“...Ətrafında axsaq yabı kimi fırlanırdılar” - MÜSAHİBƏ
Kənan Hacı: “Onlar ucuz kafelərə yığılıb, ucuz araqlar içib dərdləşirlər, çünki həyatın dibi kiçik sərhədli çərçivədir, orada ölümlərini gözləyən insanlar dolaşır”
26 Noyabr 2013 13:49 MüsahibəYazıçı Kənan Hacının "OLAYLAR"a müsahibəsi.
- Ənənəni pozmayaq. Kənan bəy, elə köhnə üsulla başlayaq: neynirsiniz, nə işlə məşğulsunuz?
- Yazıçı yazmaqdan başqa nə işlə məşğul ola bilər? Yazıçının yazmaqdan başqa nəyisə fikirləşməsinə inanmıram. Hər gün yazıram, mütialə edirəm, ara-sıra tərcümələrlə məşğul oluram. Gündəlik yazılarımdan başqa irihəcmli əsərim var, onun üzərində işləyirəm.
- Kimləri tərcümə edirsiniz?
- Əsasən rus ədəbiyyatından - Andrey Platonov, Nabokov, Vasili Şukşin, müasir yazıçılardan E.Limonovun bir neçə hekayəsini bizim dilə çevrimişəm. Bundan başqa Dino Bussati, İtalo Kalvnio, Murakami və digər yazıçıların hekayələrini, fransız yazıçısı Pier Qamarranın "Dulusçunun məhəbbəti" povestini tərcümə etmişəm. Əksəriyyəti mətbuatda dərc olunub.
- Daimi məşğul olduğunuz sahəyə - ədəbiyyata keçək. Ədəbiyyat sizin üçün nədir?
- Ədəbiyyat həyat tərzimdir. Mən ədəbiyyata jurnalistikadan gəlmişəm. Jurnalistlik fəaliyyətimin ilk dövrlərində də ədəbiyyatın içərisində olmuşam. Peşəkar şəkildə yazmağa isə gec başlamışam. 19 ildir mətbuatdayam, mütəmadi olaraq müxtəlif qəzetlərdə çalışmışam. Bir neçə qəzetin baş redaktoru olmuşam. Paralel olaraq ədəbi mühiti izləmişəm, çünki ədəbiyyat gedikcə məni daha çox özünə çəkirdi.
- "Yağ kimi" romanınızda belə bir xarakter var - Camış Abdulla. "Camış" ayaması haqqında danışardınız. Hardan gəldi?
- Ədəbiyyata gələndə gördüm ki, burada çoxlu "talesiz" insanlar var. Bəxti gətirməyən, zəif istedadları ilə axsaya-axsaya ədəbiyyatın yan-yörəsində dolanırdılar və onlar həmişə ironiyalar hədəfində idilər. Ortada qalmışdılar. Ədəbiyyatın ətrafında axsaq yabı kimi fırlanırdılar. Onların həyatı həmişə mənim üçün maraqlı idi. Qərara gəldim ki, "talesizlər"in ümumi obrazını yaradım. "Camış Abdulla" "şairkimilər"in ümumiləşdirilmiş simasıdır. "Camış" ayaması da qəfildən ağlıma gəldi.
- "Çəhrayı qan" romanında baş qəhrəman belə təsvir edilir: daxili azadlığı əldə bayraq edib dərdi yamsılamaqla özünü kədərə pərçim edən zavallı. Kənan bəy, hamı kədərdən yazır, elə siz də.
- Kədər yazıçıya stimul verir. Nizami, Füzuli, Nəsimi də kədərdən yazıb. Kədər yazıçının daxili aləmini silkələyir, fikir axınını nizama salır. Kədər yaradıcılıq üçün çox vacib amildir. İnsanın həyatında da çox vaxt kədər sevinci üstələyir. Söz sənətinin mayası elə kədərdən yoğrulub. Ona görə kədərli vaxtımızda nəsə yazmağa ehtiyac duyuruq. Bu, əsasən şeirə aiddir. Nəsrin kədərə heç bir dəxli yoxdu. Nəsr ovqatdan asılı olmayaraq yazıçı üçün gündəlik məşğuliyyət sahəsidi.
- "Fironun dəftəri"ndə, yəni hal-hazırda üzərində işlədiyiniz romanda psixoloji cəhətdən qüsuru olan insanın cəmiyyətdən qaçmasını təsvir edirsiniz. Reallıqda da cəmiyyətdən qaçan böyük insan ordusu var və onu da qeyd etməliyik ki, onların böyük əksəriyyətini yazıçı və şairlər təşkil edir. Nə baş verir?
