“Elə bil milli dəyərlərimizi gözdən salmaq yönündə iş aparan gizli şəbəkə fəaliyyət göstərir “

“Elə bil milli dəyərlərimizi gözdən salmaq yönündə iş aparan gizli şəbəkə fəaliyyət göstərir “

 " Mən mühafizəkaram, qardaş! "

  Son onilliklərdə cəmiyyətdə müxtəlif siyasi kataklizm, ağılasığmaz və  qəribə hadisələrin sayı artmaqdadır. Bütün bunlar isə fərqli bədii-publisist düşüncə və zehniyyət, küll halında isə yeni dəyərlər sisteminın yaranmasına xidmət edir. Mətləbi çox uzatmadan deyək ki, insanın mənəvi və sosial çəkisinin bəzi hallarda sonsuzluğa qədər heçə enməsi istər-istəməz bu günün yaradıcı insanından yeni yanaşma tələb edir. Mən yazıçı Əlabbası 80-cilər içərisində, sözün müsbət anlamında, o gündən bu günə mühafizəkar - ənənəvi düşüncənin əsas daşıyıcılarından, xüsusilə də xalq danışıq dilinə ən sədaqətlilərindən biri  hesab edirəm. Buna görə də istəyirəm Əlabbasla milli-mənəvi dəyər və adət-ənənələrimizə bu günün prizmasından onun baxışları  ilə yanaşaq, həm də yazıçının öz əsərlərinin konteksində nəzər salaq.  

- Qardaş, şərtimizi pozursan, ha,  70 yaşda görüşməyə vədələşmişdik.

-  Əlabbas, bu gün cəmiyyətdə nəinki şərtlər, hətta bir çox qanunlar da pozulur. Bu, əslində "Ailəm" jurnalının layihəsidi, həm də bir qədər ayrı səpkidə..

-Olsun. Əlbəttə, bu, bir zarafatdı. Ondan başlayım ki, mövzumuz yadıma uşaqkən eşitdiyim bir məsəli salır. İnanılmaz bir iş baş verəndə, naxır sürüsü ilə itib, deyərdilər, bu da ala inəyin zınqırovunu axtarır.  Bilirsən, niyə belə naümid danışıram? Son zamanlar elə vəziyyət yaranıb ki, min illər boyu qazanılmış milli-mənəvi dəyərlərə, tarixin sınağından  çıxmış mütərəqqi adət-ənənələrə, yəni əslində bir qədər dərinlərə, olub-olanlara, keçmişə qayıdışın özü (hətta söhbətdə belə)  təəccüb doğurur. Nə vaxtdı məndə belə bir qənaət yaranıb ki, millətin kimliyi qədər əlahiddə rol oynayan dəyərlərimizi gözdən salmaq, aşağılamaq yönündə iş aparan gizli bir şəbəkə fəaliyyət göstərir. Uzağa getməyək, bu saatın özündə də ailə institutunun zəiflədilməsinə, bir qədər də sərt demiş olsaq, dağıdılmasına istiqamətlənmiş nə qədər çirkin və yabançı işlər görülür! İnsanlar cinsini dəyişdirir, kişilər bir-biri ilə ailə qurur, heyvanlarla evlənir, cinsi azlıqların müdafiə komitəsini yaradır, nə bilim daha nə ağlasığmaz oyunlardan çıxırlar?

- Dediklərinlə razıyam, amma Əlabbas, yaxşı bilirsən ki, bu, nə ictimai qınaq və nəzarət, nə də hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə aradan qaldırılası bir məsələ deyil.  

Yadına salıram: "Dahilərin divanı" deyib də onları məhşər ayağına çəkənlər kimlər idi? M.F. Axundova, C.Məmmədquluzadəyə, S.Vurğuna, B.Vahabzadəyə və başqalarına kütlədə vulqar-sosioloji münasibət formalaşdıranlar, bəlkə, başqa planetdən gələnlər idi? Bu münasibət elə indinin özündə də davam etdirilir. Günahın bir ucu reket media qurumlarına gedib çıxırsa, bir ucu da birbaşa bu cür fikirlərin səslənməsinə tribuna verənlərə gəlib çatır və bu, sonda  olur əlbir fəaliyyət!

