“Vətən və dövlət anlayışlarını ayırmaq cəhdləri söz oyunudur” - MİLLƏT VƏKİLİ
Rəbiyyət Aslanova : “Əgər bu, əməllərdə təzahür edirsə, onun adı Vətənə xəyanətdir”
19 Mart 2013 13:55 Müsahibə"Vətəndaş olmaq-vətənin güclü dövlətə çevrilməsinə töhfə verməkdir"
Müsahibimiz millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır.
-Rəbiyyət xanım, indi tez-tez vətəndaş, dövlət, vətəndaş-dövlət münasibətləri kimi ifadələr işlədilir. Sizin anlamınızda vətəndaş-dövlət məhfumu nə deməkdir?
-Bu çox geniş cavab tələb edən bir məsələdir. Ancaq bu yerdə ilk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycanın güclü dövlət olması üçün bütün fəaliyyət ilk növbədə Azərbaycan vətəndaşının hərtərəfli və güclü inkişafının təmin edilməsinə yönəlib və siyasi liderimiz bunu ardıcıl olaraq bəyan edir.Təbii olaraq sual yaranır: vətəndaş olaraq dövlərimizin bu həssaslığına kifayət dərəcədə qarşılıqlı cavab verə bilirikmi? Hüquqlarımız qədər öhdəliklərimiz barədə də təsəvvürlərimiz varmı?
Son günlər cəmiyyətdə müzakirə edilən məsələlərin müşahidəsi bu sualları cavablandırmaq üçün bir sıra qənaətlərə gəlməyi mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan xalqı, vətəndaşı, gənci bu illərdə olduğu kimi, yenə də öz dövlətinin yanındadır. İkinci qənaət isə onu deməyə imkan verir ki, cəmiyyətdə, xüsusilə, gənclər sırasında milli təəssübkeşliyin və tarixi yaddaşın möhkəmləndirilməsi, vətənpərvərliyin tərbiyəsi səhəsində səylərimiz daha intensiv olmalı, sistemli şəkildə həyata keçirilməlidir. Ehtimal olunan hər cür cəhdlərə qarşı sarsılmaz mənəvi müqavimət formalaşmalıdır. Bu istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də cəmiyyətdə "vətəndaş olmaq nə deməkdir" sualına dair aydın təsəvvürlərin formalaşmasıdır.
-Sizcə, Vətəni sevmək , dövləti sevmək deməkdir, yoxsa, bu tamam başqa bir hisdir?
-Birmənalı olaraq, belədir. Vətənini sevən vətəndaş-güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir.Tarixdən məlum olan həqiqətdir ki, vətəni, məmləkəti "dövlət" zirvəsinə ucalda bilmək vətənini sevən insanların-vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən və qüdrətli ölkəyə çevirənlər, həm də dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər. Bu həmişə belə olub və və belə olacaq. Bu vətəni bizə Tanrı bəxş edib, əcdadlarımız, tarixi şəxsiyyətlərimiz onu qoruyub, saxlayıb. Bu dövləti isə- suveren Azərbaycanı 90-cı illərin əzab-əziyyəti ilə xalqla çiyin-çiyinə dahi siyasət öndəri-ümummilli lider Heydər Əliyev yaradıb.Taleyin möcüzəsi kimi Ulu Öndərin memarı olduğu müstəqil dövlətçiliyimiz qurulub və tarixdə ilk dəfə özünü "müstəqil Azərbaycan vətəndaş" adlandıra biləcək yeni nəsil yaranıb. Ən böyük azərbaycanlı olan Ulu Öndərin 18 oktyabr 1993-cü il tarixdə Azərbaycanın Müstəqillik Gününun 2-ci ildönümü münasibətilə xalqa təbrikini yada salanda onun vətəndaş və dövlət münasibətlərinə verdiyi dəyər gözümüz önündə canlanır.
-Ancaq bəzən Vətən və dövlət anlayışlarını ayırmaq cəhdlərini də görürük.
