Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı

Arzu Nağıyev: “Türkdilli dövlətlər arasında regional əməkdaşlığın daha da genişləndirilməsinə səbəb olacaq”

"Özbəkistanın hər hansı türkdilli bloklarla yaxınlığı ancaq 2015 -ci ildən sonra bəlli və mümkün ola bilər"

Bu günlərdə Türk dünyası üçün mühüm əhəmiyyət daşıyacaq daha bir toplantı baş tutdu. Xəbərlərdən də məlum olduğu kimi Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı keçirildi. Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin iştirak etdiyi zirvə toplantısının yekununda dövlət başçıları birgə bəyannamə imzalayıblar. Toplantıda Türk Şurası baş katibi və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərar imzalanıb. Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçilib. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olunub. Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işini başa çatdırıb. Bəs görəsən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə görüşü türkdilli dövlətlər arasında inteqrasiya prosesinin sürətləndirilməsinə necə təsir göstərəcək? Zirvə görüşünün nəticələri və orada  qəbul edilən qərarlarla bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

-Arzu müəllim, Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə görüşünün nəticələrini necə dəyərləndirirsiniz?

-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı türkdilli dövlətlər arasında regional əməkdaşlığın daha da genişləndirilməsinə səbəb olacaq. Zirvə görüşündə əsas məsələlərdən biri də ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması idi. Məlumat üçün  qeyd edim ki, bu ilin avqust ayında Türkiyədə prezident seçkiləridir və hazırkı Türkiyə prezidenti Abdulla Gül prezident qismində ola bilsin ki, son görüşünü keçirir. Məlumdur ki, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşündə enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi, siyasi məsələlərdə beynəlxalq səviyyədə bir-birini dəstəkləmə, ticari-iqtisadi məslələrinin daha da genişlənməsi, Bakı sammitinin davamı olaraq Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi istiqamətində irəliləyişlər və bir sıra humanitar və mədəni sahədə danışıqlar öz əksini tapdı. Bununla yanaşı Azərbaycan və Qazaxıstan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşlərində ölkələr arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafı müzakirə edildi. Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi də aparıldı. Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Nursultan Nazarbayevə Azərbaycan Prezidenti öz adından və xalqımızın adından təşəkkürünü bildirdi.

-Bu kimi zirvə görüşləri regionda və qlobal aləmdə cərəyan edən proseslərin fonunda Türk Birliyinin yaradılması ideyasına nə dərəcədə stimul vermiş olur?

-Zirvə görüşündə diqqət çəkən məqamlardan biri də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bəyanatı oldu. Belə ki, o öz çıxışında görüşün heç də hər hansı hərbi blok kimi qəbul edilməməsini vurğuladı və bununla kimisə qıcıqlandırmaq istəmək məqsədininn güdülmədiyini bəyan etdi. Həmçinin Xarici İşlər Naziriliyi və toplantının katibliyindən bildirildi ki, toplantının əsas məqsədi turizm sahəsində Türkiyə təcrübəsindən yararlanmaq və bu sahəni inkişaf etdirməkdir.

-Maraqlıdır ki, Özbəkistanın hələ də bu proseslərdən kənar qalmasına təsir edən amillər nədən ibarətdir?

-Maraqlıdır ki, Özbəkistan belə toplantılara heç vaxt qoşulmur. Düşünürəm ki, bunun əsas səbəblərindən biri 1989 və 2005-ci illərdə Fərqanə və Əndican hadisələri ola bilər. Söhbət əsasən etnik türklərlə özbəklər arasında baş vermiş münaqişələrdən gedir. Bundan başqa 20 illik müstəqillik illərində Özbəkistanın ancaq bir xarici inteqrasiya layihəsi olub ki, o da Əfqanıstanla dəmir yolu əlaqəsinin yaradılmasıdır. Bu da əsasən Əfqanıstandan NATO qoşunlarının çıxarılmasına xidmət etmək üçün nəzərdə tutulub. Yəni regionda əsasən Birləşmiş Ştatlar ilə əlaqələr yaratmağa üstünlük verən Özbəkistan bundan yararlanmaq niyyətindədir və əvəzində öz ordusunu NATO silahları ilə təhciz etmək fikrindədir. Məhz buna görə də Özbəkistan müxtəlif siyasi qurumları da tərk etdi  (ODKB və s.) . Özbəkistanın hər hansı türkdilli bloklarla yaxınlığı ancaq 2015 -ci ildən sonra bəlli və mümkün ola bilər.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31