“Din xadimləri Azərbaycanın siyasi həyatından uzaq olsunlar”

Mehman Kərimov: “Xalqına başqa xalqın əlilə kömək etmək imkanları həmişə uğursuzluğa gətirib çıxarır”

Dünya sürətlə qloballaşır. Ortaya çıxan ən kiçik hadisə belə medianın gündəmilə böyük qlobal problemə çevrilir. Region və dünyada baş verən müharibələr gəncləri radikallığa sürüyür. Pornoqrafik, qeyri-ənənəvi dinlərlə bağlı internet təbliğatı insanları milli-mənəvi dəyərlərindən uzaqlaşdırır. Təbii ki, baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmür. Bu və digər məsələlər barədə sosioloq Mehman Kərimovun fikirlərini öyrəndik.

- Mehman bəy, dünya sürətlə qloballaşır və belə bir vəziyyətdə milli dəyərlərin qorunması da çətinləşir. Nə etməliyik?

- Qloballaşma müasir dünyanı tarixin heç bir mərhələsində olmayan vəziyyətə gətirib. Müasir dünya qlobal kəndə çevrilib. Tarixin heç bir dövründə informasiya bu qədər açıq, əlçatan, şəffaf, insanların ünsiyyət imkanları belə geniş olmayıb. Qloballaşma müəyyən problemlər yaradır. Problemlərdən ən mühümü milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Bu dəyərlərdən ən çox danışan toplumlardan biriyik. Milli-mənəvi dəyərlərdən ən mühümü ana dili və millətin ona münasibətidir. Bir millətin milli şüurunun səviyyəsi, milli-mənəvi dəyərləri qoruyub saxlamaq istəyi ana dilinə münasibətinə bağlıdır. Bizdə ana dilinə münasibətdə tarixdən gələn müəyyən çatışmazlıqlar var. Məsələn, Sovet dövrünün 80-ci illərinin sonuna kimi Bakı küçələrinin 45%-i erməni inqilabçıları, ziyalılarının adlarını daşıyırdı. Onların yalnız 22%-i azərbaycanlı adlarına sahib idilər. İndi də mental dəyərlərin qorunmasındakı mövcud problemlərin kökü Sovet dövrünə bağlıdır. Hələ də Azərbaycanda Sovet şüuru güclüdür. Bunun qarşısını almaq üçün ictimai miqyasda milliləşdirmə tədbirləri keçirməliyik. Küçə adlarında olan problemlər aradan qaldırılmalıdır. Şəhərdə müxtəlif dillərdə reklam lövhələri asılıb. Regionlarda bununla bağlı rəsmi qərar qəbul edilib ki, bütün reklamlar birinci növbədə ana, sonra başqa dillərdə olmalıdır. Əgər reklamlar başqa dildə olarsa da ana dilinə nisbətən hərflərin həcmi daha kiçik olmalıdır. Praktika Bakı şəhərində də tətbiq olunmalıdır. Problemlərin digər ucu insanların təhsilinə bağlanır. Millətin inkişafı onun təhsili ilə bağlıdır. Vətənşdaşın təhsili daha güclü olmalıdır. Müasir dünyada inkişafın önündə o ölkələr gedir ki, onların güclü universitetləri var. Universitetləri zəif olan ölkə və regionlar inkişafın gerisində olurlar. Dəyərlərin qorunmasında əsas vəzifələrdən biri də KİV-in üzərinə düşür. Mediada ana dilinin qaydaları, üslubu qorunmalıdır. KİV xalqın tarixi kimliyi, milli-mənəvi dəyərlərlə bağlı ciddi, ardıcıl, sistemli konseptual əsaslı təbliğat aparmalıdır. Xalqın tarixinin ən şərəfli məqamları, şəxsiyyətləri təbliğ olunmalıdır. Tarix milli mənliyin ən vacib komponentidir. Tarixindən uzaq düşmüş, onu yaxşı bilməyən istənilən xalq inkişaf edə bilməz. Atatürk deyirdi ki, tarix bir millətin nələr bacardığını və nələr bacaracağını göstərən bələdçidir. Həmişə tarix və cahan qarşısında məsuliyyətli olmaq lazımdır. Bütün xalqların dövlət qurmaq və müstəqil olmaq imkanları yoxdur. Dünyada 10 000-dən çox xalq və etnik qrup, 200-dən çox dövlət var. Bizim xalqın da ən böyük üstünlüyü müstəqil dövlətinin olmasıdır. Müstəqillik əldə etməklə Azərbaycan tarixinin ən böyük nailiyyətini qazandı. XIX əsrin 70-ci illərindən sonra Harribaldi İtaliyanı birləşdirəndə ölkənin o vaxtkı baş naziri deyirdi ki: "Biz İtaliyanı qurduq, indi italyan millətini yaratmaq lazımdır". Bu fikir bizim bu günümüzə də aiddir. Biz dövlətimizi qurmuşuq, amma millətdə milli şüurun yükslədilməsilə bağlı probmelər var. Bu problemlərin üzərinə getmək lazımdır. 

