Şura ona bəslənilən ümidləri doğrultdu - MÜSAHİBƏ
Rəfail Becanov: “QHT-lərin fəaliyyətini əlaqələndirdi və stimullaşdırdı, bununla da güclü bir sektorun formalaşmasında əvəzsiz xidmət göstərdi”
12 Aprel 2013 15:53 MüsahibəQHT Əməkdaşlıq Alyansının həmsədri, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, müstəqil jurnalist Rəfail Becanovun "Olaylar"a müsahibəsi
- Rəfail müəllim, QHT-lərə Dəstək Dövlət Şurasının 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- İlk öncə QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyət başlamasının 5 illiyi münasibətilə Şuranın sədri, millət vəkil Azay Quliyevi, Şura üzvlərini, icra katibliyinin əməkdaşlarını, eləcə də bütün QHT-ləri təbrik edirəm. Qısaca desək, Şuranın fəaliyyətini bütün QHT-lər təqdir edir. Çünki Şura fəaliyyəti ilə ona bəslənilən ümidləri doğrultdu, QHT-lərin fəaliyyətini əlaqələndirdi və stimullaşdırdı, bununla da güclü bir sektorun formalaşmasında əvəzsiz xidmət göstərdi.
- Şuranın fəaliyyəti Azərbaycanda QHT-lərin inkişafına hansı təsirini göstərib?
- Vətəndaş cəmiyyətinin inkişafından onun tarixinə nəzər salmadan danışmaq mümkün deyil.
Ölkəmizdə vətəndaş cəmiyyətinin yaşı dövlət müstəqilliyimizlə eyni vaxta düşür. Bu baxımdan da vətəndaş cəmiyyətinin tam oturuşması üçün yetərincə uzun zaman keçməyib. 21-22 il yeni bir institutun, xüsusən də təbii yolla formalaşması üçün böyük zaman kəsiyi deyil. Amma bütünklükdə götürdükdə, vətəndaş cəmiyyətinin inkişafı bu illər ərzində sürətlə gedib və artıq vətəndaş cəmiyyəti institutları cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün cəmiyyəti vətəndaş cəmiyyəti sektoru olmadan təsəvvür etmək mümkün deyil.
Vətəndaş cəmiyyəti institutlarının əsas və ən aparıcı sektorlarından biri də qeyri-hökumət təşkilatlarıdır. Vaxtilə QHT-lər təşkilatlanma, maliyyələşmə və fəaliyyət istiqamətlərilə bağlı ciddi çətinliklərlə üzləşirdilər. Amma təcrübələr öyrənildikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, QHT-lərin formalaşması prosesi də asanlaşdı. Təşkilatlanma yolları öyrənildi, qismən də olsa maliyyə mənbələrinə çıxış imkanları əldə edildi, fəaliyyət istiqamətləri müəyyənləşdirildi. QHT-lərin inkişaf illərini analiz etdikdə bu inkişafı bir neçə mərhələyə bölmək olar. İlk mərhələ ötən əsrin 90-cı illərinin əvvəlindən sonuna qədər olan dövrü əhatə edir. Bu illər ərzində QHT-lərin belə hesab etmək olar ki, bünövrəsi qoyulurdu. Fəaliyyət göstərmək çox çətin idi. Hər yerdə problemlərlə üzləşilirdi. Ən mühüm çətinlik isə hökumət qurumlarının fəaliyyətə yaratdığı əngəllərdən ibarət idi. Xüsusən də regionlarda həm yaradılması, həm də fəaliyyət göstərməsi QHT-lərə böyük çətinliklər hesabına başa gəlirdi. Demək olar ki, bu illər ərzində QHT-lər çox böyük mübarizə yolu keçdilər. Fəaliyyətə qanunsuz müdaxilə, əsassız təzyiqlərlə zəngin bir mərhələ keçildi. Hökumət orqanlarının QHT-lərə münasibəti çox mənfi idi və onlara dövlət əleyhinə fəaliyyət göstərən qurum kimi baxırdılar. Düzdür, həmin dövrdə QHT-lərin donor tapmaq problemi indiki qədər çətin deyildi. Amma fəaliyyət göstərmək, layihələrin həyata keçirilməsi çətin idi. Müxtəlif xarici fondlar, donorlar tərəfindən QHT-lərin layihələri dəstəklənirdi, onların maliyyə vəsaiti əldə etməsinə yardım edilirdi və QHT-lər çox böyük çətinliklə olsa da, bu layihələrin icrasına nail olurdular. Amma hökumətlə əlaqələrin çətinliyi istənilən effekti vermirdi. 