“Qanunvericilikdə qeydiyyatla bağlı ziddiyyətlər mövcuddur” - MÜSAHİBƏ
Dünyamin Novruzov: “Hazırda belə mübahisələrə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır”
29 Mart 2013 14:13 MüsahibəOxucuların suallarını Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov cavablandırır.
- Dünyamin müəllim, oxucu redaksiyamıza müraciət edərək bildirir ki, qohumu bankdan kredit götürüb və o da zamin durub. Qohumu kreditin bir hissəsini ödəsə də, qalan hissəsini ödəməmişdir. Hazırda bank ondan həmin məbləğin ödənilməsini tələb edir. Bankın bu tələbi əsaslıdırmı? Həmin şəxs qalıq məbləği ödəsə, qohumundan ödədiyim pulu geri almaq hüququ varmı?
-Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Göründüyü kimi, bankın tələbi əsaslıdır. Vətəndaş həmin məbləği ödədiyiniz halda, qohumundan onun geri qaytarılmasını tələb edə bilər.
-Fərdi yaşayış evi 1/12 payda mənim mülkiyyətimdədir. Həmin evin digər mülkiyyətçilərindən kompensasiya tələb etmək istəyirəm. Mənim belə bir hüququm varmı?
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, adı çəkilən maddəyə görə Sizin payınızın naturada ayrılmasına yol verilmirsə və ya payınızın ayrılması fərdi yaşayış evinə tənasübsüz zərər vurmadan mümkün deyildirsə, onda Sizin öz payınızın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna maliksiniz. Kompensasiyanın məbləği bir qayda olaraq tərəflərin razılığı ilə müəyyən edilir. Əgər belə bir razılıq olmazsa, onda kompensasiya məbləği məhkəmə tərəfindən müəyyənləşdirilə bilər. Bu zaman fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınacaq.
- Torpaq sahəsini icarəyə götürdükdən sonra icarəyə verən həmin torpağı başqasına satmışdır. Bu halda torpaq sahəsindən istifadəyə davam edə bilərəm?
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 718-ci maddəsinə görə icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Adı çəkilən Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Göründüyü kimi, icarəyə götürdüyünüz torpaq sahəsi üçüncü şəxsə satılsa da, Siz həmin torpaq sahəsindən istifadəyə davam edə bilərsiniz.
- Yaxın qohumumun adına etibarnamə vermişəm. Həmin etibarnamənin müddətinin bitməsinə hələ 9 ay vardır. Etibarnaməni ləğv edə bilərəm?
- Sizin istənilən vaxt həmin etibarnaməni ləğv etmək hüququnuz vardır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.2-ci maddəsinə görə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu halda, həmin etibarnamənin qüvvəsinə xitam veriləcəkdir. Qeyd edək ki, etibarnaməni ləğv etdiyiniz halda, Siz bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyiniz Sizə məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi daşıyırısınız .
-Yeni inşa edilmiş binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini tikinti firmasından müqavilə əsasında almışam. Lakin mülkiyyət hüququm hələ ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bankdan kredit götürəcəyim halda, həmin qeyri-yaşayış sahəsinə dair hüquqlarımı girov qoya bilərəmmi?
- Belə bir girov müqaviləsinin bağlanması mümkün deyildir. Çünki qeyri-yaşayış sahəsinə dair hüquqlarınızı girov qoya bilmək üçün əvvəlcə, girov qoyacağınız hüquqa malik olmağınız tələb edilir. Bu tələb Mülki Məcəllənin 271.3-cü maddəsindən irəli gəlir: Hüququ girov qoyan həmin hüququn məxsus olduğu şəxs ola bilər. Sizin isə qeyri-yaşayış sahəsinə dair hər hansı hüququnuz qeydə alınmamışdır. Onu da qeyd edək ki, daşınmaz əmlaka dair mülkiyyət hüququ girovun predmeti ola bilməz, çünki daşınmaz əmlaka dair mülkiyyət hüququnuz varsa, onda mülkiyyət hüququnuzu deyil, mülkiyyətinizdə olan daşınmaz əmlakın özünü ipoteka ilə yüklü edə bilərsiniz ("İpoteka haqqında" qanunun 1.0.1-ci maddəsinə görə ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur). Girov qoyula bilən hüquqlara dair Mülki Məcəllənin 303.1-ci maddəsi vardır. Həmin maddəyə görə hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.
- Alqı-satqı müqaviləsi əsasında mənzil almışam. İki aydan çox keçməsinə baxmayaraq mənzilin əvvəlki mülkiyyətçisi və ailə üzvləri mənə məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Onlar bunun səbəbi kimi qeydiyyata düşmək üçün hazırda yaşadıqları evin heç bir mülkiyyət sənədinin olmamasını göstərirlər. Həmin şəxsləri qeydiyyatdan necə çıxarmaq olar?
- Sualınızda qoyduğunuz problemlə hazırda vətəndaşlar tez-tez qarşılaşırlar. Bunun səbəbi problemin qeydiyyatla bağlı qanunvericilikdən, konkret desək, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsindən qaynaqlanmasındandır. Belə ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları Qanunun 9-cu maddəsində öz əksini tapmışdır. Lakin həmin maddədə qarşılaşdığınız problemin müvafiq icra hakimiyyəti orqanı, konkret desək, müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmamışdır. Çünki 9-cu maddənin 1-ci hissəsinə görə şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Sizin halda isə, əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin tətbiqi mümkün deyildir. Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş digər əsasların isə cizin qarşılaşdığınız problemlə əlaqəsi yoxdur. Əvvəlki sakinlərin sizin mənzilinizdə qeydiyyatda qalmaqda davam etməsi Qanunun bir sıra müddəları ilə ziddiyyət təşkil edir. Belə ki, Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Hazırda əvvəlki sakinlərin sizin mənzilinizdə qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Siz rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin imtina cavabını aldıqdan sonra Azərbaycan Respublikası İnzibati prosessual məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənziliniz üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilərsiniz. Hazırda müvafiq inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati icraat qaydasında belə mübahisələrə baxılır və həll olunur. Onu da qeyd edək ki, mövcud vəziyyət sizin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnuzun pozulması ilə nəticələnmişdir. Belə ki, adı çəkilən maddənin 1-ci hissəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Hazırda sizə məxsus mənzildə Sizinlə əlaqəsi olmayan şəxslərin iradəniz əleyhinə daimi qeydiyyatda olması və Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin həmin şəxslərin mənziliniz üzrə qeydiyyatdan çıxarılmasına onlar yeni yaşayış yeri üzrə qeydiyyata düşmədən imkan verməməsi, bu vəziyyətin sizin üçün bir sıra neqativ nəticələri bərabərində gətirməsi şəxsi həyata və ailə həyatına hörmət hüququnuzun pozulmasına səbəb olmaqdadır. Məlumat üçün qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində olmuş "Babilonova Slovakiyaya qarşı" iş üzrə ərizəçi xanım Babilonovanın qarşılaşdığı problem demək olar ki, sizin qarşınıza çıxan məsələ ilə eyniyyət təşkil etmişdir. Avropa Məhkəməsi bu iş üzrə qəbul etdiyi 20 iyun 2006-cı il tarixli Qərarında ərizəçi xanım Babilonovanın Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına qərar vermişdir.
Alim