Azay Quliyev: “Xalq diplomatiyası” heç də xalqın, dövlətin milli maraqları əleyhinə getmək demək deyil”
“Bəzi QHT-lər həm hesabatlarında, həm də fəaliyyətlərində şəffaflığa riayət etmirlər”
15 May 2014 17:04 MüsahibəMillət vəkili, Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin müsahibəsi:
- Azay müəllim, üstündən bir müddət keçsə də, parlamentin son iclasında baş vermiş bir məsələyə münasibətinizi öyrənmək istərdik. Həmin iclasda "Leyla Yunus məsələsi" və Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatının son hesabatı ilə bağlı müzakirələr zamanı çıxışınızdan sonra spiker Oqtay Əsədov sizə, rəhbərlik etdiyiniz quruma qarşı iradını bildirdi. Siz spikerin məlum iradı ilə razılaşırsınızmı?
- Hesab edirəm ki, bu, irad deyil, sadəcə o, bir fikir idi ki, Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatlarına hərtərəfli dəstək verir, onlara bütün hüquqi, siyasi, mənəvi, təşkilati, texniki şəraiti yaradır, ancaq reallıq odur ki, bu qədər dəstəkdən sonra niyə axı onlar bu qədər qanunsuz hərəkətlərə yol verirlər. Yəni, onlar həm hesabatlarında, həm də fəaliyyətlərində şəffaflığa riayət etmirlər. O baxımdan da hesab edirəm ki, bu fikirdə həqiqət var. Biz də məhz bu şəffaflığı təmin etmək üçün son dövrlər qanunvericiliyə bir sıra ciddi dəyişikliklər etdik. Düşünürəm ki, bu dəyişikliklər indi kifayət qədər imkan verir ki, məhz bu cür pozuntuların qarşısı alınsın. Eyni zamanda, təəssüflər olsun ki, bütün qeyd olunan qanun pozuntuları yeni əlavə və dəyişikliklərdən əvvəl baş tutan qanun pozuntularıdır. İndi mövcud qanunvericilikdə bu məsələ kifayət qədər şəffafdır, açıqdır və imkan vermir ki, bu cür boşluqlardan istifadə edib bəzi QHT-lər sui-istifadəyə yol versinlər. "Kimə icazə verilir ki, istədiyi vəsaiti istədiyi yerə alıb xərcləsin, heç bir hesabat verməsin və hətta, bu vəsaiti bir çox hallarda Azərbaycanın maraqlarını əleyhinə yönəltsin?"
- MM-dəki məlum müzakirələrdən sonra QHT-lərlə bağlı qanunvericiliyə növbəti sərtləşdirici dəyişikliklərin edilməsi ehtimal olunandırmı? Eyni zamanda, hakimiyyət tərəfindən sərt tənqid hədəfinə çevrilən bəzi hüquq-müdafiə təşkilatları, hüquq müdafiəçiləri, eyni zamanda, "xalq diplomatiyası" missiyası ilə məşğul olduqlarını bildirən QHT-lər, onların təmsilçiləri ilə bağlı hüquqi müstəvidə hansısa sərt addımların atılması gözləniləndirmi?
