“Yazıçı kitab çapı ilə məşğul olmamalıdır”-MÖVQE
Vahid Məmmədli: “Yaradıcılıqla məşğul olan adam gərək onun zirvəsinə qalxmağı da bacarsın...”
3 Avqust 2012 15:23 MüsahibəMən əslində, ondan rayon prokuroru kimi müsahibə götürmək istəyirdim. Lakin yazıçı kimi fikirləri daha maraqlı göründü mənə. Söhbət dünya şöhrətli yazıçımız, ədəbiyyatımıza yeni nəfəs gətirmiş- fəlsəfə doktoru Vahid Məmmədlidən gedir. O Vahid Məmmədlidən ki, Azərbaycan cəmi bir neçə ilin içində onu kəşf etdi və indi onun böyük yazıçı olmasını ədəbiyyatdan az-çox məlumatı olan hər kəs məmnuniyyətlə qeyd edir. Vahid müəllimlə ətraflı tanışlıqdan sonra nədənsə İ.Brodskinin kəlamını xatırladım: "Mən həmişə XIX əsrin yazıçılarına qibtə etmişəm. O kəslərə ki, geriyə baxa bilir, öz həyatlarının, öz inkişaflarının dövrlərini də gözdən keçirə bilirdilər". Fikrimcə, bu deyimi XXI əsrin böyük yazıçısı Vahid Məmmədliyə də şamil etmək olar. Qarabağın məşhur bəylərindən biri Haqverdi bəy Kərimbəyovun nəticəsi olan Vahid Məmmədli əslən Bərdə rayonunun Kərimbəyli kəndindən, müqəddəs Köyəlli Baba nəslindədir. 1965-ci ildə Azərbaycanın Qazax şəhərində anadan olub. 1992-ci ildə Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində çalışıb. Beynəlxalq Prokurorlar Assosiyasiyasının üzvüdür. Hazırda Yardımlı rayon prokurorudur. Vahid Məmmədli Avropa və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiya və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının - "Tunc Allahın yükü", Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" trilogiyasının da müəllifidir. 19 kitabın müəllifi V.Məmmədlinin əsərləri Rusiya, Türkiyə, İngiltərə, Fransa, Avstriya, Almaniya, Yunanıstan, Çexiya, Hindistan, Misirdə və dıgər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan "Cənubi Qafqaz" jurnalında "Vahid Məmmədli "Azərbaycanın pərəstiş olunan yazıçısı"" kimi təqdim olunub. Dünya Azərbaycanlıları mail.ru saytında səsvermə yolu ilə müəyyənləşdirdikləri "Azərbaycanin ən görkəmli şəxsiyyətləri" siyahısında ön yerlərdən birini tutur.
- Yazmaq sizin üçün nədir?
- Vaxtımı boş şeylərə deyil, gözəl əsərlər yazmağa həsr edəndə daxilən rahatlıq tapıram. Mən yaradıcılıqla həmişə ciddi şəkildə məşğul olmuşam, yazmaq mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir. Həm də yaradıcılıqla məşğul olan adam gərək onun zirvəsinə qalxmağı da bacarsın. Hesab edirəm ki, mən də məşğul olduğum yaradıcılıq sahəsində mümkün olanları müəyyən qədər əldə etmişəm. Gənclik illərində ara-sıra şeirlər yazsam da, əsərlərim 2007-ci ildən çap olunur. İlk romanım olan "Tunc mələk" əsərini yazanda qarşıma bir məqsəd qoymuşdum, bu əsər Rusiyada bestseller olmalıdır. Belə də oldu. Əsər 2008-ci ildə "Rus bestselleri" seriyasında "Cəllad tələsməyi sevmir" adı ilə nəşr olundu. Umumilikdə isə bu əsər təkcə Rusiyada 2007-ci ildən bu günə kimi dörd dəfə nəşr olunub. Son dövrlərdə yazdığım "Atropatena" trilogiya-eposu, "Buddanın qayıdışı", "Milanda ölüm", "Bakı-2031" "Müqəddəs Məryəm Ananın Efesə köç etməsi" povestləri, "Qırmızı böyürtkən", "Lacivərd kostyum", "Mən qatarları sevirəm" hekayələrim və digər əsərlərim dünyanın bir çox ölkələrində oxucular tərəfindən maraqla qarşılanıb.
