“5 il ərzində 3-cü sektorda xeyli məsafə qət edilib” - MÜSAHİBƏ

Ülkər Abdullayeva: “Bir sıra QHT-lər ayağa durub yerimələrinə, müəyyən uğurlara imza atmalarına görə Şuraya minnətdar olmalıdırlar”

 "Qadın Liderliyi Uğrunda" ictimai birliyin sədri, Fikir Fabriki İnstitutunun koordinatoru Ülkər Abdullayevanın "Olaylar"a müsahibəsi

 -Ülkər xanım, QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətini ümumiyyətlə qənaətbəxş qiymətləndirirəm. Hesab edirəm ki, bu müddət ərzində mövcud şərtlər əsasında Şuranın görmüş olduğu işlərdən daha artığını görmək çətin olardı. Şuranın yaranması vətəndaş cəmiyyətinin yeni formaşdığı bir mərhələyə təsadüf edirdi. Baxmayaraq ki, bu gün Azərbaycanda minlərlə QHT fəaliyyət göstərir, onların sadəcə çox az bir qismi üzərinə düşən funksiyaları lazımınca dərk edir. Normalda vətəndaş cəmiyyətləri bir ölkənin inkişafı, ölkədəki müxtəlif institutların formalaşması üçün çox vacib funksiyaları yerinə yetirirlər. Ölkədə vətəndaş cəmiyyəti institutlarının mövcud olması, ictimai proseslərdə yaxından iştirak etməsi, hakimiyyətin qolları üzərində ictimai nəzarəti həyata keçirməsi olduqca vacibdir. Çünki inkişaf etmiş qeyri-hökumət sektoru olmadan, inkişaf etmiş cəmiyyətdən və dövlətdən danışmaq olmaz. Elə ictimai vəzifələr var ki, dövlət strukturlarının bu vəzifələri öz üzərinə götürməsi mümkün deyil. Kobud şəkildə desək, qeyri-hökumət təşkilatları tərəzinin digər gözündə - hökumətin qarşısında yer tutaraq, orada balansı yaratmağa xidmət edir. Bu müasir dünya üçün bir aksiomdur ki, 3-cü sektor və azad media demokratik sistemlərin başlıca atributlarıdır. QHT-lər bir növ yardımçı, tənzimləyici funksiyaları üstlənərək cəmiyyətdəki boşluqların qapanmasında iştirak edirlər. Bu baxımdan düşünürəm ki, dövlətin QHT-lərə dəstək verən bir üst qurumun fəaliyyətini getdikcə təkmilləşdirməsi və QHT-lərin çoxsaylı layihələrini maliyyələşdirməsi pozitiv addımdır. Digər tərəfdən başda Azay Quliyev olmaqla bu qurumu təmsil edən peşəkar komandanın fəaliyyətini də gözardı etməmək lazımdır. Onlar çox rəngarəng sahələri əhatə edən təşkilatlarla və müxtəlif baxışları, dünyagörüşləri, qabiliyyətləri olan insanlarla işləyirlər. Müvafiq tədbirlərində iştirak edəndə və QHT rəhbərlərinin ümumi səviyyəsi ilə tanış olanda bir daha Şuranın qarşılaşdığı çətinliklərin nədən ibarət olduğunu başa düşürük. Bəzən Şuranın əməkdaşları layihələrin yazılmasından, icrasından tutmuş, Şuraya, vergi orqanlarına, Dövlət Sosial Müdafiə Fonduna, Maliyyə Nazirliyinə veriləcək hesabatlara qədər bir çox məsələləri detallı izah etməli olurlar. Elə QHT rəhbərləri var ki, hətta aydın bir dillə yazılmış təlimat və tövsiyələri oxuyub başa düşməkdə çətinlik çəkirlər. Bunları görəndə Şura daha çox yenicə ayaq açmağa, danışmağa başlayan uşağa yeriməkdə, danışmaqda yardım edən valideyni xatırladır. Halbuki, Şura məsələlərə bu qədər detallı yanaşmaq zorunda deyil. Ümumiyyətlə götürəndə 5 il ərzində 3-cü sektorda xeyli məsafə qət edilib. Bir sıra QHT-lər ayağa durub yerimələrinə, müəyyən uğurlara imza atmalarına görə Şuraya minnətdar olmalıdırlar. Mən bu sırada rəhbərlik etdiyim təşkilatın da adını qeyd etməliyəm. Bizim təşkilata ilk maliyyə yardımını Şura ayırıb və biz o layihəni uğurla icra etmişik.