- Qələm adamları cəmiyyətin ögey övladlarıdır. Özlərini həmişə belə aparırlar. Sanki cəmiyyətdən təcrid olunublar. Yazıçıların cəmiyyətə adaptasiya olması çox ağır keçir. Ona görə də, çox vaxt öz təkliklərinə qapılırlar. Cəmiyyətdə gördükləri çirkinlikləri yaradıcılıqlarında əks etdirirlər. Bütün yaradıcı insanların taleyi sanki eynidir. Məsələn, Mirzə Cəlildə başa düşülməmək dərdi var. Cəlil onları böyük ağrılarla yazırdı. Sabirin, Məhəmməd Hadinin şeirlərini başa düşmürdülər, fikirlərini qəbul etmirdilər, üstəlik qaragüruh da onlara qarşı idi. Bu da onların acınacaqlı həyat yaşamasına səbəb olmuşdu. Yazıçılar başa düşülməməkdən qorxurlar. Cəmiyyətin yaradıcı insana "anormal insan" baxışı var. Adi adamlar yazıçıların fikirlərini, düşüncələrini dəlilik adlandırırlar. Bu da yaradıcı adamların qaçmasına güc verir.
- Kimləri bəyənirsiniz? Təbii ki, söhbət indi yaşayanlardan gedir.
- Son dövr ədəbiyyata gələn gənc yazarların əsərlərini izləyirəm. Hərəsinin öz üslubu, dəsti-xətti, öz rəngarənglikləri var. Əsəd Qaraqaplan, Cəlil Cavanşir yaxşı yazırlar. Sayman Aruzun "Yüz il İnqilab" romanı Azərbaycan ədəbiyyatında həm dil, həm mövzu baxımından tamamilə yenilikdir. Zümrüd Yağmurun da maraqlı nəsr əsərləri var.
- "Çəhrayı qan"dakı Nabat obrazı kimdir? Əsərin süjet xətti reallıqdan gəlir, yoxsa ki, beyninizin ortaya qoyduğu məhsuldur?
- Nabat həyatdan götürlmüş obrazdır. Təbii ki, əsərin süjet xəttində uydurduğum yerlər də var. Nabat həqiqətən həyatda yaşayıb. Yeniyetmə dövründə, müharibənin qızğın dönəmində cəbhəyə gedib. Hətta müharibədə yaralanıb. Ölkədə qarışıqlığın olduğu bir vaxtda həyatını nizamlı şəkildə qura bilməyib. Həyatın dibinə yuvarlanıb. Nabat - müqəddəs hisslərlə yaşayan, öz arzuları uğrunda fədakarlıq göstərən və sonda məğlub olmuş bir qadın obrazıdır.
- "Nabat həyatın dibinə yuvarlandı" - deyirsiniz. Həyatın dibi haradır?
- Həyatın dibi - ümidləri ölmüş insanların yığıldığı məkandır. Həyatın dibi - hər gününü axırıncı gün kimi yaşayan, idealları ölmüş insanların yaşadığı zirzəmidir. Dibdə yaşayan insanlar üçün bu gün var, sabah yoxdur. Onlar ucuz kafelərə yığılıb, ucuz araqlar içib dərdləşirlər. Həyatın dibi kiçik sərhədli çərçivədir, orada ölümlərini gözləyən insanlar dolaşır. Yalnız ağır yaşayış tərzi insanları oraya yuvarlaya bilər.
- Yazıçı Cəlil Cavanşir "Rəqqasə" adlı romanınızın redaktəsilə məşğuldur. Əsər haqqında məlumat verərdiniz.
- Yazıçı dostlarım mənə dedilər ki, "Çəhrayı qan" romanında yarımçıqlıq var, onu tamamlamaq lazımdır. Bu barədə düşündüm. Cəlil Cavanşirlə də söhbətim oldu və qərara aldım ki, "Çəhrayı qan" əsərini bir qədər genişləndirim. Roman üzərində işlədim, bir də baxdım ki, tamam fərqli əsər ortaya çıxıb. "Rəqqasə" əsəri əslində "Çəhrayı qan" romanının davamıdır, onu tamamlayan hissədir. "Rəqqasə"də də Nabatın həyatı təsvir olunur, amma burda onun taleyi sanki yekunlaşır. Bu mövzuya bir daha qayıtmayacağımı düşünürəm.
