“KİV bu ünsürlərdən mütləq təmizlənməlidir”
Xalidə Xalid: “Bütün xəbərlərə açıq olmaq milli-mənəvi dəyərlərin tapdanması, ifrat dərəcədə acıq-saçıqlıq demək deyil”
18 İyun 2014 20:02 MüsahibəMüsahibimiz AMEA Nizami adına ədəbiyyat İnstitutunun elmi işçisi, araşdırmaçı-yazar Xalidə Xaliddir.
- Mediamızda ümumi əxlaqi-mənəvi durumu necə qiymətləndirirsiniz? Sizi, bu sahədə daha çox hansı tendensiyalar narahat edir?
- Mediamızda əxlaqı-mənəvi durum qədər də ürəkaçan deyil. Məni ən çox narahat edən məlumatların dəqiqliyinə qarşı qeyri-ciddi münasibət, müsahibələrdəki jurnalist səriştəsizliyi, eləcə də şou-biznes sahəsində fəaliyyət göstərən bəzi jurnalsitlərin əsil sənət adamlarına qarşı, kimlərinsə sifarişi ilə qərəzli materialların yayınlanması məni çox narahat edir. Təbii, bu gün Azərbaycan mediasında öz dəsti-xətti ilə tanınan yazarlarımız az deyil. Amma, Azərbaycan mətbuatı üçün ləkə olan, özünə jurnalist deyib qapı-qapı düşüb mədəni formada dilənənlər də təəssüflər olsun ki, var. KİV bu ünsürlərdən mütləq təmizlənməlidir.
- "Media və milli dəyərlər" - bəzən, deyirlər ki, medianın ana qanunu bütün xəbərlərə açıq olmaqdır. Dünya mediasının bir parçası olan Azərbaycan mediasının hansısa özəlliyinin olmasını qəbul edirsiniz, yoxsa, ümumi axına qoşulmalıyıq?
- Bilrisiniz, bütün xəbərlərə açıq olmaq milli-mənəvi dəyərlərin tapdanması, ifrat dərəcədə acıq-saçıqlıq demək deyil məncə. Hər şey öz həcmində daha gözəl olur. Bizim mediamızın özəlliyi elə Azərbaycan mediası olması demək deyilmi? Bu media nəyə diqqət edəcəyini gözəl bilməlidir.
- Ötən əsrin əvvəllərində, elə sonrakı dövrdə də media, mətbuat həm də maarifləndirici vasitə idi. Hazırkı dövrdə medianın maarifləndirmə missiyasının sərhədlərini necə görürsünüz?
- Bəli, doqrudur bir zamanlar KİV məlumatlatdırıcı baza olmaqla yanaşı, həm də maarifləndirmə ocağı sayılırdı. Əfsuslar olsun ki, indi hər şey əksinə olub. Maarifləndirici materiallar, verilişlər o qədər də diqqət çəkmir. Bu günlərdə oğlumla Qarabağda gedən müharibə zamanı döyüşdən qaçan əsgərlərlə bağlı süjetlerə baxırdıq Oğlum dedi ki, ana günlərdi bu mövzuda, yəni Qarabaqla baqlı süjetlərə baxıb təhlil aparıram. Nə təhlil deyə sorduqda -bax, bir az gözlə dedi. Və "Bozbash pictures"-in istehsal etdiyi "Fəlakət"in sərgüzəştləri olan səhifələri açaraq dedi: Ana bax, bu süjetin izlənmə sayı necədir - 1977, bəs "Fəlakət"in-131.384, 138.806, 43.738 və s. bax ana bizə Qarabağ yox, "Fəlakət"in sərgüzəştləri lazımdı, eləmi? Oğlumun bu sualından utanıb başımı aşağı dikdim. Haqlı idi. Bu gün bizim efir və bəzi mətbuat orqanları insanları maarifləndirmir, əksinə, beynini dumanlandırır.
- Mediamızda əxlaqi, mənəvi durumun aydınlaşması, durulaşması üçün sizcə hansı tədbirlər, layihələr həyata keçirilməlidir? Siz Nə təklif edirsiz?
- Fikrimcə, öncə işə götürülən yazarlarım savadını, intellektual səviyyəsini yoxlamaq lazimdi. Hər bir yazar aldığı xəbərin mənbə dəqiqliyinə nəzarət etməli, müsahibə zamanı müsahibi haqqında yetərli bilgiyə sahib olmalıdır. Qələm götürüb 1-2 kəlmə yazıb dərc olunmaq hələ yazar olmaq demək deyil. Bizi zamnında müsahibəyə yollayanda baş redaktor günlərlə müsahibimiz haqqında bilgi axtarir, öyrənir, oxuyur, bu qədər öyrənməklə bərabər qorxurduq da birdən müsahibimiz bizə sual verər, cavabı qarşısında aciz qalarıq. Bəs indi, varmı elə gənc yazar o xüsusiyyətlərə malik olsun? Var olmağına da amma, barmaqla sayılası sayda.
Ü.Fərzəliyeva
Yazı "Ortaq Dəyərlər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində çap olunur