Azay Quliyev: “Prezidentin qərarını gözləyək”

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev "Media forum" saytının suallarını cavablandırıb.

- Azərbaycan ilk dəfədir Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Quruma sədrlik dövründə Azərbaycanın beynəlxalq imicinin yaxşılaşması, nüfuzunun yüksəlməsi üçün ölkə daxilində hansı addımlar atılmalıdır, hansı sahələrdə islahatlar aparılmalıdır?  

- Bu gün Azərbaycanın beynəlxalq imici, nüfuzu sözün əsl mənasında çox yüksəkdir. Biz bunu konkret misallarla göstərə bilərik. Azərbaycanın 2012-ci ildə 155 ölkənin səsi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, ATƏT tarixində ilk dəfə qurumun Parlament Assambleyasının illik sessiyasının Bakıda keçirilməsi, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik etməsi bunu təsdiqləyir və bunlar sadə məsələlər deyil. Bu ondan xəbər verir ki, indi Azərbaycan beynəlxalq aləmdə kifayət qədər tanınır, Azərbaycana kifayət qədər hörmət var. Bunun nəticəsidir ki, beynəlxalq səviyyəli mandatları Azərbaycana etibar edə bilirlər. Bu, əlbəttə, inam və etimadın göstəricisidir. Ona görə də məhz bu tempi davam etdirmək lazımdır.

Nazirlər Komitəsinə sədrliyimiz dönəmində də, şübhəsiz ki, daha çox Avropa dəyərlərinə, Avropa Şurasının qəbul etdiyi dəyərlərin inkişafına, möhkəmlənməsinə öz töhfəmizi verməliyik. Altı aylıq sədrlik müddətində yalnız Azərbaycanı deyil, bütövlükdə Avropanı düşündürən məsələləri gündəmə gətirib onların həllinə nail olmağa çalışmalıyıq. Ona görə hesab edirəm ki, götürülən yol və gedilən istiqamət çox doğrudur. Bu istiqamətdə sürətimizi daha da artırmalıyıq.

- Azərbaycanın daxilində Avropa dəyərlərinə yiyələnmək, onları inkişaf etdirmək baxımından hansı istiqamətlərdə təxirəsalınmaz işlər görməyə ehtiyac var? Korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın genişləndirilməsi kimi sahələrdə nə etmək olar?

- Cəmiyyət də, beynəlxalq qurumlar da çox gözəl anlayır ki, Azərbaycan bu gün sizin dediyiniz istiqamətlərdə, həmin məsələlərlə bağlı çox prinsipial layihələrə imza atır. Korrupsiya ilə mübarizədən danışan zaman bütün dünyada rəğbətlə qarşılanan, cənab prezident İlham Əliyevin Azərbaycanın brendi adlandırdığı "ASAN xidmət"i qeyd etmək lazımdır. Bu gün "ASAN xidmət" vasitəsilə xidmət göstərilən sahələrdə korrupsiya və neqativ hallar sıfıra enib. Bu, çox müsbət göstəricidir və "ASAN xidmət"in əhatə dairəsini genişləndirmək lazımdır.

Korrupsiya, hüquq pozuntuları ilə bağlı başqa ciddi addımlar da atılır. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətini genişləndirir. Hesab  edirəm ki, həm hüquqi bazanın yaradılması, həm profilaktik tədbirlərin görülməsi, həm də islahatlar sahəsində işlərimizi davam etdirməliyik. Bu, eyni şəkildə vətəndaş cəmiyyəti quruculuğu, demokratik təsisatlar, siyasi partiyalarla bağlı işlərə də aiddir.

- Hazırda həbsdə xeyli ictimai-siyasi fəal var. Onların azadlığa buraxılması uğurlu, müsbət imic yaradan addım olarmı?

