“Postmodernizmlə bağlı zövqsüz əsərlər onsuz da oxunmur” - MÜSAHİBƏ

Nizami Cəfərov: “İndikilər bu gün bir hekayə, sabah özü haqqında məqalə yazıb özünü təhlil edir”

Müsahibimiz millət vəkili Nizami Cəfərovdur.

- Nizami müəllim, siz artıq illərdir ki, ölkəmizin ədəbi-mədəni həyatında yaxından iştirak edirsiniz. Milli Məclisdə mədəniyyət komitəsinin sədrisiniz. Bütün bu məsələlər necə deyırlər sizin əlinizdən keçir. Mümkünsə, deyin, bu gün ölkəmizin ədəbi-bədii həyatında hansı hadisələr baş verir?

- Azərbaycan xalqının böyük mədəniyyət potensialı var. Və bu potensialdan istifadə etməklə sabah milli mədəniyyətin ən gözəl nümunələrini yaratmaq mümkündür. Bununçün hər şeydən öncə fərdi yaradıcılıq xüsusiyyətləri müdafiə olunmalıdır. Bu gün mədəniyyətimizdə gedən proseslər tarixi, hətta cahanşümul önəm daşıyır.

- Dilçilik üzrə ixtisaslaşsanız da ədəbi tənqid, araşdırma  biçimli yazılarla da mütəmadi olaraq çıxış edirsiniz. Bu sahəyə gənclərin axını necədir? Həmişə sizə gənc tənqidçilərlə bağlı sualla müraciət edəndə yaşı 39-dan yuxarı "gənclərdən danışırsınız. Daha gənc tənqidçilər varmı? Məsələn, deyəsiniz ki, bu gənc gələcəyin Nizami Cəfərovudur və ya digəri Yaşar Qarayevdir? Bütövlükdə götürəndə, ədəbi tənqidin bu günkü səviyyəsi sizi qane edir?

- Son vaxtlarda bizim gənclərdə dərhal şəxsiyyət kimi formalaşmaq istəyi var. İddialı olmaq yaxşı şeydir, amma dərhal özün haqqında yazı yazdırmaq,portretini cızdırmaq təhlükəlidir. Mənə elə gəlir ki, heç nəyi düşünmədən ədəbiyyata Səməd Vurğun kimi xidmət etmək lazımdır hər sahədə... Onda Yaşar Qarayev də yetişəcək. Necə deyərlər, su gələn arxa bir də gələr.

- Azərbaycançılıq ideyası ilə bağlı dəyərli fikirləriniz, müşahidələriniz var. Necə düşünürsünüz, Azərbaycançılq ideyasının geniş təbliği türkçülük ideyasının təbliğinə kölgə salmır ki?

- XIX yüzilin sonu, XX yüzilin əvvəllərində Azərbaycan ictimai-siyasi şuuru xalqın umummilli düşüncəsinin məhsulu olaraq azərbaycançılıq ideologiyasını formalaşdırdı ki, bu türklüyünü, islam dininə məxsusluğunu və masirləşmək istəyini dərk edən bir millətin ideologiyası idi. Azərbaycanın görkəmli elm, mədəniyyət və siyasət xadimlərinin , müəyyən fərqlərə baxmayaraq demək olar ki, hamısının uğrunda mübarizə apardıqları həmin ideal bütöv bir nəzəri sistemə çevrildi. Azərbaycançılıq ideologiyasının ilk siyasi praktik hadisəsi Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması oldu. Azərbaycançılıq bütövlükdə türkçülüyün ayrılmaz hissəsidir. Azərbaycançılığın təbliği Türkçülüyün təbliğinə mane olmur, əksinə türkçülüyün təbliğində danılmaz rol oynayır. Azərbaycan xalqının əsası qıpçaq türklərin - hunların Qafqaza və daha cənuba ardıcıl axını ilə qoşulmuşdu. Eramızın ilk əsrlərində artıq Qafqaz əhalisinin əksəriyyətini təşkil edən tanrıçı türklər I minilliyin əvvəllərində artıq regionun əsas siyasi qüvvəsi idilər. Böyük mədəniyyətə, beynəlxalq münasibətlər təcrübəsinə  və yüksək idarəçilik qabiliyyətinə malik türklər tezliklə yerli etnosları öz ətrafında birləşdirməyə nail oldular. Az sonra Oğuz türkləri gəldi və Azərbaycan xalqı formalaşdı... Bu barədə çox yazmışam...

- Dövlət dilinin adlanması ilə bağlı bir neçə təklifiniz olub.Lakin konkret olaraq hansı təklifin üzərində dayandığınızı qeyd etməmisiniz. Daha çox dilimizin necə adlanmasının tərəfdarısınız?

-Burada söhbət əlbəttə mənim hansı adı müdafiə etməyimdən getmir. Amma, bu işdə tələsməyin qəti əleyhinə idim. Azərbaycanda müstəqil demokratik cəmiyyət yarandığı ilk vaxtlardan başlayaraq dil problemlərinə xüsusi diqqət yetirilir. yadımızdadır, Yadımızdadır ki, Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətinin ilk illərində Azərbaycan dili ilə bağlı bir çox problemlər müzakirə olunaraq romantik bir qərar qəbul olundu.Bu qərar isə Azərbaycan xalqının bütün ruhunu ifadə etmirdi. Bu məsələ çox böyük problemlər yaratdı və Azərbaycan dilinin adı ilə bağlı müxtəlif söz-söhbətlər meydana çıxdı. Bu qərar etnik separatizm yaratdı və istər-istəməz Azərbaycanda yaşayan bu və ya digər etnoslarda gərginlik oldu. 1995-ci il müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında ana dilinin necə adlanması müxtəlif səviyyələrdə geniş müzakirə olundu və dilimizin adı yenidən Azərbaycan dili olaraq təsbit edildi. Məlum olduğu kimi 30-cu illərdə türk dili adı dəyişdirilərək azərbaycan dili ili ilə əvəz olunmuşdu. Amma bu hadisədən 50-60 il keçmişdi və bu müddət ərzində Azərbaycan dili tədricən qərarlaşmışdı və ictimai ovqat artıq bunu qəbul etmişdi. Umumiyyətlə dilin adının nə şəkildə olması hələ o qədər böyük məsələ deyil, bəlkə də əsası ana dilinin inkişafı üçün müəyyən tədbirlər görülməsi, ana dilinin işlədilməsidir.

