“Biz təriqət, din libasına bürünmüş anti-din, anti-İslam oyunlarına qarşıyıq”

Əkbər Qoşalı: “Biz internetə məhz milli-mənəvi dəyərlərimizlə çıxmalıyıq”

Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalıdır.

- Əkbər müəllim, Sizinlə bu dəfəki söhbətimizi kürəsəlləşmə, milli-mənəvi dəyərlər, virtual aləm gerçəklikləri, milli mətbuat və b. bənzəri mövzular işığında aparmaq istəyirik. İlk sualım, kürəsəlləşmə ortamında milli mənəvi dəyərlərimizin qorunması haqqındadır.

- Sizcə, belə bir ortamda hansı addımlar atılmalıdır, nə edlməlidir ki, qorunma aktı həyata keçmiş olsun?..

-Gəlin ilk öncə onu vurğulayaq ki, milli mənəvi dəyərlər yüzillər, minillərlə keyfiyyət(lər) qazanmış, özünəməxsus bir şəkil almış immunitet aktı, özlüyündə bir qoruma mexanizmidir. Əgər qoruyanın özünün qorunmasından danışırıqsa, nə isə doğru deyil, yerində olmayan bir şeylər var, deməkdir..! Bu bizim deyilişimizdə, yanaşmamızda olmayanlardan da ibarət ola bilər, dünyanın halının əyri xətli olması ilə də bağlı ola bilər yaxud bizim milli-mənəvi dəyər kimi götürdüyümüzün əslində o statusu doğrultmadığından da danışıla bilər. Bir çox hallarda bu laübalı durum milli-mənəvi dəyərlərimizin zamanın konkret və qısa kəsiyinə tətbiqi baxımından özünü göstərmiş olur. Yəni milli-mənəvi dəyər olan nəsnə uzunvadili, özü-özünü tənzimləyən, tarixin sınaqlarından nazilsə də, üzülməyən bir ruh şəkillənməsidir. Bugün kürəsəlləşmə problemi, gerçəkliyi var, sabah bir başqa gerçəklik, bir başqa çağırış meydana çıxacaq, dünən də tamam başqa durum vardı...

- ancaq dünən də, bugün də millət vardı, mənəviyyat, dəyərlər (sistemi) də, dəyər yaradanlar da vardı...

- sabah da olacaq. Hər dövr, heç şübhəsiz öz naxışını, elementini daxil edir milli-mənəvi dəyər dediyimiz sistemə...

Əgər o sistemdirsə, kürəsəlləşmə dövründə də öz qüdrətini göstərəcək, özveriləri ilə yanaşı, qazandıqları ilə də, zənginlik əldə edəcək. Demək istəyirəm, kürəsəlləşmə dövründə milli-mənəvi dəyərlərin qorunması dediyimiz məsələ, əslində o dəyərlər sisteminin yeniliklərdən yük tutması, bir anlamda, sınağa çəkilməsi kimi incələnə bilər və bu halda da, itirilməli olan itiriləcək, qazanılmalı olan qazanılacaq. Mən bunu qarşısıalınmaz, harmoniyaya, nizama tabe bir hal sayıram. İnanıram ki, itirilənlərlə, qazanılanların dəngəsi tərəzinin xeyir, inkişaf, tərəqqi qolunu ağır basacaq... 

-Yaxşı, bəs unudulmaqda olan milli-mənəvi dəyərlərimizin qorunmasında aydınların, din xadimlərinin üzərinə hansı görəvlər düşür?