- Xoşbəxtlikdən ta bineyi-qədimdən sağlam təməllər üzərində qurulmuş,  cəmiyyətin bel sütunu olan ailə institutunu məhv etməyə bu işdə qol çırmayanların zoru çatmadı. Hərçənd bu yöndə Avropaya inteqrasiya adı altında bəs qədər tər tökənlər oldu (içi əcnəbi təşkilatlar qarışıq), öz murdar niyyətlərindən onlar heç indi də əl çəkməyiblər. Telekanalların bir çoxu yenə onlara "işləyir", efir hələ ki, onların əlindədi və bu verilişlərə münasibətini soruşsan,  sıradan olan  yüz nəfərin doxsanından eyni cavabı eşidərsən: "Mən Azərbaycan kanallarına baxmıram ki!" Sanki hamı baş verənlərlə barışmış kimi görünür. Bununla belə ziyalıya, konkret demiş olsaq, yazıçı və şairə qarşı bir etimadsızlıq mühitinin yarandığı indiki zəmanədə ən böyük işi yenə də qələm görür. Minnətdar olaq ona.

- Qələm demişkən, konkret  suallarım var. Birinci başlayaq  "Halal qan"dan. Hekayədə döyüş bölgəsində olan bir ailə təsvir olunur.  Ata yetkinlik yaşına qədəm qoyan qızının namusunu qorumağı onun ölümündən üstün tutur. Bunu necə başa düşək, yazıçının estetik görüşləri, ya  milli-mənəvi dəyərlərə sədaqəti kimi?

- Elə hər ikisi. Əslində mən nəyi eləməyə borclu idimsə,  onu  eləmişəm, başqa nə eləmişəm ki? Heç o hadisə də öz təxəyyülümün məhsulu deyil. Baş vermiş bir gerçəyin nəqlidi bu. Əslində bu olay tək yazıçının və atanın yox, bütöv xalqın mənəvi simasıdı. Hekayənin yığcam onsözündə yazmışam ki,  "bala dağını namus ləkəsindən uca tutan atanın hərəkəti onun şəxsi ləyaqətindən daha çox, bu xalqın əbədi və əzəli simasına  çəkilən illüstrasiyadır". Sözümün Mustafası hadisələrin təbii axarında açılsın deyə onu atanın nitqinə yerləşdirmişəm. "Başa düş, oğlum, mən çox şeyi sənə açıq deyə bilmirəm... Vaxt gələr hər şeyi özün başa düşərsən... Bu gülləni sənə bircə şeyə görə verirəm. Əgər rastınıza o itlərdən çıxsa, heç nə fikirləşmədən bacını öldürərsən... O qanı sənə halal eləyirəm"

Ola bilər, kimsə bu cür düşüncə sahibini Asiya qafalı olmaqda günahlandırsın,  amma onda bizim bu gün söhbət açdığımız mövzu mənəvi dəyərlərimiz barədə yox, qəti şübhən olmasın ki, sıradan bir məsələ olardı. Xatırla: "Gözlənilən bir qətlin tarixçəsi"ndə iki qardaş Santyaqo Nasarın qanına nə üçün susamışdı? Ortada namus məsələsi vardı. Markes də şərqli deyildi ki?! Yəni bu mövzunun köhnəlmə, gündəmdən çıxma söhbəti yoxdu. Mən də o balaca hekayə ilə demək istəmişəm ki,  yəni biz buyuq, bir xalq olaraq mahiyyətimiz, simamız  bundan ibarətdi, burda Şərq insanının ruh və təfəkkürü var. Önsözdə bir filosofa istinad olunan fikir də birbaşa o niyyətin açılışına xidmət edir: "Xalqın əzəli təbiəti yerin süxur qatları kimi çox dərinliklərdə yatır.  Onların üstünü əsrlərin his-tozu örtür, nəticədə guya, tamam başqa bir xalq əmələ gəlir, lakin xalqın həyatında gərginlik yarananda, sarsıntı baş verəndə həmin əzəli instiktlər oyanır, sadəcə onları səfərbər etmək, üzə çıxarmaq lazımdır"

- Bir hekayən var, "Gecəyarı hadisə", o vaxt jurnalda oxumuşdum. Sovetin axır-axırı idi, gərək ki. İlk baxışda olduqca adi görünən mövzuya həsr olunub, ana oğlundan ona Quran almasını xahiş edir.  Öz-özünə deyirsən qəribə nə var burda, elə ki, hadisələrin dərininə enirsən, görürsən ana oğluna dərmansız dərd arzulayıb. Aradan otuz il ötüb, lakin bir mövzu kimi bu gün də aktualdı o.