 - Şuranın fəaliyyəti Azərbaycanda QHT-lərin inkişafına hansı təsirini göstərib?

- Sualınızın bir hissəsinə demək olar ki, əvvəldə qismən cavab verdim. Ümumiyyətlə QHT-lərin fəaliyyəti əsasən könüllü fəaliyyətdir. Onların öz hədəfləri istiqamətində fəaliyyət göstərmələri üçün əksər hallarda maliyyəyə ehtiyac duyulur. QHT-lər maliyyəni əsasən ianələr, qrantlar hesabına əldə edirlər. İnkişaf etmiş ölkələrdə 3-cü sektorun fəaliyyətini əsasən müvafiq ianələr fonduna malik donor təşkilatların ayırdığı maliyyə vəsaitləri tənzimləyir. O donor təşkilatlar təkcə öz ölkələrində deyil, xarici ölkələrdə də ən müxtəlif layihələri maliyyələşdirirlər. Bəzi hallarda korporativ məsuliyyətləri olan şirkətlər, iri maliyyə qurumları, sahibkarlar öz maliyyələrinin bir hissəsini könüllü şəkildə cəmiyyət üçün faydalı olacaq işlərə sərf edilməsi üçün ianələr fonduna, ya da konkret layihələrin maliyyələşməsinə yönəldirlər. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu qəbildən olan şirkətlərin sayı çox azdır. Azərbaycanda milyardlarla vəsait qazanmış şirkətlər humanitar sahələrə cüzi vəsait ayırmağı belə unudurlar. Halbuki onlar sosial məsuliyyəti hiss etməli, ən azı öz şirkətlərinin müsbət imicinin formalaşdırılması, onlara lazım olacaq peşəkar kadrların yetişdirilməsi və sair məsələlərlə bağlı səxavətli olmalıdırlar ki, öz sərvətlərinə sərvət qatsınlar. Ölkəmizdə korporativ sosial məsuliyyəti olan qurumların sayı məhdud olduğundan, Şura məcbur olur ki, vətəndaş cəmiyyətlərinin fəaliyyətini inkişaf etdirmək üçün müvafiq qrantlar ayırsın. Bu qrantların məbləğini qənaətbəxş saymaq olmaz. Amma ən azından onlar QHT-lərin layihələrinin icrası üçün ciddi dəstək rolunu oynayır. Məhz Şuranın ayırdığı qrantlar hesabına öz fəaliyyətini tənzimləyən və inkişaf etdirməyə nail olan xeyli sayda qht var. Eyni zamanda Şura keçirdiyi çoxsaylı tədbirlərdə, seminarlarda QHT-lərin müxtəlif istiqamətlər üzrə maarifləndirilməsi funksiyasını da öz üzərinə götürüb. Şura ona müvəffəq olub ki, vətəndaş cəmiyyətləri bir çox hallarda ölkənin taleyüklü məsələləri ilə bağlı bir araya gələ, birgə mövqedən çıxış edə, hansısa məsələlərə mütəşəkkil qaydada dəstək verə və yaxud da qınaq nümayiş etdirə bilib. Şura həmçinin QHT-lərə beynəlxalq donorlarla öz işini necə qurmağın yollarını da izah etməyi özünə borc bilib. Mən xatırlayıram ki, dəfələrlə həm Azay Quliyev, həm Fərasət Qurbanov, həm də Şuranın digər səlahiyyətli şəxsləri yerli QHT-lərə öz fəaliyyətlərini beynəlxalq təşkilatlarla koordinasiya etməyi, xarici donorlarla etimadlı bir şəkildə əməkdaşlığı tövsiyə ediblər. QHT-lər bir çox hallarda Şuranın timsalında özlərinin etibarlı müdafiəçisini tapıblar.

 - Şuranın maliyyə dəstəyi QHT-ləri xarici donorların asılılığından xilas edə bilibmi?

