Yeni təhsil strategiyası bizə nə verəcək? - MÜSAHİBƏ
Əjdər Ağayev: “Məktəbəqədər təhsil icra hakimiyyətlərindən alınmalıdır”
30 Oktyabr 2013 15:57 MüsahibəPrezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi barədə sərancam verdi. Sənəddə bir çox məsələlər əksini tapıb. Həmin məsələlərdən biri və ən çox maraq doğuranı da 12 illik ümumi təhsilə keçidlə bağlıdır. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bu və strategiyada əksini tapan digər məsələlərdən danışdı.
-Əjdər müəllim, təhsillə bağlı yeni strategiyada yer alan məsələlərdən biri 12 illik təhsilə bağlıdır. 12-illik təhsilə keçidin əhəmiyyətini nədə görürsünüz?
-12-illik təhsilin bir sıra cəhətdən zəruriliyi meydana çıxır. Əgər dünya təhsilinə inteqrasiya olunuruqsa, o zaman gərək onların təhsil sisteminə uyğun sistem quraq. Xaricdə 12 illik təhsil sistemidir. Türkiyədə də, ABŞ və digər ölkələrdə belədir. Madam ki, biz dünya təhsil məkanına daxil oluruq, o zaman bu məkanda eyni olmalıyıq. Bu məsələdə ikinci bir məqam 12 illk təhsilin yeni bir mexanizm tələb etməsidir. Bu mexanizm hələ bizdə yoxdur. Yəni 1-ci sinifdən başlayaraq 12-ci sinifə qədər tədris planlarında dəyişikliklər olmalıdır, əlaqəlilik və varislik tətbiq olunmalıdır. Bundan başqa 12-ci tədris ili şagirdlərə dərinləşdirilmiş biliklər verir. Bu əvvəllər-sovet dönəmində bizdə tətbiq olunub. Amma 11-ci sinifdə. Təbiət-riyaziyyat elmləri üzrə ayrıca məktəblər olurdu. Humanitar elmlər üzrə ayrıca. Hətta incəsənət təmayüllü məktəblər bu gün də var. Gələcəkdə özünü hər hansı sahədə görmək istəyən şagirdlər 12-ci il həmin məktəblərdə təhsil alacaqlar. 12-ci il məcburi deyil. İstəklə bağlıdır və zəhmətlə bağlıdır. Perspektivində elmi araşdırmalara getmək niyyətində olan şagirdlərlə bağlıdır. Bir də xaricdə 12-ci il peşələr verirlər. Müxtəlif sahələr üzrə kiçik peşə bacarıqları aşılayırlar ki, o peşə bacarıqlarından istifadə edən adamlar öz işlərini yardımçı kimi qururlar və müəyyən maliyyə vəziyyəti düzəltdikdən sonra istədikləri ixtisas arxasınca gedə bilirlər. Bizdə bunun mexanizmi hələ bəlli deyil.
-Bəzi insanlar düşünür ki, 12-illk təhsilə keçid repetitorluq məsələsini ortadan qaldıracaq. Sizcə, belə ola bilərmi?
-Bu gün danışıqlarda belə gedir ki, guya 12-ci il tətbiq olunanda, dərinləşdirilmiş biliklər üzərində şagirdlər hazırlaşanda repetitorluğun qarşısı alınacaq. Bu qətiyyən doğru deyil. 12-ci il repetitor məktəbi yaratmamalıdr. Əgər belə olacaqsa, o heç lazım deyil. Bu mənada repetitorliuq məktəbi ona görə olmalı deyil ki, məktəb yalnız hansısa fənni öyrətmir. Məktəb geniş dünyagörüşü aşılayır. Təbiəti, cəmiyyəti, fəaliyyəti, dünyanı tanıdır. İnsanın estetik fiziki əxlaqi inkişafına təkan verir. Əgər yalnız bir-iki fənn öyrənilib başqa cəhətlərə fikir verilməyəcəksə, o insan yarımçıq ola bilıər. Ona görə də məktəb öz funksiyasını yerinə yetirməlidir.
-Strategiyada məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqların və s. Aşılayan təhsil standartlarının və yeni kurrikulumlarının hazırlanması nəzərdə tutulur. Bu tətbiq hansı yeniliklərlə müşayət olunacaq?
