“Siyasi proseslərdə iştirak imkanlarını tam olaraq itirə bilərik”
Həsrət Rüstəmov: “Hazırkı vəziyyətdə heç bir partiyanın bələdiyyələrin heç olmasa yarısını əhatə edə bilmək gücü yoxdur”
20 İyun 2014 14:50 MüsahibəÖlkədə keçirilən hər seçki öncəsi müxalif düşərgənin bir araya gəlməsi, partiyaların seçkiyə birgə getməsi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülsə də, nəticədə arzu edilən birlik reallaşmır. Elə bu il keçiriləcək bələdiyyə və gələn ilki parlament seçkiləri ərəfəsində də oxşar təkliflər səslənir. Ancaq yaxın keçmişdəki təcrübə sözügedən təşəbbüslərin də baş tutmayacağından xəbər verir. Elə Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da "OLAYLAR"-a verdiyi müsahibədə müxalifətin bir araya gələ bilməməsinin səbəblərindən danışıb.
-Həsrət bəy, Azərbaycan Demokrat Partiyası da daxil olmaqla bir sıra partiyalar müntəzəm olaraq birlik təşəbbüsü ilə çıxış etsə də, hələlik müxalif düşərgənin tam mənada bir araya gəlməsi mümkünsüzdür. Siz bunun başlıca səbəbini nədə görürsünüz?
-Partiyaların birləşməsi ilə əlaqədar nəticəsiz təşəbbüslər o qədər çox olub ki, hazırda siyasi aktivliyin zəif olduğu zamanda kiminsə risk edib növbəti uğursuz təşəbbüsdə bulunmasını gözləmirəm. Hərçənd ki, siyasi müxalifətin həlledici məqamda birləşərək böyük güclə meydana şıxa biləcəyinə inanan azsaylı insanlardanam. Müxalifətin birləşib birgə mübarizə apara biləcəyi əsas məqamlar demokratik seçkilər, daha doğrusu demokratiyaya keçid məsələsi və respublikia üçün hər hansı xarici təhlükə ola bilər. Hazırda bu nöqtələrin heç birinin o qədər yaxınlığında deyilik ki, birləşib birgə mübarizə aparmaq kifayət qədər aktual olsun. Amma istənilən halda müxalifətdaxili inteqrasiya, müxtəlif səviyyələrdə qarşılıqlı əlaqələrin intensivliyi, qarşılıqlı münaqişələrdən qaçma ümumi birliyə gedən yolda olduqca vacib məqamlardır. Təəssüf ki, bu məsələdə də bəzən ümumi maraqlara cavab verməyən fəaliyyətlərin şahidi oluruq. Ümumiyyətlə elə hesab edirəm ki, müxalifət 2015-ci il parlament seçkilərində bir yerdə iştirak məsələsi üzərində ciddi işləməlidir. Əgər hansısa fövqəladə hadisə baş verməsə bu seçkilər hələlik üfüqdə demokratiyaya keçidlə bağlı görünən yeganə məntəqədir. Bunu düzgün dəyərləndirmək, tarixi fürsəti və siyasi məsuliyyətimizi dərk edərək ciddi qərarlar verməliyik. Əks halda həqiqətən də təkcə demokratik keçid fürsətini deyil, ümumiyyətlə siyasi proseslərdə iştirak imkanlarını tam olaraq itirə bilərik.
-ADP seçkilərdə bütün bələdiyyələr üzrə namzəd irəli sürməyi nəzərdə tutubmu Ümumiyyətlə, partiyada seçkiyə hazırlıq hansı mərhələdədir?
-Bələdiyyələrlə bağlı, onların idarəetmədəki yerinin dəqiq müəyyənləşdirilməsi ilə əlaqədar qanunvericilik mükəmməl deyil. Bələdiyyələrin bizdə ümumiyyətlə, bir idarəetmə qurumundan çox dərnək tipli bir təşkilat xarakterli olması davam etdikcə bu qurumlara siyasi maraq heç zaman olmayacaq. Əslində bələdiyyə demokratik bir təsisatdır. Belə ki, idarəetməni yerlərə doğru aparmaq, daha çox səlahiyyətləri yerli idarəetmənin özünə həvalə etmək məhz demokratik rejimlərə xasdır. Bizdə isə demokratik inkişaf ləngidiyi üçün bələdiyyələr sadəcə demokratiyanı yamsılamaq xatirinə yaradılıb. O başqa məsələdir ki, bələdiyyələrə seçkilər həm də böyük resurslar, maddi imkanlar və çoxsaylı insan resursu tələb edir. Hazırkı vəziyyətdə heç bir partiyanın bələdiyyələrin heç olmasa yarısını əhatə edə bilmək gücü yoxdur. Bunun müxtəlif səbəbləri var. Amma əsas səbəb yenə də bələdiyyələrin statusunun olmamasıdır. Bizim partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar hələlik yekun bir qərarı yoxdur. Bu məsələdə əsas söz yerli təşkiltların, yerli liderlərindir. Əgər seçkilərdə iştirak etmək istəyən kifayət qədər namizədimiz olsa seçkidə iştirakın tərəfdarıyam. Əks halda namizədlərimiz müstəqil şəkildə seçkilərə qatıla bilərlər. Bu haqda yekun qərarı yəqin ki, sentyabrda verə bilərik.
-Hazırda partiyalararası münasibətləri necə dəyərləndirirsiniz?
-Təkcə birlik xatirinə deyil ümumiyyətlə sivil siyasi münasibətlər baxımından siyasi və insani əlaqələr daim saxlanmalıdır. Qardaş Türkiyədən bu baxımdan çox şey öyrənə bilərik. Orada müxalifət hətta hökumətlə ən ciddi konflikt dönəmlərində belə qarşılıqlı əlaqələrdən çəkinmir, yeri gələndə bir-birilərinə doğru həm siyasi, həm də insani addımlar atmağı bacarırlar. Bizdə də belə sivil münasibətlərin formalaşmasını çox istərdim.
-Bu arada İŞİD təhlükəsi getdikcə artmaqdadır. Bu təhlükə Azərbaycanı da gözləyirmi?
-İŞİD həqiqətən də bütün şərq aləmi, müsəlman dünyası üçün böyük qara ləkədir. Sivilizasiyanın müasir dövründə bu cür vəhşi, insanların kütləvi qətli ilə hakimiyyət uğrunda mübarizə aparmaq ürək ağrıdıcıdır. Bu hadisə müsəlman aləmini dünyada daha da gözdən salmaq, müsəlmanları bir-birinə qırdırmaq, maddi resurslarla zəngin İraqı daha da zəiflətmək məqsədi daşıyır. Bizim üçün ikiqat ağır olan odur ki, dinimizin əsas abidələrinin bir qismi təhlükə altındadır və faktiki olaraq soydaş deyə biləcəyimiz türkmən, müsəlman qardaşlarımız qeyri-insani qırğına məruz qoyulub. Bu baxımdan bütün həmvətənlərimiz kimi biz də olduqca narahatıq və hadisələri ürək ağrısı ilə izləyirik. Azərbaycanda isə təriqət savaşının olması qeyri mümkündür. Bizim bəlkə də toplum kimi yeganə xoşbəxtliyimiz ondadır ki, xalqımız savadlı, sivil və müasir düşüncəyə malikdir. Hələ Cümhuriyyət dövründən babalarımız Şərqdə ilk demokratik respublika elan etməklə birdəfəlik çıxış yolunu göstərmişlər.
Süleyman İsmayılbəyli