- Onların həbsi ilə bağlı məhkəmənin qüvvəyə minmiş qanuni hökmü var. Başqa bir orqanın məhkəmənin hökmünü müzakirə etməsi, dəyişdirməsi və ya başqa cür təfsir etməsi doğru deyil. Digər tərəfdən bilirsiniz ki, Azərbaycan 2002-ci ilin aprel ayından Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına qəbul edilib. Bu o deməkdir ki, artıq insan haqları, məhkəmə təkcə Azərbaycanın daxili məsələsi deyil, vətəndaşlar təkcə ölkədaxili məhkəmələrdən bəhrələnmir, onların Avropa Məhkəməsinə də müraciət etməyə tam haqqı var. Demək, hüquqi müstəvi və hüquqi mübahisələndirmə üçün tam mexanizm yaradılıb. Ona görə də tam əminliklə demək olar ki, Azərbaycan belə məsələlərlə bağlı indiyə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib və bundan sonra da yetirəcək.

Konkret məhbuslarla bağlı məsələyə gəldikdə isə, sizin nəyə işarə etdiyinizi anlayıram. Demək istəyirəm ki, prezident İlham Əliyev humanizm prinsipləri nümayiş etdirərək hər il əfv üçün müraciət edən insanların əfv olunması imkanlarına baxır, onların böyük bir qismini əfv edir. Yəni bu, Azərbaycanın hansısa quruma sədrlik etməsi ilə bağlı deyil.

Düzdür, ola bilər kimsə bunu Avropa Şurası ilə əməkdaşlıq fonunda, başqaları Avropa Şurası həmməruzəçilərinin müəyyən təklifləri ilə əlaqələndirsin, belə qiymətləndirsin. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq bir həqiqət hamı üçün qəbul edilməlidir ki, bu addım yalnız və yalnız Azərbaycan dövlətinin maraqları çərçivəsində, prezidentinin siyasi iradəsinə uyğun olaraq atılır. Bu baxımdan istisna etmirəm ki, bu müddət ərzində yeni əfv sərəncamları imzalansın, fəaliyyət dairəsindən asılı olmayaraq xeyli sayda məhbus azadlığa çıxsın.

- Həbsdə olan ictimai-siyasi fəallar əfv üçün müraciət edirlərmi? Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü kimi bir tövsiyəniz varmı onlara?

- Bizə hər kateqoriyadan olan məhbuslar müraciət edir. Əfv Məsələləri Komissiyasının üzvləri sənədlərə baxan zaman müraciət edənlərin sosial statusuna fikir vermir, bu bizim üçün önəmli deyil. Komissiyanın əsasnaməsinin konkret tələbləri var. Bu tələblərə uyğun olan insanların, məhbusların işinə baxılır, müvafiq qərarlar qəbul edilir. Ona görə də əsas meyar bundan ibarətdir ki, müraciət edən şəxslərin törətdiyi cinayət təhlükəli olmasın, məhbus islah olunsun, öz əməlinə görə peşmanlıq keçirsin, yaxud törətdiyi cinayət nəticəsində zərər çəkən olmasın, zərərçəkən varsa, məhbusu bağışlasın. Digər amillər də var: vətənə xidmət, ailə vəziyyəti və başqa yüngülləşdirici hallar nəzərə alınır.

Mənin tövsiyəmə gəlincə, əlbəttə, çox istərdik ki, heç kəs cinayət törətməsin, həbsxanaya düşməsin. Amma belə hal olubsa, əfv haqqında əsasnamənin tələblərini öyrənsin. Bizim çox şəffaf prosedurumuz var. Hər bir şəxs müraciət edə bilər. Əfv Məsələləri Komissiyası çox şəffaf və demokratik şəkildə qərar qəbul edir. Ona görə də heç kim ümidsizliyə qapılmasın. Hər halda zaman gəldikcə, çəkilən cəzanın müddəti bəlli bir həddə yaxınlaşdıqca, demək olar, hər bir məhbusun azad olunmaq şansı yaranır. Ən azı bu, nəzəri baxımdan mümkündür.

- Təbii ki, əfv sərəncamının nə zaman imzalanması prezidentin səlahiyyətində olan məsələdir. Amma komissiya indi toplanırmı, iclaslar keçirirmi? Sərəncamın imzalanmasını ehtimal etdiyiniz vaxt varmı?

