“Rusiya planlarında israrlıdır”

Əli Əliyev: “Ötən il seçkilərdə tətbiq olunan üslub özünü doğrultmadı”

"Ehtiyatlandığım 5-ci kolondur"

Rusiya uzun müddətdir ki, həyata keçirməyi nəzərdə tutduğu Avrasiya İttifaqı ideyasını nəhayət ki, gerçəkləşdirdi. Hələlik sözügedən birlikdə Rusiya ilə yanaşı Qazaxıstan və Belarus təmsil olunsa da, yaxın vaxtlarda Ermənistanın da Avrasiya İttifaqına qoşulacağı istisna edilmir. Bəs görəsən Rusiyanın yeni imperiya yaratmaq istəyi nəyə hesablanıb və bu istəyə qarşı Qərbin adekvat cavabı nə olacaq? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə partiya sədri Azərbaycanı gözləyən təhlükələr barədə də danışıb.

-Əli bəy, Rusiyanın Avrasiya İttifaqını yaratması artıq reallaşır. Sizcə, bu, Kremlin yeni imperiya yaratmaq istəyi deyilmi?

-SSRİ-nin bərpasına çalışan Rusiya açıq-aşkar prosesi yeni dövlət quruculuğu istiqamətinə daşımaq istəyir. Artıq SSRİ-nin bərpası prosesinə rəsmi start verilib. Göründüyü kimi Rusiya imperiyasının bərpasının ilk addımını atdı. Düzdür, Rusiya bu ittifaqı Ukraynasız istəmirdi.
Bizim partiya ötən ildən Rusiyanın imperiyanı bərpa etmək istiqamətində atdığı addımları təqib edir. Putin başda olmaqla Rusiyanın siyasi isteblişmenti tam tərkibdə imperiyanı bərpa etmək üçün əlləşirlər. Mayın 29-da imzalanma törəni ilə Astanada yeni dövlətin bünövrəsi qoyuldu. Hesab edirəm ki, növbəti mərhələdə yeni tərəflərin prosesə qoşulması davam edəcək. Model köhnə SSRİ modelidir. Ancaq adı fərqlidir. Düşünürəm ki, yaxın gələcəkdə Qırğızıstan və Ermənistanın oraya cəlbi baş tutacaq. Növbəti həmlə isə Azərbaycana olacaq. Heç şübhəsiz ki, dövlətimizin iqtisadi potensialı, siyasi-coğrafi mövqeyi, enerji müstəqilliyi Rusiyanı narahat edir.

-Qazaxıstan və Belarusun təsisçilər sırasında yer alması nədən xəbər verir?

-Orada birləşən dövlətlərdən hərənin öz məqsədi var. Belarus Sovet dönəmindən qalmış sənaye məhsullarına bazar əldə etməyə, ucuz enerji mənbəyi olan tərəf müqabili tapmağa çalışır. Qazaxıstan prezidenti etnik və parçalanma proseslərinə məruz qalmamaq üçün dövlətini möhkəmləndirmək, Qazax elini ayağa qaldırmaq üçün vaxt udmağa cəhd edir. Moderator rolunda çıxış edən Rusiya isə açıq-aşkar prosesi yeni dövlət quruculuğu istiqamətinə daşımaq istəyir.

-Sizcə bu təşəbbüs Qərbdə ciddi narahatçılıq və adekvat addımlarla cavablandırılmayacaq?

-Qərbin addımlarına gəlincə, düşünürəm ki, Ukraynada göstərilən dirəniş və Rusiyaya qarşı iqtisadi blokada həmin birmənalı anti-imperiya mövqeyinin bariz təcəssümüdür. Proses Rusiyanın çöküşünə hesablanıb və davamlı olacaq. Fikrimcə, Rusiyanı üzərimizə qaldırmamalıyıq. Ayı hal-hazırda yaralıdır. Onun qəzəbi isə fəlakətli ola bilər. Bizim iqtidardan fərqli olaraq məsuliyyət yükümüz azdır. Ona görə fikirlərimizin ifadəsində sərbəstik. Müxalifətin də belə üstünlükləri var.

-Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı ortaya qoyduğu mövqeni necə dəyərləndirirsiniz. Sizcə, bu mövqe ilə Azərbaycan bir daha öz prinsipial mövqeyini ortaya qoymadımı?

-Etiraf edim ki, rəsmi çevrələrin bu məsələ ilə bağlı mövqeyi ortababdır. Düşünürəm ki, QUAM çərçivəsində passivliyimiz, Avropa İttifaqına inteqrasiyada nəzərə çarpan lənglik yanlışlardır. Lakin Avrasiya İttifaqından yayınma ortabab siyasətin yeganə müsbət, lakin vacib amilidir.

-Bəs, bu prinsipiallıq əks tərəfdə, yəni Rusiyada hansı reaksiyanı doğuracaq?

-Rusiya planlarında israrlıdır. Azərbaycanın imperiyaya aparılması qüvvədədir. Ötən il seçkilərdə tətbiq olunan üslub özünü doğrultmadı. Növbəti dönəmdə bu plan necə təzahür edəcək, bilinmir. Ehtiyatlandığım 5-ci kolondur. Subyektiv amillərin həlledici ola biləcəyindən narahatlıq var. Hesab edirəm ki, hakimiyyət Rusiyanın təhdidlərinə hazır olmalıdır. Ukrayna nümunəsində üsulların nə qədər çirkli və eybəcər olduğunun şahidiyik. Düşünürəm ki, Ukraynada dişi sındırılmış Rusiya bizimlə daha aqressiv ola bilər.

-Bu arada cəbhə xəttində artan gərginliyin arxasında elə Rusiyanın dayandığını söyləmək olarmı?

-İstisna deyil. Ola da bilər.

Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31