- Biz məsələyə artıq fərqli bir baxış bucağından baxmağa çalışdıq. Aydının üzərinə nə düşür?  Aydın, əslində dəyərlərlə böyümüş, əgər belə demək mümkünsə, dəyərləri böyütmüş, dəyərləri ötürən, nəhayət dəyər yaradan insandır. Könül dilər, din xadimi dediyimiz insanımız da, məhz aydın insan olsun..! Bizə çağdaş din dünyasını, dünya dinlərini bilən aydın insanlar lazımdır. Əlbəttə, onlar olmamış deyil, lakin daha çox olmaları ümumxalq marağındadır, deyə bilərik. Bəli, aydınımız nə edə bilər?  O, ilk növbədə aydın sözünün gərəyini yerinə gətirməlidir: aydınlıq gətirməlidir, aydınlatmalıdır, könül qoymadan... könül qırmadan... könül quraraq, birləşdirməyi, birgə olmağı, dözümlü olmağı bacararaq...

-Necə bilirsiz, internet yüzilliyində milli dəyərlərin qorunmasında çətinliklər nədən ibarətdir?

- Çətinliklər həmişə hər yerdə var - bundan çəkinmək gərək deyil. İnsan iradəsi... aydın baxış... doğru yol... - bax, bunlar hərəkət trayektoriyasını cızmaqdadır, deyə düşünürəm.
Biz internetə məhz milli-mənəvi dəyərlərimizlə çıxmalıyıq. Kimsə o dəyərlərin mahiyyətini bilməyib də, naşılıq, bayağılıq edir və bunun qarşılığında uyğunsuzluqlar yaşayırsa, bu o demək deyil ki, bütün dünyanı qapsayan, ayrı-ayrı dinlərə, kültürlərə malik insanların ortaq dartışma, paylaşma məkanı olan virtual aləmdə özümlüyümüzü göstərməməliyik... Yəni burada qorunmadan daha çox təqdim etmə olanağı ön plana çıxmalıdır. Hər bir zəki vətəndaşımız, hər birdüşünən türk insanı özünüifadəsi ilə milli dəyərlərə xidmət edir, onun keşiyində durur, əslində... Və o insanın sözü-sovu, yazısı-pozusu, paylaşımları milli-mənəvi dəyərlərin məhsulukimi çıxış edir... Deməli, internetə çıxmamış soydaşımızı evdə, bağçada, məktəbdə, hərbi hissədə yaxud ali məktəbdə necə yetişdirmişik, necə formatlamışıqsa, onun internetveriləri də o formata uyğun olacaq. Bir də, internet dünyası da, bir anlama, özü-özünü tənzimləyən sosio-psixoloji "texnoloji"yə malikdir: bir gəncimiz başqa millətdən, başqa ölkədən bir həmyaşıdı ilə yazışarkən, kültürlərin müqayisəsinə cəlb olunarkən, istər-istəməz özünüifadə, özünüanlatma, milli qürur hiss və duyğuları dövriyyəyə girir... Əlbəttə, sizin bu mətbu layihəniz də, verdiyiniz suallar da, öz müşahidələrimiz də göstərir ki, bu sahədə bir xeyli sorunlar mövcuddur, - ümidvaram, o sorunlar da zamanla öz axarına düşəcək, çözüləcəkdir. Çünki internet imkanları yalnız bizi qapsamır, onun "minus"u yalnız bizə, "plyus"u isə başqalarına yönəlmir... Necə deyərlər, "elnən (-bizim misalda, dünya ilə) gələn toy-bayramdır".

-Gənclərimizi dini təriqətlərdən uzaq tutmaq üçün nə etməliyik?