- Komissiyanın üzvü kimi müzakirə edilən məsələlər, yaxud əfvin nə vaxt veriləcəyi haqda hər hansı söz söyləməyim düzgün olmaz. Bu həm hüquq, həm də etika baxımından doğru sayılmır. Kimləri nə zaman əfv etmək prezidentin səlahiyyətinə aiddir. Mən də rəsmi şəxs olduğuma görə ehtimallara deyil, faktlara əsaslanıb danışmalıyam. Ümumilikdə deyə bilərəm ki, Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir orqan kimi ona daxil olan bütün ərizələri dərindən araşdırır. Bu proses bayramdan-bayrama həyata keçirilmir, birbaşa əlamətdar hadisələrə söykənmir. Komissiya indi də işini davam etdirir. Cənab prezidentin qərarını gözləyək.

- Azay müəllim, ictimai-siyasi fəallardan İlqar Məmmədovun, Tofiq Yaqublunun, Anar Məmmədlinin, "Nida" hərəkatı üzvlərinin, başqa bir neçə QHT rəhbərinin həbsdə saxlanmasını necə qiymətləndirirsiniz? Bu cür həbslər vətəndaş cəmiyyətinin inkişafına zərbədirmi? Sizcə, həmin şəxslərin azadlığa buraxılması cəmiyyət üçün təhlükə yaradırmı?

- Bununla bağlı çoxlu suallar olur. Bu suala hansı cavab gözlədiyinizi və həmin cavabın sonrakı mərhələdə onların taleyinə necə təsir etmə ehtimalını anlayıram. QHT təmsilçilərindən, vətəndaş cəmiyyəti fəallarından kimlərinsə qanunu pozması, törətdikləri əmələ görə həbsxanada olmaları arzuolunmaz haldır. Bu mənim üçün həqiqətən təəssüfedici haldır. İstənilən halda bunun yaxşı hərəkət olmadığını qəbul edirəm. Vətəndaş cəmiyyəti institutları ilə bilavasitə işləyən bir şəxs heç vaxt istəməz ki, həmkarlarından kimsə həbsxanada olsun. Bu, məsələyə mənəvi aspektdən yanaşmamdır. Bu baxımdan heç kimin həbsdə olmasını istəmirəm və onların azadlığa buraxılmasını arzulayıram.

Amma məsələnin hüquqi tərəfi də var, millət vəkili, Əfv Komissiyasının üzvü olaraq məsələyə hüquqi tərəfdən də yanaşmalıyam. Fəaliyyət sahəsindən asılı olmayaraq heç kimə haqq verilməyib, yaxud xüsusi güzəşt, şərait yaradılmayıb ki, o, Azərbaycan qanununu pozsun. Heç bir halda heç kimə belə haqq, hüquq verilməyib. Bəziləri hesab edir ki, əgər QHT rəhbəridirsə, orada çalışırsa, yaxud jurnalistdirsə, siyasi partiya üzvüdürsə, istənilən qanun pozuntusunu həyata keçirə, qeyri-şəffaf fəaliyyət göstərə, Azərbaycanın maraqlarına zidd olan layihələri dəstəkləyə, yaxud hər hansı xarici kəşfiyyat orqanının şəbəkəsinə qoşula bilər. Heç bir halda vətəndaş məsuliyyətimizi unutmamalıyıq. Hər bir işə hüquqi baxımdan yanaşmanın tərəfdarıyam. Düzdür, burada bəzən siyasi məqam axtaranlar da olur.

- Məsələ ondadır ki, o insanların əksəriyyəti hesab edir ki, bu məhz siyasi məqamdır...

