Gizlin çıxarılan məhkəmə qətnamələri - MÜSAHİBƏ

Dünyamin Novruzov: “Məhkəmə tərəfləri lazımı qaydada xəbərdar etmədən işə baxaraq qətnamə qəbul edirsə, bu hal prosessual normaların kobud pozuntusudur”

Oxucularımızın suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır
- Mən rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək istəyirəm. Bilmək istərdim ki, narazı qaldığım məhkəmə qətnaməsinin surətindən başqa hansı yeni sənədləri həmin şikayətə əlavə etmək lazımdır?

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi, Siz Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları apellyasiya şikayətində göstərməlisiniz. Bundan başqa, apellyasiya şikayəti tərəfinizdən (nümayəndəniz tərəfindən də imzalana bilər) imzalanmalı və ona dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin surətini apellyasiya şikayətinə əlavə etməyinizə ehtiyac yoxdur, çünki birinci instansiya məhkəməsi tərəfinizdən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb həmin şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərəcək. Siz birinci instansiya məhkəməsində təqdim edilməyən yeni sübutlara o halda istinad edə bilərsiniz ki, apellyasiya şikayətində həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırasınız.
- Məhkəmə iclasının protokolu iş üzrə sübut kimi qəbul edilə bilərmi?
- Məhkəmə iclasının protokolu özü-özlüyündə ayrıca sübut növü kimi çıxış etmir, lakin həmin protokolda öz əksini tapmış şahid ifadələri, tərəf və üçüncü şəxslərin izahatları sübut kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
- Mağazadan aldığım mal qüsurlu olduğundan təyinatı üzrə istifadə edə bilmirəm. Dəfələrlə satıcıya müraciət etsəm də, bunun heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəmədə iddia qaldırmaq niyyətindəyəm. Bilmək istərdim, hansı məhkəməyə müraciət etməli və nə qədər dövlət rüsumu ödəməliyəm?
- Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi, Siz seçiminizdən asılı olaraq ya yaşadığınız yerin məhkəməsinə, ya da malı aldığınız mağazanın yerləşdiyi (bu halda müqavilənin bağlandığı və icra edildiyi yer mağaza olduğu üçün) yerin məhkəməsinə müraciət edə bilərsiniz. "Dövlət rüsumu haqqında" qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, Siz istehlakçı kimi hüquqlarınızın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyiniz üçün dövlət rüsumu ödəməkdən azadsınız.
- Məhkəmə mənim xəbərim olmadan işə baxmış və qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazıyam. Nə edə bilərəm?
- Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, Siz narazı qaldığınız qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz. Qeyd edək ki, apellyasiya şikayəti qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinə təqdim edilir. Bundan əlavə, məhkəmə Sizi lazımı qaydada xəbərdar etmədən işə baxmış və qətnamə qəbul etmişdirsə, bu hal məhkəmə tərəfindən prosessual normaların kobud pozuntusuna yol verildiyinə dəlalət edir. Bu pozuntu məhkəmənin qətnaməsinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin tərtibi məqsədilə peşəkar hüquqi yardımdan istifadə etməyiniz məqsədəuyğundur.
- Qonşuma borc pul vermişəm, lakin yazılı müqavilə bağlamamışam. Sadəcə olaraq, öz aramızda yazılı şəkildə qəbz tərtib etmişik. Qonşum borcunu qaytarmaqdan boyun qaçırır. Məhkəməyə müraciət etməyim müsbət nəticə verərmi?
- Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göründüyü kimi, borc müqaviləsinin yazılı bağlanmalı olması kimi bir tələb mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu baxımdan, borc məbləğinin tutulmasına dair məhkəmədə iddia qaldıra bilərsiniz. Sübut kimi yazılı şəkildə tərtib edilmiş qəbzi təqdim edə, əgər varsa, şahidləri məhkəməyə dəvət edə bilərsiniz.
- Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək istəyirəm. Lakin cavabdehin rəsmi qeydə alındığı yer mənə məlum deyil. Bu halda iddia ərizəsini cavabdehin əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verə bilərəmmi?
- Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər Bu halda, cavabdehin yaşayış yerinin məlum olmaması dedikdə, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən cavabdehin yaşayış yerinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü nəzərdə tutulur. Əgər iddia ərizəsinə əlavə olunmuş sənədlərdən (müqavilənin surəti və s.) cavabdehin rəsmi qeydə alındığı yeri müəyyənləşdirmək mümkündürsə və həmin yer Sizin müraciət etdiyiniz məhkəmənin ərazi aidiyyətinə daxil deyilsə, onda məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytaracaqdır. Cavabdehin əmlakının olduğu yerin və ya cavabdehin məlum olan axırıncı yaşayış yerinin iddia ərizəsində göstərilməsi və bu barədə sübutun əlavə olunması iddiaçı kimi sizin vəzifənizdir.
- Məhkəmə prosesində iştirak edərkən bəzi sənədlərin əslini sübut qismində məhkəməyə təqdim etmişəm. Hazırda həmin sənədləri geri almaq niyyətindəyəm. Bu, mümkündürmü?
- Sənədlərin əslinin qaytarılması qaydası Mülki Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədən aydın olur ki, işdə olan sənədlərin əslinin qaytarılması həm qətnamə qanuni qüvvəyə minənədək, həm də qüvvəyə mindikdən sonra mümkündür. İşdə olan sənədlərin əsli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. Lakin bu zaman sənədlərin əslinin qaytarılmasını istəyən həmin şəxslər bu sənədləri tələb etməklə eyni zamanda onların lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edir və ya işdə qalan surətlərin həqiqiliyini təsdiq etməyi məhkəmədən xahiş edirlər. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim edən şəxslərə o şərtlə qaytarıla bilər ki, məhkəmə bu sənədlərin qaytarılmasının mübahisənin düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun.
- Mən 3 nəfərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyirəm. Lakin həmin şəxslər ayrı-ayrı yerlərdə, yəni müxtəlif rayonlarda yaşayırlar. Bu halda, hansı məhkəməyə müraciət etməliyəm?
-Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, Siz iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilərsiniz.
- Tərəf olduğum məhkəmə işi üzrə rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini buraxmışam. Bu halda həmin qətnamədən şikayət edə bilərəmmi?
- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək Sizin hüququnuzdur. Lakin bu hüququnuzu mülki prosessual qanunvericilikdə müəyyən edilmiş prosessual müddətdə həyata keçirməlisiniz. Yəni mübahisələndirdiyiniz qətnamə Sizə rəsmi qaydada təqdim edildiyi tarixdən etibarən bir ay ərzində ondan apellyasiya şikayəti verə bilərdiniz. Bu mənada, bir aylıq müddətin keçməsi apellyasiya şikayəti vermək hüququnuzun keçməsi ilə nəticələnmişdir. Sualınızdan prosessual müddəti üzrlü, yoxsa üzrsüz səbəbdən buraxdığınız aydın olmur. Əgər müddətin buraxılması üzrlü səbəbdən baş vermişdirsə, onda buraxılmış müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilərsiniz. Ərizəyə müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübut əlavə olunmalıdır. Eyni zamanda, ərizə ilə birlikdə apellyasiya şikayəti və ona əlavə edəcəyiniz sənədləri təqdim etməlisiniz. Əgər məhkəmə apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edərsə, onda buraxılmış müddəti bərpa edə bilər. Məhkəmənin prosessual müddətin bərpasına dair ərizənizi təmin etməməsi barədə qərardadından şikayət verə bilərsiniz .

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31