“Müxalifət partiyalarının əksəriyyəti hələ nə istədiklərini özləri də bilmir”

Əli Oruclu: “Müxalifət xalqın içinə çıxmalıdır”

"Rahat kabinetlərdə, bahalı avtomobillərdə komfortlu həyat tərzi ilə kasıb xalqın dəstəyini qazanmaq mümkün deyil"

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi

                               Qarşılıqlı etimada ehtiyac var

-Əli bəy, prezident seçkilərinə az vaxt qalmasına baxmayaraq müxalifət hələ də seçkidə hansı formada iştirakını müəyyənləşdirməyib. Sizcə bu düşərgədəki qeyri-müəyyənlik müxalifət üçün vaxt itgisinə gətirib çıxarmır?

-Əlbəttə, itirilən hər bir dəqiqə müxalifətdən gedir.  Seçki elə bir prosesdir ki, bunu uğurlu həyata keçirmək üçün davamlı və məqsədyönlü fəaliyyət göstərilməlidir. Nəzərə almaq lazımdır ki, dünyada və regionda, eləcə də Azərbaycanda proseslər elə sürətlə cərəyan edir ki, bəzən ona çatmaq çətin olur. Müxalifət düşərgəsində hakimiyyətə gəlmək iddiasında olan siyasi qüvvələr də,  çox hallarda siyasi proseslərin nəbzini belə tuta bilmirlər. Müxalifət partiyalarının demək olar əksəriyyəti hələ nə istədiklərini heç özləri də bilmir. Hardan başlamağın, nələrin üzərində durmağın, fəaliyyət planlarının nələrdən ibarət olduğunu hələ müəyyənləşdirə bilməyiblər. Bu qeyri-müəyyənliklər təkcə partiyaların öz daxilində deyil, partiyalararası münasibətlərdə də qalmaqdadır. Bu isə ümumi müsbət nəticəli işlərə ziyan vurur. Bunların fərqinə varmaq, hər bir dəqiqəni faydalı işə çevirmək əvəzinə boş-boş ideyalar, lazımsız ambisiyalar və iddialar önə çıxarılır. Bu əhval-ruhiyyə, bu davranışla prezident seçkilərinə iddialı getmək isə ironik səslənir.

-Hazırkı situasiyada müxalifətin böhran vəziyyətindən çıxması üçün nəyi təklif edərdiniz?

-Müxalifəti indiki mərhələdən çıxarmaq heç də asan məsələ deyil və bunu  mənim, yaxud da bir başqasının təklifləri ilə nizama salmaq müşküldür. Müxalifət özü-özünü böhrandan çıxarmaq üçün əzmkarlıq göstərməlidir. Mənim təkliflərimə gəlincə isə onu deyə bilərəm ki, müxalifət mövcud reallıqları düzgün qiymətləndirməyi bacarmalıdır. Yəni həqiqəti olduğu kimi, mübaliğəsiz, bəzək-düzəksiz, analitik təhlildən keçirməlidir. İndi elə bir mənzərə yaranıb ki, hər kəs meydanda təkcə özünü görür. İddialar imkanları qat-qat üstələyir. Bunlar isə ciddi və pozitiv qərarların verilməsinə mane olur. Qarşılıqlı güzəştə, etimada və hörmətə ehtiyac var. Hər kəs gücü çatdığı işdən yapışmalıdır. Köhnə incikliklər, ədavət, xırda və cılız hisslərə qapanmaqdan əl çəkilməlidir. Eyni zamanda şəxsi maraqlar naminə siyasətbazlıqdan uzaq durmaq, ümumi mənafelər, dövlətin və millərin maraqları hər şeydən üstün tutulmalıdır. Mənim fikrimcə bü gün xalqdan kənar düşən təkcə iqtidar deyil, müxalifətin özü də xalqdan aralı düşüb. Zaman zaman yürüdülən səhv siyasət və atılan addımlar müxalifətlə xalq arasında sədd yaradıb. Bu səddi aradan götürmədən hər hansı nailiyyətə imza atmaq imkansızdır. Odur ki, müxalifət xalqin içinə çıxmalıdır. Rahat kabinetlərdə, bahalı avtomobillərdə komfortlu həyat tərzi ilə kasıb xalqın dəstəyini qazanmaq mümkün deyil. Düşünürəm ki, qeyri-iqtidar düşərgəsi gecəsini-gündüzünə qatmalıdır ki, demokratiya uğrunda bəyan etdiyi mübarizədə müsbət nəticələrə nail ola bilsin.