-Strategiyanın diqqət çəkən məqamı onun təhsil sistemini təqdim etməsidir. Və göstərir ki, təhsil sistemi məktəbəqədər təhsildən başlayır və digər pillələrlə davam edir. Bir neçə il bundan əvvəl uşaq bağçalarını təhsil sistemindən ayırıb icra hakimiyyətlərinə vermişdilər. İndi artıq bu bağçalar bu qurumlardan geri qayıtmalıdır. Təhsil sistemini parçalamaq olmaz. Digər bir məsələ-kurrikulum sənədləri hazırlanır təsdiq olunur bu sənədlərin hazırlanması 1-ci sinifdəın başlayır. İbtidai siniflərdə artıq tətbiq olunur. 5-6-ya bu il keçiblər. Məktəbəqədər təhsil nazirlikdə olsaydı, ordan başlayacaqdı. Olmadığına görə oradan başlamayıb. Deməli əxlaqi-etik-estetik dünyagörüşü və həyati bacarıqlara yiyələnməsi üçün hazırlanan yeni məzmun uşaq bağçalarını da əhatə etməlidir. Strategiyada bu məsələ əksini tapıb. Uşaq bağçalarının işi çox genişdir. Estetik, fiziki, əxlaqi mənəvi formalaşaması, əmək, intizam məsələsi var. Rejim, ətraf aləmlə tanışlıq kimi məsələlər var. Bütün bunlar elmi-metodik əsasla qurulsa, çox ciddi məsələdir. Burada kadrlar həmin işi bilməlidir. Həmin bazada yeni məzmun olmalıdır. Yeni məzmun ondan ibarətdir ki, bizim uşaqlarımız bu gün yüksək məntiqi təfəkkürə malikdirlər. Xüsusən uşaq bağçasına gedənlər. Bunlar ilkin riyazi vərdişlərə, məntiqi düşüncəyə yiyələnirlər. Bu səviyyəyə uyğun olmalıdır. Təbii ki, varisliyin mütləq nəzərə alınması şərtiylə. Bu gün bağçaya gedən uşaq İKT-nin imkanlarından istifadə etməyi bacarır. Əgər bu cür uşaqlar bağçaya gedirsə, köhnə məzmun yaramaz. Bu stretegiyadada nəzərdə tutulan əsas məsələ də bundan ibarətdir. Başqa bir yenilik yoxdur.
-Sənəddə valideynlərin maarifləndirilməsi məsələsi yer alıb. Bunu və bu gün bu sahədəki vəziyyəti necə dəyərləndirərdiniz?
-Yeni strategiyanın lap əvvəlindən səriştəlilik və peşəkarlıq termini işlənir. Hətta təhsilin məzmunun müəyyənləşdirilməsində peşəkarlıq məsələsi qoyulur. Bu gün səriştəsizlik və peşəkar olmayan adamlar təhsil sistemində xeyli çoxalıb. Bu problemi aradan qaldırmaq üçündür. Təhsil Şurasının bir lahiyəsi var idi. Övladları ibtidai siniflərdə oxuyan valideynləri pedaqoji biliklərlə tanış edirdik. İki məktəb Bakıdan, birini İsmayıllı rayonunda götürdük. Hər üç məktəbdə həyata keçirdiyimiz layihə nəticəsində belə qərara gəldik valideynlərin ən azı 80 faizi məktəbdən xəbərsizdir. Məktəbin həyata keçirdiyi yeni məzmun məsələlərini bilmir. Bu günkü məktəbin tələblərini, onların nədən irəli gəldiyini bilmir. Məktəblə əlaqələri də lazımi səviyyədə bimir. Ona görə də strategiyada o məsələyə fikir verilməsi yaxşıdır. Əlbəttə ki, bu bir istiqamətverici sənəddir. Bunun mexanizmi yaradılmalıdır, mexanizmdən sonra tətbiq olunacaq. Orada göstərilir ki, valideynlər maarifləndirilməlidir, məktəb işindən xəbərdar olmalıdır. Məktəbin qarşısında duran vəzifələrin nədən ibarət olduğunu valideynlər də bilməlidir. Evdə və məktəbdə verilən tələblər düz gəlməlidir. Pedaqokiqanın prinsiplərindən bri tələblərdə vahidlikdən ibarətdir. Məktəbin tələbləri ilə valideynin tələbləri eyni olmalıdır. Fərqli olsa, o uşaq tərbiyə cəhətdən naqis olur. Bu baxımdan valideynlərin maarifləndirilməsinə, pedaqoji işi öyrənmələrinə ehtiyac var. Nəinki valideynlərin pedaqogika hamı üçün elmdir. Təhsil elmindən hamının xəbəri olmalıdır. Yalnız məktəbin üzərinə düşərsə, müəllim istənilən səviyyədə olmasa, işlər lazımınca yerinə yetirilməz.
- Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi da sənəddə əksini tapıb...
