“Azərbaycanda türk milli şüurunun gözdən salmağa çalışan qüvvələr var” - MÜSAHİBƏ

Tənzilə Rüstəmxanlı: “Orta Asiyada yaşayan türklər Dağlıq Qarabağdan xəbərsizdirlər”

Müsahibimiz Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdır.

- Bəzi milli ziyalıların Azərbaycan-Türkiyə Evinin yaratmaları barədə məlumatlar yayılıb. Tənzilə xanım, həmin qurumun yaradılmasında məqsəd nədir?

- Bir ildən çoxdur ki, həm Türkiyə, həm də Azərbaycandan olan ziyalıları ilə belə bir qurumun yaradılmasını müzakirə edirdik. ATE-nin yaradılmasında əsas məqsəd mədəniyyətlərarası inteqrasiyanın yüksəldilməsidir. Struktur həmçinin bu istiqamətdə tez-tez tədbirlərin keçirilməsinə, həm Türkiyənin, həm Azərbaycanın maraqlarına xidmət edən simpoziumların təşkil edilməsi nə çalışacaq. Artıq bir neçə ay bundan qabaq təşkilatın yaradılmasını elan etmişik. ATE əsasən Azərbaycan və Türkiyədən olan ziyalıları özündə cəmləyən təşkilatdır. Birlik Azərbaycan və Türkiyəni maraqlandıran bütün ortaq dəyərlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.  

- Türk millətləri arasında inteqrasiya türkdilli ölkə mətbuatının əsas qınaq obyektinə çevrilib...

- Bu qınaqların bəzi nüansları var ki həqiqətdir. Azərbaycan və Türkiyənin biri-birinə inteqrasiyasına gərək yoxdur. Çünki, iki dövlət biri-birinə çox güclü bir bağla bağlıdır. Orta Asiya türklərilə münasibətlər isə zəifdir və bu əlaqələrin inkişaf etdirilməsi lazımdır. Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, 31 Mart Soyqırımı, Türkiyənin ermənilərlə "erməni soyqırımı" məsələləri var. Adı çəkilən faktlar barədə Orta Asiya türkləri yetərincə informasiylara sahib deyillər və məsələləri diqqətdə saxlamırlar. Orada yaşayan azərbaycanlılardan başqa yerli türklər bu məsələlərə biganədirlər. Problemin kökündə özümüzü onlara yaxşı tanıtmamağımız dayanır. Azərbaycan-Türkiyə Evinin yaradılmasında əsas məqsədlərimizdən biri də odur ki, həmin bu həqiqətləri türk dünyasının o üzünə də daşıya bilək.

- Qazaxıstan latın əlifbasına keçməyə hazırlaşır. Fikrinizcə digər türkdilli dövlətlərin də həmin təcrübəyə istinad etməsinin xeyri nədən ibarət ola bilər?

- Qazaxıstan latın əlifbasına keçməkdə gecikib, 10 il bundan qabaq keçməsi lazım idi. Türkiyə və Azərbaycan da uzun müddətdir ki, latın əlifbasından istifadə edirlər. Qazaxıstandan sonra digər türkdilli dövlətlərin bu təcrübədən yararlanması biri-birimizi tanımaq, oxumaq baxımından çox ciddi əhəmiyyətə malik olacaq.

- Ortaq türkcənin yaradılması işləri nə yerdədir? Görülən işləri qənaətbəxş sayırsızmı?

- Ortaq türkcənin yaradılması məsələsi 20 ildən çoxdur ki, gündəmdədir. Artıq buna doğru addımlar atılır. Ortaq türkcənin yaradılması çox vacib məsələlərdən biridir. Türkdilli dövlətlərin latın əlifbasına keçməsi ortaq türkcənin yaradılmasına doğru atılmış ilkin addım olacaq. Əgər əlifbamız eyniyyət təşkil edəcəksə ortaq türkcənin yaradılması məsələsi də asanlaşacaq. İdeyanı həyata keçirmək üçün bu istiqamətdə ciddi addımlar atılmalı, planlar hazırlanmalıdır. Ortaq türkcənin yaradılması türkdilli millətlərin biri-birinə yaxınlaşmasına xidmət edəcək. Adı çəkilən amil təkcə bu günün məsələsi deyil, biz təkcə bu günü düşünməməliyik. Əgər bu gün ortaq türkcəmiz, sabah ortaq əlifbamız yaranırsa, bu o deməkdir ki, qısa müddətdən sonra böyük bir coğrafiyada böyük bir toplum türk dilində danışacaq və bir bir-birimizi çox yaxşı anlaya biləcəyik. Türkdilli dövlətlərin Parlamentlərarası Assambleyasının yaradılması bu istiqamətdə atılmış önəmli addımlardan biridir. Həmin qurum da bu məsələlər üzərində çalışır. Ortaq türkcənin yaradılmasında böyük addımlar olmasa da xırda addımlar atılır. 

