“Türklüyün yenidən dirçəlişini həzm etməyən kifayət qədər beynəlxalq qüvvələr var”
Faiq Qəzənfəroğlu: “Bunların kimliyi o qədər dəqiqdir ki, geniş izaha ehtiyac yoxdur”
25 İyun 2014 14:40 Müsahibəİraq-Şam İslam Dövləti-İŞİD-in son həftələrdə İraqda həyata keçirdiyi terror aktları və qeyri-insani hərəkətlər regionu yenidən qeyri-sabit duruma gətirib. Terror təşkilatının növbəti hədəf kimi İran və Türkiyəni seçməsi təhlükənin getdikcə daha da artırır. Bəs görəsən yaxın perspektivdə Yaxın Şərq regionunu nələr gözləyir və İŞİD təhlükəsi Azərbaycan üçün də varmı? Bütün bunlara Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu (Ələkbərov) "OLAYLAR"-a verdiyi müsahibədə aydınlıq gətirib.
-Faiq bəy, hazırda regionda, xüsusilə, Yaxın Şərqdə cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?
-Bu gün Yaxın Şərqdə, o cümlədən Suriya və İraqda baş verən olayların kökü, müharibə ocaqlarının qaynağı XX əsrə, hətta ondan da bir qədər keçmişə gedib çıxır. Çünki Yaxın Şərq dünyada mövcud olan güclər üçün bir "təhlükə" mənbəyidir. Bu "təhlükə" heç də dünyanı məhv edəcək nüvə başlıqlarına sahib hər hansı bir Yaxın Şərq dövlətinin ortya çıxması ilə bağlı deyildir. Əsas "təhlükə" dünyada alternativsiz olan Qərb dünyası, o cümlədən xristian aləmi üçün yeni bir güc mərkəzinin formalaşa bilməsidir. Əslində Qərbdə-Avropada, Çin və Rusiyadan bir o qədər də narahat deyillər, nəinki Yaxın Şərqdəki dövlətlərdən birinin, yaxud da bir neçəsinin yeni güc mərkəzinə çevrilməsindən. Ona görə də, Yaxın Şərq bir əsrdən çoxdur ki, müharibə meydanından qurtula bilmir. Yaxın zamanlarda da Yaxın Şərq ölkələrinin, o cümlədən İran, Türkiyə, Suriya, Misir və İraqın sabitliyə doğru inkişafına imkan verilməyəcək. Özəlliklə, bu bölgənin üç əsas millətinin - türklərin, ərəblərin və farsların bir araya gəlməsi Avropa Birliyi və İngilis-Amerika birliyi üçün əlverişsizdir. Heç bunu bu bölgədə ABŞ-la maraqları toqquşmasına baxmayaraq Rusiya da arzulamır. Çünki keçmişə, ən azı bir-iki əsr bundan əvvəlki dönəmlərə baxanda görürük ki, bu üç millət nisbətən normal münasibətlər içində yaşayıb, hər hansı imperiyanın tərkibində (Osmanlı, Səfəvi) olarkən Avropa və Rusiya onlarla hesablaşmaq məcburiyyətində olublar. Amma Səfəvi və Osmanlının çöküşündən sonra artıq burada əsas gücü ABŞ, Avropa dövlətləri və Rusiya oynamaqdadır. Bu günə qədər heç nə dəyişməyib, əvəzində İsrail də Yaxın Şərqdə yeni bir güc kimi özünü göstərməyə başlayıb. Əgər nəzərə alsaq ki, sonuncu dəfə kənar güclərə qarşı mərkəzi rolu türklər oynayıb, həmin qüvvələr türkləri zəiflətmək üçün farslar və ərəblərdən maksimum istifadə ediblər. Bu gün də Rusiya "fars faktoru"ndan, AB və ABŞ isə "ərəb məsələsi"ndən istifadə edirlər. Üstəlik "kürd problemi", "erməni problemi" də son bir əsrdir türklüyə qarşı yönəlib. Bütün bunlara səbəb də odur ki, ABŞ, Avropa dövlətləri və Rusiya hesab edir ki, Yaxın Şərqdə yalnız türklər, özəlliklə Türk dünyasının ən güclü dövləti Türkiyə itirilmiş mövqeyini bərpa etmək gücündədir. Bunun baş verməməsi üçün Türkiyə "kürd problemi"və "erməni problemi" ilə üz-üzə qoyulub, hətta Yaxın Şərqdə yeni iç savaş ocağı kimi bu qardaş ölkə hədəf alınıb. Əslində Suriyada və İraqdakı iç savaşların bitməz duruma gəlməsində ən çox maraqlı olan kənar dövlətlərdir. Məqsəd Türkiyəni həm kənardan, həm də içdən qorxu altda saxlamaqdır. Maraqlıdır ki, bugünkü ərəb dövlətləri Yaxın Şərqdə kənar qüvvələrin hökmranlığını birmənalı şəkildə qəbul ediblər. Bunu, Misirdə hakimiyyətə gələn "müsəlman qardaşları"nın devrilməsi olayları da açıq şəkildə ortaya qoydu. Bu baxımdan kənar qüvvələr üçün ərəblər təhlükəli deyildir. Bunu, farslar haqqında da demək olar. Baxmayaraq ki, farslar 30 ildən yuxarıdır Qərblə ziddiyyət içindədir, amma onlar üçün yaxın zamanda İranın bir güc mərkəzi olması inamı çox azdır. Deməli, Yaxın Şərqdə yeni gücə çevirilə biləcək yeganə qüvvə türklərdir. Ona görə də, türklərə qarşı bu bölgədə kənar qüvvələrin və bəzi iç qüvvələrin iş birliyi açlq şəkildə özünü büruzə verməkdədir. Hər halda, Suriyanın ardınca, İraqda da ən çox kütləvi qırğınlara türklərin məruz qalması heç kəsə sirr deyildir...