- Bu işlərin hamısı ilə yaxından tanış deyiləm. Amma tanış olduğum çoxlu iş var ki, orada heç bir siyasi motiv yoxdur. Konkret hüquqi məsələlər, vergidən yayınma, qanunsuz fəaliyyət, hesabatın verilməməsi, şəffaflıqla bağlı bir sıra tələblərə riayət olunmama, yaxud əldə edilən vəsaitin Azərbaycanın milli maraqlarına zidd layihələrə yönəldilməsi ilə bağlı dəlillər var. Əgər bu dəlillər varsa, birinci ona qiymət vermək lazımdır. Media da, xüsusən müstəqil media bu məsələlərə təkcə siyasi deyil, hüquqi nöqteyi-nəzərdən də yanaşmalıdır. Onda hesab edirəm ki, balans qorunar, birtərəfli məlumatlar yayılmaz.

- Necə olur ki, yalnız hökuməti tənqid edənlər belə hüquqi prosedurlara tuş gəlirlər?

- Mən sizlə razı deyiləm. Çoxlu misal göstərə bilərəm ki, hətta hökumət yönümlü QHT-lər bu qanun pozuntusuna görə ciddi şəkildə cəzalandırılıb. Sadəcə siyasiləşmiş QHT-lərdən fərqli olaraq onların piarı aparılmayıb. Jurnalistlər onların taleyi ilə maraqlanmayıb. Məsələn, Əfv Komissiyasından onlarla jurnalistin adı gəlib keçib.

- Onlar da həbsdədir?

- Bəli, həbsdədir, QHT fəaliyyətinə, qanunsuz hərəkətlərə görə tutulublar. Onlar haqqında heç kim yazmır. Çünki sizin, ayrı-ayrı beynəlxalq təşkilatların maraq dairəsində deyil.

- Məsələ ondadır ki, biz onların fəaliyyətini görməmişik, nə də özləri buna təşəbbüs göstərməyib...

- Sadəcə o təşkilatlar sizin siyasi marağınızda olmadığına görə onun haqqında məlumat vermirsiniz. Bu gün hətta cinayət törətmiş şəxs keçmiş tarixlə qanunsuz olaraq hər hansı partiyanın üzvü olur. Deyir məni məhz partiya üzvü olduğuma görə, xüsusən də müxalif mövqeliyəm deyə həbs etdilər. Bir çoxları qanunsuz olaraq başqa ölkəyə keçmək, miqrant statusu almaq üçün hətta milliyyətini, siyasi əqidəsini dəyişməyə hazırdır. Onlar hesab edirlər ki, bu yolla məhz özlərini zərərçəkmiş kimi təqdim edəcəklər.

Bu gün mənə daxil olan məlumatları çox həssaslıqla araşdırıram. Sizin dediyiniz və demədiyiniz şəxslərin bir çoxunun da yaxınları mənə müraciət edib. Üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışıram. Amma bir daha deyirəm ki, bu işlərin hüquqi tərəfini də unutmamalıyıq. Dövlətin hüquqi maraqları təmin edilməsə, onda dövlətçilikdən söhbət gedə bilməz, hərc-mərcliyin, anarxiyanın içində olarıq.

- Köhnə tarixlə partiyaya üzv olub sığınacaq alanların adlarını açıqlaya bilərsinizmi?

- İndi o adları xatırlamıram. Amma bu adları partiyalara müraciət etsəniz, bəlkə də asanlıqla öyrənə bilərsiniz. Mən bir neçə il öncə belə faktın şahidi olmuşam. Xarici ölkədə səfərdə olanda diaspor nümayəndələrimiz də bizə məlumat verib.

- Bunların arasında QHT rəhbərləri də varmı?

- Söhbət təkcə birmənalı şəkildə QHT-lərdən getmir. Əksinə, bir çox halda QHT-ləri qorumağa çalışıram. Çünki bizim ümumi QHT həmrəyliyimiz var. Şəxsən mən çalışıram ki, QHT-lərin adları hər hansı mənfi çalarda çəkilməsin. Bunu çox zaman mətbuata demirik. Amma bu gün hakimiyyət orqanları ilə çox yaxından dialoqdayıq ki, QHT-lərə hər hansı formada, subyektiv amillər nöqteyi-nəzərindən xələl gətirə biləcək hallara yol verilməsin.

