Azərbaycan, Türkiyə və Pakistan: Tarixi dostluqdan strateji əməkdaşlığa- ÖZƏL
11:25 Siyasət"Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Bu bir tərəfdən zamanın tələbidir, digər tərəfdən tarixin səhifələrindən çıxmış münasibətlər sistemidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib:
"Vətən müharibəsində də qardaş Türkiyə və qardaş Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi ölkəmizin beynəlxalq uğurlarını şərtləndirdi. Torpaqlarımız işğaldan azad olundu və bizim münasibətlərimiz keyfiyyətcə yeni müstəviyə qalxdı. Vətən müharibəsindən sonrakı dövrdə Türkiyə və Pakistan ilə, eyni zamanda Azərbaycan arasında qanunvericilik müstəvisində, parlamentlər səviyyəsində Bakı bəyannaməsi imzalandı. Hesab edirəm ki, bu, çox mühüm hüquqi irəliləyiş hesab olunurdu. Hazırda da Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif arasındakı görüşdə bildirilir ki, digər türk dövlətləri ilə yeni əməkdaşlıq istiqamətində addımlar atılacaq. Burada iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar, mədəni sahələrdə münasibətlərdə yeni səhifənin açılması gözlənilir. Hətta hesab edirəm ki, burada hərbi-hərbi texniki sahədə birgə addımlar atıla bilər, yəni müdafiə sənayesi sahəsində yeni məhsulların istehsalı və ixracı və onların tədarük marşrutlarının formalaşması üzərində işlər həyata keçirilə bilər. Digər tərəfdən, tekstil, kənd təsərrüfatı, maşınqayırma, neft-kimya sənayesi istiqamətində də birgə müəssisələrin yaradılması nəzərdən keçirilə bilər. Yəni, dövlətlərin böyük potensialı vardır, çox mühüm coğrafi zolaqda yerləşirlər və əlbəttə, səmimi, isti, tarixi birlik əsasında olan münasibətlər dövlətlərin və xalqların rifahına xidmət edəcəkdir".
Zeynəb Mustafazadə