-Belə cəhdlər var. Ancaq gerçəklikdə isə bu anlayışların bir-birindən təcrid edilməsi mümkün deyil, yaxud da, söz oyunudur. Üstəlik də, əgər əməllərdə təzahür edirsə-onun adı Vətənə xəyanətdir. Ümumən qəbul edilmiş elmi qənaətə görə, vətəndaşlıq- insan və dövlətin qarşılıqlı öhdəliklərində ifadə olunan davamlı siyasi-hüquqi münasibətləri, bağlılığı deməkdir. Vətəndaşlıq bu cür imkanları olmayan digər insanlarla müqayisədə müəyyən hüquqlara və vəzifələrə malik olmaq deməkdir. Buna görədir ki, hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarından və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir.
Vətəndaş-dövlət münasibətlərinin tarixi qədimdir. Maraqlıdır ki, müasir sivilizasiyanın yarandığı qədim Romada əhalinin yalnız 10 faizi vətəndaşlar hesab edilirdi.Afina demokratiyasında vətəndaşlığa qəbul etmək təntənəli mərasimlə müşayiət olunduğu kimi, "şəhər-dövlət" (polis) əleyhinə törədilən əməllərə görə də vətəndaşlıqdan ömürlük məhrum da edilirdilər. Bu baxımdan, dövlət-vətəndaş münasibətlərində də tarixən fədakarlıq və qəhrəmanlıqla yanaşı, eyni zamanda qarşılıqlı irad və tənqidlər də olub və olacaq. Ən başlıcası odur ki, vətənin qüdrətli dövlət olması naminə edilən təşəbbüslər qarşılıqlı olaraq onun möhkəmlənməsinə xidmət edib.
-Rəbiyyət xanım, dünyada elə dəyərlər var ki, onları seçmirlər. Biz azərbaycanlı olaraq belə dəyərləri qoruyub saxlaya bilmişikmi?
-Razıyam, bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq da olar. Məsələn, bu, doğulduğun Vətən, vətəndaşı olduğun dövlət, mənsub olduğun millət, mənəvi prinsiplərindir! Yəni, onları seçim etmək mümkün deyil. İnsanları vətən amili birləşdirir. Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir. Lakin təbii ki, bu həmin mənəvi birlik formasının-dövlətin dəyərini anlayanlar üçündür. Postmodern qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarını dəbdən düşmüş mövzu hesab edənlər də var. Xüsusilə də bu insanlat kateqoriyasına mənsub olanların isnad etdiyi, daha doğrusu təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada vətən və dövlət anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşı öz vətəninə xidməti hər şeydən öndə qoyur. Lakin qeyd etdiyimiz kimi, seçimi mümkün olmayan dövlətçilik dəyərlərini seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların "vətənsiz və bayraqsız", dövlətini və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə "missiya" seçirlər. Onlar özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız Azərbaycan əleyhinə olduqları üçün maliyyə mənbələrini tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə "dövlətçilik dəyərlərinin inkarı" yoxdursa, deməli orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var. Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabər hüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünün tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər. "Dünyanın paytaxtı" kimi etalon hesab etdikləri xarici dairələrin buyruqlarını yerinə yetirmək üçün bu "əyalət düşüncəsinin" sahibləri dəridən-qabıqdan çıxırlar. Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bossları ilə təmasda olmaqla "demokratik" hesab edənlərin əslində "əyalət düşüncəsi" ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətinə xidmət edir. Başqa məsələdir ki, ona öz dövlətinə xidmət etməsi üçün "xidmətçilər", onun ölkəsini dünyanın paytaxtı, özlərini isə asılı hiss edən isə əyalət təfəkkürlü buyuruq qulları lazımdır. Bu məqsədlə istifadə etdiyi Azərbaycandakı, yalnız ad və soyadlarından azərbaycanlı olduqları, mənəviyyatca xəyanətə, erməniliyə xidmət edənlər tapmaq çətin deyil.
-Məsələ burasındadaır ki, görünür, kimin üçünsə Vətən, dövlət, vətəndaşlıq anlayışları ayrılmaz vəhdət təşkil edir, kimin üçün isə bunlar başqa-başqa şeylərdir...