- Ədəbiyyat və jurnalistikada yazarların daha çox xarici ləqəblərə üstünlük verməsi tendensiyası müşahidə olunur.

- Uzun müddət müstəmləkə şəraitində yaşamışıq. Həmin müddət xalqda öz dəyərlərinə inamsızlıq yaradıb. İnsanlar arasında xarici millətlərdən olan tanınmışlara qarşı heyranlıq var. Heyranlıq hələ sübut deyil. Bütün hallarda özümüzə istinad etməliyik. İstənilən xalq bu günü və gələcəyini normal qurmaq istəyirsə, heç bir halda xarici dəyərə, ixrac olunmuş mənəvi kimlik göstəricilərinə əsaslanmamlıdır. Yalnız öz tarixinə, milli kimliyinə dəyərlərinə üstünlük verməlidir. Alman filosofu Nitşe yazır ki, bir xalqın həyatında böhranlar o zaman yaranır ki, həmin xalq öz tarixindən törəməyən ideala doğru can atır. Bu tendensiya ölkədə bir qisim insanı əhatə edir. Amma yenə də bu olmamalıdır.

- Ziyalı və din xadimlərinin üzərinə hansı vəzifələr düşür?

- Bu sahədə birinci vəzifə ziyalıların üzərinə düşür. Ziyalılar mənsub olduğu xalqın bioqrafiyasını yaradan insanlardır. Bir xalqın tərcümeyi-halında yaradıcı ziyalılarının böyük rolu var. Onlar təbliğ olunmalı, tanıdılmalıdırlar. 15-20 il bundan əvvələ kimi Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə, Xudu Məmmədov, Əbülfəz Elçibəy kimi böyük ziyalılarımız olub. Cəmiyyətdə həmişə onların fikirlərinə istinad olunurdu. İndisə ictimai rəy öz funksionallığını itirir. İctaimai rəy çox halda nəzərə alınmır. Bu doğru deyil. Ziyalılar millətin inkişafında böyük rol oynayırlar. Əgər biz bu gün dünyəvi dövlətdə yaşayırıqsa, bu bizim ziyalıların xidmətləridir. Azərbaycanda ictimai fikir Mirzə Fətəli Axundovdan başlayıb Zərdabilə davam edib. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Axundovun "Müasirləşmək, avropalaşmaq, modern cəmiyyət qurmaq" ideyalarının əsasında formalaşdı. Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cumhuriyyəti" əsərində yazırdı ki: "Əgər Axundovun ideyaları olmasaydı, biz Cumhuriyyət qura bilməzdik". Bu cumhuriyyət məhz Azərbaycan ziyalılarının əməyinin nəticəsi idi. Ziyalılar eyni zamanda Azərbaycan Milli Azadlıq Hərəkatında böyük rol oynayıblar. Bəxtiyar Vahabzadənin "Gülüstan", Sabir Rüstəmxanlının "Ömür kitabı" əsərləri Azərbaycan gəncliyində milli hisslərinin oyanmasında xüsusi yeri olub. 80-ci illərin sonunda başlayan Milli Azadlıq Hərəkatında Xudu Məmmədov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Nəcəf Nəcəfov, Aydın Məmmədov, Dilarə Əliyeva kimi ziyalılar vardı. Onlar Xalq Hərəkatının özəyini təşkil edirdilər. Din xadimlərinə gəlincə, onlar ruhani qrup, zümrə kimi formalaşıb. Çünki Sovet dövründə din rəsmən qadağan edilmişdi, ruhanilər hazırlanmırdı. Artıq ateizm dövrü geridə qalıb. İndi ruhani kadrlar Azərbaycanda hazırlanmalıdır. Amma indi ölkədə bu kadrları hazırlayan mütəxəssis heyəti də zəifdir. Başqa sözlə, din xadimləri ictimai-siyasi həyatdan uzaq olmalıdırlar. Heç bir halda siyasi proseslərə qatılmasınlar. Dinin siyasiləşdiyi, dinin siyasi qüvvəyə çevrildiyi ölkələrdə, siyasi ideyalar qoyduğu ölkələrdə inkişaf daha çətin olur. Məsələn, Əfqanıstan, Pakistan, Mavritaniya və s. Bu ölkələrdəki vəziyyət göz qabağındadır. Həmin təcrübənin Azərbaycanda istifadə olunması aruzlanan deyil. Ruhanilərimiz daha çox öz işlərilə məşğul olsalar yaxşıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda sekulyar, dünyəvi dəyərləri təmsil edən qurumlar problemlər içindədir.    

