“Bircə dəfə qaldırıb çaxdım yerə, heç gözləmədim ki qalxsın” - MÜSAHİBƏ

Gülnaz Qənbərli: “Ən birinci ölmək üçün yox, ən birinci qələbə sevincini hiss etmək istəyənlərin arasında olmaq üçün orduya gedərəm”

Müsahibimiz "Azad Media İnstitutu" QHT-nin sədri, müstəqil jurnalist Gülnaz Qənbərlidir

- Gülnaz xanım, mətbuatda gender bərabərliyi qadınları qaneə edirmi?

- Azərbaycan mətbuatında gender bərabərliyindən danışsaq, günah işlətmiş olarıq ki, deyək qadınlar kişilərdən daha az işləyirlər. Mətbuatda qadınlar daha çoxdur, nəinki kişilər... Qadınlarımız bu sahədə heç də kişilərdən geri qalmırlar. Zərif cinsin nümayəndələrinin KİV-dəki rolu geniş və əhatəlidir. Çoxlu sayda qəzet, sayt, portal, radio və televiziyalar var ki, onlara qadınlar başçılıq edirlər. Bu baxımdan mətbuat və mediada gender bərabərliyi kifayət qədər yaxşı təmin olunub. Ümumiyyətlə, Azərbaycanda artıq bütün sahələrdə qadın və kişi deyilən bir məfhum yoxdur. Hamı güc və savadını ortaya qoyub nəsə edə bilər.

- Mətbuata qadın axınının geniş hal almasının səbəbi nəyə söykənir, bir də çox maraqlıdır, Gülnaz xanım, sizin jurnalistikaya gəlişiniz necə olub?