- Mən Azərbaycan mərkəzli din təsərrüfatçılığının, dünyəviliklə süslənmiş din təhsilinin, qanunlarımıza söykənən din təbliğinin tərəfindəyəm.
Bizim təriqət yaratmış böyük fikir adamlarımız olub. Belə olan halda təriqətçiliyi mənfi emosiyalı söz kimi tələffüz etməyin tərəfdarı deyiləm. Biz təriqət, din libasına bürünmüş anti-din, anti-İslam oyunlarına qarşıyıq! Biz din pərdəsi altında siyasi oyunların, onunla eyni qibləyə namaz qılan, eyni peyğəmbəri tanıyanın, ufaq-təfək ayrılıqlara görə başını kəsənlərə, evini dağıdanlara qarşıyıq! İraqda (yaxud Suriyada) songünlər yaşananlara baxın... - belə təriqətmi olar, belə dinmi olar?!. Gənclərimizi zərərli din oyunlarından, din pərdəsi altındakı oyunlardan qorumaqçün ilk növbədə, onların yetkinlik yaşına çatanadək, məktəblərdə ümumi din bilgiləri ilə təmin edilməsi, TV və radiolarımızda maarifləndirici proqramların yayınlanması, sağlam dünyagörüşlü din xadimlərimizlə görüşlərin, müzakirələrin təşkili, Azərbaycan alimlərinin qələmindən çıxmış nəfis kitabların işıq üzü görməsi, milli internet resurslarının yaradılması və s. - bax, bu qəbildən işlərin görülməsi məqsədəuyğun görünür...

- Bu problemlə bağlı KİV-in rolu nədən ibarət olmalıdır?

-KİV-in rolu onun adından, gələnəyindən özünü göstərən bir olaydır, olanaqdır... KİV-in rolunu yuxarıdakı cavabda müəyyən qədər əhatə etdik. İş illa da maariflənmədən, aydınlatmadan keçir. Bayaqdan dərdləşdiyimiz olanaqlar göz önündə tutulunca, bu planda aydın sözün, doğru fikrin, ədalətli yanaşmanın, comərdcə çalışmanın çözə bilməyəcəyi iş çox azdır.
Əlbəttə, dünən də, bugün də belə üstün xidmət göstərən KİV-lərimiz var.
Hesab edirəm, KİV-ə dövlət qayğısı fonunda KİV çalışanlarımızın milli maraqlarımıza, dövlət maraqlarımıza uyğun üstün xidmət göstərmək borcu var. Hətta dövlət dəstəyi olmasaydı belə, bu bir vətəndaşlıq borcudur... Ən azından bölgədə sabitləşmə yarananadək, ərazi bütövlüyümüz bərpa olunanadək KİV-lərimiz milli maraqları peşə maraqlarından çox aralı tutmamalı, əskiyə almamalıdırlar...  

- Reytinq, İP dalınca qaçan, erotikanı təbliğ edən elektron KİV-lərə qarşı hansı addımlar atıla bilər?

- Bunlar zamanla çözülən işlərdir... Özəl addımların atılmasındansa, bayaqdan girişdiyimiz, gücümüz çatan qədər ifadə etməyə çalışdığımız məsələlər doğrultusunda addımlar daha təsirli olardı.

-Toy və yas məclislərində ifrat avorpalaşma, bayağılıq sizcə, hara aparır?

- Əslində, toy və yaslarımızda nə avropalaşma var, nə azərbaycançılıq - qəribə, arzuolunmaz, qəbuledilməz... - ancaq öz varlığını sürdürən "fenomenal durum" hakimdir... Siz bunun adına bayağılıq deyirsiz, bir anlama düz deyirsiz... bəlkə göstərməlik, şakər də demək olar. Uzun sözün qısası, yas yerlərində, artıq "Naxçıvan modeli" deyə ictimailəşmiş mütavazilik yayğınlaşdırılmalıdır. Ümumiyyətcə, həm toy, həm də yas mərasimlərinin mütavazi, milli gələnəklərə uyğunlaşdırılması üçün imkanlı şəxslər, səlahiyyətli, nüfuzlu, tanınmış insanlarımız örnək olmalıdırlar. Bilirsiz, imkanlı, tanınmış şəxsin mütavaziliyi eyib sayılmazkən, kasıbvari həyat sürən birinin toyda, yasda mütavaziliyi nəciblik sayılmır, nə yazıqlar ki... Odur ki, gücü çatan əlini bu milli kültür olayının daşı altına qoymalıdır...


Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31