“Qarabağı itirmək üçün Rusiyanın bütün resursları əleyhimizə işləyə bilər” - MÜSAHİBƏ
Zahid Oruc: “Azərbaycan Qərblə təmasları istəyir”
26 Noyabr 2013 15:59 Müsahibə"Ancaq bununla bərabər onu Rusiyadan tam qopmağın hesabına təmin etməyəcək"
Yaxın vaxtlarda baş tutacaq Vilnüs sammiti ərəfəsində müxtəlif proqnoz və ehtimallar irəli sürülməkdədir. Bir çoxları iddia edirlər ki, Vilnüs sammiti Azərbaycanın növbəti illərdə yürüdəcəyi xarici siyasət kursunun müəyyənləşdirilməsinə təsirsiz ötüşməyəcək. Ancaq bunun əksini söyləyən və sammitin ölkəmizin xarici siyasət kursuna hər hansı təsir göstərməyəcəyini söyləyənlər də var. Bütün bunlara aydınlıq gətirmək üçün Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin üzvü, millət vəkili Zahid Oruca müraciət etdik
-Zahid müəllim, Vilnüs sammiti ərəfəsində belə fikirlər səsləndirilir ki, Azərbaycanın qarşıdakı illərdə həyata keçirəcəyi xarici siyasət kursu məhz bu sammitin nəticələrindən asılı olacaq və rəsmi Bakı bundan sonra yeni xarici siyasət kursu müəyyənləşdirəcək. Bu ehtimallar nə dərəcədə həqiqəti əks etdirir?
-Azərbaycanın xarici siyasəti və milli maraqları təmin etmək üçün hədəf etdiyi nöqtələr birbaşa Vilnüs sammitindən asılı deyil. Ümumiyyətlə, bir ölkə özünün bütövlükdə əsas maraqları və ölkənin taleyini müəyyənləşdirdiyi prosesi hər hansı bir sammitə bağlamamalıdır. Bir tərəfdən bu istənilən situasiyada fors-major hadisələrin meydana çıxmasına yol açar. Digər tərəfdən isə çoxvektorlu siyasət yürüdən ölkələr üçün əsas ağırlıq mərkəzlərindən imtina edərək yalnız birqütblü mövqe seçməyin də çox böyük təhlükələri var. Bizim əksəriyyətimiz Avropa dəyərlərini qəbul edirik, onların ən yüksək texnoloji iqtisadi imkanlarına qovuşmağa can atırıq. Həmçinin mədəni siyasi transformasiyadan da faydalanmağa çalışırıq. Yalnız heç bir halda bu sadəcə istəklə gerçəkləşdirilə bilməz. Çünki bölgədə əsas mənafe qrupları təzyiq alətlərini işə salanda vətəndaş istəyi deyil, mümkünlüklər məsələsi meydana çıxır. Avroatlantlk məkana qovuşmaq ideyası hazırkı şəraitdə ən azı bizi Qarabağsız qoya bilər. Biz bunun fərqində olmalıyıq ki, son dövrlər Qarabağın Rusiya tərəfindən birbaşa idarəçiliyi, Gülüstan və Türkmənçay müqavilələrinin təkrar gündəliyə gətirilərək tarixin təftiş edilməsi, eyni zamanda Ermənistanın Qarabağ üzərindəki suveren haqlarını gerçəkləşdirə bilmədiyindən problemi daha artıq dərəcədə üçüncü tərəfə, hazırkı dövrdə Rusiyanın sərəncamına vermək istəkləri adi mesajlar deyil. Bu o, anlama gəlir ki, Azərbaycanın yanlış bir addımı həqiqətən də Abxaziya və Osetiyanın tanınmasına bərabər hadisələrə yol aça bilər. Ona görə də hətta ən qatı qərbpərəstlər və özümüzün də zamanında NATO ilə ən yaxın təmasları istəməyimiz belə bü günkü regional və beynəlxalq siyasi düzəni nəzərə almağı, ona adekvat kontur mövqelər seçməyi bizdən tələb edir. Vilnüs sammitinin əsas başlıca intriqası artıq arxada qalıb. Rusiya kimin necə qiymətləndirməsindən asılı olmayaraq Ukraynanın mühasibatlıq qaydasında hər bir tərəfdən qazanmaq prosesini bir həftə bundan əvvəl dayandırdı. Noyabrın 21-də verilən məlum qərar yaxın