“QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimai sektorun inkişafına yönəlik təşəbbüsləri QHT-ləri daha da ruhlandırır”
Xanoğlan Əhmədov: “Şuranın əldə etdiyi elə nailiyyətlər var ki, bu təcrübəni beynəlxalq təşkilatlar özləri üçün yenilik sayırlar”
15 Aprel 2013 14:48 MüsahibəAprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 ili tamam olur. Bu qurumun yaranması ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında yeni bir mərhələ olmaqla yanaşı, ölkədə vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi sahəsində də böyük uğurların əldə edilməsinə səbəb olub.
QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyəti, indiki vəziyyəti və perspektivləri barədə suallarımızı QHT Əməkdaşlıq Alyansının baş katibi, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov cavablandırır.
- QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Dövlət Dəstəyi Şurasının cəmiyyətdə oynadığı rolu qiymətləndirmək üçün bir sıra məqamlara nəzər salmağa ehtiyac var. Əvvəla, Azərbaycanda ictimai sektorun inkişafında QHT-lərə Dövlət Dəstəyi Şurasının böyük xidmətlərinin olduğu danılmazdır. İctimai sektorun çoxsaylı problemlərinin aradan qaldırılması istiqamətində 2007-ci il iyulun 27-də ölkə prezidentinin sərəncamından sonra qeyri-hökumət təşkilatlarının inkişaf konsepsiyasının qəbul edilməsi və reallaşdırılmağa başlanması isə bu sahədə ən ciddi addım sayılmalıdır. Çünki yerli QHT-lərin Şuradan maliyyələşdirilməsi sayəsində ölkədə yeni QHT obrazının formalaşdırılması prosesi məhz bu addımdan sonra başlandı.
Beləliklə, Şuranın yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında və formalaşmasında yeni bir mərhələnin başlanğıcı oldu. Dövlətin milli QHT-lərə sahib çıxması, ictimai sektorun daha da inkişaf etdirilməsi, QHT-lərə dövlət dəstəyini nəzərdə tutan proqramın reallaşması QHT sektorunda baş verən mühüm yenilik idi. Bu proqramın həyata keçirilməsi nəticəsində QHT-lərin əhatə dairəsi, maddi-texniki bazası daha da genişlənməkdədir.
Məhz Şura yaranandan sonra QHT-lərin fəaliyyəti daha sistemli şəkil almağa başladı. QHT-lərin fəaliyyətinin Şuraya qədərki vəziyyətinə nəzər saldıqda məlum olur ki, ötən beş ildə ictimai sektorda ciddi dəyişikliklər baş verib. Hər şeydən əvvəl bu qurumların fəaliyyətinin məqsədyönlü təşkilində və maliyyələşməsindəki xaotiklik, QHT-Hökumət münasibətlərində yaşanmış ziddiyyətlər aradan qaldırılıb. QHT-lərin ayrı-ayrı düşərgələrdən, siyasi qurumlardan, xarici donorlardan, bütövlükdə ayrı-ayrı insanlardan asılılığına son qoyulması istiqamətində ciddi dəyişikliklər baş verib. Digər tərəfdən, QHT-lərin Şuradan maliyyələşdirilməsi və Şuranın səyləri ilə ölkədə yeni QHT obrazının yaradılması təşəbbüsləri müsbət nəticələrlə müşayiət olunmaqdadır. Bu gün dövlətin QHT-ləri özünə tərəfdaş kimi qəbul etməsi, ictimai sektorun gələcək inkişafında mühüm irəliləyişlərin və dəyişikliklərin olacağına böyük ümidlər yaradır. QHT-lərə Dövlət Dəstəyi Şurasının ölkədə vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyətinə yönəlik təşəbbüsləri və həyata keçirdiyi tədbirləri QHT-ləri daha da ruhlandırır. Yeri gəlmişkən, QHT Əməkdaşlıq Alyansı aprel ayının 11-də QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətinə həsr edilmiş geniş ictimai müzakirə keçirdi. Həmin tədbirdə çıxış edən millət vəkilləri, Alyansın İdarə Heyətinin üzvləri və QHT rəhbərləri Şuranın QHT-lərin inkişaf problemlərinin həlli, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanları ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi və s. sahələrdə əldə etdiyi uğurlardan danışdılar. İctimai müzakirənin sonunda Şuranın 5 illik fəaliyyəti ilə bağlı Alyansın təhlil-açıqlaması yekun sənəd kimi qəbul edildi. Həmin sənəd bu gün mətbuatda da öz əksini tapıb.
- Şuranın fəaliyyəti Azərbaycanda QHT-lərin inkişafına hansı təsirini göstərib?
