"Bəzi məmurlar Buzovnadakı bağ evlərini dənizin içərisinədək uzadırlar" - MÜSAHİBƏ
Nəsir Ağayev: “Onlara heç kim icazə verməyib ki, insanların gediş-gəliş yolunu kəssinlər”
14 Mart 2013 15:46 MüsahibəBakı kəndlərində mövcud olan problemlər Azərbaycan həqiqətlərinin əsas hissəsi olmasa da müəyyən tərkibidir. Xüsusilə məmurların özbaşınalıqlarının açıq müstəvidə hiss olunmasının əsas məkanıdır. Yorğun və gərgin iş həftəsindən sonra dəniz sahilində istirahət etməyin fərqli özəlliklərini yaxşı başa düşən məmurlar yüksək sürətlə Bakı ətrafında artmağa başlayıblar. Dincəlmək ehtirası ilə tarixi bağ və qoruqların tamamilə məhv edilməsi üzərindən kəndlilərin şikayət ərizələri aidiyyatı qurumlar tərəfindən adi kağız parçası kimi qəbul edilir. Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev Bakı və kəndlərindəki mövcud vəziyyət barədə "OLAYLAR"a danışdı.
- Azərbaycan tarixin ayrı-ayrı dövrlərində dünyanın iqtisadi, siyasi, ictimai və mədəni həyatında əhəmiyyətli fəaliyyətə malik olub. Bu gün Azərbaycanda yaranmış qarışıq mənzərə isə bu faktın tamam əksini göstərir. İstər təbii hadisələr, istərsə də müharibə şəraitinin yaratdığı bəzi problemlər dövlətin inkişafına mənfi təsirini göstərir. Qloballaşma, xarici dövlətlərə çıxışın sərbəst, eyni zamanda bir çox məhsulların inhisarda olması Azərbaycanın təbii inkişafına öz neqativ təsirini göstərir. Azərbaycana məxsus olan xarakterik xüsusiyyətlər bu gün demək olar ki, öz simasını itirib. Bu faktor bir millətin etnosunu, tarix qarşısındakı fəaliyyətini heçə endirir. Mövcud problemlər çərçivəsində Bakı kəndləri istisnalıq təşkil etmir. Azərbaycanın əsas sosial problemlərindən biri Bakı kəndlərilə bağlıdır. Hələ sovet dönəmində kəndlər Bakının inkişaf göstəricisi sayılırdı. Paytaxtın tabeliyində olan kəndlər Bakı ilə yanaşı Naxçıvan, Lənkəran, Şəki, Quba və Gəncə kəndlərilə sıx əlaqədə olub. Vaxtilə Buzovnada balıqçılıq, bostan, tərəvəzçilik, maldarlıq, Məhəmmədidə taxılçılıq, Digahda taxılçılıq, Qala kəndində maldarlıq, üzümçülük, bağçılıq, taxılçılıq, Şüvəlanda bağçılıq, bostançılıq, Nardaranda balıqçılıq, bağçılıq, Bilgəhdə zəfəran əkinçiliyi inkişaf etmişdi. Balıqçılıq Bakının bir çox kəndində proporsional qaydada inkişafda olub. Maştağa Bakının və onun kəndlərinin ticarət mərkəzi sayılırdı. Bütün alqı-satqı prosesləri Maştağada həyata keçirilirdi. Digər kəndlərdə istehsal edilən məhsulların bazar qiymətləri Maştağa kəndində müəyyən edilirdi. 60-70-ci illərin əvvəllərində indiki Xəzər rayonundan, Sabunçu, Suraxanı və Abşerondan ən yaxşı məhsulları əldə etmək üçün çoxlu sayda insan Maştağa bazarına gəlirdi. İkinci Dünya Müharibəsi illərində Azərbaycanın, eləcə də Bakı kəndlərinin xilas olması müəyyən mənada Maştağanın adı ilə bağlıdır. Kənddə istehsal edilən çeşidli məhsullar sayəsinə bir çox insan aclıq və xəstəliklərdən sığortalandı. Ahəngdarlıq isə bu gün tamamilə pozulub.
