“Rusiya və İran Azərbaycanda etnik qarşıdurma yaratmağa çalışır” - MÜSAHİBƏ

Əlyar Səfərli: “Rüstəm İbrahimbəyovun siyasi fəaliyyəti Azərbaycan üçün təhlükələrə yol aça bilər”

"Türkdilli dövlətlər İran şovinizminə qarşı birləşməlidir"

Müsahibimiz Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərlidir.

- İyun ayında İranda prezident seçkiləri keçiriləcək. Əlyar müəllim, hansı siyasi qütbün - Mahmud Əhmədinejad, yoxsa Əli Xamneyi düşərgəsinin  şansı daha çoxdur sizcə?

- İrandakı siyasi proseslər günbəgün gərginləşir. İranın iqtisadi, maddi imkanları çox genişdir, bunun məntiqi nəticəsidir ki, daxildə iqtisadiyyat sabitdir, ucuzluqdur. İran hakimiyyəti müəyyən mənada Azərbaycan və başqa xalqların bütün sosial problemlərini qarşılayır, lakin daxildəki etniklərin hamısını qapalı vəziyyətdə saxlayır. Milli azlıqlar siyasi və İranın dövlət maraqlarından kənarlaşdırılıb. Prezident seçkilərində isə Xamneyi ilə müqayisədə Əhmədinejadın hakimiyyətdəki marağını qoruyub saxlamaq şansları olduqca aşağıdır. Çünki, ölkənin faktiki rəhbəri, hakimi-mütləq Xamneyidir. İranın bütün ixtiyarı dini liderin sərəncamındadır. Xamneyinin irəli sürəcəyi namizəd kim olacaqsa, xalq onu dəstəkləyəcək. Ali dini liderin daxildəki bütün qərarları İran vətəndaşları üçün əsasdır. Əhmədinejad növbəti dəfə hakimiyyət maraqlarını qoruya bilməyəcək. Çünki, prezidentin çox ciddi qüsurları var. Həmin qüsurları isə Xamneyi hamıdan yaxşı bilir. Xalq da Əhmədinejadın tutduğu siyasət xəttindən narazıdır və prezidentə qarşı çıxanların sayı günü-gündən artır. Əhmədinejadın həll edə bilmədiyi bir çox çətin məsələləri Xamneyi rahatlıqla çözür. Ümumiyyətlə, İranda baş verən siyasi gərginliyin sonunda ölkəni çox ağır bir sınaq gözləyir.

- Ermənistan hakimiyyətinin təşəbbüsü ilə Dağlıq Qarabağda talış radiosunun açılması hansı məqsədlərə ximət edir?

-  Ermənistan Azərbaycanda yaşayan bütün etnik azlıqlarla məqsədyönlü şəkildə əlaqələr qurmağa çalışır. Həmin etniklərin öndə gedən adamlarını özünə yaxınlaşdırır. Bunun məntiqi nəticəsidir ki, bir neçə il bundan qabaq İrəvanda talış qurultayı keçirildi. Qarabağda talış radiosunun açılması milli yox, siyasi məsələdir. Bu təxribatçılıq missiyasıdır. Ermənilər Azərbaycanda bir sıra təxribat işləri həyata keçirməyə çalışırlar. Qarabağda talış radiosunun yaradılması İran siyasətinin zəhərli dəsti-xəttidir. Azərbaycanda panfarsizmə qarşı fəaliyyət gücləndirilməli, İranın daxildəki təxribatlarına qarşı lazımi tədbirlər görülməlidir. Heç bir ölkədə ən kiçik bir kənd belə öz dövlətinə qarşı vuruşa bilməz. İran hazırda Bakı kəndlərində geniş şəkildə siyasi fəaliyyət göstərir. Onların fəaliyyətlərinin qarşısının alınması üçün rəsmi qaydada tədbirlər planı hazırlanmalıdır. Şüvəlan və Mərdəkandakı iranpərəstlər İran hakimiyyəti tərəfindən maliyyələşdirilir. İran Mədəniyyət Mərkəzinin rəhbəri Ocaqnejad təşkilatlanma və maliyyələşdirmə işlərinin başında dayanır. Tez-tez Bakıda gizli şəkildə iranpərəstlərin toplantıları, iclasları keçirilir. Azərbaycan dövləti isə onlara qarşı mübarizə aparmır. Artıq farsların Azərbaycandakı fəaliyyəti açıq müstəviyə keçib.

- Rusiya hakimiyyəti Azərbaycandakı etnikləri qızışdırmaqla hansı niyyəti güdür?

- Rusiyanın Azərbaycan daxilindəki etniklərə imperialist siyasətinin əsas tərkib hissəsi kimi baxması təsadüfi deyil. Etniklərin Azərbaycanın milli dövlət maraqlarına qarşı qaldırılması Rusiyanın "parçala, hökm sür" siyasətinin əsas elementidir. Xüsusilə Rusiya Azərbaycan daxilindəki etnik siyasətində ləzgilərə əhəmiyyət verir. Azərbaycanın şimalında Rusiya, cənub bölgəsində isə İran açıq şəkildə etnikləri Azərbaycana qarşı qızışdırmaqla məşğuldurlar. Rusiya öz imperialist siyasətini həyata keçirmək üçün Azərbaycanın şimal sərhədlərinə - Dağıstana iri miqyaslı ordu yerləşdirib. Rusiya açıq şəkildə Azərbaycana qarşı təxribat işləri aparır. Bunun qarşısını almaq üçün Azərbaycan bütün qüvvələrini səfərbər etməlidir. İstənilən halda Azərbaycan rus təxribatının ən acı nəticələrilə qarşılaşa bilər.