-Bir çoxları İraqda silsilə qətliamlar həyata keçirən İŞİD-in məhz Amerikanın layihəsi olduğunu iddia edir. Siz bununla bağlı hansı mövqedəsiniz?
-Zənnimcə, bu cür iddiaların olması əssasız deyildir. Amma İraqda baş verənlərin hamısını ABŞ-ın üzərinə atmaq məsələnin əsil mahiyyətindən uzaqlaşmaqdır. Belə ki, son zamanlarda ABŞ bu bölgədə daha aktiv oldugu üçün əsas təşkilatçı rolunda görülür. Amma ABŞ-ın təkbaşına hərəkət etməsi inandırıcı deyildir. Bu günə qədər ABŞ istər Yaxın Şərqdə, istərsə də digər bölgələrdə hərbi əməliyyatlar keçirəndə "beynəlxlaq dəstək"lə hərəkət edib. Bu baxımdan İŞİD-in meydana çıxmasında və qısa müddətdə böyük "ugurlar" əldə etməsində yalnız ABŞ deyil, başqa qüvvələr də maraqlıdır. Görünən odur ki, həmin qüvvələr öz aralarında İŞİD-lə bağlı əvvəlcədən müəyyən razılığa gəliblər. İŞİD-in "uğur" qazanmasına şərait yaradanların məqsədi özlərini Yaxın Şərqin zəmanətçisi kimi saxlamaqdır. Yəni demək istəyirlər ki, "dünənə qədər bizi bəyənmirdiniz, terrordan şikayət edirdniz. İndi, buyurun İŞİD-ə qarşı müqavimət göstərin". Bu o anlama gəlir ki, ABŞ və AB olmadan Yaxın Şərqdə artıq elə bir qüvvə yoxdur ki, onları durdura bilsin. Üstəlik, İŞİD kimi terror təşkilatı müstəqil dövlətlərə qarşı hədyanlarla da çıxış edir ki, bu da planlı şəkildə baş verir. Belə bir durumda kimin layihəsi olmasından asılı olmayaraq, İŞİD-ə öz yerinin göstərilməməsi çox düşündürücüdür. Görünür, İŞİD-in sıradan bir terror təşkilatı olmaması yalnız onu dəstəkləyənlərə deyil, digərlərinə də məlumdur. Ola bilər ki, əvvəlcə tamam başqa məqsədlə yaradılmış İŞİD (məsələn, Suriyada Bəşər Əsədi devirmək üçün), sonra təyinatını dəyişib, yaxud da dəyişdirilib. Burada görünən odur ki, özəlliklə İŞİD-in İraqdakı türklərə qarşı soyqırımlar etməsi Türkiyə üçün göznəlilməz olub. Bu mənada, ABŞ-ın və onun müttəfiqlərinin İŞİD-lə baglı mövqeləri ilk baxışda birmənalı görünsə də, bu formal xarakter daşıyır. Hətta, İŞİD-lə bağlı ABŞ-ın İranla bir cəbhədə döyüşə biləcəyi ilə bağlı səslənən fikirlər də təsadüfi deyil. Burada bizim bilmədiyimiz başqa maraqlar da ola bilər. Məsələn, ola bilər ki, ABŞ və İran "İŞİD məsələsindən" istifadə edərək ikitərəfli münasibətləri daha da yaxşlaşdırsınlar.
-İŞİD və bu kimi terror təşkilatlarına qarşı Birləşmiş İslam Ordusunun yaradılması ideyası nə dərəcədə ağlabatan sayıla bilər?
