Uşaq jurnallarının acınacaqlı taleyi... - MÜSAHİBƏ
Gülzar İbrahimova: “Bəzən üz qabığına uşaq rəsmləri vurulan jurnalların içindən böyüklər üçün mövzular çıxır”
28 Noyabr 2013 15:06 MüsahibəBugünki gənclərin mütialə etməməsindən şikayətlənən çoxdur. Mütəxəssis və psixoloqlar hesab edir ki, insanlara mütailə adətini, mədəniyyətini uşaqlıqdan aşılamaq lazımdır. Uşaq marağı hədsizdir. Hər bir maraqlı məqam diqqətlərindən yayınmır. Onlarda kitaba maraq yaratmaq üçün uşaq nəşrlərinin rolu danılmazdır. Amma Azərbaycanda bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Uşaq nəşrləri, onların vəziyyəti ilə bağlı kifayət qədər problemlər var. Bu problemlərin nədən qaynaqlandığını "Sehirli Dünya" uşaq junalının baş redaktoru, eyni zamanda yazarı, 30-dan çox kitabın müəllifi Gülzar İbrahimova dilə gətirdi.
Uşaq jurnallarının vəziyyəti acınacaqlıdır
Yazar bildirdi ki, son illər uşaq jurnalları çox artıb: "Sevinirəm ki, uşaqların gözəl jurnalları var. Gündən-günə keyfiyyətləri yaxşılaşır. Rəqabət yarandıqca keyfiyyət artır ki, bu da bizim uşaqların xeyrinədir"-deyən G.İbrahimova təəssüf doğuran məqamlardan danışdı. Onun sözlərinə görə, hər hansı bir adam jurnal işi ilə məşğul olmaq istəyirsə, ciddi problemlərlə qarşılaşır.
-Əvvala uşaqlar rəngarəng jurnalları sevirlər. Bu cür jurnallara isə mütləq rəssam əməyi lazımdır. Bu cür rəssamlar Azərbaycanda çox azdır. Demək olar ki, yoxdur. Çox çətinliklə rəssam tapırsan. Əl qabiliyyətləri yüksək səviyyədə deyil. Belə olanda da rəsmləri uşağa sevdirə bilmirlər. Rəssamlar tapırıq, öyrədirik. Yaxşı olar ki, əlavə kurslar açılsın və bu kurslarda akademiyanın məzunları öyrənsinlər.
Rəssamlıq Akademiyasına gedirəm və kafedra müdirlərinə tələbələri jurnala göndərmələrini istəyirəm. Təmənnasız öyrətmək istəyirik ki, gələcəkdə bizim uşaq jurnallarında işləsinlər. Həm özlərinə pul qazansınlar, həm də uşaq jurnallaımız daha da gözəlləşsin.
Jurnalların uşaq dilində yazılması da problemdir
Müsahibimiz bildirdi ki, hər yazan uşaq dilində yaza bilmir. Bu hal da uşaqları jurnaldan uzaqlaşdırır. Belə ki, uşaq jurnalı əlinə alır və orada yaxşı bir şey olmadığını görür: "Ola bilsin ki, bütün səhifələri maraqlı olsun, sadəcə biri maraqlı deyilsə, uşaq jurnaldan küsür və ona lazımsız bir vəsait kimi baxır. Ona görə də ehtiyatlı olmaq lazımdır. Uşaq jurnalı buraxanlar, bu işlə məşğul olanlar jurnallara qazanc mənbəyi kimi yox, uşaqların gələcəyi kimi baxmalıdırlar. Səhv addım uşağı jurnaldan küsdürə bilər. Mənasız nağıl, yanlış bir söz uşaqların jurnaldan soyumasına kifayət edir. Elə jurnal buraxan insanlar var ki, onlar nəinki uşaqlara jurnalları sevdirə bilməz, uşağı jurnaldan ayrı sala bilər".
Yayım şirkətlərinin səhvləri
G.İbrahimova bildirdi ki, yayım şirkətləri işlərini yaxı təşkil edə bilmirlər. Satılmayan jurnallar günclərdə qalır, saralır və geri qaytaranda çox oxunaqsız vəziyyətdə olur: "Türkiyədə, Avropa ölkələrində uşaq jurnalları çox gözəl olur. Amma bizdə o səviyyədə olmur. Şəhərdəki ən görkəmli yerlərdə kitab mağazalarına baxırsan rus dilində uşaqlar üçün çox gözəl vəsaitlər var. Amma bizim gözəl mağazalarda öz kitablarımız satılmır. Çünki onlar daha gözəl kitablar satmaq istəyirlər, amma fikirləşmirlər ki, bu jurnal və kitablar bizim balalarımız üçün vacibdir".
