“Partiyaları cəmiyyətdən əlahiddə götürmək olmaz”

Əli Oruclu: “Yaranmış vəziyyəti həm böhranlı, həm də süküt dövrü kimi də xarakterizə etmək mümkündür”

"Bu zahiri süstlüyün yaxın 2-3 ay müddətində aradan qalxacağını zənn edirəm"

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi.

-Əli bəy, bu il də seçki ili olmasına baxmayaraq siyasi partiyalar demək olar ki, fəaliyyətsiz vəziyyətdədir. Sizcə bu fəaliyyətsizlik, passivlik müxalifəti hara aparır?

-Siyasi partiyaların fəaliyyətsiz olmaları barədə fikirlərinizi bölüşmürəm. Çünki Azərbaycanda mövcud şərtlər daxilində bundan artığını gözləmək mümkün deyil. Digər tərəfdən cəmiyyətin özündə bir süstlük var. Fəaliyyət üçün meydan və münbit şərait olmalıdır. Partiyaları cəmiyyətdən əlahiddə götürmək olmaz. Bu gün ictimai həyatımızda vəziyyət necədirsə, onun ayrılmaz tərkib hissəsi sayılan partiyalarda da vəziyyət o cürdür.

-Bu arada bəzi partiyalar yay mövsümünə, bəziləri isə Ramazan ayına görə tətilə çıxdığını bəyan edib. Sizcə, partiyalarım mövsümü xarakterli fəaliyyəti nə dərəcədə normal və effektli ola bilər?

-Normal qaydada siyasi ehtiraslar adətən seçkilər dönəmindən qızışır. Seçkilər bitdikdən sonra yenidən təşkilatlanma, toparlanma və fəaliyyətin yeni dönəmi başlayır. Bütün siyasi qüvvələr ən ağır seçki kompaniyası sayılan prezident seçkilərindən indi-indi çıxıb. Demokratik ölkələrdə seçkilər bitdikdən sonra sonraki seçkilər başlayır. Təbii ki, mövsümlərin təsiri də istisna edilmir. Çünki yay aylarında adətən fəal təbəqə istirahətə daha çox üstünlük verır. İctimai-siyasi proseslərin lokomotivi olan gənclər, tələbələr tədris müəssisələrindən uzaq düşürlər. Eyni zamanda bu müqəddəs ayda heç kim bayram əhval-ruhiyyəsinin pozulmasını arzulamır. Dünyada və regional məsələlərdə Azərbaycanın özü də ön planlarda hələ yer almır. Ona görə də yaranmış vəziyyəti həm böhranlı, həm də süküt dövrü kimi də xarakterizə etmək mümkündür. Lakin bu zahiri süstlüyün yaxın 2-3 ay müddətində aradan qalxacağını zənn edirəm. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərin də xüsusiyyəti elədir ki, istər-istəməz gəlişmələr, siyasi atmosferdə dəyişiklik baş verir. Düşünürəm ki, 2015-ci il parlament seçkiləri üçün bir test rolu oynayacaq bələdiyyə seçkilərində bir sıra məqamlara, o cümlədən qüvvələr nisbətinin müəyyənləşməsinə  və bu fonda beynəlxalq qurumların Azərbaycana sərgiləyəcəyi mövqeyə də aydınlıq gələcək.

-İŞİD terror təşkilatının Cənubi Qafqaza gələcəyi barədə deyilənləri necə qarşılayırsınız və kifayət qədər təriqətlərin mövcud olduğu Azərbaycan üçün bu hansı təhlükələrə yol aça bilər?

-İŞİD-in Cənubi Qafqaza gəlməsi absurd iddialardır. İŞİD-i yaradan, silahlandıran və maliyyələşdirənlərin məqsədi Yaxın və Orta Şərqi, müəyyən müsəlman coğrafiyasını təhlükə və təzyiq altında saxlamaq, yeni gərginlik ocaqları yaratmaq, islamafobiya qorxusu yaratmaqdır. Eyni zamanda Türkiyəni və İranı birbaşa, yaxud dolayı bu proseslərə cəlb etməkdir. Buna da ilkin etapda nail olunub. İŞİD-lə bağlı projelər Cənubi Qafqazdan uzaqdadır. Lakin Azərbaycanda erməni terroru hər an təhlükə olaraq qalmaqdadır. Bakı metrosunda, sonuncu dəfə Neft Akademiyasında həyata keçirilən terror hadisələri bir daha göstərdi ki, ermənilərin təhriki və təşkilatçılığı ilə belə faciələrdən və təhlükələrdən sığortalanmamışıq. Sizin də vurğuladığınız kimi, Azərbaycan çoxmilli və müxtəlif dinlərin çulğalaşdığı bir məkandır. Burada 20-dən çox etnikin və müxtəlif inanclara, təriqətlərə, məzhəblərə sahib insanların nümayəndələri yaşayır. Ölkəmizin tolerantlıqla öyünməyə tam haqqı var. Lakin bu uğurlarla arxayınlaşmaq olmaz. Düşmənlərimiz, bizi sevməyənlər əllərini-əllərinin üstünə qoyub oturmayıblar. Üstəlik də region uğrunda qarşıdurmaların və mübarizənin qızışdığı, pik həddinə çatdığı indiki məqamda çox həssas və diqqətli olmaq gərəkir. Təəssüflə qeyd etməliyəm ki, ölkədə getdikcə radikalizm artmaqdadır. Bu radikalizm cəmiyyətin bütün kəsimində müşahidə olunmaqdadır. Siyasi qüvvələr arasında, dini münsibətlərdə də, hətta, insanlar arasında münsibətlərdə də dözümsüzlük artan xəttlə yüksəlir. Bu radikallaşmanın səbəblərini isə ümumilikdə belə təsnifatlandırmaq olar. Sosial-məişət, iqtisadi problemlərdən doğan radikallaşma; siyasi təsisatların və hakimiyyət qollarının yaratdığı radikalizm. Nəhayət qanuni nihilizm. Söhbət ondan gedir ki, bu gün siyasi təsisatların, siyasi partiyaların hakimiyyətə və cəmiyyətə təsiri sıfıra yaxındır.

