. İki ildən bir keçirilən bu Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan avarlar, başkurtlar, çuvaşlar, qaqauzlar, qaraqalpaqlar, tatarlar, tuvalar, yakutlar, noğaylar, moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurdular. Qurultayda 27 dövlətdən olmaqla böyük bir nümayəndə heyətləri iştirak edirdi. Ümumiyyətlə, Avropanın bütün bölgələrindən Qurultaya maraq göstərən ziyarətçilərin sayı 250 mindən çox idi. Bundan başqa tədbirə dünyanın 30-dan çox ölkəsinin media qurumları qatılmışdı. Bu isə qurultayın bütün dünyada tanıdılması, təbliğ olunması baxımından əhəmiyyətli idi. Bu qurultay artıq Avropada yeni bir Hun-Türk dalğası deməkdir. Bütün Avropa mətbuatı, sosial media bu qurultayın gedişini geniş şəkildə işıqlandırdı.
-Qurultayın məqsədi nədən ibarət idi?
-Sayca beşinci dəfə keçirilən qurultayın əsas məqsədi türk-hun dünyası təmsilçilərinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrinin nümayişindən ibarət idi.
-Qurultayı türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi baxımından nə dərəcədə əhəmiyyətli hesab etmək olar?
-Qurultay ilk növbədə Macarıstanla bütün türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətli sayıla bilər. Qurultayda bütün türk xalqları qədim dövrdən bəri öz tarixi adət-ənənələrini, mədəniyyətlərini, geyim tərzini, musiqilərini təqdim etmək şansı əldə etdilər ki, bu da hun və türk kökənli toplumların öz ortaq tarixlərini yenidən canlandırmaları baxımından əvəzedilməz bir toplantı sayıla bilər. Bildiyimiz kimi Macarıstan Avropanın göbəyində yerləşən bir dövlətdir. Macar dövləti də keçmiş sovetlər birliyinin işğalçılıq siyasətinin qurbanı olub, ərazilərinin 70 faizə qədərini məhz həmin dövrdə itirib. Macarlar dərk edirlər ki, dünyadakı Türk xalqlarına yaradılan problemlər onlar üçün də yaradılıb. Bu ortaq problemlərin varlığı onları yenidən öz soyköklərinə dönməyə, türk xalqları ilə birləşməyə vadar edir.
-Qurultay çərçivəsində hansısa rəsmi görüşlər keçirildimi?
-Məlumat üçün qeyd edim ki, Qurultayda Azərbaycan da böyük nümayəndə heyəti ilə təmsil olunurdu. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin də (ATXƏM) təşkilatçılığı və dəstəyi ilə Qurultayda iştirak etmək üçün böyük bir nümayəndə heyəti formalaşmışdı. Nümayəndə heyətinin tərkibində ATXƏM sədri olaraq mən, Milli Məclisin deputatları - Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BAMF-ın sədri Umud Mirzəyev, DGTYB-nin başqanı Əkbər Qoşalı, AMEA Ədəbiyyat İnstitunun direktor müavini Şəmil Sadiq, ATXƏM-in icra katibi və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, türkoloq Nurlanə Qasımlı və digər şəxslər iştirak edirdi. Qurultaydan bir gün əvvəl öz tarixi və nadir memarlıq incisi kimi hər kəsi heyrətə salan Macarıstan Parlamentində bütün Türk xalqlarının nümayəndə heyətilə görüş keçirildi. Macarıstanda keçirilən Turan Qurultaylarının himayəçisi kimi tanınan vitse-spiker Şandor Lezak nümayəndə heyətlərilə keçirdiyi tarixi görüşündə türk xalqlarının tarixi və soykökü, o cümlədən gələcək birlikləri istiqamətində önəmli mesajlar verdi. Macarıstan Parlamentində çıxış edən dövlət müşaviri Keskey Erno da Macarıstan Hökumətinin türk xalqları ilə əməkdaşlıqda nə qədər qətiyyətli olduğunu bir daha vurğulamış oldu. Bildirdi ki, Şərqdə qohum olan xalqlarla, eyni soykökə malik olan insanlarla bir yerdə olmağımızı, onlarla əlaqələrimizi genişləndirmək istəyirik. Buna görə də Macarıstan Hökuməti Turan Qurultayını yalnız mənəvi baxımdan deyil, həm də maddi olaraq dəstəkləyir. Macar Turan Fondunun rəhbəri Andros Biro parlamentdəki tarixi çıxışında həm də Turan Qurultayının keçirilməsinin məqsədlərini, hədəflərini açıqlamış oldu. Qeyd etdi ki, bu gün Hun-türk kökənlilər öz torpaqlarında problemlər yaşayırlar; Uyğurlar, Kipr türkləri, İraq və Suriya türkmənləri böyük problemlərlə üzləşirlər. O, xüsusilə qeyd etdi ki, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsini unutmamalıyıq. Biz əlbəttə nifrət deyil, sevgi göstərmək istəyirik. Qlobalistlər istəyir ki, dünyada sadəcə vahid bir insan topluluğu yaratsınlar, lakin dünya rəngarəng millətlərin varlığı ilə gözəldir. Biz Avropanın göbəyində yaşasaq da. öz soykökümüzü, öz mədəniyyətimizi əsla unutmadıq.
-Qurultay Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə geniş anlamda çatdırılması baxımından nə dərəcədə əhəmiyyətli sayıla bilər?
-Hesab edirəm ki, qurultay bizim üçün Dağlıq Qarabağ probleminə tərəfdaş ölkələr, xalqlar cəlb etmək baxımından son dərəcə əhəmiyyətlidir. Bir daha qeyd etmək istərdim ki, Macarıstan parlamentində çıxışı zamanı Macar Turan Fondunun rəhbəri Andras Biro Dağlıq Qarabağın işğalı məsələsinə də toxunaraq bütün türk xalqlarını bu məsələyə biganə qalmamağa çağırdı. Hesab edirəm ki, gələcəkdə biz bu qurultayda Qarabağ gerçəkliklərini, mədəniyyətini tanıtmaq üçün indidən fəaliyyət göstərməliyik. Məşhur Qarabağ atlarının bu qurultayda tanıdılması, onların öz torpaqlarından didərgin salınması ilə nəsillərinin təhlükə altında olmasına diqqət çəkməklə böyük bir təbliğat işi apara bilərik.
Süleyman İsmayılbəyli