Dövlət məmurları Bakı və Abşeron kəndlərində torpaq sahələrini özəlləşdirirlər
- 1988-ci ildən başlayan Abşeron və Bakı kəndlərində torpaq sahələrinin zəbt olunması 1994-cü ildən sonra daha da genişlənib. Yersiz "şəhərsalma" prinsipləri və demoqrafik inkişafın ciddi şəkildə pozulması Bakı və onun ətrafında ciddi problemlərin yaranmasına səbəb olur. Vaxtilə əhali dəniz sahillərində istirahət etmək üçün heç bir maneə ilə üzləşmirdilər. Buzovnadan Bakıya qədər uzanan dəniz sahil boyunca insanlar rahat şəkildə hərəkət edə bilirdilər. Bu gün isə Nardarandan Bakı şəhərinədək dəniz sahili zəbt olunub, qayalıqları parçalanıb, təbii qoruqları sıradan çıxarılıb. 30-cu illərdə şair Mikayıl Müşviqin ata-babasına məxsus olan bağ və orada olan qayalıqlar tamamilə məhv edilib. Vəzifəli şəxslər həmin qayaları yerindən qopararaq öz şəxsi bağlarında yerləşdirərək adlarını "Qafqaz", "Murovdağ", "Əhmədli təpələri" qoyublar. Bakıdan Sumqayıta gedən yolun üzərində Qərbi Azərbaycandan olan məcburi köçkünlər yersiz olaraq "Dərələyəz", "Şişqaya" adlarında restoranlar açıblar. Bu amil millətin, xalqın mübarizliyini, əzmkarlığını aradan qaldırır. Onları geri qaytarmaq əvəzinə həmin yerlərin adlarını kef məclislərinin keçirildiyi məkanlara vermək heç bir mənəviyyata, əxlaqa sığmır. Vaxtilə Buzovna qayalarında Mikayıl Müşviq "Yenə o bağ olaydı" şeirini yazıb. Çox təəssüflər olsun ki, bu gün nə o bağ, nə o qayalar, nə də ki, o poeziyanı yaradan Xəzər dənizinin əvvəlki mənzərsi var. Vaxtilə bu yerlərdə insanlar istirahət edib müalicə olunurdular. Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Məşədi Azər, Haşim bəy Xasib, Ruhulla Axundov, Hacı İsgəndər, Mikayıl Müşviq, Səttar Bəhlulzadə, Qafar Seyfullayev, Əlövsət Dadaşoğlu, Rafael Muradov, Toğrul Nərimanbəyov üçün bu qayaların hər qarışı bir obraz olub. Burada püstə, badam, əncir, üzüm, qarağat, xar tut, nar və bu kimi meyvə bağları olub. İndi Abşeronda nə zeytunluq, nə nar bağları, nə üzüm plantasiyaları qalıb. Bağ yerlərinin hamısı ayrı-ayrı dövlət məmurları tərəfindən zəbt olunub. 1999-2000-ci illərin əvvəllərində Azərbaycanın xalq artisti, vokalist, dünya şöhrətli Müslüm Maqomayev Buzovnaya gələndə oranın mənzərəsindən təsirləndiyini bildirmişdi. Buna hörmət əlaməti olaraq eks-prezident Heydər Əliyev oradan M.Maqomayevə bağ sahənin ayrılmasını təklif etdi. Heydər Əliyev əhalinin gediş-gəliş yerinə toxunmadı. Lakin sonradan bəzi vəzifəli şəxslər həmin yerləri dəyər-dəyməzinə satdılar. Hal-hazırda isə insanların sərbəst hərəkəti üçün heç bir imkan yaradılmayıb. Hətta, Buzovnada bəzi məmurlar bağ evlərini dənizin içərisinədək uzadıb. Buzovna camaatı və Azərbaycan xalqı bu özbaşınalıqların qarşısında çox səbrlidir. Məmurların bu harınlığı nəticə etibarilə dövlətimizin təhlükəsizliyini təhlükə altında qoyur. Onlara heç kəs icazə verməyib ki, insanların gediş-gəliş yolunu kəssinlər, el sərvətini talasınlar, harınlıqlarını nümayiş etdirsinlər. Onların bağ evləri və villaları əsl istintaq materialıdır. Öz canını xalqın, Vətənin yolunda qoymuş bir adam torpaq sahəsi götürüb ev tikmək istəyəndə isə polis rəisindən, Vergilər Nazirliyinə, digər dövlət orqanlarına qədər hamısı onun üstünə tökülür. Amma bütün bu haqsızlıqlar həmin orqanların gözləri qarşısında baş verir və heç bir tədbir görmürlər. Abşeron kəndlərindəki demoqrafik pozuntular və demoqrafik siyasətin düzgün aparılmaması ciddi narahatçılıqlar yaradır.
"Buzovna camaatı ilə qaçqınlar arasında ciddi narazılıqların baş verməsi üçün təhlükəli baza yaradılıb"
- Qaçqın və köçkün ailələrinin yerlərdə uçotsuz yerləşdirilməsi də bu problemlərə daxildir. Bu gün elə qaçqın var ki, özü Buzovnada yaşayır, Xızıda da evi var, adı Buzovnada qeydiyyatdadır, həm orada, həm də Mehdiabadda evi var. Yerli camaatla qaçqınlar arasında ciddi narazılıqların baş verməsi üçün təhlükəli baza yaradılıb. Bu bazalardan biri təhsil sistemi ilə bağlıdır. Ali məktəblərə daxil olan qaçqınlar Qaçqınlar Komitəsi tərəfindən maddi vəsaitlə təmin olunurlar. Ali məktəblərdə qaçqınlara verilən imtiyazlar yerli əhaliyə göstərilmir. Qaçqınlara qaz, işıq və digər kommunal ximətlər limitlə verilir. Həmin xidmətlərdən istədikləri kimi istifadə edirlər. Yerli əhali isə aldıqları 200-300 manat məvacib qarşılığında bütün ehtiyaclarını qarşılamağa məcburdurlar. Hətta yerli camaat bəzən də yumorla deyirlər ki, "Biz də qaçqın olmaq istəyirik!" Elə qaçqın var ki, iki avtomobilə, evə sahib olduğu halda yerli camaat adi bir iş tapmaqda belə çətinlik çəkir. Hətta Buzovnadan evlərini satıb kəndi tərk edən insanlar var. Bakı kəndlərində yaşamaq qeyri-mümkündür. Vəziyyətin daha da ciddiləşməməsi üçün problemlərin qarşısı alınmalıdır. Azərbaycanı qorumaq üçün onun hər bir vətəndaşına eyni dərəcədə hörmət etmək lazımdır. Onlar arasında ayrıseçklik qoymaq lazım deyil. Bunu həyata keçirmək üçün ilk növbədə bəzi məmurların özbaşınalıqları araşdırlmalı, qanun pozuntuları üzə çıxarılmalı və ifşa edilməldir. Onlar qəti şəkildə özlərinə ciddi fikir verməlidirlər. Bəzi məmurlar insanlarla qul kimi rəftar edirlər.
Mənsur Rəğbətoğlu