- Tanınmış QHT rəhbərlərindən Qubad İbadoğlu vətəndaş cəmiyyətinin təhlükədə, uçurumda olduğunu deyərək hökuməti dialoqa başlamağa çağırıb. Hazırda hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq varmı? Varsa, niyə Qubad İbadoğlu belə deyib? Yoxdursa, başlamağa ehtiyac varmı?

- Dialoq həmişə olmalıdır. Bizim vətəndaş cəmiyyəti ilə dialoqumuz həmişə var, bütövlükdə harmoniya mühitində fəaliyyət göstəririk. Bu gün elə bir hal yoxdur ki, QHT-ləri narahat etsin, amma o məsələ ilə bağlı bizim dövlət qurumları, konkret QHT-lərə Dövlət Dəstəyi Şurası ilə dialoqda olmasın. Mən bu təşəbbüsü həmişə dəstəkləmişəm, indi də dəstəkləyirəm.  Biz bu dialoqun müxtəlif mexanizmlərini fikirləşib tapmışıq. Keçən ilin dekabrında QHT-lərlə bağlı qanuna əlavə və dəyişikliklər edildi. Bundan narazı qalan QHT-lərlə görüşümüz oldu. Milli Məclisdən, Ədliyyə Nazirliyindən, QHT-lərə Dövlət Dəstəyi Şurasından olan nümayəndələrlə narazı QHT təmsilçiləri arasında çox maraqlı, səmimi, konstruktiv keçən görüş iki saatdan çox davam etdi. Nəticədə biz hüquq və monitorinq komissiyası yaratdıq. Bu komissiyaya müxtəlif tərəflərin nümayəndələrini, şuranın üzvlərini və beynəlxalq təşkilatları dəvət etdik.

Onlar çox yaxşı işləyirlər, QHT-lər istiqamətində yaranmış bir neçə problemin həllinə nail olublar. Bank sektorunda bu gün QHT-lərə münasibətdə qanunauyğun olmayan bəzi tələblərin irəli sürülməsini, yersiz sənədlərin istənilməsini aradan qaldırmaq üçün məsələ qaldırıblar, təklif də göndəriblər. Şəxsən bu komissiyanın rəyini nəzərə alaraq Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova məktubla müraciət etmişəm. O məktubun icrası ilə bağlı müsbət nəticələr var. Başqa bir mövzu gündəmə gələrsə, hesab edirəm ki, həmin məsələnin də müzakirəsi ilə bağlı heç bir problem yoxdur.

Xatırlatmaq istəyirəm ki, 2012-ci ilin iyul ayında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da dialoq təşəbbüsü ilə çıxış etdi. Biz həmin vaxt dialoqun təşkil olunmasına kömək etdik. Hökumətdən narazı olan, gündəmdə müəyyən ciddi iradlarla öz fəaliyyətlərini sərgiləyən bütün QHT-lərin iştirakı ilə maraqlı diskussiyalar keçdi. Təkliflər öyrənildi, bəziləri nəzərə alındı, icra prosesindədir. İstənilən halda dialoq həmişə lazımdır, cəmiyyətdə dialoq qaçılmazdır. Bizim də bu istiqamətdə mövqeyimiz həmişə müsbət olacaq.

- Qeydiyyatsız QHT-lərin problemi nə yerdə qalıb? Yen bir mexanizm yaradılması, ümumiyyətlə bu durumun aradan qaldırılması üçün hansı işlər görülməlidir?

- Bu bizim ən zəif cəhətlərimizdən biridir. Burada qanunvericilik sahəsində bəzi məsələlərin təkmilləşməsinə də ehtiyac var. Çünki qanunvericilik QHT-lərin mütləq şəkildə qeydiyyata alınmasını tələb etmir, onlar qeydiyyatsız da fəaliyyət göstərə bilər. Digər bütün fəaliyyətlər, maliyyə fəaliyyətləri bankla həyata keçirilməlidir. Bankla həyata keçirmək üçün müəyyən rekvizitlərə sahib olmaq lazımdır. Bu rekvizitləri əldə etmək üçün isə hüquqi şəxs olmamız lazımdır. Müəyyən boşluqlar var, bunların aradan qaldırılması üçün ciddi düşünməliyik. QHT-lərin bununla bağlı təklifləri varsa, çox istərdim həmin təklifləri bizimlə bölüşsünlər, məsələni dövlət qurumları ilə müzakirə edək.