- Ziyalılar Forumunun fəaliyyətini necə qiymətləndirmək olar?

- Ziyalılar Forumun fəaliyyəti lazımi səviyyədə təşkil edilmir. Çünki, Forum tamamilə müxalif qüvvələrdən qurulub. Həmin insanlar tez-tez xoşagəlməz fikirlər səsləndirirlər. Əkrəm Əylisli bir tərəfdən Ziyalılar Forumunda çıxış edir, digər tərəfdən özünü Azərbaycan xalqını təhqir edir. Eyni zamanda Rüstəm İbrahimbəyovun siyasi fəaliyyəti Azərbaycan üçün təhlükələrə yol aça bilər və onun hərəkətləri dövlətin milli maraqları üçün xoşagəlməyən elementlərlə zəngindir. Həmin müxalif qüvvələrin mətbuatda tez-tez müəyyən fikirlərlə çıxış etmələri onların Azərbaycan dövləti üçün nə qədər təhlükəli olmasını bir daha açıq şəkildə göstərir. Ziyalılar Forumu Azərbaycanda təxribat işlərilə məşğuldur. Onların Azərbaycana qarşı olan fikirləri bəyənilən deyil. Artıq Ziyalılar Forumu nə qədər təhlükəli oyuna girişdiyini özü dərk etməlidir.

- Güney Azərbaycanda Milli Oyanış Hərəkatı hansı səviyyədədir. Hərəkatdan yaxın gələcəkdə hər hansısa uğuru gözləmək olarmı?

- Quzey Azərbaycanda Milli Hərəkatla bağlı təşkilatlanma işləri aparılmır. Hərəkatın səviyyəsi çox aşağı qiymətləndirilir. Çünki, Güneydən Şimala gələn azərbaycanlılar Azərbaycan Respublikasında qalmaqdan çox dünyanın müxtəlif istiqamətlərində pərakəndə şəkildə dağılışdılar. Ona görə də güneylilər bir araya gələrək vahid mərkəzdə birləşə bilmirlər. Azərbaycan Respublikası tərəfindən də Güneyə yardım edilmir. Lakin bunun qarşılığında farslar Şimali Azərbaycanda geniş təşkilat şəbəkəsinə sahibdirlər. Güneydən olan ziyalılar isə ABŞ və ayrı-ayrı Avropa ölkələrində dağınıq şəkildə fəaliyyət göstərirlər.

- Suriyadan sonra ABŞ və Qərbin planında İran məsələsi dayanır. Əlyar müəllim, fikrinizcə İranda baş verə biləcək inqilab hansı formada özünü göstərə bilər?

- Suriyadakı hadisələrin eynən İranda təkrarlanması o qədər də inandırıcı görünmür. Lakin, İranda baş verə biləcək inqilab İran daxilindəki etniklərin müstəqillik arzularının alovlanması ilə özünü göstərə bilər. Cənubi Azərbaycan bu istiqamətdə bütün qüvvəsini səfərbər etsə, Təbriz yenidən İran teokratizminə qarşı inqilabın baş şəhəri ola bilər. Lakin, Güney Azərbaycan isə İranda inqilab etmək üçün çox passiv mövqedən çıxış edir, lazımi şəkildə formalaşa bilmir, təşkilatlanma işləri yox səviyyəsindədir. Güneylilər hakimiyyətə qarşı olan müxalif qüvvələrlə əlaqələr qurmurlar. Cənubi Azərbaycan daha çox İran daxilində iqtisadi məsələlərə üstünlük verir. Siyasi, milli fəaliyyətdə isə aktivlik nümayiş etdirmir. Milli məsələlərlə məşğul olan güneyli fəallar İran hakimiyyəti tərəfindən sıxışdırılır, həbs, eyni zamanda edam edilirlər, sui-qəsdlərə, təqiblərə, repressiyalara məruz qalırlar. Molla rejiminin Güneyə qarşı qərəzi İrandakı Azərbaycan türklərinin soyqırım siyasətinin əsas tərkib hissəsidir. Türklərə qarşı soyqırım siyasəti İran hakimiyyətinin Güney Azərbaycana qarşı düşmənçilinin ən radikal təzahür formasıdır. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən güneyli ziyalılar da lazımi dəstəyi ala bilmədikləri üçün istənilən nəticəni də əldə edə bilmirlər. İnqilab üçün Güney Azərbaycanın təşkilatlanma işlərində mütəşəkillik yoxdur. Güneylilər nəticə əldə etmək istəyirlərsə təşkilatlanma işlərini sistemli formada həyata keçirməlidirlər. Güney iradə səfərbərliyini ələ almalıdır. Əgər sadalanan keyfiyyətlər əldə edilməsə istənilən nəticə hasil olmayacaq. Türkiyə və Azərbaycan Respublikası məsələdə passivdirlər və demək olar ki, hadisələri kənardan izləyirlər. Problemi kökündən həll etmək üçün İran hakimiyyətinə qarşı nəhəng qüvvələr formalaşıdırılmalıdır. Güney Azərbaycana müstəqillik aparmaq istəyiriksə, Şimali Azərbaycan, Türkiyə və digər türkdilli dövlətlər İran şovinizminə qarşı birləməlidir. Çünki, Güney Azərbaycan türk millətlərinin Turan ideologiyasının mərkəzidir. Türklərin Turan körpüsü Güney Azərbaycanın istiqlaliyyətindən keçir. Əgər millətlər hələ də bu Güneyin körpü olmasına inanmırlarsa onları turançılıq ideologiyası da səmərə verməyəcək.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31