- Mehman bəy, azərbaycanlı sələfilər Suriya, İraq və s. müsəlman ölkələrində döyüşməyə "cihad" kimi baxsalar da eyni münasibəti Dağlıq Qarabağa göstərmirlər.

- Azərbaycanda dini ideologiya yoxdur. Bu sahədə müəyyən boşluqlar var. Sosial ədalət şüarlarına bürünmüş, dinin ictimai ədalət prinsiplərini önə çəkən qüvvələr öz xalqının məqsədinə uyğun fəaliyyət göstərə bilməz. Çünki bu qüvvələr bir çox hallarda xaricdən yönləndirilir. Xalqına başqa xalqın əlilə kömək etmək imkanları həmişə uğursuzluğa gətirib çıxarır. Bunu dini müstəvidə ümumiyyətlə qəbul etmirəm. Dini radikalizm qəbuledilən deyil. Fanatizm - hadisələrə birtərəfli baxmağın təzahürüdür. Azərbaycan tarixində heç vaxt radikallıq olmayıb. Olasa da bu fraqmental xarakter daşıyıb. Bu bir çox halda xarici ideoloji eksponsiya nəticəsində formalaşıb.

- Gəncləri radikal dini təriqətlərdən uzaqlaşdırmaq mümkündürmü?

- Mümkündür. Bunun tək yolu güclü, sağlam və dünyəvi təhsildir. Xudu Məmmədov deyirdi ki, bilik biliyə ehtiyac yaradır. Savadlı xalq heç vaxt fanatik ola bilməz. Heç vaxt radikal liderlərin arxasınca getməz.

- Bəs internetləşmə milli dəyərlərin qorunması üçün əngəllər yaradır?

- İnternetləşmə dövründə milli-mənəvi dəyərlərin qorunması çətindir. Bu gün Azərbaycana ideya bir ərazidən gəlmir. Dünyanın bütün istiqamətlərindən informasiya selinin içərisindəyik. Bu informasiyaları emal etmək, onlardan faydalanmaq, zərərlərindən mühafizə olunmaq milli təhlükəsizlik məsələsidir. Ölkənin milli təhlükəsizliyinin qorunmasında informasiya təhlükəsizliyinin çox böyük rolu var. İnternetdə istənilən məlumat ola bilər. Amma ölkənin təbliğat strukturları vətəndaşın üzərində dominant rol oynayırsa o, heç bir halda o internetin zərərli təsirlərinə məruz qala bilməz. Bunun üçün təhsildə sağlam vətəndaş yetişdirilməlidir.

- Problemlərin həllində KİV-in rolu nədən ibarət olmalıdır?