- "Atropatena dastani" əsəriniz hesab edirəm ki, Alban dövrünün əsl dastanıdır. Siz dastan müəllifisiniz. Bu hər yazıçıya qismət olmur. Burda postmodernizmin də elementləri üstünlük təşkil edir. Yazıçı Yunus Oğuz bu əsəri son dövrdə ədəbiyyatımızın ən böyük qələbəsi hesab edir. Siz Albanların da, Atropatın da azərbaycanlıların ulu əcdadları olduqlarını bütün dünyaya bəyan edirsiniz. Məncə belə bir xoşbəxtlik hər yazıçıya qismət olmur. Əsərinizin bu qədər gərəkli olacağına və uğur qazanacağına inanırdınızmı?
- Ümumiyyətlə hər bir insan ya cəmiyyət, ya da özü üçün gərəkli olan işdən yapışmalıdır. Uğura isə nəinki inanırdım, hətta əmin idim. Çünki mən bu əsəri uzun araşdırmalardan sonra yazmağa başladım...
- Azərbaycan yazıçılarından kimləri oxuyursunuz?
- Əgər sıralama aparsaq, Anar, Maqsud İbrahimbəyov, Elçin Hüseynbəyli, Yunus Oğuz və Aslan Quliyevin adlarını çəkə bilərəm. Onların əsərlərini daha maraqla oxuyuram. Gənc postmodernistlərdən xoşuma gələnləri var.
- Yaradıcılıq mühiti və kitab çapı ilə bağlı nə deyə bilərsiniz?
- Açığı, bu sahədəki vəziyyət mənim xoşuma gəlmir. Həm də ən acığım gələn şey odur ki, bəzi müəlliflər 400-500 tirajla kitab çap etdirib sonra qapı-qapı düşüb onları kiməsə bağışlamağa və ya satmağa vaxt sərf edirlər. Amma yazıçı, əslində, kitab çapı ilə məşğul olmamalıdır. Bu mənada, kitabımın çapı məni heç vaxt düşündürməyib. Öz kitabımı həmişə mağazadan alıram. Bizdə oxucu probleminin olduğu barədə daim gileylənirlər. Bunu aradan qaldırmağın bir yolu var, o da yaxşı yazmaqdır.
- Prokuror-yazıçı... Bu təzadı necə qəbul edirsiniz?
- Mən burada hər hansı təzad-filan görmürəm. Əslində, bir prokuror olaraq hadisələri peşəkar yazıçı gözü ilə dəyərləndirməyim qanunun aliliyinin birə on qat üstün tutulmasına gətirib çıxarır. Qanunları pozanlara qarşı daha amansız olursan, hüquqları pozulanlarıın isə hüquqlarını daha ədalətli bərpa etməyə çalışırsan.
- Prokuror kimi qəhrəmanlarınızdan ittiham elədyiniz olubmu?
- Belə şeylər olur. Bəzən görürsən ki, apardığım cinayət işlərinin iştirakçıları əsərimin qəhrəmanlarından biri və ya bir çoxu müəyyən bir əsərin yaranmasına səbəb olur.
- Yazıçı Vahid Məmmədli prokuror Vahid Məmmədlidən razıdırmı?
-Əlbəttə ki, razıdır. Mənim prokuror olmağım yazıçılığıma və ya yazıçılığım prokuror olmağıma hər hansı maneçilik törətməyib.
- Seçim qarşısında qalsaydınız, prokurorluğa, yoxsa yazıçılığa üstünlük verərdiniz?
- Prokurorluğu üstün tutardım. Çünki mən bu sənəti yazıçılıqdan xeyli əvvəl seçmişəm. Hesab edirəm ki, yazıçılıq peşə deyil. Bu Allahın sevdiyi insanlara bəxş etdiyi mənəvi bir missiyadır. Əlbəttə ki, söhbət əsl yazıçılardan gedir. Şöhrət əsiri olub kitab müəllıfi olmaq xatirinə söz yığnağı ilə əlləşən, ət tökən və aşağı səviyyəlı yazarlardan söhbət getmir.
- Yaratdığınız əsərlərinizi övladınız sayırsınızmı?
- Bütün yaradıcı adamlar öz əsərlərinə övladları kimi baxır, o cümlədən də mən.
- Yaradıcılığınızın hansı mərtəbəsindəsiniz?
- Yazıçı kimi özümü lazım olan yerdə hiss edirəm, belə demək mümkünsə, zirvəyə çatmışam.Dünya nəşriyyatları məndən əsər istəyir. Mənim dünyanın hər hansı bir ölkəsində çap olunmaq problemim yoxdur.
