Yeni dövlət qurumları üçün maliyyə əsaslandırılması tələbi gücləndirilir

Ştat vahidləri və maaşlar maliyyə ekspertizasından keçiriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Agentliyin və Mərkəzin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirəcək və onların optimallaşdırılması üçün tədbirlər görəcək. Maraqlıdır, yeni yaradılan qurumda ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizası hansı qaydada aparılacaq və belə bir ekspertizanın aparılması hansı zərurətdən doğur? Məsələ ilə bağlı Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla söhbətləşdik. 

- Zahid müəllim, əvvəlcə ondan başlayaq ki, dövlət başçısının Fərmanında nəzərdə tutulan "ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizası" özündə nəyi ehtifa edir?
- Əslində yeni yaradılacaq institutda ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasının aparılması elə Fərmanda anlaşılan şəkildə yazılıb. Əsas məsələlərdən biri həm idarəetmənin təkmilləşdirilməsi, həm dövlət qurumlarının fəaliyyətinin idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ən əsas vacib məsələlərdən biri də "Dövlət müəssisələrinin səmərəli idarə edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin Fərmanı ilə bağlıdır. Həmin Fərmanın 3.7 bəndində  yazılırdı ki, yeni qurumların strukturu, ştat vahidləri, əməkhaqqı sistemləri maliyyə ekspertizasından keçirilsin və onların optimallaşdırılması üçün tədbirlər görülsün. Bu çox vacib məsələ idi. Əməkhaqqı sistemi və ştat vahidlərinin maliyyə ekspertizası günün tələbidir. Məlumdur ki, son vaxtlar yaradılmış publik hüquqi şəxslər olsun, digər müəyyən qurumlar olsun, çox böyük ştat vahidləri barədə şişirtmələr edirlər. Zaman-zaman mətbuatda əməkhaqqı ilə bağlı xoş olmayan məlumatlar yayılır. Söhbət əsassız yüksək maaş sistemindən gedir. Bəzi hallarda rəhbərliyin maaşı dəfələrlə artır, fəhlə və qulluqçuların maaşı isə 2-3% nisbətində olur. Təsəvvür edib, rəhbərin son beş ildə maaşı beş dəfə artıb, fəhlə və qulluqçunun maaşı 1% belə artmayıb. Bu baxımdan maliyyə yükünün qiymətləndirilməsi, ştat vahidlərinin müəyyənləşdirilməsi günün tələbidir və Fərman çox təqdirəlayiq. 
- Zahid müəllim, necə hesab edirsiniz, belə bir qərarın verilməsi hansı zərurətdən yarandı?
-Bu, əlbəttə, ilk növbədə optimallaşdırma ilə bağlıdır. Verilən qərar nəticəyönümlü olmalıdır ki, yaradılan hər bir təşkilatın da bir nəticəsi olsun. Bir-birini təkrarlayan qurumlar var, bunları aradan qaldırmaq lazımdır. Və dediyim kimi, burada ştat vahidlərinin maliyyə ekspertizası, maliyyə yükünün qiymətləndirilməsi çox vacibdir. Ştat sayı funksional ehtiyaca cavab verirmi? Təkrarlanan, artıq vəzifələr varmı? Bunlar monitorinq olunmalıdır. Siz təsəvvür edin ki, nə qədər müavinlər,  agentliklər, idarə heyətləri var... Çoxdur, həddindən artıq çox. Hələ təzə bir şey fikirləşiblər: direktor var, bir də icraçı direktor. Belə şeymi olur? Baş direktor o zaman olur ki, bunun bir neçə regional direktorları olsun. Bu, baş ofisdə baş direktordur, bir dənə özüdür, baş direktordur. 
Monitorinq aparılmalıdır ki, mövcud struktur, ştat vahidi büdcəyə uyğun qurulubmu? Bir ştat vahidinin məhsuldarlığı nə qədərdir? Və bu ştat vahidləri ilə nəticə əlaqəsi ölçülməlidir. Struktur, xərclər balansı qurulur və bununla bağlı təhlillərin aparılması vacib şərtdir. Tarif sistemi, maaş şkalası, bonus əlavələri... Mən elə təşkilatlar tanıyıram ki, orda onların aldığı bonuslar illik maaşından dəfələrlə çoxdur. Ümid edirəm ki, Maliyyə Nazirliyi bununla bağlı aparılan müvafiq araşdırmanın nəticəsi olaraq ictimaiyyətə açıqlama verəcəkdir. Maaş sistemi motivasiya yaradırmı? Eyni vəzifələr üzrə maaş fərqləri varmı? Maaş fondu büdcənin neçə faizini tutur? Və əlbəttə bunların məqsədi var. Məqsəd xərcləri aşkar etmək, əlavə xərcləri, işlərin optimal bölgüsünü təmin etmək,  performansa əsaslanan maaş modelini qurmaq, büdcə dayanıqlığını qorumaq və strateji kadr planlaşdırmasını yaxşılaşdırmaqdır. 
-Ekspertiza nəticəsində adətən nələr əldə edilir, hansı nəticələr əldə etmək mümkün olacaq? 