- Nəsrlə yanaşı poeziyaya da müraciət edirsiniz. Kənan bəy, sizin üçün hansı daha rahatdır?
- İkinci sinifdən poeziyaya marağım var. İlk qələm təcrübələrim şeirlərim olub. İndi onlara şeir demirəm, çünki çoxusunu cırıb atmışam. İkinci, dördüncü sinifdə oxuyanda şeirlər yazıb "Pioner" jurnalı, "Azərbaycan Pioneri" qəzetinə göndərirdim. Şeirlərimdən bir neçəsi həmin jurnalda çap da olunmuşdu. Yəni ki, bədii yaradıcılığıma şeirlə başlamışam. Nəsrlə müqayisədə poeziya mənə daha doğmadır. Elə hadisələrlə rastlaşırsan ki, onları şeirdə ifadə etmək olmur. İndi də ayda heç olmasa, iki-üç şeir yazıram. İlk kitabım şeirlər kitabıdır, "Özündən qaçmaq olmur". 2009-cu ildə - 33 yaşım olanda işıq üzü görüb. Lakin daha əvvəl çap edilməli idi. 27 yaşımda kitab çap üçün hazırdı. Maddi çətinliklərə görə çapı bir neçə il uzandı.
- Yazıçıların yaradıclıq üslubundan başqa bir də yazmaq şəkilləri var. Məsələn, elə yazıçılar tanıyıram ki, qarnı üstündə uzanmasa, yaza bilmir. Nə bilim, bəzisi dağınıq, bəzisi səliqəli masa üzərində, bəzisi də ayaq üstündə yazmağı sevir. Sizin yazmaq şəkliniz necədir?
- Yazmaq istəyən insan üçün xüsusi şəraitin olub-olmaması vacib deyil. Kənddə yaşayanda nə işıq, nə də ki, qaz vardı. İşıq lampasının ətrafında oturub kürkümə bürünüb, sobanı qalayıb yazırdım. Kənddən elektrik qatarı ilə şəhərə gələndə dizimin üstündə yazırdım. Normal şəkildə yazmaq üçün nə yaxşı şəraitim, nə də ki, kompüterim yox idi. Xahişlə yazılarımı yığdırırdım. Əlbəttə, yazarın yazmaq üçün normal şəraiti, sakitliyi olmalıdır. Amma bunların heç birisi yoxdursa, sən içindəki istedadı məhv etməməlisən. İstedad - asfaltı deşib boy atan çiçəkdir.
- Kitab çap etdirmək üçün maddi vəsaiti hardan alırsınız?
- İlk kitabım "Özündən qaçmaq olmur"u "Qanun" Nəşriyyatında öz vəsaitim hesabına nəşr etdirdim. Şahbaz bəy güzəştli qiymətlərlə kitabın çap olunmasına köməklik etdi. Çap üçün pulu çox çətinliklə toplamışdım. İmkanım olmadığı üçün nəşriyyat güzəşt elədi. Yazıçıların hamısı kitablarını öz vəsaiti hesabına çap etməyə məcburdurlar. İndi "Qanun" Nəşriyyatı yazıçılara çap məsələsində çox köməklik edir. Sağ olsunlar. Yazıçı həm kitabı yazır, həm pul tapıb çap etdirir, həm də ki, satışı ilə məşğul olur, belə olmamalıdır. Bu gün yazıçılarımız bir kitabı ərsəyə gətirmək üçün bütün məsuliyyəti öz üzərinə götürməyə məcburdurlar. Problem kitab sahəsindəki boşluqlardan irəli gəlir.
- Cəmiyyətdə oxuyanların sayı azdır. Sizcə, bu qədər azlığa görə, yazmağa dəyərmi?
- Sual ətrafında dəfələrlə düşünmüşəm. Əl-qolunu yanına salıb yazmamaq da olmur. Çünki ədəbiyyat bütün dövrlər üçündü. Cəmiyyət daxilində baş verən kataklizmlərlə əlaqədar insanların kitablardan uzaq düşdüyü vaxtlar, ədəbiyyata sevginin yüksək həddə olduğu dönəmlər də olub. Vaxt keçdikcə, insanlar yenə də ədəbiyyata qayıdacaqlar. Kitaba maraq artacaq. Qələm dostlarım, içi mən qarışıq, inamla yazırıq. Çünki meydanı boş qoymaq olmaz. Oxucunu yazıçı yetişdirir, yazıçı heç bir halda yaxasını kənara çəkə bilməz.
