"Ziyalılarımız arasında bölünmə tendensiyası sürətlə artır" - MÜSAHİBƏ
Oqtay Hacımusalı: “Dövlətçilik ənənələrinə sadiq ziyalılara ehtiyac var”
12 Mart 2013 15:55 MüsahibəMüsahibimiz "Xalq Cəbhəsi" qəzetinin müxbiri, tərcüməçi, yazıçı-publisist Oktay Hacımusalıdır.
- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycan dili geriliyin, əcnəbi dillər isə müasirliyin, inkişafın əlamətidir. Hətta, müəyyən mənada insanlar arasında hər hansı xarici dili bilməyənlərə təhqiramiz baxırlar. Bu nə deməkdir?
- Eyni ənənə sovet dönəmində də mövcud olub. Məlumdur ki, SSRİ vaxtı insanların böyük əksəriyyəti rus dilində danışırdı. Rus dilini bilməyənlərə yuxarıdan aşağı baxırdılar. Çox maraqlıdır ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra bu dəfə cəmiyyət arasında ingilis dilinə meyillilik artmağa başladı. İndi də eyni tendensiya ingilis dilini bilməyənlərə qarşı hiss olunur. Hal-hazırda cəmiyyət arasında ingilis dilini bilməyənlərə yuxarıdan aşağı baxırlar. Təqdirəlayiq hal olardı ki, hər bir Azərbaycan vətəndaşı, ziyalısı ən aşağısı iki əcnəbi dil bilsin. Hətta, daha çox dildə danışsın. Amma ilk növbədə hər kəs öz ana dilini bilməli, milli kimliyinə sahib olmalıdır. Birinci növbədə insanlarımız öz milli kimliyinə sahib olsa, kənardan da ona hörmət edəcəklər. Əgər Azərbaycan vətəndaşı hər hansısa xarici dövlətdən gələn əcnəbi ilə onun dilində danışmağa səy göstərirsə, bu həmin xarici vətəndaş üçün maraqlı olmayacaq. Əcnəbi vətəndaşlar azərbaycanlını onun özünün milli kimliyində görmək istəyir. Əcnəbilər üçün çox da maraqlı deyil ki, azərbaycanlılar ingilis dilində mükəmməl şəkildə danışırlar. Onlara maraqlıdır ki, bu millətin əsas keyfiyyətləri, üstünlükləri nədir. Xarici vətəndaş görmək istəyir ki, azərbaycanlı öz milli kimliyinə, dininə, dilinə, milli dəyərlərinə hörmət edirmi?! Problemin özəyi bundadır. Əgər hər bir Azərbaycan vətəndaşı öz dəyərlərinə hörmət edirsə, onun aşağılıq kompleksinə düşməsinə ehtiyac qalmır. Bu gün öz övladlarını əcnəbi məktəblərdə oxutduran valideynlər var. Həmin uşaqlar Azərbaycan dilini bilmir, Azərbaycan mədəniyyətindən, tarixi şəxsiyyətlərindən xəbərdar deyil, amma ingilis dilini, ingilis ədəbiyyatının a-sından z-sinə qədər, onun tarixini daha yaxşı bilir. Həmin insanlar gələcəkdə Azərbaycan dövlətçiliyinə heç bir xeyir verə bilməz. Milli olmayan bir məfhum nəticə etibarilə kosmopolitdir. Kosmopolit təfəkkürə sahib olan insan sabah özünə aid ola bilməyəcək. Sən hansı dildə danışırsansa, hansı dildə yazırsansa təfəkkürün, dünyaya baxışın həmin dildə olacaq. Hər bir azərbaycanlı üçün doğulduğu torpaq, məktəbə getdiyi yer ilkdə olmalıdır. Sən doğulduğun yerə aid olmalısan.
- Seymur Baycan, Əli Əkbər, Zaur Qurbanlı və bu kimi şəxslər yaşca özlərindən böyük şəxsiyyətləri və milli dəyərlərimizi aşağılayan məqalələr yazırlar. Siz də bu kimi şəxslərə qarşı mübarizəyə başlamısınız. Oktay bəy, bəs nəyə görə məsələyə aidiyyatı olan qurum və ya şəxslər onlara qarşı tədbirlər görmürlər?