- Mətbuata lap gənc yaşımdan gəlmişəm. Həmişə atam deyərdi ki; "Qadın hara, mətbuat hara?!" Atam yüksək vəzifəli dövlət məmuru olduğuna görə o vaxtkı jurnalist qadınlarımızın əziyyətlərini görürdü. Ona də istəmirdi jurnalist olum. Mən isə hələ orta məktəb illərinidə hara gəldi yazırdım. "Göyərçin" jurnalına, "Pioner" qəzetinə...  Ali məktəbdə təhsil alanda ADU-nun qəzetinə idmanla bağlı kiçik bir reportaj yazmışdım.  Qəbul edənlər dedilər ki, qələmin var, tez-tez yaz, gətir.  Belə  məsləhət görənlərə deməyə utanırdım ki, mən hələ lap uşaqlıqdan yazıram.  Ilk dəfə gündəliyimə 3-cü sinifdə başlamışam. Gün ərzində nə baş verirdisə, başqalarına deyə bilmədiyim, bölüşə bilmədiklərimi bu gündəliklərə köçürürdüm. Aspiranturada oxuyanda Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq etməyə başladım. Yaxşı yadımdadır, radioda mənim ilk süjetimi tanınmış jurnalist Əmrah Fəqanoğlu lentə almışdı. Əmrah məndən soruşurdu ki; "Sən nə vaxtsa radioda işləmisən?". Cavab verdim ki,  yox, bu, mənim radioda ilk işimdir. Evdən xəbərsiz radioda çalışırdım. Təsəvvür edin ki, həmişəmenim süjetim efirə veriləndə qorxudan rəngim saralırdı ki, indicə səsimi eşidəcəklər. Həmin dövrdə də hamıda bir radio olardı, o da ki, həmişə mətbəxdə... Allah bilir ki, valideynlərim səsimi radioda eşitsəydilər, başıma nələr gələrdi. Çox vaxt həmin anlarda radionu söndürüb kitabı qabağıma qoyuri, deyirdim ki, açmayın, dərs oxuyuram. Məqsədim o idi ki, heç kəs radionu açmasın. Gözüm də həmişə saatda olurdu ki, verilişimin vaxtı qurtarsın və mən stressdən çıxım.  1993-cü ilin iyununda nişanlım şəhid olanda ailəm gördü ki, özləri demiş ölüb qurtarmışam. Günüm qəbiristanlıqda keçir, dedilər nə istəyirsən elə, amma belə dirigözlü özünü öldürmə. Həkim olan qohumumuz deyib ki, chalışın başı o qədər          qarışsın li, qəbir üstə getməyə vaxtı az qalsın. Təki onların əllərindən getməyim deyə mənimlə işləri yox idi.  Ailəmin ən axırıncı çıxış yolu mənim jurnalistikada açıq fəaliyyətə keçməyimə  səbəb oldu.  Bax çətin vaxtlarda  Azərbaycan Radiosunda Əmrah Fəqanoğlu, Şəlalə Məhiyəddin qızı,  Mətanət Əzimova mənə çox dəstək oldular. Elə həmən məni parlament müxbiri etdilər. Fəaliyyətimdən bir ay keçmiş 3 günun içində az qala ən tanınmış jurnalistlərin arasında adım çəkilirdi.  1993-cü ilin sentyabrında mərhum prezident Heydər Əliyevlə Türkiyənin o vaxtkı baş naziri Hikmət Çətinlə mətbuat konfransında Azadlıq Radiosundan rəhmətlik Elmira Əmrahqızına diktofonumu verdim ki, mikrafona yaxın qoysun. Demə, Elmira xanımın da  səsi qedə almaq üçün düyməni basmaq yadından çıxıb.  Birdən hiss etdim ki, diktofonum işləmir. Ayağa qaxdım ki, gedib diktofonu işə salım. Həmin anda yalnız Heydər Əliyev və Hikmət Çətin ayaq üstdə dayanmışdılar, qalan hamı əyləşmişdi. Diktofona yaxınlaşıb düyməsini basana qədər hamı şokda idi ki, görəsən mən neynəyəcəm? Mən də gedib diktofonu işə salıb qayıdıb sakitcə yerimdə əyləşdim. Sadəcə o vaxt mən mətbuatda yeni idim və başa düşmürdüm ki, bunu etmək olmaz. Konfransdan sonra tədbirdə iştirak edən bütün xarici KİV nümayəndələri öz vizit kartlarını mənə verib işə dəvət edirdilər. Mən təkcə BBC-nin Türkiyə bürosunu seçdim və bir neçə il onlarala Qarabağ üzrə xüsusi müxbir  işlədim.  Xaricdən gələn jurnalistlərlə birlikdə ön xəttə olar, güllə altında çəkilişlər edər, sonra onu xarici mətbuata göndərərdik ki, dünya ictimaiyyəti erməni qəsbkarlarının törətdiyi vəhşilikərdən xəbərdar olsunlar. Belə... Mənim jurnalistikaya gəlməyim bu cür olub. O vaxtı təbii ki, qızların mətbuata və ya mediaya gəlməyi daha çətin idi. İndi isə ailələr yaxşı nümunələr gördükdə öz qızlarının mətbuata gəlməsinə etiraz etmirlər.  O vaxtlar Azərbaycanın Telli Pənahqızı, İlhamiyyə Rza kimi nümunəvi qadın jurnalisləri var idi. Həmişə atam Telli xanım haqqında deyərdi ki: "Telli xanımı görəndə sanki, bənövşə görürəm!" Məhz, bizim jurnalistikaya olan yolumuzu belə qadın jurnalistlərimiz açdı. Kimsə mənə deyəndə ki, onun qızına jurnalistikanın sirlərini öyrədim, mən çox məmnun oluram ki, bu işi mənə həvalə edirlər. Qızlarımızın və qadınlarımızın jurnalistikaya gəlmələri sevindiricidir.  Jurnalistikada çalışanlar arasında onun cinsinə görə fərq qoyulmamalıdır. Azərbaycan qızları jurnalist peşəsini seçirlərsə, demək, onlar qabiliyyətlidirlər, savadlıdırlar. Yaxşı nümunələr qızların jurnalistikaya gəlməsinə təkan verir. Elələri də də var ki, hələ tələbə ikən ehtiyac üzündən bu sahəyə üz tuturlar. Bunun özü də yaxşı haldır ki, onlar hələ gənc yaşlarından  öz istiqbalını qurmaq istəyirlər. Həmin insanlar arasından bu gün yaxşı, seçilən jurnalistlərimiz çıxıb. Azərbaycan mətbuatında fəxr ediləsi qadınlarımız var. Telli Pənahqızı, İlhamiyyə Rzayeva, Sevil Nuriyeva, Qənirə Paşayeva, Vüsalə Mahirqızı, Xoşqədəm Baxışəliyeva və s. Bu siyahını daha da artırmaq olar. Azərbaycan jurnalistikasında qadın jurnalistlərin sayının artması yaxşı tendensiyadır. Ordumuzda da qadınlara bu qədər yer ayırsalar Qarabağı çoxdan azad etmişdik. Əgər Azərbaycan ordusuna qadınlar lazım olsa, ən birinci mən gedərəm. Ən birinci ölmək üçün yox,, ən birinci qələbə sevincini hiss etmək istəyənlərin arasında olmaq üçün əlimə silah alaram!