- İddia edənlər var ki, Varis yazıçı deyil. Əsərlərinin geniş oxucu auditoriyası olmasına baxmayaraq yaradıcı insanların çoxu onu bəyənmir, siz necə? Qeyd etməliyik ki, mağazalarda kitabları ən çox satılan yazıçılardan biri də Varisdir.
- Bəzi qələm dostlarımız məsələyə aqressiv yanaşırlar ki, Varis yazıçı deyil. Amma bu, düzgün yanaşma deyil. Metroda, avtobusda görəndə ki, Varisin, Çingiz Abdullayevin, Elxan Elatlının kitablarını oxuyurlar, mən sevinirəm. Mən bəyənməyə bilərəm, amma Varisin müəyyən oxucu çevrəsi var. Oxucu qəfildən götürüb Ceyms Coysu oxuya bilməz, oxucunu yetişdirmək lazımdır. Bunun üçün əvvəlcə Varisi, Elxan Elatlını, sonra Şərif Ağayarı oxumalıdır. Varis maraqlı yazıçıdır, pis yazmır. Məsələn, Varisin "Sonuncu ölən ümidlərdir" romanını oxumuşam, kütləyə hesablanmış əsərdir. İnsanlar onu çox rahatlıqla qəbul edə bilirlər. "Varis yazıçı deyil" kimi fikirlərə düşmək səhvdir.
- Kitab mağazalarında Markes, Aqata Kristi, A.K.Doyl və s. əcnəbi yazıçıların əsərlərinə kütləvi oxucu axını var. Maraqlıdır, indiki yazarların içərisində elələri varmı ki, heç olmasa, Bukovski kimi dünya kitabxanalarına çıxaraq. Bununla yanaşı ona əcnəbi auditoriya tərəfindən maraq olsun?
- Markes və Bukovski kimi olmasa da indiki Azərbaycan ədəbiyyatından dünya ədəbiyyatına çıxarılacaq əsərlər yazılır. Bu əsərlərin dünya ədəbi məkanına çıxarılmasında problemlər var. Tərcümələr olmalıdır, çap edilməlidir, maddi vəsait problemi həll edilməlidir.
- Yazıçı Yunus Oğuzdan nə oxumusunuz?
- Yunus Oğuzun "Təhmasib şah" romanını oxumuşam. Cəmiyyətdə Azərbaycan tarixinə səhv yanaşmalar var. Öz tarixini bilməyənlər kifayət qədərdir. Tarixi romanları oxuyan oxucu tarix haqqında çox rahatlıqla məlumat əldə edə bilir. Əgər insanlar sırf tarix oxumurlarsa, heç olmasa, tarixi romanları oxuyub öz qəhrəmanlarını, tarixi şəxsiyyətləri tanımalıdırlar. Bu baxımdan hesab edirəm ki, Yunus Oğuz çox faydalı iş görür. Belə vasitələrlə müəyyən qismə Azərbaycan tarixini öyrədə bilir.
- Yazıçı Ceyhun Musaoğlu deyir ki, yazıçı olmaq üçün jurnalistikadan getmək lazımdır.
- Jurnalistika bizim ixtisasımızdır, buradan pul qazanırıq. Əgər kitablarından pul qazana bilmirsənsə, jurnalistikanı atmaq olmaz. Yaşar Kamal, Markes kimi yazıçılar ədəbiyyata jurnalistikadan gəliblər. Ceyhun Musaoğlunun fikirlərilə razıyam. Amma mövcud vəziyyətdə ədəbiyyat yazıçıya qazanc gətirmir, buna görə də məqalələr yazıb pul qazanmağa məcburuq.
- 6 kitabın - "Yaddaş kartı", "Özündən qaçmaq olmur", "Çəhrayı qan", "Quşlar üçün karusel", "Yağ kimi", "Atamın sevgilisi" kitablarının müəllifsiniz. Hədəfinizdə neçə kitab nəşr etdirmək var.
- Heç vaxt çox kitab çap etdirmək haqda düşünməmişəm. Çalışıram, elə bir əsər yazım ki, ondan sonra 5-6 il dincələ bilim. Bu isə o deməkdir ki, hələ uzun illər yazacam.
Mənsur Rəğbətoğlu