-Maliyyə ekspertizası zamanı əsasən ştat optimallaşdırılması olacaq. Bu zaman maaş şkalasının yenilənməsi, elmi əsaslı əməkhaqqı modeli və struktur dəyişiklik planı hazırlanır. Və ştat vahidləri, əməkhaqqı sisteminin maliyyə ekspertizası, təşkilatın insan resursları strukturunun, maaş mexanizminin maliyyə səmərəliliyinin, ədalətliliyinin və strateji uyğunluğunun qiymətləndirilməsi həyata keçirilir. Ekspertizasının aparılması ilk dəfədir ki, bu fərmanda əksini tapıb. Mən ümid edirəm bununla bağlı hələ çox çalışmalar olacaq.
Rəqəmsal maliyyə informasiya sistemi haqqında cənab prezidentin fərmanı var. Yəni, artıq maliyyə vəsaitlərinin idarə olunması, onun təyinatı, istifadəsi haqqında ciddi işlər gedilməsi vaxtıdır. Çox vacib məslədir dövlət maliyyə vəsaitlərinin qorunması, onların istifadəsi. Əlbəttə, bu yeni yanaşmadır, yeni paradiqmadır.
Əskidən Türkiyədə bir misal var idi- "dövlət malı dənizdir" söyləyirdilər. Əslində  dənizi qorumaq lazımdır. Yəni, dəniz vəsaitini, o çəkilən zəhməti, qoyulan vəsaiti, bir sözlə, dövlətin vəsaitini qorunmaq lazımdır.  
Mən düşünürəm ki, bu sahədə ən əsas məsələlərdən biri xidməti maşınlarla bağlıdır. Hesab edirəm ki, xidməti maşınların da maliyyə ekspertizası aparılmalıdır. Xidməti maşınlara, yaxud onların benzinlərinə nə qədər pul ayrılır? Biz bəzən deyirik ki, hansısa rəhbərin maaşı bu qədərdir. Bəs bunun gəzdiyi maşını niyə demirsən? Axı bu elə bir maşında gəzir ki, buna nə qədər xərclər çəkilir. Onun maşınına biz dörd dənə əməkdaş saxlaya bilərik. Və o maşın effektivdirmi? Bəlkə o maşın yerinə başqa texniki vasitələrin alınmasına sərf edək?
Bilirsiniz, maşınlar həddindən artıqdır və nədənsə kim gəlir, birinci maşının alınmasına zaman ayırır, maliyyə yükü ayırır. Əlbəttə, bunlara yenidən baxılmalıdır. Ümid edirəm bu aparılan maliyyə ekspertizasında xidməti maşınların sayı araşdırılar, müəyyənləşdirilər, həm də sui-istifadələrin qarşısı alınar. Çünki mən monitorinq aparmışam, xidməti maşınlar həddindən artıq çoxdur. Bunlara elə bir ehtiyac yoxdur. Yəni xidməti maşına nə ehtiyac var? Bunları mən başa düşə bilmirəm.
 Rəqəmsal iqtisadiyyatda maşınların sayı azalmalıdır. Əvvəllər rəhbər şəxs gedirdi iş prosesini özü görmək üçün, artıq internet vasitəsilə təqib edirsən də zavodu da, fabriki də. Hər şeyə baxırsan da, xidməti maşına nə ehtiyac var? Tibbi əməliyyatı bu gün Amerika, Kanadadan Bakıya gəlmədən edirlər. Həkim ordan qoşulur Zoom-la, deyir bunu belə eləyin, onu elə eləyin. 
-Zahid müəllim, necə hesab edirsiniz, nəzərdə tutulan maliyyə ekspertizası dövlət vəsaitinin səmərəli idarə olunmasına səbəb olacaqmı?
-İndi bu sistem yeni başlayıb, Fərmanda yeni əksini tapıb. Ümid edirik ki, bunun bir nəticəsi olacaq. Maliyyə ekspertizaları aparılacaq və yaranacaq qurumlarda bu həyata keçiriləcək. Bu çox gözəl bir yenilikdir və nəticəyönümlü olmasına inanırıq. Ümid edirik ki, əmək haqları ilə bağlı da aparılan maliyyə ekspertizasında nəticələr üzə çıxacaq. Bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası var idi, maaşı bilirsiniz nə qədər idi. Əlbəttə, belə şeylər eşidirik. Deməli bəzi hallarda eşidirik ki, şirkətlər, müəssisələr zərərlə işləyir, özləri isə mənfəətlə işləyir. Maraqlıdır, şirkət zərərlə işləyir, özləri mənfəətlə. Belə şey ola bilməz axı. Yəni nəticəyönümlü olmalıdır. Yəqin ki, bütün bunlar  barədə araşdırmalar aparılacaq. Ümid edirəm ümumiyyətlə maliyyə ekspertizası, maliyyə yükü mövzularında Maliyyə Nazirliyi tədqiqat işlərinin genişləndirilməsini təşviq edəcək. Bununla bağlı çox böyük tədqiqatların aparılmasını sifarişçi olar və gözəl nəticələr əldə edərik. Beləliklə, əvvəl maliyyə əsaslandırılması, sonra genişləndirmə prinsipi tətbiq ediləcək. Fərman yeni qurumların büdcəyə əlavə yük yaratmadan daha rosianal fəaliyyət göstərməsini hədəfləyir.  
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31