İşçi hansı hallarda artıq işə cəlb edilə bilər? - ŞƏRH

Dünyamin Novruzov: “İşçi ardarda gələn iki iş günü ərzində dörd saatdan artıq işlərə cəlb edilə bilməz”

 Oxucuların suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır.

- Dünyamin müəllim, işəgötürən hansı hallarda işçini iş vaxtından artıq işlərə cəlb edə bilər?

- İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşəgötürən işçini iş vaxtından artıq işlərə cəlb etdikdə Əmək Məcəlləsinin bir sıra tələblərini nəzərə almalıdır. Əmək Məcəlləsinin 101-ci maddəsində iş vaxtından artıq işlərə yol verilən müstəsna halların dairəsi müəyyənləşdirilmişdir. Bunlara daxildir: 1) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi; 2) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etmək üçün; 3) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; 4) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; 5) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. Əmək qanunvericiliyinə görə, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, yaşı 18-dən az olan işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

- Müddətli əmək müqaviləsi nədir və hansı hallarda bağlanılır?

- Müddətli əmək müqaviləsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində təsbit olunmuşdur. Həmin maddələrin analizi aşağıdakı nəticələrə gəlməyə imkan verir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsi müddətli əmək müqaviləsinin bağlanması imkanını nəzərdə tutur, lakin onun müddətinin 5 ildən artıq olmaması şərtini müəyyənləşdirir. Əgər əmək müqaviləsində onun müddəti barədə hər hansı şərt nəzərdə tutulmayıbsa və ya onun hansı müddətə bağlanması göstərilməyibsə, onda həmin əmək müqaviləsi müddətsiz bağlanmış sayılır. Müddətli əmək müqaviləsi bağlanan halda, işçi və işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə müəyyənləşdirirlər. Əgər tərəflər müddətsiz əmək müqaviləsi bağlamışlarsa, onda həmin əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağanı nəzərdə tutur. Belə ki, həmin maddənin tələbinə müvafiq olaraq əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsi müddətli əmək müqaviləsi bağlana bilən halları müəyyənləşdirir. Başqa sözlə, 47-ci maddədə göstərilən hallarda müddətli əmək müqaviləsinin bağlanması məcburi deyil, bu, tərəflərin iradəsindən asılıdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakterə malik olmaması tələb edilir. Məsələn, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi nəticəsində işə çıxmaması ilə əlaqədar olaraq onun əmək funksiyasının başqa işçi tərəfindən icrası zərurəti olduqda və sair.

 - İşə qəbul zamanı sınaq müddətinin müəyyən olunması qanunvericilikdə nəzərdə tutulubmu?

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51, 52 və 53-cü maddələri sınaq müddətinin tətbiqi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin maddələrin analizi sınaq müddətinin tətbiqi ilə bağlı aşağıdakı əsas şərtləri müəyyənləşdirməyə imkan verir. Sınaq müddəti işçinn peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının yoxlanılması məqsədilə tətbiq edilir. Əgər əmək müqaviləsində sınaq müddətinin tətbiqi nəzərdə tutulmayıbsa, onda həmin əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab edilir. Sınaq müddəti 3 aydan artıq ola bilməz. Nəzərə almaq lazımdır ki, sınaq müddətinə işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtı daxildir. Eyni zamanda, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Dövlət qulluqçuları üçün sınaq müddətinin müəyyən olunması qaydası fərqlidir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək Məcəlləsinin 52-ci maddəsində sınaq müddəti müəyyən edilməyən hallar təsbit olunmuşdur. Həmin maddəyə əsasən yaşı 18-dən az olan şəxslərlə; müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla; hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə; təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əgər tərəflərdən heç biri sınaq müddəti bitənədək əmək müqaviləsinin xitamını tələb etməyibsə, onda işçi sınaqdan çıxmış hesab edilir. Qüvvədə olan qanunvericilik işçinin sınaqdan çıxması ilə bağlı işəgötürən tərəfindən ayrıca əmrin verilməsini nəzərdə tutmur. Yəni bu halda, işçi əmək fəaliyyətinə başladığı ilk gündən işə qəbul edilmiş sayılır. Nəzərə almaq lazımdır ki, işçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə ilə xitam verilə bilər. Başqa sözlə, işəgötürən bu haqda əmrində işçinin sınaq müddətində özünü doğrultmadığına dair halları təsdiq edən sübutları göstərməli və əsaslandırmalıdır. Qeyd edək ki, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

 - Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir?

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsi əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədləri müəyyən edir. Belə ki, həmin maddənin 1-ci hissəsinə görə əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Həmin maddənin 3-cü hissəsinə əsasən məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Beləliklə, hər bir şəxs əmək müqaviləsi bağlayarkən şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını və dövlət sosial sığorta şəhadətnaməsini təqdim etməlidir. Əgər şəxs ilk dəfə əmək fəaliyyətinə başlayırsa, əmək kitabçası və dövlət sosial sığorta şəhadətnaməsi tələb edilmir. Eyni zamanda məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olanlar, Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. Göründüyü kimi, əgər vətəndaş hüquqşünas qismində hər hansı bir idarəyə işə qəbul olunmaq istəyirsə, bu zaman o, ali hüquq təhsilini təsdiq edən diplomunu təqdim etməlidir. Əks halda, əmək müqaviləsinin bağlanması mümkün olmayacaq. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsində əmək müqaviləsi bağlanarkən hansı hallarda işçi tərəfindən sağlamlıq vəziyyəti haqqında tibbi arayışın təqdim edilməli olması təsbit edilmişdir. Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli, 1 saylı Qərarı ilə "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı" təsdiq edilmişdir. Həmin siyahıda göstərilən peşələr (vəzifələr), iş yerləri üzrə (məsələn, neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər, bütün növ yeraltı işlər və s.) əmək müqaviləsi bağlanarkən sağlamlıq haqqında tibbi arayış tələb edilməlidir.

 - Oxuculardan biri soruşur ki, beş və səkkiz yaşlarında iki uşağı var. Bu halda ona əlavə məzuniyyət düşürmü?

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsinə görə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin həmin maddənin 4-cü hissəsinə görə bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Göründüyü kimi, qüvvədə olan əmək qanunvericiliyinin tələbinə görə 14 yaşınadək iki uşağı olan qadınların 2 təqvim günü müddətində əlavə məzuniyyət almaq hüququ vardır, bu şərtlə ki, həmin qadınlar Əmək Məcəlləsinin 118-121-ci maddələrində göstərilmiş işçilər kateqoriyasından (pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər, əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilər və s.) olmasınlar.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31