- İndiyə qədər müzakirə etmisinizmi? Hökumətin mövqeyi necədir?

- Milli Məclisin hüquq və dövlət quruculuğu komitəsində Əli Hüseynli ilə müzakirəmiz olub. İkimiz də eyni mövqedəyik ki, məsələ həqiqətən ətraflı müzakirə edilməli, bəlli bir çıxış yolu tapılmalıdır. Ona görə QHT-lər öz təkliflərini versələr, məsələni ətraflı müzakirə edə bilərik.

- Yaxın müddətdəmi?

- Müddətdən asılı olmayaraq təklif etsinlər, biz onu müzakirə edə bilərik.

- Azay müəllim, Avropa Şurasının Nazirlər Komitəsi ilə bağlı məsələyə qayıtmaq istəyirəm. Bu, nüfuzlu bir qurumdur. Yəqin ki, beynəlxalq ictimaiyyətin də bizdən müəyyən məsələlərin həllində gözləntisi var. Sizcə, iradə varmı buna?

- Mən Avropa Şurası Parlament Assambleyasında təmsil olunmadığıma görə oradakı mətbəxdə nələr, hansı gözləntilər var, tələblər nədir, deyə bilmərəm. Sizə dediklərim ümumi xarakterli bir yanaşmadır. Amma bir şeyə əminəm ki, prezident Azərbaycanın beynəlxalq qurumlarda təmsilçiliyinə və Azərbaycan xalqının ləyaqətlə beynəlxalq qurumlarda öz yerini tutmasına çox önəm verir. Heç şübhə etmirəm ki, Nazirlər Komitəsinə sədrlik dövründə prezident bu istiqamətdə indiyə qədər apardığı işi, siyasəti daha ciddi, prinsipial şəkildə davam etdirəcək. Dövlətimizin bir istəyi var, hamı bizə bərabərhüquqlu partnyor kimi yanaşmalıdır. Hər hansı xırda problemləri böyüdərək təzyiq kimi Azərbaycana yönləndirməməlidir. Kimsə Azərbaycanla dostyana, dialoq formasında danışırsa, məsələləri səmimi şəkildə müzakirə etmək istəyirsə, bu müzakirədə ortalığa çıxan istənilən məsələnin həlli də mümkündür. Yox, kimsə Azərbaycana nəsə diktə edəcək, öz gündəliyini sırıyacaq, öz iradəsini qəbul etdirməyə cəhd göstərəcəksə, bunların heç bir faydası yoxdur. Tarix bunu artıq sübuta yetirir. Avropa Şurasında hər hansı məsələnin həlli ilə bağlı narahatlıq varsa, bunun ən yaxşı yolu dialoq və müzakirələrdir, konstruktiv yanaşmadır.

- Bu, Qarabağ münaqişəsinin həlli prosesinə yeni bir çalar verə bilərmi?