- Türkiyə də Van-İrəvan hava reysinin açılmasına cəhdlər barədə nə deyə bilərsiniz?

- Türkiyədə hər hansısa bir özəl şirkət Van-İrəvan hava reysinin açılmasına cəhd göstərə bilər. Amma, Azərbaycan türkləri bu məsələyə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çox həssaslıqla yanaşırlar.  Türkiyə tərəfindən Azərbaycanı narazı salan addımlar atılmamalıdır. Düzdür Türkiyə 20 ildən çoxdur ki, sırf Azərbaycana görə öz sərhəd qapılarını Ermənistanın üzünə bağlamaqla böyük fədakarlıq edib. Amma bu Azərbaycanı narazı salmağa rəvac verməməlidir. Çünki, Türkiyənin öz sərhədlərini Ermənistanın üzünə bağlanmasının səbəbi var ki, Ermənistan işğal olunmuş Dağlıq Qarabağdan geri çəkilməyənə qədər Türkiyə Ermənistanla sərhədləri açamayacaq. Türkiyənin Ermənistan qarşısına qoyduğu şərtlər rəsmi İrəvan tərəfindən qəbul edilməyincə türk millətləri Ermənistan-Türkiyə sərhədinin açılmasına izn verməyəcəklər.

- Azərbaycanda türk milli şüurunun formalaşmasında müəyyən addımlar atılıb, amma nöqsanlar mövcuddur...

-  Azərbaycan xalqının böyük əksəriyyətinin türk milləti olduğu üçün türk milli şüuru digər türkdilli dövlətlərə baxanda ölkəmizdə daha yüksək səviyyədədir. Amma, Azərbaycanda türkçülüyə qarşı əks, türk milli şüurunu gözdən salmağa çalışan saxta qüvvələr var. Türk milli şüuru sözdə olmaz, bu gərək insanın daxilindən qaynaqlansın. Bu amil ilk növbədə dilimizdən başlayır. Bir də görürsən ki, küçələrdə, hətta evlərdə insanlar biri-birlərilə ünsiyyət saxlayarkən rus dilindən istifadə edirlər. Düzdür bir neçə dili bilmək yaxşıdır, kaş ki, hamı beş-on dil biləydi. Bəzən mən Türkiyəyə gedəndə Azərbaycan Hava Yollarına məxsus təyyarədə insanların rus dilində danışmalarının şahidi oluram. Adamda elə fikir yaranır ki, təyyarə Azərbaycana yox, Rusiya Hava Yollarına məxsusdur. Hətta, şirkətin əməkdaşları da sərnişinlərlə ünsiyyət qurarkən rus dilinə istinad edirlər. Bunlar bir ölkənin göstəricisidir, bu cür neqativ hallara yol vermək olmaz. Evlərimizdə uşaqlarımızla rus dilində danışırıq. Bütün bunlar milli şüurun formalaşmasına mənfi təsir göstərən amillərdir. Milli nə varsa, onlara çox həssas yanaşmaq lazımdır. Milli şüuru olmayan insan vətən xaini olur, milli şüuru olmayanlar başqalarının baltasına sap olurlar, düşmən dəyirmanına su tökürlər. Milli şüuru olan adamlar tarixini, mədəniyyətini bilirlər, olmayanlar isə başqa millətlər yamaq olurlar. Milli şüuru olmayanlar milləti, dövləti yaşada bilməzlər. İlk növbədə gələcək nəsillərimiz türk milli şüurunda yetişdirməliyik. Milli şüurun oyanması ailədən başlayır, məktəbdə davam edir. Gənclərimiz arasında milli şüura, milli məfkurəyə sahib çıxanlar da var. Lakin bununla belə türk milli şüurundan uzaq gəncliymiz də yetişməkdədir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31