Milli Şura təhdid modelidir - Əhməd Oruc

“Onlar sərbəst şəkildə ortaya ideya qoyub onun ətrafında fəaliyyət göstərəcək partiyalar deyillər”

Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi

-Əhməd bəy, prezidentlik seçkilərindən sonra Azadlıq Partiyasının fəaliyyətində bir qədər passivlik müşahidə edilir. Bunun başlıca səbəbi nədir?

-Azadlıq Partiyası bu ilin oktyabrında keçirilən prezident seçkilərinə qatıldı. Partiya seçkilərin ilk mərhələsi olan imzatoplama mərhələsindən keçdi. Etiraf edim ki, bu Azadlıq Partiyası üçün kifayət qədər ağır bir mərhələ idi və çətinliklə də olsa həmin mərhələni yol verə bildik. Ancaq sonradan partiyanın namizədi qeydə alınmadı. İmzatoplama kampaniyası ağır keçdiyi üçün üzvlərimizə sanki istirahət vermişdik. Seçkilərdən sonrakı mərhələdə isə hələlik heç bir ciddi hadisələr baş verməyib. Onu da deyim ki, artıq partiya toparlanıb və yığıncaqlarını keçirib. Ancaq siyasi səhnədə yenilik olmadığı üçün o qədər də aktivlik nümayiş olunmur. Adətən bu və ya digər birliklər, hansısa fəaliyyətlə əlaqədar mətbuatdan uzaq məsləhətləşmələr aparırıq. Bir sözlə mövcud olan ümumi durğunluq bizə də təsirsiz ötüşməyib.

-Ancaq bəzi siyasilər yeni birliklər üzərində işləyir və yaxın vaxtlarda müxalifət partiyalarının təmsil olunduğu konfiqurasiyalarının yaranacağı bildirilir. Siz də bu istiqamətdə hansısa partiyalarla danışıqlar aparırsınızmı?

-İndiki mərhələdə bizim partiyaya da müxtəlif təkliflər var.  Azərbaycanda milli demokratik platformada təmsil olunan partiyalar tərəfindən əməkdaşlıq təklifləri edilir. Hazırda həmin təklifləri dəyərləndiririk. Yəni, həmin təkliflər qarşıda duran məqsədlərə nə dərəcədə uyğundur və onun həyata keçməsi nə dərəcədə realdır. İndiki məqamda bizə edilmiş təkliflərin qiymətləndirilməsi gedir. Hesab edirəm ki, cəmiyyəti toparlaya biləcək hərəkat tipli hansısa əməkdaşlıq daha məqsədəuyğundur. Bir qədər klassik modeldə bir neçə partiyanın yığılıb birliklər yaratması, xalqa çağırışlar etməsi cəlbedici deyil.  Çünki bu cür modelləri biz dəfələrlə oynamışıq

-İndiki situasiyada Azadlıq Partiyasının Milli Şuraya marağı varmı?

-Milli Şura ilk yaranan gündən ictimaiyyət arasında belə bir fikir vardı ki, Rusiya Azərbaycanda hakimiyyəti dəyişməyə meyillidir və adı çəkilən qurum da məhz bunun üçün yaradılıb. Hazırda da  Rusiyanın Azərbaycana təsir etməsi üçün Milli Şura və bu tipli təşkilatara ehtiyac var. Ona görə də hesab edirəm ki, həmin qurumda təmsil olunan partiyalar Milli Şuranın qorunub saxlanmasında maraqlıdırlar. Onlar hansısa şəkildə öz əaliyyətlərini davam etdirəcəklər. Bizim Milli Şuraya marağımıza gəlincə isə, Azadlıq Partiyası bu qurum yaranandan Milli Şura ideyasını tənqid edib və onun Kremlin layihəsi olduğunu bəıyanlayıb, onunla heç bir əməkdaşlıq etmək niyyətində olmadığını bildirib. Partiyamızın Milli Şura ilə bğlı mövqeyi dəyişməz olaraq qalır.