- Biz mötəbər quruma rəhbərlik edəndə çox böyük alicənablıq göstərib öz milli məsələlərimizlə bağlı normadan artıq fəaliyyət göstərmirik. Beynəlxalq təşkilatlar da bunu çox yüksək qiymətləndirir. Anlayırlar ki, Azərbaycan həqiqətən alicənab ölkədir, mandatından heç vaxt sui-istifadə etmir. Amma şübhəsiz ki, Azərbaycan bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsini heç vaxt unutmur. Bu dövr ərzində AŞPA-da Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyətini canlandırıb konkret olaraq AŞPA-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin icra vəziyyətini gündəmə gətirsək, hesab edirəm ki, minimum tələbləri yerinə yetirərik. İstənilən halda biz ATƏT-də, AŞPA-da, BMT-də bu məsələləri qaldırırıq. Xüsusilə Ukraynada baş verən hadisələrdən sonra çox ciddi gözləntilərimiz var. Hesab edirik ki, Rusiyaya sanksiya tətbiq edənlər, işğalçını adı ilə göstərənlər, Ukraynanın ərazi bütövlüyünü pozanlara qarşı addım atanlar Ermənistanla da eyni şəkildə davranmalıdır. Dünya bilməlidir ki, artıq Ermənistanı sülhə məcbur etməyin, torpaqları azad etməyin, ermənilərin dəstəklədiyi separatçılara yolunu və yerini göstərməyin vaxtı çatıb. Əks təqdirdə, gözəl başa düşürlər ki, artıq Ukraynadan sonra başqa presedentin baş verməsi Avropa üçün fəlakət olacaq. Biz ümid edirik ki, həm Minsk qrupu, həm digərləri bu məsələni mütləq şəkildə nəzərə almalıdır.

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna müsahibəsi qalmaqala səbəb olub. Sizcə, səfir nə demək istəyirdi və niyə indi deyir bunları?

- Səfirin fikirləri qəbuledilməzdir. Biz heç bir halda onun dediklərini qəbul edə bilmərik. Əvvəla, səfir bəzi radikal qrupları hərəkətə keçməyə sövq edən fikirlər səsləndirir. Xüsusən də Ukraynadakı Maydan hərəkatını misal göstərərək Azərbaycanda uzun illər mövcud olan ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş müəyyən işarələr edir, ifadələr işlədir. Hesab edirəm ki, bir səfirin müstəqil bir dövlətin daxilində qarşıdurma yarada biləcək bəyanatlar səsləndirməsi yolverilməzdir.

İkincisi, səfirin Azərbaycan hakimiyyətinin monolit olmaması haqda fikirləri də doğru deyil. Çünki prezident İlham Əliyev çox çevik və güclü bir komandaya malikdir. Bu komanda cənab prezidentin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarını tam şəkildə təmin edir. Prezident lazım bildikdə komandada dəyişiklik edir. Əgər komandanın hansısa üzvü günün tələblərinə cavab vermirsə, cənab prezident müstəqil şəkildə qərar qəbul edir. Ona görə də hazırda mövcud olan bu sabitlik Azərbaycanın dostları tərəfindən də qiymətləndirilir və təqdir olunur. Tam əksinə, ABŞ Azərbaycandakı sabitliyin davam etməsində maraqlı olmalıdır. Çünki fakt ondan ibarətdir ki, ABŞ bölgədəki mövqeyini kifayət qədər zəiflədib. Postsovet məkanında artıq digər ölkələrin, konkret olaraq Rusiyanın təsir dairəsi böyüyür. Azərbaycan isə müstəqil siyasət aparan, həm Qərblə, həm də qonşuları ilə münasibətdə qarşılıqlı maraqlara söykənən yeganə dövlətdir. ABŞ belə bir ölkə ilə bağlı çox dəqiq siyasət yürütməlidir, Azərbaycanı tam şəkildə dəstəkləməlidir, Azərbaycanın daxili işlərinə qarışmadan, sabitliyinə zərər vurmadan tərəfdaşlığı davam etdirməlidir.

Üçüncüsü, əvvəllər də Azərbaycanın daxili sabitliyini, daxili monolitliyini pozmağa cəhdlər olub, amma həmin cəhdlərin hamısı uğursuzluğa düçar olub. Azərbaycan prezidenti öz siyasəti və uzaqgörənliyi ilə belə cəhdlərin qarşısını alıb. Belə cəhdlər eyni zamanda ictimaiyyətdə ciddi narazılıq doğurur. Ona görə də Azərbaycanın daxili sabitliyini, monolitliyini pozmaq istəyənlər, buna cəhd göstərənlər keçmişin dərslərindən nəticə çıxarmalıdırlar. Hesab edirəm ki, ABŞ səfiri verdiyi bəyanata təkrar baxacaq və narazılıq yaradan ifadələrində ciddi korrektələr edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31