“Xaricə istirahətə gedənlərin böyük əksəriyyəti sanki bəhsə girib”

Hadı Rəcəbli: “Qəbələdə olan şərait, Qubada, Qusarda tikilən otellər dünyanın heç yerində yoxdur”

Artıq yay mövsümünün başlanmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də vətəndaşların böyük əksəriyyəti istirahət barədə düşünmək istəmir. Aparılan araşdırma nəticəsində bəlli oldu ki, sadə vətəndaşlar istirahət mərkəzlərindəki bahaçılıq ucbatından bu fikirdən vaz keçir, inkanlı şəxslər isə düşünmədən xarici ölkələri seçir. Yaranmış vəziyyət isə uşaqların istirahət hüququnun məhdudlaşmasına səbəb olur. Müsahibimiz millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir.

- Hadi müəllim, artıq yay istirahəti mövsümünə start verilib. Belə bir şəraitdə maraqlıdır ki, qanunvericilik baxımından insanların istirahət hüququnun təminatı sahəsində hansı addımların atılması gözlənilir?

- Əvvəla, onu qeyd edim ki, uşaq hüquqlarının təmin olunması Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin prioritet istiqamətlərindədir və bu yöndə də kifayət qədər müsbət addımlar atılıb, müsbət nəticələr, uğurlar əldə edilib. Bu istiqamətdə parlament də öz tərəfindən lazım olan bütün addımları atıb və atmaqdadır, mükəmməl qanunvericilik bazamız, təcrübəmiz ortadadır. Eyni zamanda, bu istiqamətdə fəaliyyətimizdən də geri qalmırıq, fəaliyyətimizə ara vermirik. Bildiyiniz kimi, parlament tərəfindən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanun layihəsi üzərində işlənilir. Biz parlamentin növbəti sessiyalarından birində bu sənədin müzakirəsini və qəbulunu nəzərdə tuturuq. Çünki belə bir qanuna çox böyük ehtiyac var. Bu, cəmiyyətdən gələn bir sosial sifarişdir. Eyni zamanda, dövlətimizin yeritdiyi siyasət nəticəsində, şəxsən ölkə Prezidenti İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarla valideynini itirmiş, valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün çoxlu həyati vacib məsələlər həll olunub. Məsələn, keçən il instituta, ali təhsil ocaqlarına ödənişli əsaslarla girən valideynsiz uşaqlar təhsil haqqından azad olundular, dövlət büdcəsi hesabına onların təhsil haqqı ödənməyə başlandı. Bundan sonra 5-dən çox uşağı olan ailələrə xüsusi əlavə müavinətlər verildi, həmçinin, "Uşaqların məcburi dispanserizasiyası haqqında" qanun qəbul olundu. Bunların hamısı da ona yönəldi ki, bizim uşaqlarımızın güzəranı yaxşı olsun, uşaqlarımızın gələcəyi üçün yaxşı şərait yaransın.

- Bəs buna maneə olan amillər hansılardır?

- Gəlin başqa məqamlara da fikir verək. Məsələn, bu gün bizim imkanlı ailələrin də uşaqları da var, nisbətən imkanı az olan ailələrin də uşaqları var. Mən bu gün ona çox sevinirəm ki, Gənclər və İdman Nazirliyi ötən il haradasa 15-20 min uşağın istirahətini, yay istirahətini təşkil etdi. Amma imkanlı ailələrin uşaqları isə atası ilə, anası ilə qoşuldular xarici ölkələrə istirahətə getdilər. Ancaq indi təsəvvür edin ki, imkanlı uşaqların valideynləri özləri artıq müraciət edirlər ki, mənim uşağım düşərgəyə getsin. Valideyn düşünür ki, övladı düşərgədə uşaqlarla, tay-tuşlarla bir yerdə olsun, ünsiyyət görsün, ekstrimal şərait olsun, səhərlər durub idmana qaçsın, axşamlar da himn oxusun, dostları ilə mübahisə etsin, dostları ilə şahmat oynasın, dostları ilə futbol oynasın və sairə. Bax, bunun çoxunu bu günləri artıq valideynlər özləri başa düşürlər. Ona görə ki, evdə iki uşaq var - bir oğlan, bir qız və çox zaman da onlar arasında bir anlaşma, bir ünsiyyət mühiti yaranmır. Eyni zamanda, valideynləri uşağı qırağa çıxmağa qoymurlar, onları dərsdən, məktəbdən bəzən xüsusi ayrılmış maşın, sürücü gətirir evə, yaxud, uşaq məktəbdə dərsini keçdi, dərsdən sonra valideyn onu evə gətirdi, hər şey bitir, yəni valideyn, xüsusilə, ata uşağı evdə qoyur qaçıb çıxır gedir işinin dalınca. Bu, düzgün deyil. Ona görə uşağın cəmiyyətə inteqrasiyası üçün bax bu elementlər - onların öz həmyaşıdları ilə birgə təmasda, ünsiyyətdə, düşərgədə olması lazımdır. Bəzən bir çoxları bunu qiymətləndirə bilmir, amma ağıllı valideynlər bunu başa düşürlər, qiymətləndirirlər. Görürsən ki, hətta, yığılırlar 10 uşaq bir yerdə nəsə tədbir fikirləşirlər, uşaqlar özləri həmin tədbiri keçirirlər.