-Mövcud situasiyadan yararlanmağa çalışan siyasi İslam indiki vəziyyətdə Azərbaycanda bir qədər irəli çıxa bilərmi?

-Siyasət hakimiyyətə gəlmək və dövləti idarə etmək sənətidir. Din isə hər cür siyasətin fövqündə duran  hər bir dövrdə cəmiyyətin əxlaqi-dəyərlər sistemidir. Onsuz da hər bir azərbaycanlının qəlbində din hakimiyyətdədir. Lakin bu bir faktdır ki, Azərbaycanda İslam qonşu Türkiyə və İranda olduğu qədər siyasiləşməyib. Ona görə ki, İslamdan siyasi-ideoloji vasitə kimi indiyədək istifadəsinə cəhd göstərilməyib. Doğrudur, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların məramnamələrində İslam amili əsas prinsiplərdən biri kimi əksini tapıb. Amma Azərbaycanda İslam daha çox mənəviyyat və müqəddəs inanclar mücəssiməsi kimi başa düşülüb. Sovetlər dönəmində yaradılan dinsizlər hərəkatı və bütün dinlərə, din xadimlərinə, müqəddəs məkanlara total hücum da təsirsiz ötüşmədi. Onu da təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda İslam deyiləndə daha çox savadsız mollalar, öz maraqlarını din altında pərdələyən fırıldaqçılar göz önünə gəlir. Ateizm ruhunda böyüdülən sovet rejimində İslamı bizə belə təqdim ediblər. İndinin özündə də İslamın terrorçu, insanlıqdan kənar, cəhalət və fanatizm kimi təbliğ olunmasına cəhd göstərilir. Və bunların heç biri İslam deyil. Ona görə də İslam təmayüllü partiyaların olmasına baxmayaraq, bu partiyalar siyasi proseslərə nüfuz etmək gücündə deyil. Həm də ona görə ki, bu siyasi qurumlar hələlik cəlbedici görünmürlər. Problemlərdən biri də ondan ibarətdir ki, Azərbaycanda müstəqil din xadimi kifayət qədər deyil. Bu sahənin biliciləri və mütəxəssislər çatışmır. Bir çox hallarda isə din xadimlərinin üzərində İranın, Türkiyənin və ərəb dünyasının etkisi hiss olunacaq dərəcədədir ki, bu da xoşagələn hal sayıla bilməz. İslamın ölkəmizdə siyasiləşdirilməsi üçün vacib olan şərtlər və mühit yoxdur. Lakin bu boşluğun radikal dini təmayüllü qruplar tərəfindən doldurulması təhlükəsi də qalır. Şərt deyil ki, siyasi qurumun adında mütləq "İslam" sözü ehtiva olunsun. Məsələn, qardaş Türkiyədə hakimiyyətdə olan AKP öz adında İslamdan və İslamın atributlarından istifadə etməyib. Amma İslam təmayüllü partiya olaraq uzun müddətdir ki, iqtidarda qalmaqla yanaşı cəmiyyətdəki təsirini hələ də saxlayır. Yaxud da inkişaf etmiş Avropa ölkələrində dini təmayüllü xristian partiyalar öz ölkələrinin ictimai-siyasi həyatında çox mühüm rol oynayır. Ona görə də hesab edirəm ki, İslamın siyasi proseslərə qatılmasından xoflanmaq lazım deyil. Əksinə bu İslam pərdəsi altında gizlənən, əslində İslamdan, dindən-imandan tamamilə uzaq olan, insanlıqla bir araya sığmayan vəhşilərin, qaniçənlərin və qatillərin qarşısında bir sıpər olardı. İslam adı altında alver edənlərin, dinlər və məzhəblər arasında qarşıdurmaları qızışdıranların, düşmənçilik toxumu səpənlərin, alətə çevrilənlərin, qardaş qanı axıdanların meydanlarını daraldardı.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31