- Azərbaycan mətbuatında gender məsələlərindəki mövcud vəziyyət heç də İran, Əfqanıstan, İraq, Səudiyyə Ərəbistanındakı qədər acınacaqlı deyil. Buna baxmayaraq qadınlarımız həmişə nədənsə şikayət edirlər

- Adı çəkilən dövlətlərdəki durumun  Azərbaycana aidiyyatı yoxdur. Azərbaycan mətbuatında gender bərabərliyinin, söz azadlığının inkişafı İran, İraq, Əfqanıstan və Səudiyyə Ərəbistanından qat-qat güclüdür. Ümumiyyətlə, Azərbaycanı həmin ölkələrlə müqayisə etmək qəti şəkildə düzgün deyil. Azərbaycan mətbuatını Avropa, Amerika ilə müqayisə etmək daha məqsədəuyğundur. Hətta bizim mətbuatda qadın jurnalistlərimizin səviyyəsi bəzi Avropa dövlətlərinin qadın jurnalistlərindən üstündür ki, aşağı deyil. Mətbuatda gender məsələlərindən şikayətlənən qadınlar reket jurnalistikanın nümayəndələridir. Çünki, onlar asan yolla pul qazanmaq istəyirlər. Zəhmət çəkmək həmin qadınları maraqlandırmır. Onlar işlərindən yox, aldıqları puldan zövq alırlar. Mən heç vaxt ən çətin anlarda da şikayət etmədim, çünki yazdığım məqalədən zövq alırdım. Qoy, Avropadakı qadınlar bizə həsəd aparsın.

- Ümumiyyətlə, gender bərabərliyi nədir? Cəmiyyətdə bəzi qadınlar var ki, bu məfhumu tamam səhv qəbul edirlər... 