Həmsöhbətimizin sözlərinə görə, bəzən nəşriyyatlar pul qazanmaq üçün çox gözəl tərtibatda kitablar buraxırlar, amma o kitabların içərisində heç nə olmur. Belə çıxır ki, bizim uşaqları aldadırlar. O, hesab edir ki, belə kitabları başı çıxan adam redaktə etməlidir ki, uşaqlar üçün maraqlı olsun. Bu cür nəşriyyatların işi qonağı aldadan ev sahibəsi kimidir. Belə ki, evinə gələn qonağa çox gözəl bir süfrə açırsan, amma üzərində yeməyə dadlı bir şey yoxdur: "Bizim nəşriyyatlar da uşaqları belə aldadırlar. Uşaq yazarları bu kitablara ön söz yazmalı, uşaqlar üçün yararlı olduğuna dair rəy verməlidirlər. Elə uşaq jurnalları var ki, üzərinə uşaq şəkli vurur. Çünki uşaq jurnalları digər jurnallardan daha çox satılır. Ona görə də bəziləri bu üsula da əl atır. Uşaq şəklini vururlar, amma içərisində böyüklərin şəkilləri olur, istədikləri mövzulara əl atırlar. Belə məqamlara yol vermək olmaz. Uşaqlarla daha ciddi iş görmək lazımdır. Onları aldatmaq olmaz. Balacalar daha həssasdırlar. Böyükləri aldadanda onları bağışlaya bilirlər, amma uşağı aldatdınsa, onlar bunu bağışlaya bilmirlər".
Maliyyə problemi
Bundan başqa jurnalların nəşri prosesində maliyyə çatışmazlığı məsələsi də olur. Get-gələ salırlar. Yaradıcı kollektivin belə bir sorunla üz-üzə gəlməsi onların işinə maneçilk törədir: "Necə olur ki, şou-biznesdə böyüklərin mahnılarının reklamı, dinləyicilərə çatdırılması üçün hər bir şərait yaradılır. Onlar üçün yaxşı sərmayə yarada bilirlər. Amma uşaq jurnallarına maliyyə köməyi göstərmək istəmirlər. Buna görə də hər hansı bir müddətdə çıxan jurnallar sonradan maliyyə çatmadığı üçün bağlanır. Dövlət dəstəyi olarsa, uşaq jurnalları irəli gedə bilər. Yaradıcı kollektivin işinə təkan vermiş olar.
Bu yaxınlarda kitab karvanı ilə rayonlara getdik. Rayonlarda uşaq kitablarına, uşaq jurnallarına çox böyük ehtiyac var. Bu gün uşaq jurnalları və kitabları uşaqlara çatmırsa və bunun azlığından şikayət olunursa, biz əl-ələ tutmalıyıq və bu problemi aradan qaldırmalıyıq. Əgər biz müstəqil Azərbaycanın gələcəyindən danışırıqsa, gələcəyin daha yaxşı inkişafına mane ola bilən problemləri aradan qaldırmalıyıq. Bu günün uşağı sabahın tələbəsidir. O biri gün isə hər hansı dövlət rəhbəridir. Sözümüzü dünya pilləsinə çatdıracaq bir şəxsiyyətə çevrilir. Ona görə də uşaqlara körpəlikdən xidmət etməliyik".
G.İbrahimova yuxarı kürsülərdə oturan insanların məsələyə yanaşmasından danışdı. Onun sözlərinə görə, yüksək kürsülərdən uşaq ədəbiyyatı, kitab və jurnalların olmamasından danışan bir şəxsə hansısa işdə kömək etmək üçün yaxınlaşanda bunu edə bilməyəcəyini deyir. Amma həmin işin o adamın bilavasitə səlahiyyətində olduğunu, onun bacardığı bir iş olduğunu bilirsən: "Belə insanların sözləri ilə əməlləri üyğun gəlmir. Özlərini göstərmək üçün hər hansı bir sahəyə diqqət göstərə bilirlər, amma konkret iş görən bir jurnala maliyyə ayırmaq heç kimi maraqlandırmır. Məsələn, uşaq evlərinə də heç olmasa ayda bir dəfə 500-1000 jurnal göndərmək lazımdır. Amma hazırda uşaq evlərində uşaq jurnalları demək olar ki, yoxdur".