- Ancaq o da var ki, Azərbaycanda ümumən yay tətilini, istirahəti daha səmərəli və yüksək təşkil etmək maddi cəhətdən çox zaman mümkünsüz olur...

- Təbii ki, burada düşündürən məsələlər yox deyil. Bəlkə də müqayisə bir qədər yerinə düşmür, siz baxın, Rusiya Krımla bağlı hansı addımlar atdı, ora istirahətə gəlmək istəyənlər üçün yolun qiymətini aşağı saldı, orada yaşamaq üçün qiymətləri aşağı saldı. Yəni, bizdə də bu məsələ üzərində yenidən düşünmək olar və qeyd edim ki, bu istiqamətdə də zaman-zaman müəyyən addımlar atılır və özünün müsbət nəticələrini verir. Əvvəlki illərlə müqayisədə bu yöndə çoxlu müsbət göstəricilər var, yüksələn rəqəmlər var. Amma eyni zamanda qiymətin artmasının bəzi səbəbləri var. Məsələn, səbəbin biri nədir? Bizim turist obyektlərimizin böyük əksəriyyəti ildə 60 gün işləyir. Çox işləyəndə 100 gün. Antalyada nə qədər işləyir? 150 gün, 120 gün ən pis halda. Belə olan təqdirdə, əlbəttə, o daha səmərəlidir. Ona görə bizdə də artıq qış turizmi, qış tətili istirahəti inkişaf etdirilməlidir. Mən hətta, başqa şey fikirləşirəm, məsələn, gələn il Azərbaycanda Olimpiya ilidir. Dünya ölkələrində Olimpiya ili olanda necə edirlər? Olimpiya illərində şəhərdə maşını, sıxlığı, gediş-gəlişi azaltmaq üçün adamları məzuniyyətə göndərirlər. May ayından başlayaraq hamısını məzuniyyətə göndərirlər, şəhərdən, paytaxtdan ölkənin başqa ərazilərinə, istirahət guşələrinə - kənara çıxarırlar. Hesab edirəm ki, bizdə də artıq bu müsbət təcrübədən yararlanmaq vaxtıdır. Bununla belə, xaricə gedənlərin böyük əksəriyyəti sanki bəhsəbəhsdirlər. Yəni, filankəs Dubaya getdi, mən də gedirəm, filankəs Antalyaya getdi, mən niyə getməyim... İnanın Qəbələdə olan şərait, Qubada tikilən, Qusarda tikilən otellər dünyanın heç yerində yoxdur. Ən müasir, ən yüksək səviyyədə otellər, istirahət mərkəzləridir. Əlbəttə, qiymət də istər-istəməz ona uyğun olur. Möhtərəm Prezidentimiz də göstəriş verib ki, o daha yüksək olmasın, bir az aşağı ulduzlu mehmanxanalar tikilsin. Əlbəttə, belə mehmanxanalar da var, lakin bahalı otellər də var. Otellər var, qiymətləri də yüksəkdir, amma orada olan şərait də həmçinin yüksəkdir, əladır. Var başqa tip otellər, bir az qiyməti aşağıdır. Yəni, bu haqda da düşünmək vaxtıdır ki, elə otellər tikilsin ki, sadə otellər olsun, ora böyük xərc çəkilməsin, eyni zamanda qiymətlər ucuz olsun, adamlar üçün uyğun olsun. Ancaq məsələ yenə fırlanıb gəlir istirahət mədəniyyəti məsələsinin üstünə. Neçə illərdir, bu məsələdən danışırıq, ancaq bəzi insanlar hələ də bunu-istirahət mədəniyyətinin nə demək olduğunu anlamır və ya anlamaq istəmirlər. Hər şeyə pul tapırlar, amma həmin pullardan bir qədər kənara qoyub onu istirahətlərini təşkil etmək üçün ayırmırlar. Yəni demək istəyirəm ki, insanların özlərindən çox şey asılıdır. Onlar özləri də istirahət mədəniyyəti haqqında düşünməlidirlər.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31