-Bu da xaricə inteqrasiya ilə bağlıdır. Bəzi xarici ölkələrdə ödənişli oxuyan tələbələrin qəbulunun həddi yoxdur. Orada bizdəki kimi basa-bas, bəhsə-bəhs yoxdur. Çünki məktəbi bitirən uşaqların xeyli qismi texniki peşə məktəbinə gedir. Həm də təlim çox keyfiyyətli olduğuna görə, harada oxuyacaqlarını dəqiq bilirlər. Bizdə başqa cürdür. Keyfiyyətsiz biliklər, natamam hazırlıq lazımi bilik səviyyəsinə çatmadan hardasa özünü orda görmək arzuları çoxdur. Görünür, bundan sonra həmin ali məktəblər ödənişi artıracaqlar. Pulunu verir buyurub oxusun. İndi 50 yer ayrılır, 51-ci kənarda qalır. Belə olanda isə istəyir lap150-si qəbul olunsun. Pulunu versin və oxusun. Ali məktəbdə təhsilin qurulmasında da müəyyən dəyişikliklər olacaq. Strategiyada da var ki, distanat təhsilə geniş yer veriləcək. Hətta evində oturaraq, arabir məktəblə əlaqə saxlamqla elektron poçt və kompüter səslənməsi vasitəsilə müəllimdəm mühazirə dinləyib, tapşırıqlar da ala bilər. Yəni yeni texniki inkişaf məsələləri var. Bunlar nəzərə alınıb.
-Diqqət çəkən məsələrdən biri təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılmasıdır. Artıq muxtariyyat təcrübəsi var. Sizcə, özünü idarəetmə inkişafa səbəb olurmu?
-Bizim ali məktəblərdən bir neçəsinə muxtariyyat artıq verilib. Məsələn, BDU-nun muxtariyyatı var. Bu ondan ibarətdir ki, bu ali məktəblər dövlətin ayırdığı vəsaitdən əlavə ayrı-ayrı layihələr, beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilən axtarışlarla pul qazana bilər. Və bu pullar milyonlarla olur. BDU bu saat pul qazana bilir. Onların geniş kimya laboratoriyası var və yeni aldıqları avadınlıqların 100-200 min qiyməti var. Bunları dövlətin pulu ilə almayıblar. Layihə pulları ilə alıblar. Yəni vəsaitin genişləndirilməsində müstəqillik verirlər. Belə olmasa, gərək hər dəfə bütün işlər üçün nazirlikdən icazə alınsın. Belə olmayacaq, özü planlaşdırıb işini özü də həyata keçirəcək. Digər tərəfdən də muxtariyyat universitetin özünün təlim keyfiyyətinə nəzarətin artırılmasını tələb edir. Bəlkə bizdə başqa cür olacaq, amma əslində elə olmalı deyil. Bilirsiniz ki, heç bir orta məktəbin bankda müstəqil hesabı yoxdur. Əgər bankda müstəqil hesab yoxdursa, o məktəb necə sərbəst ola bilər? Hansı ki sovet dönəmində-40 il əvvəl var idi hər məktəbin öz hesabı var idi. Həmin hesablar məktəbə verilməlidir. Bu barədə danışılır. Hətta Təhsil haqqında qanunda da var. Amma yerinə yetirilmədi. Hər məktəbin öz hesabı olacaq. Məktəb özü təsərrüfatını saxlayacaq, özü vəsait qazana biləcək. Özünün idarəediciliyi ona müstəqillik verəcək və daha azad müstəqil hərəkət edəcək. Amma Strategiyada göstərilir ki, məktəbin məsuliyyəti artırılacaq. İndiyə qədər heç bir məktəbin keyfiyyətsiz məzuna görə məsuliyyəti yox idi, amma orda göstərilir ki, bundan sonra keyfiyyəsiz təhsil və davranış qaydalarına görə cəmiyyəti təmin etməyən adamlar üçün ali və orta məktəblər, xüsusən onların idarəediciləri məsuliyyət daşıyacaq. Strategiyadakı məsələlər yaxşı məsələlərdir, amma gərək həllini də yaxşı tapa. İndiki şəraitdə real görünmür və çox adam inanmır. Deyirlər ki, qanunlar var, amma baxan yoxdur. Birinci növbədə əmək haqqı qaldırılmalıdır. Bu işdə stimullaşdırma var. Yaxşı və orta müəllimə fərqli əmək haqqı veriləcək. Bu zaman da rəqabət yaranacaq. Ya irəliləyəcək, ya da başqa işə gedəcək. Əgər yaxşı tətbiq mexanizm yaradılılarsa, faydalı olacaq.
Aygün