                        Müxalifətə inamsızlıq yaranır

-AMİP sədrinin 2015-ci ilin parlament seçkilərinin əsas hədəf olduğu barədə açıqlaması sizin partiyanın prezident seçkilərində bu mübarizəyə qoşulmayacağını deməyə əsas verirmi?

-Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə belə bir açıqlama verərkən uzaq hədəfləri nəzərdə tutub. Sizin də bildiyiniz kimi Azərbaycanda indiyədək yaranan blokların birliklərin və ittifaqların hamısı yaxın hədəflər üçün yaradılıb və qısa müddətdən sonra dağılıb. Ən acınacaqlısı da bu olub ki, dünənə qədər bir yerdə olub bir-birlərinə tərif yağdıranlar sonradan bir-birlərinə qənim kəsiliblər. Bütün bunları xalq görür, eşidir. Nəticə etibarilə müxalifətə inamsızlıq yaranır. Bu da nəticə etibarı ilə cəmiyyətdə öz dövlətinə, hətta gələcəyinə etinasizlıq yaradır. Bu iqtidarın da işinə yaradığından müxalifət arasında gərginliyi daha da qizışdırır, onları bir-birlərinə qarşı qoyaraq  əks-təbliğatını ustalıqla həyata keçirir. Azərbaycan Milli İstiqlal Partiyası  həm də bu səbəblərdən bloklaşmaya və birliklərin yaradılmasına həssas yanaşıb. Sizin də bildiyiniz kimi AMİP sağ-mərkəzçi partiya olaraq milli burjuaziyanın inkişafının, milli adət-ənənələrin qorunub saxlamasının, iqtisadiyyatın liberallaşdırılmasının, təbii azadlıqların qorunmasının, düşüncədə müasirliyin tərəfdarıdır. Bu sadaladıqlarım partiyanın prioritet prinsipləridir. Amma burjuaziyadan zəhləsi gedən sollar, sosialistlər, millətçiliyi inkar edən kosmopolitlər, hər şeyə leberal yanaşan liberallar, və s. təmayüllü siyasi qüvəllərlə necə birlikdə uzun yol qət edib uğur qazanmaq olar? Belə təzadlı koalisiya və birliklərin ömrü çox qısa olur. Ona görə də Azərbaycan Milli İstiqlal Partiyası təməl prinsipləri üst-üstə düşən ideoloji baxışları və proqramları, hədəfləri uzlaşan siyasi qüvvələrlə bir yerdə olmağa üstünlük verir. Ona görə də AMİP sədri Yusif Bağırzadənin "hədəfimiz 2015-ci ildir" deməsi partiyanın prezident seçkilərinə qatılmayacağı yozumunu vermir  Mən demirəm ki, AMİP ancaq sağ-mərkəzçi partiyalarla bir yerdə olmalıdır. Əksinə hesab edirəm ki, müxtəlif cərəyanlı siyasi qüvvələrlə əməkdaşlıqda fayda var. Amma parlament seçkiləri də prezident seçkiləri qədər önəmli seçkidir. Məhz bu baxımdan parlament seçkilərinə də indidən hazırlaşmaq vacibdir və indidən partiya dostlarını, rəqiblərini müəyyənləşdirməlidir

          Müxalifət ortaya yenilikci imici qoya bilməyib

-Prezident seçkiləri ərəfəsində Rusiya və Qərbin ölkədəki proseslərə təsir imkanları nə dərəcədə olacaq?