-Təəssüflər olsun...Reallıqda aramızda bu illərdə özünü vətəndaş adlandıran, eyni zamanda, dövlətçiliyə qarşı çıxmağı peşə seçən adamlar da var. Ən dözülməz vəziyyət onda yaranır ki, onlar vətən, dövlət haqda gəlişi gözəl sözlər söyləyir, onun adından sui-istifadə edərək vətənə xəyanət sayılan addımlar atırlar.
Digər paradoks ondan ibarətdir ki, öz partiyalarının, hərəkatlarının adında "vətəndaş" sözündən gen-bol istifadə etməyə üstünlük verirlər-bu yaxınlarda dövlətçilik əleyhinə əməllərdə ittiham edilən "Nida" Vətəndaş Hərəkatı kimi. Lakin bu sözün mahiyyətini dərk edirlərmi? Gecə-gündüz dövlətin onlar üçün etməli olduqlarına dair iddialar səsləndirən bu adamlar bir dəfə də olsun özlərinə sual vermirlər: onlar vətən üçün nə isə ediblərmi? Belə insanların sayı xoşbəxtlikdən az olsa da bu cəmiyyəti və ziyalıları düşündürməlidir. Çünki məhz bu kateqoriyadan olanlar Azərbaycan xarici və daxildə dövlətinin güclənməsini istəməyən, onun əleyhinə çalışanların başlıca hədəfini təşkil edirlər. Həmin qüvvələr onlarla həm ideoloji, həm də praktiki olaraq ciddi şəkildə işləyirlər.Bilərəkdən və bilməyərəkdən, dövlət və xalq, vətən və vətəndaşlıq anlayışlarını süni şəkildə bir-birindən ayıraraq düşmənçilik mövqeyində dururlar. Hələ sadalanan anlayışların mahiyyətini və mənasını tam dərk etməyən neçə-neçə gəncləri yanlış yola salaraq, onların arxasında gizlənmək-bundan böyük rəzalət ola bilməz! Bəlkə də o gənclər öz həyatlarında böyük işlər görə bilərdilər. Lakin nə təhsil, nə karyera imkanlarını sınamağa fürsət verməyərək cinayətkarlığa , xəyanətə sövq edirlər. Ən dəhşətlisi odur ki, taleyindən xətt çəkilən bu insanların düşdüyü vəziyyətə görə heç bir məsuliyyət daşımırlar.Bu gün müstəqil dövlətimizin ərazi bütövlüyü pozulub, vətənimizim bir parçası işğal edilib. Pafosdan çox uzaq olaraq demək istərdik ki, vətən təəssübkeşi olan, onun ağrısını hiss edən hər bir azərbaycanlı üçün bu ümummilli problem hər şeydən öndədir. Müharibə şəraitində yaşayırıq. Xain düşmən gülləsinə tuş gələn, atəşkəsin pozulması nəticəsində həlak olan əsgərlərimiz də, Milli Qəhrəman zirvəsinə yüksələn Mübariz kimi oğullarımız da var.
-Necə hesab edirsiniz, hüquqi baxımdan şəxsiyyət vəsiqəsinin olması-avtomatik olaraq vətəndaş olmaq deməkdir, yoxsa?..
-Bu gün demokratik dövlətdə yaşayırıq və şəxsiyyət vəsiqəsi alan hər kəs ən azından de-yure olaraq Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı vətəndaş olmaq missiyasının dərk edilməsi barədə düşünülmür. Yəqin xatırlatmağa dəyər ki, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi "vətəndaş" sözünü işlədirik. Məsələn xalqına xidmət edən görkəmli insanardan söz aşanda "ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş" deyimlərinə rast gəlirik. Bu hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla yanaşı, ilk əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xöşbəxtlik deyil.Vətəndaşlıq-yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu bütöv bir anlayışdır və sözün kökündəki vətən kimi mənəvi anlayışla bağlıdır.Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevmədən vətəndaş sayıla bilməz. Vətəndaş-mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını itirmiş olur.
Alim