- Mən ümumuyyətlə xarici donorlardan maliyyə asılılığı ifadəsini doğru qəbul etmirəm. Xarici donorlar qrantları adətən müxtəlif təşkilatların, səfirliklərin elan etdikləri qrant layihələri müsabiqələri nəticəsində QHT-lərə ayırırlar. Bu sırf layihələrin icrasına dəstək xarakteri daşıyır. Bizdə yanlış təsəvvürlər var ki, yerli təşkilatlar hansısa formada xarici donorlardan asılıdırlar. O başqa məsələdir ki, yerli təşkilatlar donor təşkilatın yerləşdiyi ölkələnin maraqlarını müdafiə edirlər, ya yox. Güman etmirəm ki, Şuranın maliyyə dəstəyi QHT-lərin xarici donorların ayırdığı maliyyəyə tələbatı azaldıb. Azərbaycan cəmiyyətinin inkişafı üçün çoxlu sayda layihələrin icrasına ehtiyac var. Əgər diqqət yetirmisizsə, nəinki QHT-lər, hətta rəsmi dövlət qurumları da bir sıra layihələrin həyata keçirilməsi üçün xarici donorların dəstəyinə ehtiyac duyurlar. Bəzən də elə olur ki, başqa ölkələrə maliyyə yardımı edən donorların özlərinin yerləşdiyi ölkələrin hansısa mərhələdə xarici maliyyə dəstəyinə ehtiyacı olur. Cəmiyyətlərin inkişafı üçün qarşılıqlı yardımlaşma vacib şərtdir. Yaxşı olardı ki, QHT-lərə Dövlət Dəstəyi Şurası da hansısa mərhələdə xarici ölkələrdə həyata keçirilməsi zəruri olan layihələrə qrant ayırmaq gücündə olsun. Eləcə də, Azərbaycanda elə donorlar meydana gəlsin ki, onlar Azərbaycanın xaricdəki maraqlarının təmin olunması üçün müvafiq vəsaitləri sərf etməyi özünə borc bilsin. Bizim dünyaya açılmağa çox böyük ehtiyacımız var və bunun üçün bütün mümkün vasitələri işə salmalıyıq.

 - QHT-lər Şuranın maliyyə dəstəyindən səmərəli istifadə edə bilirlərmi?

- Yəqin ki, belə hallar çox olur. Təşkilatlar tanıyıram ki, fəaliyyətinin böyük bir hissəsini Şuranın maliyyə dəstəyi hesabına həyata keçirir. Məhz Şuranın verdiyi dəstəyə əsasən layihələrini icra edə, ölkədə tanına, icmalar içərisində söz sahibinə çevrilə biliblər. Bizim təşkilat qadınların ictimai-siyasi həyatda, sosial sferalarda fəal iştiraka istiqamətləndirilməsini, liderlik keyfiyyətlərinin üzə çıxarılması və inkişafını, müxtəlif sahələrdə karyera qurmasını dəstəkləyən, bu sahədə geniş maarifləndirmə işləri həyata keçirən bir təşkilatdır. Şura indiyə qədər bizim 1 layihəmizi maliyyələşdirib və bunun müsbət nəticələrini cəmiyyətimiz bu gün də hiss etməkdədir. Bizim keçdiyimiz interaktiv təlimlərdən sonra xeyli sayda gənc qız ictimai həyatda fəallığının qarşısını kəsən stereotipləri özündə kənarlaşdıra bildi. Onların bir çoxu ilə bizim təşkilatın əlaqələri davam edir və onlar beynəlxalq təşkilatlarda, dövlət institutlarında, özəl şirkətlərdə, universitetlərdə vacib postları tutublar, müəyyən uğurlara imza atıblar. Bizim Şuranın maliyyə dəstəyi ilə həyata keçirəcəyimiz növbəti layihə "Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması" adlanır. Bu layihə çərçivəsində biz xanımlara "Karyera quruculuğu, liderlik, nüfuzetmə və kollektivlərin idarə olunması" mövzusunda interaktiv təlimlər keçəcəyik. Onlar burada interaktiv tapşırıqlar (öyrəndikləri bilgilər əsasında başlanğıc planların qurulması, videokamera qarşısında mesajların verilməsi, nüfuz nitqlərinin hazırlanması) icra edəcəklər. Təlimlərdə aldıqları biliklər əsasında "Uğur layihəsi" tərtib edəcəklər. Onların ölkəmizdə və xaricdə karyera qurmuş qadınlarla həm üzbəüz, həm də skype tele-körpüsü vasitəsilə fikir mübadiləsi aparmaq imkanları olacaq. Düşünürəm ki, istənilən təşkilat donorun ayırdığı vəsaitləri aidiyyatı üzrə xərcləsə, ciddi nəticələr əldə edə bilər.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31