-Cənubi Qafqazın digər iki dövlətindən fərqli olaraq Azərbaycanda prezident seçkiləri və onun nəticələri, hakimiyyətə kimin gələcəyi region üçün çox önəm kəsb edəcək. Çünki Azərbaycanın özü regionda həlledici təsir imkanlarına malikdir və aparıcı dövlətdir. Burada baş verənlərin təsiri istər-istəməz İrəvana və Tiflisə də olacaq. Digər tərəfdən Azərbaycan Yaxın və Orta Şərq, eləcə də Asiya üçün açardır. Təbii ki, bu açarı əldə etmək üçün böyük güclər mübarizəyə girişəcəklər. Artıq bunun işartıları aydın görünməkdədir. Amma proseslərin qızışmasına biz yaxın aylarda daha çox təsadüf edəcəyik. Bu seçkilərdə hakimiyyət daxilindəki  qüvvələr nisbəti də önəmli rol oynayacaq. Azərbaycan hakimiyyəti elə bir yol seçməlidir ki, bundan dövlət də, xalq da zərərsiz ötüşsün. Nəzərə almaq lazımdır ki, rəsmi bakının Avropa Birliyi,  Birləşmiş Ştatlar və Rusiya arasında illərdən bəri yürütdüyü balanslaşdırılmış xarici siyasətin həlqələri getdikcə daralmaqdadır. Seçkiyə qədər həm müxalifət, həm iqtidar qarşıdurmalardan, gərginliklərdən çəkinməli, ayıqlıq göstərməlidirlər. Təbii ki, Azərbaycanda sabitliyi pozmaq istəyən, xaos yaratmağa çalışan, düşmənçilik toxumu səpmək istəyən qüvvələr həmişə olub, indi də var. Ancaq bu qüvvələrin meydan sulamasına qətiyyən imkan vermək olmaz. Müxalifət də dövlətçiliyimizin və xalqın təhlükəsizliyinin qorunmasında iqtidarla eyni məsuliyyəti paylaşır.
Bununla belə qeyd etməliyəm ki, Azərbaycan iqtidarına indiki təhlükənin daha çox Şimal qonşumuzdan gəlməsini zənn eləmirəm. Bu təhlükə hər istiqamətdən ola bilər. Əsas odur ki, bu təhlükə xalqın və dövlətimizin üzərinə transformasiya olunmasın.

-Müxalifət daxilində cərəyan edən proseslər onu deməyə əsas verirmi ki, müxalifət bu seçkidən də məğlub durumda ayrılacaq?

-Müxalifətin məğlub duruma düşəcəyini indidən söyləmək tezdir. Doğrudur, təhlillər apararkən bəzi parametlərə görə müxalifət iqtidarla müqayisədə uduzur. Maliyyə, inzibati resurslar, təsir qrupları, təcrübə, təbliğat vasitələrinə total nəzarət və s. faktorlarda iqtidar tam üstünlüyə malikdir. Amma narazı elektoratın yüksək faiz göstəricisi, mərkəzdənqaçma meyllərinin dərinləşməsi, məmur-xalq qarşıdurması, hakimiyyətə inamsızlıq, neft gəlirlərinin ədalətsiz bölüşdürülməsi, beynəlxalq güclərin region uğrunda kəskin mübarizəsi, qlobal demokratikləşmə prosesinin geniş vüsət alması, istər Azərbaycan daxilində, istərsə də xaricin dəyişiklik həvəsi mizan-tərəzini iqtidarın xeyrinə olmayan tərəfə əyir. Bu sadaladığım amillər müxalifətə də üstünlük imkanı qazandırmır. Çünki müxalifət pərakəndədir, xalq tərəfindən geniş dəstəklənmir, narazı elektoratı özünə tərəf çəkə bilməyib. Eyni zamanda müxalifət ortaya yenilikçi imici qoya bilməyib, alternativ proqramları yoxdur, beynəlxalq dəstəyi və kadr ehtiyatı zəifdir və ilaxır. Məhz bu baxımdan seçkilərin nəticələrini proqnozlaşdırmaq asan deyil. Göründüyü kimi tərəflərin arsenalındakı silahlar birinin diğərinə üstünlüyünə təminat üçün şanslar yaradır. Baxır kim bundan necə, yaxud hansı səviyyə və keyfiyyətlə yararlana biləcək. İstənilən halda yeni kombinasiyalar qaçılmaz olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31