- Əslində, mülki cəmiyyəti QHT-lərsiz təsəvvür etmək, sadəcə olaraq mümkün deyil. Bu sahədə Şuranın fəaliyyətinə gəlincə, qurumun ölkə QHT-lərinin inkişafına müsbət təsir etdiyi göz qabağındadır. Bunu yalnız Şuranın bədxahları inkar edə bilərlər. Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycanın ümummilli maraqlarına xidmət edən layihələrin maliyyələşdirilməsinə üstünlük verilir. Şuraya maliyyələşdirilmək üçün təqdim edilmiş layihələrin dəyərləndirilib seçilməsi və qiymətləndirilməsində əvvəlki dönəmlərdən fərqli olaraq yeni prinsiplər rəhbər tutulur, xarici donor təşkilatlarının Azərbaycanla bağlı həyata keçirdikləri sistemdən fərqli metodologiya tətbiq olunur. Bütün layihələr cəmiyyətdəki obyektiv ehtiyaclar və problemlərin nəzərə alınması şərtilə dəyərləndirilir, bu zaman Azərbaycanın maraqları yeganə tələb sayılır. Şuranın bu istiqamətdəki fəaliyyəti yetərincə şəffaf və aşkardır.
Şura tərəfindən maliyyələşdirilən layihələrin sırasında milli-mənəvi dəyərlər, Dağlıq Qarabağ mövzusu, vətənpərvərliyin təbliği, sosial sahədə, səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsinin ön sıraya çıxarılması xüsusilə çox təqdirəlayiqdir.
- Şuranın maliyyə dəstəyi QHT-ləri xarici donorların asılılığından xilas edə bilibmi?
- Son 5 ildə QHT-lərin xarici donorlardan asılılığı xeyli azalıb. Hazırda yerli QHT-lər xarici donorlardansa, milli donorla işləməyə üstünlük verirlər. Bu müsbət dəyişiklik əlbəttə ki, Şura rəhbərliyinin səmərəli və obyektiv fəaliyyəti, layihələrin maliyyələşdirilməsi zamanı ayrı-seçkiliyə yol verməməsi sayəsində baş verib.
Artıq bu qurumun beynəlxalq əlaqələri də xeyli genişlənib. Avropa İttifaqı və o cümlədən Avropa Şurası, bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri, beynəlxalq təcrübənin tətbiqi ölkədəki QHT-lərin fəaliyyət imkanlarını xeyli genişləndirir. Azərbaycan cəmiyyətinin tam şəkildə demokratikləşməsində, vətəndaş cəmiyyəti institutlarının tamhüquqlu struktur kimi cəmiyyətdə öz yerini tutmasında, cəmiyyətdə özünüidarə mexanizmlərinin formalaşması və nəhayət, hüquqi cəmiyyətin tam təşəkkül tapmasında Şuranın beynəlxalq əlaqələri mühüm rol oynayır.
Yeri gəlmişkən, Şuranın fəaliyyəti beynəlxalq təcrübədən yararlanmaq, bu sahədə ən qabaqcıl prinsipləri, konstruktiv formaları Azərbaycanda tətbiq etməklə məhdudlaşmır. Bu 5 ildə Şuranın əldə etdiyi elə nailiyyətlər var ki, həmin təcrübəni beynəlxalq təşkilatlar özləri üçün yenilik sayırlar. Bu gün nüfuzlu xarici nəşrlərdə bu Şuranın fəaliyyətinə həsr olunmuş yazılara vaxtaşırı rast gəlmək olur.
- QHT-lər Şuranın maliyyə dəstəyindən səmərəli istifadə edə bilirlərmi?
- Maliyyə dəstəyindən hansı QHT-nin necə istifadə etməsi barədə tam məlumatlı deyiləm. Yəqin ki, dəqiq siyahı Şura rəhbərliyində var. Ancaq qurumun illik hesabatlarından görünür ki, QHT rəhbərləri ayrılan maliyyə yardımının az olmasına baxmayaraq çox vacib layihələr həyata keçirirlər.
Şura sədri, millət vəkili Azay Quliyev də ötən ilin yekunları haqda ictimaiyyətə verdiyi hesabatında bildirib ki, Şura təkcə ötən il ərzində 348 layihəyə maliyyə vəsaiti ayırıb. Maliyyəşdirilən layihələrin sırasında QHT-lər Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərinin və Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği ilə bağlı ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Belçika, Fransa və s. ölkələrdə 12 layihə üzrə tədbirlər keçiriblər. Hansı ki, onlara ümumilikdə 60 min manatdan çox vəsait ayrılıb...
- QHT-lərin problemləri barədə nə deyə bilərsiniz?
- QHT-lərin problemi çox olsa da, bəziləri qismən həll edilmək üzrədir. Ancaq mən həmin problemlərdən biri haqqında danışmaq istərdim. Bu QHT-lərin qeydiyyatı ilə bağlıdır. Çünki qeydiyyat sahəsindəki əngəllər QHT-lərin inkişafına ciddi mane olur. Xeyli sayda QHT-lər var ki, hüquq subyektliyi əldə etmək illərdir get-gəldədirlər. Əslində, ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşdırılmasının sürətlənməsi, bütövlükdə demokratik prinsilərin möhkəmlənməsi üçün hüquq subyektliyi əldə etmək mühüm şərtdir. Əks halda QHT-lərin fəaliyyət imkanları məhdudlaşdırılmış sayılır. Əksər donor təşkilatları da yalnız QHT-lər qeydiyyatdan keçdikdən sonra onların layihələrini maliyyələşdirməyə razı olurlar.
Alim