- Yeri gəlmişkən, artıq neçə illərdir ki, ortaq türk dili ilə bağlı danışıqlar gedir. Bu yönümlü çalışmalardan və danışıqlardan hansı gözləntiləriniz var?

- Nə mənada?

- Bu məsələdə başlıca problem kimi ortaq türk dili yaranacağı halda hansı türkcənin əsas götürüləcəyidir. Bu işlə bilavasitə məşğul olan alimlərin əksəriyyəti Türkiyə türkcəsinin əsas götürülməsini daha məqsədəuyğun hesab edirlər. Bu, bir yandan Türkiyə türkcəsində alınma sözlərin nisbətən az olması ilə bağlıdırsa, bir yandan da Türkiyənin uluslararası mövqeyi ilə bağlıdır. Sizin fikrinizcə ortaq türk dili hansı türkcənin əsasında formalaşmalıdır?

- Əslində bu proses on ildən çoxdur ki, başlayıb. Türkiyə türkcəsi önə keçib.

- Bilindiyi kimi çağdaş ədəbiyyatımızda postmodernizm ruhlu əsərlərə daha çox müraciət olunur. Lakin çox zaman bu janrla heç əlaqəsi olmayan zəif əsərlər postmodernist əsər adı ilə təqdim olunur. Sizcə, bunun kökü hardan qaynaqlanır və bütün bunların qarşısını necə almaq olar?

- Postmodernizmi Azərbaycan ədəbiyyatına tətbiq etmək olmaz. Bu bizə nə verir? Məmməd Cəfər Cəfərov, Mehdi Hüseyn nə deyirdisə aydın idi və bizim yadımızda qalırdı. İndikilər nə deyir mən onu bilmirəm. Bir var dərk olunmuş anlayışdan, hansısa ədəbiyyatın texnologiyasından çıxmış qəliblərdən danışasan... Bir də var kənarda yarananı öz ədəbiyyatına tətbiq edəsən. Son dövr tənqidçilərimiz, elə içi mən qarışıq ədəbiyyatı təhlil edib hansı anlayışı çıxarıblar ki, onu təhlilin nəticəsi hesab etmək olsun. Tənqidin funksiyası hansısa model yox, ədəbiyyat üçün fəza müəyyənləşdirməkdir. İndikilər bu gün bir hekayə, sabah özü haqqında məqalə yazıb özünü təhlil edir. Bu anomaliyadır. Hər halda mən fikirləşirəm ki, əsil sənəti yaratmaq üçün güclü ağıl, həddindən artıq güclü intuisiya, güclü idrak qabiliyyəti və sadəlövlük olmalıdır. Sənətin başqa yolu yoxdur O ki qaldı postmodernizmlə bağlı zövqsüz əsərlərə, belə əsərlər onsuz da oxunmur və Azərbaycan oxucusunun zövqünü oxşaya bilməz.

- Türkologiyanın bu günki durumu hansı səviyyədədir?

-Azərbaycan türkoluqlarının son illərdəki fəaliyyətinə toxunacağam. Bu dövr türkologiyanın tarixinə marağın güclənməsi, nəzəriyyə ilə ictimai praktikanın bir-birinə yaxınlaşması dövrüdür. Azərbaycan türkologiyasının beynəlxalq səviyyədə özünü göstərdiyi ölkə Türkiyədir. Burada türkçülüyün inkişaf üçün ideoloyi şərait mövcuddur. Digər türk resbublikalarının uyğun mərkəzləri, mütəxəssisləri ilə ideya mübadiləsi imkanları  genişdir. Azərbaycan dövlətçiliyi türkologiyanın inkişafına daim qayğı göstərməkdədir, kadr potensialı kifayət qədərdir və bu sahədə akademik mərkəzlər mövcuddur.Azərbaycan MEA-nın Dilçilik, Ədəbiyyat, Tarix, Şərqşünaslıq, əlyazmalar və sair institutların , universitetlərin  türkologiya, dil, ədəbiyyat, tarix və sair kafedraları, Atatürk Mərkəzi və sair elm, təhsil, ideologiya müəssisələri türkoloji fikrin istehsalı, təbliği üçün az iş görmürlər.

- Çağdaş dövrümüzdə tarixi romanların yazılma səviyyəsini necə qiymət­ləndirirsiniz? Son dövrdə hansı tarixi romanları oxumusunuz?

- Pis deyil. Hətta ciddi işlər də var. Yunus Oğuz, Hüseynbala Mirələmov, Elçin Hüseynbəylinin məlum romanları... və ən əsası tarixə müasir baxış...

- Tanınmış ziyalı, ədəbiyyatçı, tənqidçi alim kimi gənc yazarlara nələri məsləhət görərdiniz?

- Yazmağı!..

Yeqzar CƏFƏRLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31