- Təhsildən sonra bu sahədə ən əhəmiyyətli vasitə KİV-dir. Belə bir deyim var ki, XXI əsrdə Şeytan qələmin içində gizlənib. İnternetin ortaya çıxmasından sonra ənənəvi KİV-in təsirləri bir qədər zəifləsə də vətəndaş şüurunun formalaşmasında böyük rolu var. Ona görə də bu sahədə peşəkarlığa üstünlük verilməlidir. Cəmiyyətin ən böyük problemlərindən biri peşəkarların az olması ilə bağlıdır. Məsələn, bunun qarşısını almaq üçün Jurnalistikanın ən istedadlılarını dünyanın ən yaxşı ali təhsil məktəblərinə göndərmək olar. Qassep adlı ispan filosof deyirdi ki, ictimai rəy cazibə qanunu kimidir, kim ictimai rəylə hesablaşmırsa, heç vaxt uğur qazana bilməz. İctimai rəylə hesablaşmaq, onu daha sağlam istiqamətlərə yönəltmək dövlətin əsas vəzifəsidir. Əvvəlcə KİV peşəkar səviyyəyə çatdırılmalı, peşəkar jurnalistlərin çalışmasına imkan yaradılmalıdır. Peşəkarlıq olmayan yerdə problemlər olacaq.  

- İnsanlar pornoqrafik məlumatları oxumağa daha çox meyllidirlər. Nə ilə əlaqədardır?

- İnsan həmişə mühafizəkarlığa meyllidir, tərəqqiyə yox. Yüngül informasiya daha rahat qəbul edilir. Amma mütaliəli, təhsil almağa meylli cəmiyyət formalaşdıra bilsək, bunun qarşısında heç bir pornoqrafik, erotik təbliğat dayana bilməz. Bizdə gənclər arasında mütaliə aşağıdır. Məsələn, 1 yapon ildə 25 kitab oxuyur, 25 türk isə ildə 1 kitab oxuyur. Bizdə yəqin ki, bu rəqəm daha aşağıdır. Azərbaycanda 5-8 min daimi mütaliə edən insan var. Çox aşağı göstəricidir. Orta məktəblərdə şagirdlərin əksəriyyəti kitab oxumur, mütaliə etmir. Kitab oxumayan millət inkişaf edə bilməz. Belə bir deyim var ki, mütaliə cahiliyyətlə tərs mütənasibdir. Oxumuyan gənc radikal dini cərəyanların təsirlərinə daha tez düşə bilir. 

- Reytinq üçün bu cür məlumatlar yayan elektron KİV-ə qarşı addımlar atılmalıdır?

- Millətin mənafeyi, şüuru tələb olunan yerlərdə inzibati metodlardan istifadə edilməsinin tərəfindəyəm. Bunu zəruri sayıram.

- Mehman bəy, bura qədər danışdıqlarınızın xaricində son olaraq nə demək istərdiniz?

- Müstəqillik inkişaf üçün şansdır. Bu şansdan maksimum istifadə etməliyik. 75 ölkədə aparılan araşdırmanın nəticəsinə görə, inkişafın önündə o toplumlar gedir ki, onun üçün insan amili əhəmiyyətlidir. İnkişaf üçün təbii ehtiyaların çoxluğu vacib deyil, insan ehtiyatının çoxluğu vacibdir. İnkişafdan geri qalan ölkələr buna əhəmiyyət vermirlər. Geridə qalmamaq üçün rəqabətə davamlı cəmiyyət qurmaq istəyiriksə, oxumalıyıq. Məsələn, ölkənin ailə strukturları böhranlı vəziyyətdədir. Qurulan ailələrin böyük əksəriyyətində boşanmalar var. Düzdür, dünyanın bütün ölkələrində ailələr problemə çevrilib. Amma Azərbaycanın ən böyük milli dəyərlərindən biri ailənin qorunması, müqəddəs sayılmasıdır. Dədə Qorqud eposunda türk kişisi qadınına "halalım" deyə müraciət edir. Çox əhəmiyyətli məqamdır. Bizi milli-mənəvi dəyərlərimizi qorumaq üçün bunları qorumalıyıq. Bunun üçün ana dili və ailə strukturunun qorunması, eyni zamanda oxumaq lazımdır.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31