-Bəs bu gün Milli Şura daxilində ona rəhbərlik uğrunda gedən mübarizəni necə qiymətləndirirsiniz? Milli Şuraya sədrlik uğrunda gedən mübarizə həmin təşkilat daxilində ciddi qarşıdurmanın olmasından xəbər vermirmi?

-Milli Şura layihəsinin ümumi strateji xətti bəllidir və bu Rusiyanın Azərbaycana təhdid, təzyiq modelidir. Onun fəlsəfəsi, mahiyyəti, sahibi bəllidir. Sadəcə onun daxilində kimlərsə bu layihədən daha çox yararlanmaq, pay əldə etmək üçün çalışır. Bu Milli Şurada təmsil olunan partiyalar arasında gedən bir dartışmadır. Bununla həmin qüvvələr bir növ siyasi gündəmi məşğul edirlər, diqqəti öz üzərilərində saxlayırlar. Paralel olaraq digər siyasi qüvvələr,  cəmiyyət tərəfindən yeni birliyin, mərkəzin yaradılmasına imkan vermirlər. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda hakimiyyət və bu hakimiyyəti dəyişmək istəyində olan Rusiya, onun müdafiə etdiyi qurup mövcuddur. Ona görə də Milli Şurada hansısa daxili qarşıdurmanın olması onun gələcək taleyini şübhə altına ala bilməz. Azərbaycan hakimiyyətinə təzyiq etməık istəyində olan xarici dairələr müntəzəm olaraq Milli Şura layihəsindən yararlanmağa çalışacaqlar.

-Bütün bunlar onu deməyə əsas verirmi ki, hələ də müxalifət keçmişdə buraxdığı səhfləri təkrarlayır?

-Müxalifət kimi təqdim edilən Milli Şuradakı qüvvələr böyük dövlətlərin reallaşdırdıqları layihələrdən siyasi gündəmdə qalmaq üçün, öz maraqları naminə istifadə edirlər. Məsələyə bu cür yanaşsaq daha doğru olar.

-Demokratik Qüvvələrin Məşvərət Məclisi özünü buraxıb Demokartik Qüvələr Birliyi adlı qurum yaradılsa da, onun da fəaliyyəti nəzərə çarpmır. Sizdə Məşvərət Məclisini buraxıb oxşar bir qurum yaratmaq nəyə hesablanmışdı?

-Demokratik Qüvvələrin Məşvərət Məclisi həmin vaxt Milli Şura ilə bağlı çox obyektiv, real qərar qəbul etdi. Həmin qərarda Milli Şura ideyasından Azərbaycana heç bir xeyir gəlməyəcəyi, onun Rusiyanın layihəsi olduğu əksini tapmışdı. Lakin sonradan Açıq Cəmiyyət Partiyası, Lidebral Partiyası və digərləri Milli Şuraya getmək haqqında qərar qəbul etdilər. Məşvərət Məclisinin qəbul etdiyi əvvəlki qərarı isə ləğv etmək gücündə deyildirlər. Bir qədər sonra gizlincə yığılıb MM-dən çıxdıqlarını və Demokratik Qüvvələr Birliyi yaratdıqlarını bildirdilər. Həmin qurumun da hazırda heç bir fəaliyyəti yoxdur. Əslində o qurumun hansısa fəaliyyəti mümkün də deyil. Çünki orada əsas partiyalar hesab edilən.AMİP, ACP, KXCP, ALP-nin ölkədəki vəziyyət, cərəyan edən proseslərlə bağlı heç bir aydın təsəvvürləri yoxdur.  Onlar sərbəst şəkildə ortaya ideya qoyub onun ətrafında fəaliyyət göstərəcək partiyalar deyillər. Sadəcə yalançı birliklər təsis edirlər ki, görüntü yaratsınlar. Guya onlar da fəaliyyətdədirlər. Həmin qüvvələrin fəaliyəti bundan o tərəfə getməyəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31