G.İbrahimova bildirdi ki, Təhsil Nazirliyinin qərarına görə məktəblərdə şagirdlərə heç nə satılmamalıdır. Bunu düzgün qərar kimi qiymətləndirsə də, yazar öz vəziyyətlərinin də başa düşülməsini istəyir: "Biz jurnallarımızı kimə satmalıyıq? Əgər uşaqlara təbliğat aparılmırsa, uşaq mağazalara getmir, valideyn getmirsə, axtarmırsa uşaq jurnalı haradan əldə etməlidir? Və yaxud bir-iki dəfə fərqli jurnallardan alır, baxır ki, yaxşı çıxmadı hamısını bu cür hesab edirlər. Yəni qurunun oduna yaş da yanır. Ona görə də Təhsil Nazirliyində də bizə yardım göstərməlidirlər. Uşaqlara yaxınlaşa bilək. Tədbir keçirək, sözümüzü çatdıra bilək. Məktəblilər bizi nə qədər çox istəsələr də biz ora gedib çata bilmirik. Yazdığımız jurnallar, çəkdiyimiz əziyyət yararsız olur. Bu dəqiqə otağımız jurnalla doludur. Satışdan qayıdıb. Bunu uşaqlar oxumalıdr axı. Jurnalın başa gəlməsi xərclərini hesablayanda bizə heç nə qalmır. Sadəcə sevinmək qalır ki, biz də bunun xatirinə işləyirik. Ümidvarıq ki, gələcəkdə kömək olacaq. Kimsə səhvini anlayacaq və yaradıcı insanlara kömək etməyin lazım olduğunu başa düşəcək".
Qeyd edim ki, "Sehirli Dünya" ayda bir dəfə 48 səhifədə çıxır. Baş yazar "bunu 20-30 səhifə də edə bilərik"-deyir. Amma onlar işlərini o qədər sevirlər ki, 48 səhifəyə də sığa bilmirlər: "Bizdən olsa, 68 səhifə edərik. Jurnalın qiyməti 3 manatdır. 3 min tirajla nəşr edirik. Hətta biz 10 min tirajla da çıxa bilərik. Jurnalımız 7-12 yaşlı uşaqları əhatə edir".
Bu jurnal Mətbuat Şurasına üzv də seçilib. Təhsil Nazirliyi tərəfindən bəyənilib, ötən il jurnalın məktəblərdə təbliğatına icazə də veriblər. Mədəniyyət və Turizm Nazirliyi də jurnalı bəyənib. Bu nazirlik rayonların mədəniyyət və turizm şöbələrinə jurnala abunə yazılmalarını tövsiyə edib: "Az da olsa dəstək alırıq, amma konkret maliyyə dəstəyi yoxdur deyə çox çətinlik çəkirik. Yaradıcı kollektivimiz ancaq yaradıcılıqla məşğul olmalıdır, amma vaxtımızın 80 faizi maliyyə və s. problemlərin həllinə getdiyindən yaradıcılığa yalnız 20 faiz sərf edə bilirik.
Mən bu problemlərlə məşğul olmasam, uşaqlar üçün daha çox nağıllar, şeirlər yaza bilərəm. tez-tez tədbirlər keçiririk. Jurnaların içərisinə hədiyyələr qoyuruq. Bu yolla uşaqlara jurnalı sevdirirk. Jurnalın üstündə hədiyyə olanda uşaq jurnala daha çox maraq göstərir. Jurnalları uşaqlara sevdirmək üçün müxtəlif yollar tapmalıyıq. Birincisi jurnalı hədiyyə ilə uşaqlara yaxınlaşdırmaq. Eləcə də jurnalın üz qabığında da gözəl şəkil olmalıdır ki, uşaq jurnalı sevsin. İçərisində də maraqlı şəkillər olmalıdır, Dördüncü, amma ən əsas məsələ isə jurnalın içərisində maraqlı yazıların olmasıdır. Əgər jurnalın yazıları uşaqların xoşuna gəlməzsə, ikinci dəfə onun üzərindəki şəkillər və ya hədiyyə də uşağın marağını cəlb etməyəcək. Buna görə də diqqətli olmaq lazımdır".
Onu da vurğulayım ki, jurnalın baş yazarı şair Zahid Xəlil, Qara Namazov, İlyas Tapdıq kimi şairlərimizlə hər zaman məsləhətləşdiyini bildirdi. Bu gün jurnalın belə səviyyədə olmasının bu insanların tövsiyə və məsləhətlərinə hər zaman əməl etməsindən irəli gəldiyini bildirdi.
Aygün