-Məncə, İŞİD-i İraqda iç savaşa yönəldənlərin əsas məqəsdlərindən biri də bu terror təşkilatına qarşı hansı dövlətin və yaxud da dövlətlərin çıxmasıdır. Bir növ "İŞİD məsələsi" testdir. Bu testi edənlər "İŞİD məsələsi" ilə yoxlamaq istəyirlər ki, bu problemi kim həll edəcək: yenə də ABŞ və AB mərkəzli köhnə "Qərb qüvvəsi", yoxsa hər hansı yeni bölgəsəl bir dövlət, yaxud da bir neçə dövlət birliyi. Məsələn qeyd etdiyiniz Birləşmiş İslam Ordusu kimi. Amma burada əsas problem İŞİD-ə qarşı belə bir dövlətin, yaxud da dövlətlərin meydana hansı şəkildə çıxmasıdır. Deməli, İŞİD-ə qarşı birləşmə ya "Qərb qüvvəsi" şəklində, ya da Birləşmiş İslam Ordusu və ya da ona oxşar ikinci alternativ formada ola bilər. Sözün açığı, Birləşmiş İslam Ordusunun yaranması inandırıcı deyildir. Ən yaxşı halda, yenə də "Qərb qüvvəsi"nin dəsətəyi ilə nə isə buna oxşar bir şey yarana bilər. Amma bunun özü çox az inandırıcıdır. Çünki bu gün etiraf etmliyiik ki, hər şey Qərbin-Amerikanın diktəsi ilə baş verir. Hətta, bu o dərəcədədir ki, terror təşkilatları, (əvvəlcə başqa istək görüntüsünü də nəzərə alsaq), antiteror təşkilatları da "Qərb qüvvəsi"nin nəzarəti altındadır. Bu baxımdan "Birləşmiş İslam Ordusu" yaransa belə, o "Qərb qüvvəsi"nin istəyi ilə yaranacaqdır.
-Azərbaycanın yaxın regionunda baş verən bu hadisələrin ölkəmizə təsir imkanları nə dərəcədədir. Nəzərə alsaq ki, İŞİD hədəfində olduğu ölkələrdən biri kimi Türkiyəni göstərib?
-Fikrimizcə, İŞİD sözdə İslam dini naminə mübarizə apardıgını bəyan etsə də, əsas hədəf türklük üzərinədir. Bunu, İŞİD-in İraqda türkləri daha çox qətlə yetirməsi də ortaya qoyur. Amma bunu, İŞİD öz istəyi ilə edir-etmir, bu başqa məsələdir. Bütün hallarda İŞİD "başbilənlər"inin bir yandan İraqda türklərə qarşı kütləvi qətliam hayata keçirmələri, digər tərəfdən müstəqil iki türk dövlətinə - Azərbaycan və Türkiyəyə hədyan dolu bəyanatlar vermələri təsadüfi sayıla bilməz. Bu onu göstərir ki, türklüyün yenidən dirçəlişini həzm etməyən kifayət qədər bölgəsəl və beynəlxalq qüvvələr var. Bunların kimliyi o qədər dəqiqdir ki, geniş izaha ehtiyac yoxdur. Hətta, onların arasında Türkiyə ilə NATO-da əməkdaşlıq edən ölkələr də kifayət qədərdir. Amma onlar türklüyə, o cümlədən Türkiyəyə qarşı açıq savaş aça bilmədiyi üçün İŞİD, PKK, ASALA və bu kimi terror təşkilatlarından istifadə edirlər. Türk dövlətləri arasından özəlliklə, Türkiyənin hədəf alınması başa düşüləndir. Çünki digər türk dövlətləri onun güclənməsi ilə Türk Birliyini daha real sayırlar. Ancaq Türkiyə İŞİD, PKK kimi terror təşkilatlarını məhv etmək əvəzinə onlarla ya danışıqlar aparırsa, ya da gözləmə mövqeyi tutursa, bu Türkiyənin nüfuzunu gücləndirmir. Təbii ki, bundan da daha çox təsirlənən Azərbaycan olur. Əslində İŞİD kimi terror təşkilatların bəyanatları ilk növbədə psixoloji təzyiqdir ki, Türkiyə və Azərbaycan cəmiyyətində buna qarşı sözdə reaksiya müəyyən qədər olsa da, istənilən səviyyədə deyildir. Məsələn, Azərbaycan və Türkiyənin əməldə ortaq bəyanatı yoxdur. Əgər heç olmasa, hər iki dövlət İŞİD-ə qarşı ortaq bir bəyanat belə versəydi, bu türklüyü daha da gücləndirmiş, İraq türklərini də az da olsa, qorumuş olardı. Baxmayaraq ki, Azərbaycanda İraq türklərini daha doğma sayanlar çoxdur. Amma Azərbaycanın İraq türkləri ilə bağlı İŞİD-ə qarşı kəskin mövqeyi yoxdur, eləcə də Türkiyənin. Hesab edirəm ki, ən azı İŞİD-in İraq türklərini qətliamı ilə baglı Türkiyə və Azərbaycan bir araya gəlib, ortaq mövqe sərgiləməlidir. Onlara Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da qoşulmalıdır. Bir növ Türk Birliyi indiki anda varlıgını ortaya qoymalıdır. Bu mənada, İŞİD-ə qarşı real olaraq Birləşmiş İslam Ordusu deyil, Türk Birliyi Ordusu yarana bilər. Çünki hər tarixin öz hökmü var...
Füzuli Məhəmməd