SOS! Satışda yararlılıq müddəti bir il olan çörəklər var
27 Noyabr 2013 16:22 MüsahibəMəhsulların saxlanma şəraiti necə olmalıdı? Bu suala cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
-Məhsulların yararlılıq müddəti necə olmalıdı?
-Ötən aylarda bazara 4 günlük yararlılıq müddəti olan süd məhsulu çıxarılmışdı. İndiki dövr üçün bu çox sevindirici haldı. Təəssüflər olsun ki, bazarda yararlılıq müddəti 4-6 ay olan süd məhsulları üstünlük təşkil edir. Məhsulun saxlanma şəraiti və yararlılıq müddəti mütləq göstərilməlidi. Yararlılıq müddəti az olan məhsullar daha keyfiyyətli hesab edilir. İstehsalçılar yararlılıq müddətini artırmaq üçün məhsulun tərkibinə kimyəvi maddələr əlavə edirlər. Kimyəvi maddələr məhsulun xarab olmasının qarşısını alaraq onun uzunmüddətli yararlı qalmasını təmin edir. Bu maddələr malın ömrünü uzatsa da insan ömrünü qısaldır. Araqlar 1 il, şərablar altı ay, konyaklar 3 ilə qədər saxlanılır. Təəssüflər olsun ki, bu gün istehsalçılar istehlakçıları aldadır. Hazırda bu cür qidaların bir qisminin üzərində "müddətsizdi" yazılır.
-Etiraf edək ki, bu gün çörək bazarında durum ürəkaçan deyil...Bəzən istehsalçı satılmayam çörəyi xəmir formasında yenidən yoğulduqdan sonra ikinci dəfə satışa buraxır. Çörəklərin yararlılıq müddəti nə qədər ola bilər?
-Çörəklərin yararlılıq müddəti 72 saatdan artıq olmamalıdı. Lakin bu gün bazarda bir il yararlılıq müddəti olan çörəklər görürük. "Brot House" çörəklərinə qarşı qurumumuz hər zaman mübarizə aparıb. Bəzi biznes qurumları, alimlər yığışaraq malların yararlılıq müddətini artırmaq qərarına gəlirlər. Qurumumuz da dəfələrlə belə masaya dəvət olunub. Biz yalnız yararlılıq müddətinin qısaldılmasına xidmət edirik. Təəssüflər olsun ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi malın son buraxılma tarixinin yazılmasını vacib sayır. Nəyə görə istehsal olunduğu tarix yazılmasın? Yeyinti məhsulu haqda qanuna görə məhsulun istehsal olunduğu tarixlə yanaşı son istifadə müddəti yazılmalıdı. Hər ikisinin yazılması vacib amil hesab edilir. O vaxt siqaret qutularının üzərində istehsal və son satış tarixinin yazılmasını tələb etdik. Amma təəssüflər olsun ki, o zaman bizim bu istəyimizə məhəl qoyulmadı. Təəssüflər olsun ki, ölkədə istehlakçı üçün məlumat standartı yoxdu. Hazırda birliyimiz belə standartın hazırlanması üzərində iş aparır. Yəni, malın istehsal tarixi, saxlanma müddəti göstərilməlidi. Şəffaf şüşə qabının üzərinə şəffaf şriftlərlə tarix yazılır. Bu dünyanın da böyük problemlərindən biridi.
-Hansı qidaların yararlılıq müddəti daha az olmalıdı?
-Tez xarab olan malların. Əsasən də balıq və süd məhsullarının. İstehlakçı yararlılıq müddəti qısa olan məhsullara daha çox üstünlük verməlidi. Uzaq ölkələrdən gələn məhsulların yararlılıq müddəti həmişə uzun olur. Baxmayaraq ki, bəzən tamı, qoxusu adama xoş gəlir. Bu cür qidalara kimyəvi vasitələr daha çox vurulduğu üçün, yerli məhsula üstünlük verilməlidi. Bütün bu amilləri nəzərə alaraq yaxın günlərdə məhsullara keyfiyyət nişanı verəcəyik. Bu dünyada ilk təcrübə olacaq. ABŞ-ın inkişaf agentliyi ilə birgə apardığım araşdırmanın nəticəsidi.
-İstehlakçılara tövsiyəniz nədir?
-Hər bir malın öz yararlılıq müddəti var. İstehlakçı yararlılıq müddəti az olanlara üstünlük verməlidi.
-Dərmanların yararlılıq müddəti necə olmalıdı?
-Dərmanlarla bağlı tənzimləmələr də müxtəlif cürdü. Hər dərmanın yararlılıq və saxlanma müddəti müxtəlifdi. Ola bilər ki, dərman 1-3 il saxlanılsın.
Nigar Məhərrəm