günlərdə prezident Yanukoviçin tərəfdarlarına ictimaiyyətdən nə qədər təzyiqlər gəlsə də, dəyişdiriləsi deyil. Belə olacağı təqdirdə Vilnüs sammiti ümumən köklü dəyişikliklərə yol açmayacaq və bölgələrin geopolitikasını kəskin dəyişməyəcək. Bir fikri də xüsusi vurğulamaq istəyirəm. Etiraf etmək lazımdır ki, Ukraynanın qərarı təkcə özünə deyil, eyni zamanda yaxın qonşuluq siyasətində iştirak edən digər dövlətlərin də gələcək siyasi orientasiyası, geopolitik seçiminə təsir göstərdi. Ona görə də bizim üçün həmin sammitə gedərək köklü şəkildə öz mövqeyini dəyişmədən, ona böyük korrektələr etmədən ölkə rəhbərinin qeyd etdiyi kimi hər bir siyasətdə öz mənafelərini qoruyaraq addımlar atmaq lazımdır. Bizi orada assosiativ üzvlük sazişi gözləmir. Çünki bunun üçün ən azı aylarla iş aparılmalıdır. Yalnız ümumi məsələlərə baxışlar qoyulacaq. Düzdür, Azərbaycan Qərblə təmasları istəyir. Ancaq bununla bərabər onu Rusiyadan tam qopmağın hesabına təmin etməyəcək.
-Bu ərəfədə Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin artması və Ermənistana edilən hərbi yardımlar da Kremlin sammit öncəsi Azəbaycana təsiri kimi dəyərləndirilə bilərmi?
-Əlbəttə, bu çox mühüm siqnallardır ki, Qarabağı tamamilə itirə bilərsiniz. Faktiki olaraq əslində Rusiya son on ildə müəyyən cəhətdən kifayətqədər möhkəmlənib. Əgər Yaxın Şərqin siyasi xəritəsini izləsək görərik ki, Misir və Tunisin taleyini yaşamayan Suriyanın içərisində gedən geopolitik və real hərbi döyüşlər Rusiyanın, Kreml rəhbəri Putinin müqaviməti nəticəsində indiki dövrə qədər uzanır. Əks halda Bəşər Əsəd rejimi çoxdan devrilmişdi və o, da həyatını itirmişdi. Həmçinin Əfqanıstandan çıxarılacaq NATO qoşunlarının fonunda ümumən ən azı Orta Asiya və daha geniş zolaqda Rusiyanın mövqeləri güclənə bilər. Paralel şəkildə bir sıra Avropa dövlətlərini "Troya atları" kimi özünə müttəfiq edən şimal qonşumuz illər ərzində sadəcə bəyanatlar verib müxtəlif məsələlərə narazılıq bildirirdisə, indi gerçək addımlar atmaq gücündədir. Rusiyanın buna həm iqtisadi imkanları çatır, həm də real hərbi vasitələri var. Son dövrlər Ermənistana qədərindən artıq qüvvələr göndərilir ki, burada da niyyət aydındır. Söhbət hansısa "x" günündə başlayacaq Qarabağ müharibəsinə Rusiyanın hazır olmasından getmir. Onlar bununla birmənalı şəkildə Qərbə qarşı platsdarmı daha da gücləndirirlər. Ona görə də biz Rusiya amilinin gücləndiyi fonda çox da risqli addımlar atmalı deylik. Bu sözü söyləmək nə qədər ağır olsa da, bilmək lazımdır ki, Qarabağı itirmək üçün Rusiyanın bütün resursları əleyhimizə işləyə bilər. Ancaq real vəziyyətdə durum belədir ki, ən azı Moldova, Abxaziya və Osetiya problemindən fərqli olaraq Rusiya bütün qüvvələrini əleyhimizə yönəltmir. Yüz minlərlə internet resursu, informasiya sistemləri hər gün Azərbaycana qarşı əsas mübarizəsini aparsa onun ağır nəticələri ola bilər. Ona görə də düşünürəm ki, daxili təsyiq alətləri, müxtəlif sosial, humanitar, sərhəd, etnik, iqtisadi və sair kimi məsələlərdən faydalanan bir ölkə bizim xarici siyasətimizə mane olmağa, əsas niyyətlərimizdən çəkindirməyə çalışır.
Süleyman İsmayılbəyli