- Gender bərabərliyi eyni hüquqların cinsindən asılı olmayaraq bütün insanlar arasında bərabər paylanmasıdır. Mənə bu sahədə haqsızlıqlar olmayıb. Əgər olsa həmin an cavabını verərəm və bununla da bərabərliyi bərpa edərəm. Bir dəfə işdən çıxmışdım, özüm də çox yorğun idim, məşqə gedirdim. Metroda sıxlıq idi, təbii ki, yer olmadığı üçün mən də ayaq üstəydi. Qarşımda başı çarşablı dindar bir qız, onun da yanında dizləri cırıq cins şalvarda, qulaqlarında qulaqcıq olan cavan oğlan əyləşmişdi. O, musiqiyə qulaq asa-asa gözlərini yumduğundan, musiqinin təsiri altında hərəkətlər edir, kitab oxuyan dindar qıza problem yaradırdı. Qız çox sıxılırdı və bu, oğlanın vecinə deyildi. Fikirləşdim ki, yəqin gözlərini yumub onu görmür. Qatar stansiyada dayananda içəri 70 yaşlarında yaşlı qadın daxil oldu. Yer olmadığı üçün o da ayaq üstündə qaldı. Qadın çox qoca idi, əlləri, ayaqları əsirdi. Oturacaqlarda yeganə əyləşən oğlan  isə sanki bunları görmürdü. Sakitcə onun çiynindən vurub dedim ki: "Zəhmət olmasa yaşlı qadındır, ona yer verin". Oğlan gülümsəyə-gülümsəyə ayağa qalxanda fikirləşdim ki, sağ olsun, durub yer verdi.  Təşəkkür elədim ona. O isə ağzını qulağıma yaxınıaşdırıb qulağıma dedi ki: "Siz burnunuzu hər yerə soxmayın! Yer mənimdir, istəyərəm verərəm, istəmərəm vermərəm!" Sözü deyib yenidən yerində əyləşdi. Çox pis oldum və oğlana heç nə demədim. Dindar qız ayağa qalxıb qoca qadına yer verdi. Qatarda heç kəs oğlana bir söz də demədi. Qoca qadın məni anlayıb dedi ki: "Siz ona fikir verməyin!" Oğlan elə bildi ki, mən onun haqqında nəsə demişəm, başladı, nə başladı... Özümü saxlaya bilməyib sakitcə qulağına dedim ki: "Siz mənimlə növbəti stansiyada düşərsiniz?" Kobudluqla dedi ki: "Niyə düşmürəm ki?!" "Gənclik"də düşdük, oğlan çox sırtıqcasına hırıldayıb dedi ki: "Mənə neynəyəcəksiniz?". Artıq ağaclığa yaxınlaşmışdıq. ətrafda da heç kim yox idi, nə lazımdırsa elədim. Bircə dəfə qaldırıb çırpdım yerə, heç gözləmədim ki qalxsın (gülür). Əlimi də uzatmadım. Adımı, soyadımı bir neçə dəfə təkrarlayıb dedim ki, məndən şikayət edə bilər. Arxama çevrilmədən ağır-ağır yoluma davam etdim. Birdə gördum bir kişi deyir ki, bala ananın südü sənə halal olsun. Gülümsədim. Çünki köməyimə gələn şərq əlbəayaxa döyüş növlərində dərs aldığım müəllimlərimin öyrətdikləriydi. Təşəkkür onlara düşürdü...

- Nəyə görə qadınlar hüquq bərabərliklərindən danışanda öz vəzifələrindən danışmırlar? 

- İslam dininin qaydalarına əsasən ailədə kişi dünyaya yeni övlad gətirmiş qadın üçün hətta, süd anası belə tutmalıdır. Azərbaycan adət-ənənələrində elə şey yoxdur ki, kişi qadını istismar etsin. Ailədə çalışmayan qadın üçün evin bütün işləri onun vəzifəsidir. Qadın evdə təmizlik işi aparmalıdır, yemək bişirməlidir/ uşağa baxmalı, tərbiyəsiylə məşğul olmalıdır. Bu qadının vəzifələridir. Qadınla müqayisədə evdə işləməyən kişi evin bütün işlərini həmin qadının üzərinə yıxırsa, bu düzgün deyil. Əgər ailədə qadın və kişi biri-birilərini yaxşı başa düşürlərsə, evdə vəzifə bölgüsündə problem də olmayacaq. Əgər qadın xəstədirsə, kişi ev işlərində ona kömək olmalıdır. Bütün bunlar biri-birini tamamlamalıdır, əgər tamamlaya bilmirsə həmin ailədə hüquq bərabərliyində problemlərin ortaya çıxması mütləqdir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31