1999-cu ildə Milli QHT Forumu yaradıldıqdan sonra bu münasibət qismən dəyişilməyə başladı. Bununla da QHT-lərin fəaliyyət imkanları əvvəlki dövrə nisbətən asanlaşdı. Regionlarda olmasa da, böyük şəhərlərdə QHT sektoruna, onun fəaliyyətinə hökumətin yanaşması dəyişdi və bu da QHT-lərin inkişafına müsbət təsir göstərdi. Bu baxımdan 1999-cu ildən sonrakı dövrü QHT-lərin inkişafında əsas dövrlərdən biri kimi xarakterizə etmək olar. Amma yenə də müxtəlif çətinliklər qalırdı. Ən başlıcası bu idi ki, QHT-lər dövlət tərəfindən maliyyə yardımı ala bilmirdi. Bütünlükdə xarici donorlardan asılı vəziyyətə düşmüşdülər. QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi və inkişafı 2007-ci ildən sonrakı dönəmdə əsaslı dərəcədə gücləndi. 2007-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi və bunun nəticəsində 2008-ci ilin aprelində QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətə başlaması ilə çox ciddi yüksəliş dövrünə qədəm qoyuldu. Dövlət QHT əlaqələrinin sistemli şəkildə inkişaf strategiyası formalaşdı. Təbii ki, inkişaf tempinin artmasında, strategiyanın formalaşmasında Dövlət Dəstəyi Şurasında və icra strukturlarında peşəkarların fəaliyyət göstərməsi də önəmli yer tutur. Xüsusən Şura sədri Azay Quliyevin təcrübəsi, Milli QHT Forumuna rəhbərlik etməsi bu inkişafda xüsusi rol oynayırdı. Artıq bu gün demək olar ki, QHT-lərin istər formalaşmasında, istərsə də fəaliyyət göstərməsində əsas çətinliklər aradan qalxıb. Müxtəlif konseptual layihələrin icrasına nail olmaqda QHT-lərlə hökumət qurumları arasında rabitə, anlaşma mövcuddur.
- Şuranın maliyyə dəstəyi QHT-ləri xarici donorların asılılığından xilas edə bilibmi?
- Təbii ki, bu asılılıqdan indiki maliyyə vəsaiti ilə bütünlükdə xilas olmaq mümkün deyil, amma əvvəlki asılılıq yoxdur. QHT-lər dövlət tərəfindən maliyyə vəsaitinin artırılmasını arzulayır. Hesab edirik ki, maliyyə vəsaiti artdıqca, bu asılılq bütünlükdə aradan qalxacaq. Maliyyə dəstəyi çox önəmli olsa da, yanaşmanı təkcə bunun üzərində fokuslaşdırmaq düzgün deyil. Əsas taktikanın düzgünlüyüdür. Buna görə də dövlət tərəfindən maliyyələşmə QHT-lərin inkişafında çox mühüm amildir. Çünki elə layihələr olurdu ki, QHT-lər bu layihələrin maliyyələşməsinə donor tapa bilmirdi. Xüsusən də, Azərbaycanın təbliği, Qarabağ problemi, tariximiz və mədəniyyətimizlə bağlı layihələrin gerçəkləşməsində donor problemləri ilə üzləşilirdi. Dövlət tərəfindən maliyyə ayrılması ilə bu problem aradan qalxdı və bu istiqamətləri özünün prioriteti seçən QHT-lərin fəaliyyət imkanları genişləndi. Faktdır ki, bəzən elə olurdu vətəndaş fəallığının artırılması ilə bağlı layihələrə də QHT-lər donor tapmaqda çətinlik çəkirdi. Amma dövlətin maliyyə siyasəti QHT-lərin ayaqda durmasına imkan yaratdı. Bütün bunlar da QHT-lərin səmərəli fəaliyyətinə müsbət təsir edir. QHT-lərin fəaliyyət stumulları artdıqca, vətəndaş maariflənməsində də müsbət irəliləyişlər əldə olunur.
- QHT-lər Şuranın maliyyə dəstəyindən səmərəli istifadə edə bilirlərmi?
- Mənсə həm bu əməkdaşlıq öz bəhrəsini verir, həm də QHT-lər bu maliyyə vəsaitindən səmərəli istifadə edirlər. Müxtəlif layihələr hesabına aparılan maarifləndirmə tədbirlərini, sosial hüquqların öyrənilməsini bunun indiqatoru hesab etmək olar. Statistikaya görə, bu xətlə həyata keçirilən layihələr hesabına 900 mindən çox insan maariflənmə prosesinə cəlb edilib və bu çox böyük göstəricidir. Ayrı-ayrı detalları da araşdırsaq, məsələn, layihələrdə işləyən rəsmi işçilərin sayı, müvəqqəti işə cəlb olunanlar, könüllülər və s. çox geniş bir mənzərə alınır. Bu da onu deməyə əsas verir ki, Şuranın maliyyə dəstəyindən səmərəli istifadə olunur. Eləcə də burada nəzarət mexanizmi də mövcuddur. Layihə boyu bütün proses diqqətdə saxlanılır və Şura katibliyinin nəzatərində olur.
Alim