- Dünya bina olandan, insan özünü tanıyandan halalla haramın, yaxşı ilə yamanın, doğru ilə yanlışın mübarizəsi gedib. Nə işdisə, əksər vaxtlar da naqis dürüstü üstələyib, halalın qiymətini haramzadələrə verib. Məsələnin paradoksallığı  bundadı!  O hekayəni yazdığım çağ o vaxtlar idi ki, (1990)  hər bir insanın insanlığı az qala mənəvi zənginliyi,  əxlaqi saflığı,  fiziki kamilliyi ilə müəyyən olunur, bədii əsərlərin qəhrəmanları da əsasən bu kriteriyalara görə dəyərləndirilirdi. Bizim qəhrəman Səlim müəllim də o cür insanlardan biri, üstəlik yüksək mənsəb sahibi, professor, kafedra müdiri, televiziya şərhçisi, qısası, o vaxtın ölçüləri ilə yanaşsaq, iki kişidən biri idi. Beləsinə şəxsiyyət deyirdilər o vaxt. İndiki meyarlar isə onu "dahi şəxsiyyət"ə çevirib. Amma buyur, 40 manat  halal pulun dərdi  ad-sanı dünyaya sığmayan kişini bircə gecənin içində dəli eləyir. Və həngamə də Səlim müəllim böyük bir həqiqəti dərk edən andan başlanır. Kişi məmləkətdə (hətta ondan kənarda da) ərki çatan o dost-tanış qalmır ki, ağız açmamış olsun...O prosesin daha geniş arealı əhatə etdiyini mətnə daxil etməklə demək istəyirdim ki, bütün cəmiyyət deqradasiyaya uğrayıb, çox böyük əksəriyyət haramçılıqla məşğuldu. İndi təbəssümsüz xatırlamadığım, əslində isə faciəvi olan  bu məsələni bir tərəfə qoyub, səndən, qırx beş ilin dostundan bir az da ərklə soruşuram: əhalisinin sayını dünyaya bəlağətlə, sevinə-sevinə bəyan etdiyimiz on milyonluq respublikada Səməd Məlikzadə indinin özündə  halal pulla "Quran" almağa qadir neçə nəfər tapa bilər? Və ümumiyyətlə, tapa bilərmi? Bu mənada Səlim müəllim heç də keçən  əsrin adamı deyil, elə bu günün adamıdı ki, durub.

Bu hekayənin şərhini dərin hörmətlərim olan Xalid Kazımlının təqdimatında (2009-cu il) oxumaq özümə də xoş oldu: "Əbədi halal-haram məsələsinə dair yazılmış... böyük ictimai rezonans doğurmağa layiq olan bu hekayə günü bu gün də aktualdır və ictimai müzakirəyə çıxarılası bir əsərdir!"

Düzü, hələ o  zaman,hekayə "Sınıq körpü" jurnalında işıq üzü görəndə belə bir ideya yaranmışdı. O vaxt Bakı Dövlət Universitetində işləyirdim, bir səhər işə gələndə dəhlizdə çoxhörmətli müəllimim Yusif Seyidovla rastlaşdıq, əlimi sıxan kimi, hekayəni oxudum, dedi, vacib məsələdi,  hazırlaş, tələbələrlə müzakirəsini keçirək. Düzü, utandım, həm ovaxtkı yaşımdan, həm də  aləm bir-birinə dəymişdi, hamı "Qarabağ!" deyib, qışqırırdı, müzakirə vaxtı idi?  Onu indi istəyərəm, indi də o müzakirəni keçirənlər qeybə çəkilib.

- 2004-cü ildə, "Qiyamçı"nı dar bir dairədə  dostlarla öz aramızda isti-isti müzakirə edəndə onlardan biri bir yazıçı kimi Əlabbası kosmopolit olmamaqda günahlandırdı.  Səncə, o adam sizin haqqınızda belə deməyə nə dərəcədə  haqlıdı?

- Əntiqə iş görüb. Ona həl-həlbət salamımı çatdırarsan. Əgər o dostlar kitabımı oxuyublarsa, çox gözəl, üstəlik münasibət  də bildiriblərsə, əliyül-əla... Bunun başqa adı yoxdu ki! Demək, belə... Bunu mənə  deyən ilk adam sən deyilsən,  başqaları da eşitdirib. Orda bir səhnə var, uzun ayların ayrılığından sonra Təbriz təklikdə rastlaşdığı qadına gözünün ucu ilə də baxmır. Səhv eləmirəmsə,  söhbət bu epizoddan  gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31