- Əvvəla, bildirmək istəyirəm ki, Azərbaycan insan haqları, vətəndaş cəmiyyəti quruculuğu, qanunun aliliyi ilə, hüquqi islahatlarla bağlı üzərinə götürdüyü işləri yüksək səviyyədə həyata keçirir və indi də proseslər bu istiqamətdə uğurla getməkdədir. Eyni zamanda, Azərbaycan ona görə bunları etmir ki, kiminsə xoşuna gəlsin. Cənab Prezident hüququ çox gözəl bilir və onun çox yaxşı bir fikri var ki, "biz bu islahatları öz vətəndaşlarımız üçün aparırıq. Hüquqi dövləti, vətəndaş cəmiyyətini Azərbaycan millətinin, dövlətinin maraqları naminə edirik. Bunu kənardan kiminsə tövsiyəsi, yaxud da, kiminsə basqısı ilə etmirik". Ona görə hesab edirəm ki, bu məqamdan sui-istifadə edilməməlidir. Çünki ortada faktlar var. Əgər kimsə dövlətə xəyanətdə ittiham olunursa, kimsə bu gün bizimlə düşmən olan bir ölkə ilə əməkdaşlıq edirsə, bu əməkdaşlıqdan da yalnız və yalnız erməni tərəfi qazanırsa, burada Azərbaycanın milli maraqları tapdalanırsa, Azərbaycan qanunları pozulursa, o zaman Azərbaycan istənilən, dünyada mövcud olan normal dövlət kimi buna öz adekvat qiymətini, buna ciddi reaksiyasını verməlidir. Bunun insan haqlarının pozulması ilə, basqı-təzyiq filanla heç bir əlaqəsi yoxdur. Axı, kimə icazə verilir ki, qanundan kənar fəaliyyət göstərsin? Kimə icazə verilir ki, istədiyi vəsaiti istədiyi yerə alıb xərcləsin, heç bir hesabat verməsin və hətta, bu vəsaiti bir çox hallarda Azərbaycanın maraqlarını əleyhinə yönəltsin? Məgər Amerikada buna icazə verərdilərmi? Avropanın hansı ölkəsində buna icazə verərdilər? Amerikanın, Avropanın inkişaf etmiş istənilən ölkənin, yaxud da istənilən özünə hörmət edən müstəqil dövlətin heç bir təmsilçisi, məsul nümayəndəsi, dövlət adamı və ya onun qanunlarının icrasına nəzarət edən qurum imkan verməz ki, öz ölkəsində kimsə bu qanunları pozsun. Ona görə də buna hüquqi verilməlidir və buna hüquqi müstəvidə yanaşılmalıdır. Amma eyni zamanda mən gözləyirəm ki, bununla bağlı bir sıra özünü, belə demək mümkünsə, "hüquq müdafiəçiləri" adlandıranlar, yaxud da kimlərinsə "haqqını qoruyanlar" bəyanat versinlər və ya verəcəklər. Bunlarınsa heç bir əhəmiyyəti yoxdur. Azərbaycan hər bir məsələni, yenə deyirəm, açıq, şəffaf şəkildə və milli maraqlarını qorumaq naminə edir. Azərbaycanın milli maraqları nəyi tələb edirsə, o da olacaq. "Əgər kimsə gedib "xalq diplomatiyası" adı altında Ermənistanda özü üçün kef məclisləri düzəldəcəksə, orada Azərbaycanın maraqlarına uyğun olmayan hərəkətlərə yol verəcəksə, orada bütün hallarda konfliktdən, işğalın nəticələrindən kənar məsələləri müzakirə edəcəksə, bunun Azərbaycana heç bir faydası olmayacaq"
- "Xalq diplomatiyası" ilə məşğul olduqlarını bildirənlər tez-tez deyirlər ki, əgər bu missiya pisdirsə və ölkənin maraqlarına ziddirsə, o zaman niyə bəzi iqtidaryönlü insanlar da bu prosesə qatılır, yaxud onlar niyə bu və ya digər tədbirlərdə ermənilərlə təmas qurur, Ermənistanda keçirilən toplantılarda iştirak edirlər...
- Bunlar çox səhv, yanlış fikirlərdir. "Xalq diplomatiyası" ilə müəyyən beynəlxalq təşkilatlar çərçivəsində ermənilərlə təmasları qarışdırmaq olmaz. Eyni zamanda, "xalq diplomatiyası" ilə bağlı da fikirlərimi mən mətbuatda dəfələrlə açıqlamışam. Bir daha demək istəyirəm ki, "xalq diplomatiyası" heç də xalqın, dövlətin milli maraqları əleyhinə getmək demək deyil. "Xalq diplomatiyası" konkret olaraq Ermənistanla bağlı həyata keçirilirsə, bu fəaliyyətin konkret bir çərçivəsi, gündəmi olmalıdır. Hesab edirəm, indiki halda biz Ermənistanla yalnız və yalnız bir məsələni müzakirə edə bilərik. Yəni, necə edək ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdən çıxarılsın? Necə edək ki, Ermənistanın rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etsin? Əgər bununla bağlı Ermənistanda bir ağıllı, praqmatik QHT tapılarsa və bu məsələlərdə müzakirə aparmaq istəyib, bu məsələnin çözümünə töhfə vermək istərsə, mən şəxsən bu diplomatiyanın tərəfdarıyam. Yox, əgər kimsə gedib "xalq diplomatiyası" adı altında orada özü üçün kef məclisləri düzəldəcəksə, orada Azərbaycanın maraqlarına uyğun olmayan hərəkətlərə yol verəcəksə, nə bilim folklor qruplarını, nə bilim ansambl, rəqs qruplarını aparıb orada bütün hallarda konfliktdən, işğalın nəticələrindən kənar məsələləri müzakirə edəcəksə, bunun Azərbaycana heç bir faydası olmayacaq. Əksinə ermənilər bundan sui-istifadə edəcəklər, necə ki edirlər və bütün dünyaya göstərirlər ki, baxın Azərbaycan ictimaiyyəti ilə Ermənistan ictimaiyyətinin heç bir problemi yoxdur. Onda heç Qarabağ deyilən bir problem də yoxdur. Bax, heç bura gəlirlər, yeyirlər-içirlər, rəqs edirlər, oynayırlar, deyirlər-gülürlər, gedirlər, elə bu problemi yaradan Azərbaycan dövlətidir ki, münaqişənin sülh yolu ilə həllinə imkan vermir və sair. Baxın, görün burada da erməni propoqandası və erməni təbliğat maşını bundan istifadə edir. O ki qaldı beynəlxalq platformada iştiraka, yenə deyirəm, bunlar fərqli-fərqli şeylərdir. Məsələn, mən 2012-ci ildə ATƏT Parlament Assambleyasının tədbiri çərçivəsində Yerevana getmişdim. Bizim orada təxminən iki günə yaxın görüşlərimiz oldu...