- Azərbaycanda belə bir tendensiya var ki, cəmiyyət bütün problemlərin həllini dövlətdən, rəsmi şəxslərdən gözləyir. Bu tamamilə yalnış düşüncədir. Azərbaycanda əli qələm tutan, söz demək qabiliyyəti olan dövləti, milləti sevən istənilən bir ziyalı əlini bu daşın altına qoymalıdır. Yəni ki, bu tip məsələlərin həllində iştirak etməlidir. Biz adətən bu insanlarla danışanda birmənalı şəkildə bir məsələyə diqqət yetirməliyik ki, bu Vətən, bu millət bizimdir. Milli dəyərlər bizim tarixi köklərimiz, milliyətimizin bələdçisidir. Minilliklərdən bizi bu günə gətirən milli dəyərlərimizidir. Bu dəyərlərin aşağılanması, bu dəyərlərin sıradan çıxarılmasına çalışmaq və nəticə əldə etmək mümkün deyil. 200 ildən çoxdur ki, həmin dəyərləri sıradan çıxarmağa səy göstərirlər. 1828-ci ildən Azərbaycanda Sovet hakimiyyəti bərpa edilənə qədər və 1920-ci ildən 71 il Azərbaycan müstəqillik əldə edənə qədər mədəniyyətimizə qarşı təbliğat aparılıb. Lakin, Sovet dönəmində milli dəyərlərimizin çox az hissəsini sıradan çıxarmağı bacardılar. Çünki, həmin dəyərlər Azərbaycanda nəsildən-nəsilə genetik olaraq ötürülür. Bu cür ənənələrə qarşı millətimizdə sədaqət hissləri mövcuddur. Hamımız çalışmalıyıq ki, bu dəyərlərin aşınmasına imkan verməyək. İstər milli mənəvi dəyərlərimizin, istər ailə instutumuzun, istərsə də bizi biz edən dəyərlərin qorunması varlığımızın gələcəkdə mövcud olması üçün təməl şərtlərdir. Gələcək varlığımız milli dəyərlərimizin qorunub saxlanılmasından keçir. Əslində bu cür hadisələr tarixin ayrı-ayrı dövrlərində zaman-zaman təkrarlanıb. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra kimlərə dil uzadılmadı, kimlərə böhtan atılmadı?! Nizami Gəncəvidən, Əbülfəz Elçibəyə, hətta Azərbaycan Milli Azadlıq Hərəkatının öndə gedən adları ən aşağılayıcı sözlərlə təhqir ediliblər. Tendensiya bu gün də davam etdirilir. Düşmənçilik hissləri bu insanlara genetik olaraq ötürülübsə, onlar Azərbaycandan gedə bilərlər.
- Gənclərin çoxusu, tanınmışlarımızın müəyyən əksəriyyəti milli adlarımızla müqayisədə əcnəbi adlara üstünlük verirlər. Məsələn, "Samiraldo", "Allen", "Reyna", "Dato", "Aid" və bu kimi ləqəblərdən istifadə edirlər.
- Bu amil müəyyən aşağılıq komplekslərindən irəli gəlir. Əgər Allah istəsəydi, bizi Afrikanın hər hansısa bir savannasında dünyaya gətirərdi. Faktiki olaraq biz bu məmləkətdə dünyaya gəlmişiksə, valideynlərimiz bizi öz adlarımızla çağırıbsa, özümüzü tanıyandan Azərbaycan dilində danışmışıqsa düşünürəm ki, yad adların altına sığınmağımızın yeri yoxdur. Digər tərəfdən bu şəxsi istəkdən doğan amildir. Əgər kimsə bu cür adlara üstünlük verirsə, bu o qədər də qabardılacaq qədər problem deyil. Lakin, əcnəbi adlarla tanınmağımız məcburi də deyil. Əcənəbi adlara üstünlük o insanın aşağılıq kompleksindən doğur. Əgər bu insanlar doğrudan da öz millətini, Vətənlərini sevsəydilər başqa adlara üz tutmağa ehtiyac qalmazdı. Görünür ki, həmin adamlar hələ ki, bu hisslərdən tamamilə uzaqdırlar.
- Problemlər kifayət qədərdir, vəziyyətdən çıxış yolu yoxdur?
- Vəziyyətdən çıxış yolu ilk növbədə, dövlətçiliyinə sayğısı olan ziyalıların bir araya gəlməsidir. Bu gün Azərbaycan ziyalıları, özünə millətçi, vətənpərvər deyən, Vətənini, dövlətçiliyini hər şeydən üstün tutan bütün insanlar bir çətir altında birləşməlidir. Çünki, Azərbaycan ziyalısı indiki məqamda müxtəlif fraksiyalara, mənəm-mənəmliklərə bölünüb. Bizi indiyədək niyə aşağılanmağımızın səbəblərini bunda axtarmaq lazımdır. Bu gün ziyalılar arasında bölünmə tendensiyası yüksək sürətlə davam edir. Azərbaycanın dövlətçilik ənənələrinə sadiq qalan ziyalılarına ehtiyacı var. Öz problemlərimizi daxildə həll etsək kimliyindən asılı olmayaraq heç kim bizi aşağılaya bilməyəcək. Azərbaycan ziyalısı ilk növbədə özünün milli kimliyinə sahib çıxmalıdır. İkincisi, Azərbaycan ziyalısı keçmişilə fəxr etməlidir, gələcəyə doğru inamlı addım atmalıdır. Bunları bacarsaq, sabah Azərbaycan özünün milli varlığı ilə bizim olacaq.
Mənsur Rəğbətoğlu