- Şöhrət sizin üçün nədir?
- Şöhrət dalınca heç vaxt qaçmamışam. Şöhrət üçün yazanlardan, bir neçə kitab çap etdirib gecə-gündüz bağıranlardan da xoşum gəlmir. Məncə Füzuli, Nizami, Nəsimi kimi babalarımız şöhrətin əsl zirvəsindədirlər. Mənə və müasirlərim olan digər qələm sahiblərinə isə zaman öz qiymətini verməlidir.
- Sizi hamı ədəbiyyatımıza yeni nəfəs gətirmiş bir yazar kimi taniyır. Bir yazıçı olaraq ilk dəfə azərbaycanlı qəhrəmanı Azərbaycan mühitindən ayırırb dünya miqyasına çıxartdınız. Tunc mələyi sevənlər Azərbaycanı sevirlər. Eyni zamanda, tarixən "Dədə Qorqud" və "Koroğlu"dan da qədim olan "Atropatena dastanı" yeganə müasir dastan nümunəsidir. Burada Albaniya və Atropatena dövrünün hadisələriı öz əksini tapıb. Maraqlı magiyalar və sehrlərlə, yeni nağıl və fantastik qəhrəmanlarla, macəra, detektiv və döyüş səhnələri ilə zəngindir. Bu qədər yeniliyə imza atmaq xeyli vaxt və istedad tələb edir. Yazıçı Vahid Məmmədlidən daha hansı yenilikləri gözləyə bilərik?
- Əgər lazımi şərait yaradılsa, dünya ekranlarına çıxarıla biləcək və həqiqi mənada milyonların qəlbınə yol tapacaq filmlər üçün senarilər də yazmaq olar. Vaxtilə görkəmli rejissorumuz V.Mustafayev mənə birgə filmlər çəkmək üçün xaricdə Produsser Mərkəzi yaratmağı təklif etmişdi. Əlbəttə ki, V.Mustafayev bu filmlərin böyük uğur qazanacağından əmin idi. Vaxtı çatanda bununla da ciddi məşğul olmaq olar.
- "...Bəs görən, Vətənə səfərini yaxını qoyub da Tunc Mələk niyə belə uzaqlardan başlamış, üstəlik də gerçək savaşlar yox, fentezi qanadlarında? Bunu Vahid Məmmədlidən sormağım gəlir də, amma ürək eləmirəm". Bəlkə T.Əlişanoğlunun "Tunc Mələyin Azərbaycan səfəri" adlı yazısında Sizə ünvanladığı bu sualına cavab verəsiniz?
- Mən Tunc Mələyin azərbaycanlı olmasını bütün əsərlərimdə qeyd eləmişəm. Qəhrəmanımı dünya oxucusuna məhz azərbaycanlı kimi tanıdıb sevdirməkdə məqsədim yalnız Azərbaycanı dünyaya tanıtmaqdan ibarət olub. Əslində, Tunc Mələyin yüksək intellektə, incə zövqə malik olması, xarici və daxili aləminin mükəmməlliyi, mərd, xeyirxah və insanpərvər olması dünya oxucusuna azərbaycanlıların məhz bu xüsusiyyətlərə malik olmasını sərgiləməkdir. Onun məhz bu üstünlüklərini nəzərə alaraq yazmışdım: bu dünyada heç kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər... Tunc Mələk həm də, dünyanın tanınmış detektiv əsərlərinin qəhrəmanları olan Şerlok Holms, Puare, Komissar Meqre, Ceyms Bond, Rusiyada Erast Fandorin, Dronqo kimi qəhrəmanların sırasında duran ilk azərbaycanlıdır. Yadımdadır, o zaman Rusiya nəşriyyatı əsərimin qəhrəmanı Tunc Mələyin heç olmasa, anasının rus olmasını qeyd etməyimi məndən xahiş edirdi. Mən onlarla razılaşıb dedim: "Kaş ki, dünyada olan bütün qəhrəmanların heç olmasa ataları azərbaycanlı olsun". - "İlham pərisi" gələndə nə edirsiniz? - Bu, ovqatla bağlıdır. Yazıçı yaxşı ovqata köklənəndə yaxşı əsərlər də yaradır. Sizin dediyiniz "ilham pərisi" gələndə mən bir romanı 15 günə də yaza bilərəm.
Xanoğlan Əhmədov