"Torpaqlarımız işğaldan azad edilsin, qətnamələr yerinə yetirilsin, münasibətlər tənzimlənsin, işğal nəticələri aradan qalxsın, ondan sonra kim gedir, nə istəyir, özü bilər..."
- Səhv etmiriksə, Ermənistan prezidenti ilə də görüşünüz olmuşdu?
- Bəli, olmuşdu, ancaq Serj Sarkisyanla görüşümüz, təəssüf ki, mətbuata açıq olmadı. Orada bizim əsas mövqeyimiz Sarkisyanı işğalda ittiham etmək idi.
Ərazilərimizdən niyə çıxmadığını, niyə BMT-nin qərarlarını yerinə yetirmədiyini onun üzünə demək idi. Yaxud da Ermənistan parlamentdəki çıxışımı götürək, həmin çıxışımı yəqin ki, hamınız görmüsünüz YouTube-da. Mən həmin çıxışımda bir daha açıq şəkildə Ermənistanı işğalçılıqda ittiham etdim və qeyd etdim ki, Ermənistan nə qədər ki Azərbaycan torpaqlarını işğaldan azad etməyibsə, bir milyondan çox insan yurd-yuvasına qayıtmayıbsa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyibsə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Bunları dilə gətirmək hesab edirəm ki, mənim millət vəkili kimi borcum idi. Mən gedib orada Ermənistanla nə bilim, bunların dediyi kimi, dolmadan, kababdan, yeməkdən, içməkdən, rəqsdən, filandan danışmadım. Mən Azərbaycanın mövqeyini orada birbaşa Ermənistanın parlamentindən, onun tribunasından istifadə edərək Ermənistan ictimaiyyətinə çatdırdım. Və yaxud da başqa bir misal çəkim. Həmin tədbir zamanı getdik gördük ki, orada "Dağlıq Qarabağ Respublikası"nın adına ayrıca bir masa düzəldiblər. Bunu görən kimi dərhal "Dağlıq Qarabağ Respublikası" sözü yazılan lövhəni çıxartdırdıq. Bu, bilirsiniz, nə qədər böyük bir, ciddi bir məsələdir. Bəli, "xalq diplomatiyası" ilə məşğul olduqlarını iddia edən bəziləri, yəni, Leyla Yunus kimiləri gedib belə edəcəklərsə, mən onlara "afərin" deyəcəyəm. Yox, gedib orada bilinməyən, yəni, heç bir məramı bəlli olmayan, yenə deyirəm, yalnız və yalnız ermənilərin mənafeyinə uyğun fəaliyyət sərgiləyəcəklərsə, buna "xalq diplomatiyası" deyil, bunu xalqa xəyanət kimi qiymətləndirmək lazımdır. Bu mövqe də o vaxta qədər hakim olacaq ki, Azərbaycan torpaqları işğaldan azad edilməyəcək. Torpaqlarımız işğaldan azad edilsin, qanunlar, qərarlar, qətnamələr yerinə yetirilsin, münasibətlər tənzimlənsin, necə deyərlər, işğal nəticələri aradan qalxsın, ondan sonra kim gedir, nə istəyir, özü bilər... gün.az